adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Iyul 2018 00:21
15675
GÜNDƏM
A- A+

Gəndəlaş

Əlibala RƏHİMOV,
publisist, "Qızıl qələm" mükafatı
laureatı, tədqiqatçı

Saat 10-dur. Birinci katibin otağından düşdü aşağı, iclas zalına və heyrətləndi, inanmadı gözlərinə. Zal bomboş idi. Bu nədi? Xəbər verməyiblər ilk təşkilatlara ki, sabah raykomun plenumu olacaq? Həyətə baxdı, adamlar dəstə-dəstə ağac altında toplaşıb, söhbətləşirlər. Bəs niyə, kluba iclasa gəlmirlər? Nə baş verib, belə də intizamsızlıq, məsuliyyətsizlik olar? Qayıtdı birinci katib B.Kərimova tərəf. Zərrə qədər narahatçılığı hiss edilmirdi onun. Vəziyyət, bəlkə ona tanışdı, hə? Yox, bu düşüncələr absurddu. Amma özünü olduqca sakit, təmkinli göstərir.
Deyəsən səhər-səhər bir balaca düddəyib, keyfindən qalmayıb. Burnu qızarır, gözləri axır. Necə deyərlər, Araz aşığındandı, Kür topuğundan. Pəncərədən bayıra baxa-baxa düşündü, "Vallah, Əhmədi-biqəm olmaq da yaxşıdı, sən niyə bu beşgünlük dünyanın dərdini çəkəsən, ürəyinin yükünü artırasan, qoy dünya sənin dərdini çəksin.
-Yoldaş Kərimov, bu nə rüsvayçılıqdı. Kommunistlər niyə içəri gəlmirlər? Təşkilatlara xəbər çatdırmamısız?
Tövrünü pozmadı, astaca mızıldandı birinci katib:
-Aslan müəllim, olmaz ki, iclası elə bayırda, ağacların kölgəsində keçirək?
Özündən asılı olmayaraq, sinirləndi: "Nə deyir, əyə, bu Əhmədi-biqəm? Başına hava gəlib, nədi?... Gör kimlərlə işləyirik... Hə, mən də bu ağılda oldum, küçədə plenum keçirtdik... Bu söz-söhbət qanad açar, yayılar hər yana. MK-da yoldaşların tənəsi bir yana, bəzi ağzıgöyçəklər üzümə deməsələr də, dalda-bucaqda məni məzxərəyə qoyarlar: Yoldaş Hüseynov yeni metod kəşf eləyib, partiya iclaslarını küçədə, çayxanada keçirmə metodu".
Eşitmişdi, bilirdi ki, bəzi rayonlarda tədbirlər başdansovdu, elə quş qoymaq xatirinə təşkil edilir. Birinci şəxs orada olacaqsa, yerlərə xəbər verilir, zala idarələrin məsul şəxsləri toplaşır, ikinci, üçüncü dərəcəli yığıncaqlar... teatr tamaşaları, mühazirəçi mühazirəçi qrupları üçündü; Zalı doldurmaq xatirinə kimi istəyirsən çağır gəlsin. Budur, baxın, raykomda tədbir var. Yaxınlıqdakı məktəbin direktoruna zəng olunur və yuxarı sinif şagirdləri qaça-qaça gəlib doluşurlar zala. Hazırlıq əla! Siyasi icmalçı Oruc Qoşqarlı başla mühazirənə, döşə Amerikanın qabırğasına...
Nə qədər çalışırdısa, yenə hövsələsini basa bilmirdi. Çıxış yolunu harda axtarmalı, kimi köməyə çağırmalı? Hanı elə yoldaş ki, belə gözlənilməz situasiyadan çıxış yolu axtarmaqda onunla məsləhət-məşvərət edəsən... Yumruğunu alnına vurdu: bəlkə milis rəisinə göstəriş verilə ki, kommunistləri zorla, əli silahlı milisin gücüylə kluba doldursunlar. Toqquşma, yumruq davası ola bilər. Yox, zorun yeri deyil. Xəsarət alan olar, gərək neçəsini həbs eləyəsən... Bu söz-söhbət, qalmaqal hər yana yayılar. Hər eşidən təkcə birinci katibi yox, məni də qınayar.
Günorta büro üzvlərini bir yerə cəm edib, nəsə bir fikrə gəlmək qərarına A.Hüseynov etiraz etdi:
-Qoy hüquq-mühafizə orqanlarının məsul işçilərini dinləyək, - dedi, - görək onlar hansı mövqedə dayanıblar: kimi haqlı hesab edirlər, raykomu, yoxsa plenumu keçirməyə üstüörtülü şəkildə mane olan qüvvələri?.. Hərə bir təklif verdi, birinci katib Kərimov yoldaş isə sanki indicə tragik stiuasiyanı dərk etmişdi, nədi, qəzəbləndi, əsdi-coşdu:
-Bütün günahlar məndədi,- dedi, - ağzımı yunlu tanıtmışam, kəsib doğramamışam bəzi alçaq, ikiüzlü yoldaşların əl-qolunu, 5-6 sədri, partkomu işdən qovmaq, partiyadan çıxarmaq mənə borc olsun... O Rayponun sədri var ey, çox yekəxana aparır özünü, elə bil ki, bu Yardımlının dağlarını o yaradıb, nə tapşırıq verirəm, yalandan "baş üstə", "baş üstə" deyir elə... Bayaq fikir verirəm, baş baytar həkimi Səmədov da durub bayırda, girmir iclasa. Yol idarəsinin rəisi Qəmbərov Hacıəli. Nazir mitilini atırdı bayıra, mən qoymadım. İndi baxın ona, kepqanı basıb gözünün üstə, var-gəl eləyir küçə boyu, əlində təsbeh atıb-tutur... Çörək itirən...
DTK rayon şöbəsinin rəisi Qasımov İlqar başını aşağı salmışdı, susqun idi, birdən düz A. Hüseynovun gözlərinin içinə baxdı, sözlü adama oxşayırdı. Onu təkbətək dinlədi. İlqar necə deyərlər, açdı sandığı, tökdü pambığı:
-Yoldaş Hüseynov, - dedi, - dağ rayonudu bura, insanlar çox mehribandılar bir-biriylə. Ağsaqqalın dediyi söz qanundu. Hökumətə, partiyaya sadiqdirlər, amma etiqad, iman əhli kimi Allaha qəlbən, ruhən bağlıdılar. Uşaqlı-böyüklü hamı namaz qılır, oruc tutur.
Yolda, küçədə görsələr ki, kimsə sərxoşdu, od vurub yandırarlar. Rayponun sədri neyləsin yazıq, bura spirtli içki gətirmək olmaz. And içir o, deyir, "Azərittifaq"dan Yardımlıya ayrılan arağın, çaxırın yalvarıb-yaxarıb başqa rayona göndərilməsini xahiş edirəm. Hansı mağazada içki görsələr, o satıcını qovarlar kənddən. Perimbel kəndi var.
Uşaqlı-böyüklü hamısı "miri"di. Bilirsən də bu seyidlər Hz.Məhəmmədin(s) səhabələridi. İki ay bundan əvvəl İmam Hüseyn müsibəti idi, küçələrdə şaxsey-vaxsey, sinədöymə, zəncirvurma... Kərimov yoldaş da çıxıb balkona, özü də alt paltarda, saz çalır. Belə qeyri-adiliklər, yerli adət-ənənələrə hörmətsizlik Kərimovu camaatın gözündən salıb, ona "kafər Barat" imici qazandırıb. Alkaşlıq edir, ayıq günü olmur bəzən, "iman bir yerə gedər, güman min yerə" deyiblər. Qonşuları and-aman eləyir ki, bəs onun zövcəsi də hərdən içir...
Kəsəsi, Aslan müəllim, birinci katibin camaatla əlaqəsi yoxdu, kəndlərə getmir, iclaslara bəzən sərxoş gəlir. Komsomolun konfransında sazını gətirmişdi, çaldı, gənclərə aşıq Ələsgər, aşıq Şəmşir... dastanlar, təcnislər... nələr, nələr haqqında dərs dedi.
Əlini havaya qaldırdı: "Kifayətdi, qaranlıq məqam axtarmağa dəyməz".
-Bəs çıxış yolunu nədə, harda axtaraq, ay İlqar müəllim?.. Necə, nə təhər eləyək ki, kommunistlər əyləşsin iclas zalında və biz plenumu keçirək? Vallah lap başımı itirmişəm bircə bu gərginlikdən çıxsaydım...
-Ağsaqqallarla görüş.
-Kimlə, kimlə?
-Mir Həsən Ağayla. Məscidin axundudu. Onun bir işarəsi bəsdi ki, hamı zala girsin. Bircə dəfə əlin havaya qaldırsa, plenum lap yüksək səviyyədə baş tutar.
-Onda mənə kömək elə. Gedirəm qonaq otağına. Onu mənlə görüşdürmək qaldı sənin boynunda. Başımın zoqqultusu dayanmır.

***
...Camaatla raykom, ələlxüsus, birinci katib Barat Kərimovla bağlı yaranan uçurumun dərinliyi, plenumun təşkili üçün ağlasığmaz stiuasiya yarandığı haqqında məlumatı çatdırdı yuxarıya. Cavab gecikmədi: "Qrafiki dəyişin, plenumu keçirin sabah saat 12-yə. Nümayəndə gözləyin. Amandı küçədə, yolda, divar dibində... plenum keçirməyin, bunu heç xəyalınıza da gətirməyin. Heç harda belə rüsvayçılıq baş verməyib. Elə Barat Kərimov kimilərdi partiyanı nüfuzdan salan! Gör raykom necə hörmətdən düşüb ki, adicə bir iclası təşkil eləmək müşkilə düşüb. Gözləyin, gözləyin MK nümayəndəsini..."
Mərifətli, tərbiyəli, mehriban, ürfan əhli imiş Mir Həsən Ağa. Üz-üzə əyləşib xeyli söhbətləşdilər.
Ağanın düşüncəsi ilə İlqar müəllimin fikirləri üst-üstə düşürdü, təzə, ona məlum olmayan heç nə yox idi. Ağa dedi:
-Qurban olum, ay Aslan müəllim, vallah-billah bizim bu dağ camaatı hökumətə, onun siyasətinə asi deyil. Hamı ellikcə, südq-ürəkdən, ruhən sevir dövləti. Desələr ölün, ölərik, qalın, qalarıq. Biz dağlılar torpaqların azlığına-bilirsən də dağ-dərə, yamaclar, daş-çınqıllıdı - dolanışığın çətinliyinə baxmayaraq, Allah-Təalanın qismətimizə yazdığı gün-güzəranı həmdi-sina eləməklə ömür sürürük. Min şükür Yaradana! Amma bu Barat müəllim başqa adamdı ey! Rayon rəhbəri gərək ağsaqqal ola, yol-yolaq bilə. Uşaqla uşaq ola, böyüklə böyük... Yerli adət-ənənəyə hörmətlə yanaşa. Ola bilər, onun anadan olduğu, yaşadığı zonada şərab içmək, şənlikdə, toyda zənənlə kişinin bir stol arxasında oturub yeyib-içməyi, qol qaldırıb oynamağı pis, qəbahətli hərəkət hesab olunmur... Bizdə, Yardımlıda belə hallar yasaqdı, camaatın etiqadını, inamı, yaşam tərziylə düz gəlmir... Srağagün gedib şəlalədə çimib, sonra da meşədə başqa yerdən gələn qonağı ilə şərab məclisi təşkil eləyib. Sürücüsü də onun bəzi-bəzi hərəkətlərini orda-burda danışırmış...
Demə zarafatcıl imiş Ağa, ayrılarkən dedi:
-And olsun Qurani-Kərimə. O - bilirsiz də kimi nəzərdə tuturam - Gəndəlaşla tütünü bir-birindən ayıra bilsə, mən sizə iftar süfrəsi borclu...
***
Axşamüstü, onsuz da bu yerlərdə nəfəs kəsən istilər olmur, birinci katiblə gəldi yaxınlıqdakı Sırıx kəndinə. Yolun sağ-sol tərəflərində hündürlüyü 40-50 sm olan enliyarpaq bitkilər boy vermirdi. Soruşdu:
-Bunlar nədi, Barat müəllim?
-Vay, tanımırsız? Hamısı tütündü, camaatın dolanışığı, çörək ağacı...
İrəli getdilər. Yamac boyu əkin yerləri idi. 8 qadın ketmən vururdu. Daha doğrusu, indicə gördükləri bitkiləri məhv eləyir, qucaq-qucaq sahədən kənara aparırdı. Bə niyə belə? Birinci şəxs hirsləndi:
-Neynirsiz, kim sizə göstəriş verib ki, tütünü doğrayıb tökəsiz?
Yaşmaq tutan qadınlar dinmədilər, çəkildilər kənara. O yandan cavan bir kişi, yəqin briqadir idi, irəli gəldi, salam verib, görüşdü. Barat müəllim barmaq silkələdi ona:
-Əyə, qırışmal, niyə bu məhsulu məhv elətdirirsən, hay? Tutduracam səni! Vraq narod!
Bir balaca gülümsündü o kişi. Deyəsən tanımışdı birinci katibi. Sakitcə danışdı:
-Yoldaş raykom, qız-gəlin tütünü yox, onun düşmənini-gəndəlaşı məhv eləyir. Bu gəndəlaş qoymur, imkan vermir ki, kollar böyüyə, inkişaf eləyə...
-Əyə, bəs bu yolların o tay-bu tayında yel əsdikcə dalğalanan tütün döyülmü?
-Yox, əşi, bunlar hamısı o zəhrimar alaqdı. Məhsulu alır əlimizdən...
(Gəndəlaş ziyanvericidi, yarpaqları arasında xırdaca, qara toxumları olur. Payızda bitki quruyur, qara toxumlar tökülür torpağa, yaz gələndə yenidən göyərir, tütünü alır altına).
***
Dünən gəlmişdi bu dağ rayonuna. Düz eləmişdi, gecikə bilərdi. Uzaqdı, İranla sərhəddədi, yolları da bərbad. Göz önünə gətirdi Masallıdan Yardımlı qəsəbəsinədək 56 km-lik məsafəni. Qınamalı deyil sürücü yazıqları. Eniş-yoxuş, eniş-yoxuş. Bəzən vahimələnirsən-yuxarı baxırsan sıldırım, quşqonmaz qayalar, aşağıda dibi çətinliklə görünən dərələr, çaylar... Amma cənnət misallı, ruhu qanadlandıran havası var. Axşamlar soyuq küləklər əsir, üşüyürsən, qalın geyinməsən soyuqdan titrəyərsən, dişin-dişinə dəyər. Gecə adyalı üstümə çəkməsəydim, pəncərəni kip örtməsəydim, halım pis olardı.
Təbiətin bakirəliyi, dağ tərəflərinin gülü-çiçəyi bihuş edir insanı. Heç nə süni deyil. Bəlkə elə uzunömürlülüyün sirru bundandır... Bakı indi oddu-alovdu, sanki şəhər bircə qığılcıma bənddi, alışıb yanacaq. Daş binalar, dalan-yollar isti təndirə bənzəyir. Yolla gedirsən, üzün-gözün, boyun-boğazın tər içində üzür. Yaxşı ki, hərdən dənizdən meh əsir, yoxsa ciyər dolusu nəfəs ala bilməzsən.
Sabaha qalan iclasın materiallarına nəzər saldı. Sənədləri cavan təlimatçı Gülhüseyn Məmmədov savadlı hazırlayıb: 12 vərəqəlik məruzə mövzunu- "Kənd təsərrüfatında Boqduxov metodu və bununla bağlı rayon zəhmətkeşlərinin qarşısında duran vəzifələri" düzgün əhatə edir. Müharibə veteranı, sağıcı, tütünçü, traktorçu, MK nümayəndəsi danışacaq, axırda qərar oxunacaq.
***
Mir Həsən Ağa, necə deyərlər, əlini havaya qaldırır. Budu, 46 nəfər plenum üzvü. 9 nəfər üzv namizədi iclas zalındadır. MK-nın məsul işçisi Leyla Rəcəbovanın çıxışı hamının ürəyincə olur: B.Kərimov işdən çıxarılır və Aslan Hüseynov rayon partiya komitəsinin birinci katibi seçilir.
Milli ruhlu, yerli adət-ənənələrə sayğı ilə yanaşan, ağsaqqallarla tez-tez görüşməyi, söhbətləşməyi sevən, xeyirxah əməlləri ilə tanınan Aslan Hüseynov Yardımlı camaatının dostu, sirdaşı kimi xatirələrdə yaşayır... Barat Kərimovun gəndəlaş hekayəti də unudulmur.