ANA SƏHİFƏ / İDMAN

Futbolun səltənətində günəş daim nur saçır

2877    |   2018-07-04 00:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Futbol idmanın ən populyar və daha çox sevilən növüdür. Əgər yüngül atletika idmanın kraliçası sayılırsa, futbol onun kralıdır. Dünyanın milyonlarla idmansevərləri dörd ildən bir keçirilən futbol üzrə dünya birinciliyinin başlanmasını səbirsizliklə gözləyir. Ənənəvi olaraq, hamını bir sual düşündürür: hansı ölkənin komandası dünya çempionu olacaq? "Dünya kuboku"nu kim alacaq? Avropa, yoxsa Amerika? Bəzən çempionluğa real namizəd sayılan kollektiv həlledici final görüşündə gözlənilmədən uduzur. Sonra jurnalist və mütəxəssislər məğlubiyyətin səbəblərini araşdırmağa başlayırlar. Azarkeşlərin fikrincə "qalibləri mühakimə etmirlər". Buna baxmayaraq Mundialın bütün oyunları dünyanın futbol salnaməsinə yazılır. Xüsusilə, final görüşləri illər keçsə də tez-tez xatırlanır, çünki yaddaşlardan silinmir. 1954-cü ildə İsveçrədə keçirilən futbol üzrə V dünya çempionatının final oyununun nəticəsi bu günə kimi unudulmayıb. Bu barədə bir qədər sonra.
XX əsrin sonunda "Frans futbol" həftəliyi dünyanın ən güclü milli komandasını müəyyənləşdirmək məqsədilə sorğu keçirmişdi. Respondentlərin əksəriyyəti üstünlüyü 1958-ci ilin Braziliya yığmasına vermişdi. Lakin Macarıstan milli komandasına səs verənlərin də sayı çox idi. Macarıstan yığması bu günə kimi unikal rekordun sahibidir. Həmin komanda 1950-1955-ci illər ərzində keçirdiyi 55 rəsmi beynəlxalq görüşün yalnız birində - Almaniya Federativ Respublikasının yığma komandası ilə həlledici final görüşündə məğlub olmuşdu.

"Futbolun tacsız kralları"

Berndə, "Vankdorf" stadionunda dramatik anlarla zəngin olan final oyununu xatırlayanlar bu günə kimi təəccüb edirlər. Bir çox göstəricilərə görə və ustalıq səviyyəsi baxımından macarlar rəqibindən çox-çox yüksəkdə dururdu. Macar futbolçularının məğlubiyyət səbəblərini araşdıranlar bunu yalnız taleyin hökmü və fortunanın şıltaqlığı ilə izah edirdilər. Bir qədər əvvələ baxsaq görərik ki, Dunay sahilindən olan komanda 1952-ci ildə Olimpiya oyunlarında Yuqoslaviya milli komandasına qalib gələrək qızıl medallara sahib olublar. Sonra isə 1953-cü ildə Londonun "Uembli" stadionunda İngiltərə yığmasının məğlubedilməzliyi haqqındakı əfsanəni puça çıxaran Macarıstan millisini həm mütəxəssislər, həm də idman ictimaiyyəti "Qızıl İlahə" kubokunu ala biləcək ən real namizəd sayırdılar. O zaman macarların oyununu şərh edən tanınmış fransız jurnalisti Jeralda Kazobona yazırdı: "... 90 il ərzində Londonda uduzmaq bilməyən ingilislər 25 noyabr 1953-cü ildə saat yarımlıq oyunda qonaq futbolçular tərəfindən böyük hesabla məğlubiyyətə məruz qaldılar. Onların çoxillik nüfuzu heçə endi. İngiltərənin vurduğu üç qola cavab olaraq macarlar ikiqat artıq - altı top meydan sahiblərinin qapısından keçirdilər. Bir il sonra acı məğlubiyyətin əvəzini çıxmaq arzusunda olan ingilis futbolçuları Budapeştdə daha ağır məğlubiyyətə uğradılar - 7:1".
Bu oyunlarda macar futbolçularının gözəl və sürətli oyunu, məharətlə vurduğu qollar stadiona toplaşan azarkeşlərə estetik zövq verirdi. Sanki meydançada çıxış edənlər futbol oyunu yox, xoreoqrafiya elementləri göstərir, topla tutbol rəqsini ifa edirdilər.
Bu oyunlardan sonra 1954-cü ildə İsveçrəyə gəlmiş Macarıstan yığması hamı tərəfindən haqlı olaraq dünya çempionatının favoriti sayılırdı. Püşkatmadan sonra onlar bir qrupda olan Cənubi Koreya futbolçularını 9:0, ikinci görüşdə Almaniya komandasını 8:3 hesabı ilə uddular. O zamankı qaydaya görə üçüncü rəqib ilə (Türkiyə yığması idi) oyun keçirilmirdi. Gələcək final rəqibinə böyük hesabla qalib gələn macarlar, alman məşqçisi Zepp Gerbergerin həmin oyuna ikinci heyəti buraxması barədə düşünməmişdilər. Sonralar futbol şərhçiləri həmin oyunu hiyləgər Zepp "babanın" qəsdən uduzması və macarları arxayınlaşdırmaq istəyi ilə izah edirdilər.

Futbol meydanı döyüş meydanına çevrilmişdi

Dörddə bir finalda macarları təhlükəli rəqib olan Braziliya komandası gözləyirdi. Heyətində sonrakı dünya çempionatının qalibləri olacaq Didi, Nilton və Calma Santoslar, habelə Julinyo, Pineyro və digər ulduzlar istənilən komandaya müqavimət göstərməyə hazır idilər. Jurnalistlər bu görüşü Köhnə və Təzə dünyanın qarşıdurması kimi qiymətləndirirdilər. Kapitan Ferents Puşkaş zədəli olduğu üçün bu oyunda çıxış etmirdi. Matçın 5-ci dəqiqəsində mərkəz hücumçusu Xideqkutti birinci qolun müəllifi olur, üç dəqiqədən sonra onun ötürməsindən Koçiş hesabı 2:0-a çatdırır. Fasilə ərəfəsində N.Santos 11 metrlik zərbə ilə hesab arasındakı fərqi azaldır. İkinci hissədə mübarizə daha sərt və gərgin xarakter alır. Futbolçular açıq-aşkar kobudluq edirdilər. Macar Tot zədələnir, braziliyalı Julinyo hesabı bərabərləşdirməyə müvəffəq olur. 70-ci dəqiqədə ingilis hakimi Artur Ellis qarşılıqlı kobudluğa görə Nilton Santosu və Jozef Bojiki, iki dəqiqə sonra isə braziliyalı Umbertonu meydandan qovur. Bu oyun böyük dava-dalaşla keçib. Hətta hakim bir arada futbolçuları sakitləşdirmək üçün polisləri köməyə çağırmalı olub. Braziliya yığmasının ardı-arası kəsilməyən hücumlarına baxmayaraq, macarlar əks hücumlar zamanı oyunun son dəqiqələrində iki qol vurub, 4:2 hesabı ilə qələbə qazandılar. Oyun başa çatandan sonra futbolçular soyunub-geyinmə otağında da yumruq davası ilə münasibətlərini aydınlaşdırırdılar. Bu oyun "Bern savaşı" adı ilə tarixə düşüb. Yarımfinalda macar futbolçuları ikiqat dünya çempionu adını almış Uruqvay komandası ilə qüvvələrini sınamalı oldular. Dunay sahilindən gəlmiş komanda bu matçda da gözəl futbol nümayiş etdirərək 4:2 hesabı ilə qalib gəldi. Finalda macarları Almaniya komandası gözləyirdi.
1954-cü il iyulun 4-də meydançaya çıxan macarlar qələbə qazanacaqlarına şübhə etmirdilər. Bern şəhərinin "Vankdorf" stadionuna toplaşan 65 min adamdan yalnız ikisi - müdrik psixoloq və strateq sayılan Zepp Gerberger və baş hakimin köməkçisi Mervin Qriffits finalın istənilən nəticə ilə bitəcəyinə əmin idilər.
Komandalar meydana aşağıdakı heyətdə çıxdılar:
AFR: Turek, Posipal, Kolmayer, Ekel, Librix, May, Ran, Morlok, O.Valter, F.Valter, Şefer.
Macarıstan: Qroşiç, Buzanski, Lantoş, Bojik, Lorant, Zakariaş, Sibor, Koçiş, Xideqkutti, Puşkaş, M.Tot.
Oyunun başlanğıcından 18 dəqiqə keçmiş hesab artıq 2:2 idi. Bu necə baş verdi? Görüşə sürətlə başlayan macarlar tezliklə hesabda irəli çıxdılar. 6-cı dəqiqədə Puşkaş, 8-ci dəqiqədə Sibor Turekin qoruduğu qapıya qol vurdular. Bundan sonra alman "maşını" hərəkətə gəldi. Onlar hesabı bərabərləşdirməyə nail oldular. 11-ci dəqiqədə Morlok, sonra isə Ran dəqiq zərbələrlə qapıçı Qroşiçi topları qapıdan çıxarmağa məcbur etdilər.

Arzular puç oldu

İkinci hissədə macarların sırasında çaşqınlıq hiss olunurdu. Matçın qurtarmasına 6 dəqiqə qalmış Ran Lantoşla top uğrunda mübarizədə qalib çıxır, sol kənarla irəliləyir və qapının sağ künçünə dəqiq zərbə vurur. Qroşic bir an gecikir. Almanlar 3:2 hesabı ilə irəli çıxırlar. Bir neçə saniyə şok vəziyyətinə düşən macar futbolçuları tezliklə özlərinə gəlirlər. Nəyin bahasına olursa olsun hesabı bərabərləşdirməyə çalışırlar. Kapitan Ferents Puşkaş üçüncü topu almanların qapısına vurur. Baş hakim Linq mərkəzi göstərir - 3:3? Lakin Uelsdən olan köməkçi hakim Qriffits Puşkaşın oyundan kənar vəziyyətdə olduğunu bildirmişdi. Baş hakim də müəmmalı vəziyyətdə qərarını dəyişir. Nəhayət, oyunun qurtarmasına 1 dəqiqə qalmış bütün stadion sükut içində donub qalmışdı. Mərkəz hücumçu Xideqkutti qapıçı Tureklə təkbətək qalır. O, rəqib qapısına güclü zərbə vurur, almanların qapıçısı komandasını real qoldan xilas edir. Macarların növbəti hücumunu hakim Linqin fiti dayandırır.
Birinciliyin ən yaxşı komandası Macarıstan yığması sayılsa da, çempionatın qızıl medallarını və "Qızıl İlahə" kubokunu Almaniya komandası qazandı. Məğlubiyyətin səbəbini macar azarkeşləri son görüşdə heyətin düzgün təyin edilməməsində görürdülər. Baş məşqçi Qustav Şebeş onlara cavab olaraq kitabında belə yazmışdı: "Düzgün təyin edilməyən heyət nə iki top vura bilərdi, nə də 90 dəqiqə ərzində 13 real qol vəziyyəti yarada bilərdi. Oyundan oyuna artan fiziki və əsəbi yorğunluq məğlubiyyətin əsas səbəbi oldu". İsveçrədə keçirilən V dünya çempionatı hücum futbolunun "qızıl əsri" sayıla bilər. 26 matçda qapılara 140 top vurulmuşdu. Görəsən, Rusiyada başlayan XXI Mundial hansı yeniliklərlə yadda qalacaq?




SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK