adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyul 2018 17:42
4375
GÜNDƏM
A- A+

3 ölkə BMT-nin Baş katibinə məktub ünvanlayıb

Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanında Daimi Nümayəndələri Cənub Qaz Dəhlizi və TANAP layihəsinin fəaliyyətə başlaması ilə əlaqədar BMT Baş katibinə birgə məktub ünvanlayıblar.

Adalet.az xəbər verir ki, bu barədə XİN-nin Mətbuat xidməti məlumat yayıb.

Məktubda Cənub Qaz Dəhlizinin əsasının 20 sentyabr 2014-cü ildə qoyulduğu qeyd olunur. 40 milyard ABŞ dollarından artıq sərmayənin cəlb olunduğu və dünyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinə Şah Dəniz II qaz yatağının işlənməsi, Cənub Qafqaz boru xətti, TANAP və TAP layihələrinin daxil olduğu diqqətə çatdırılır. Bu layihənin enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunaraq dünyamiqyaslı bu təşəbbüsün beynəlxalq əməkdaşlıq sayəsində həyata keçirildiyi diqqətə çatdırılır. Sözügedən layihənin Avropada və regionda yalnız enerji sahəsində deyil, digər sektorlarda da əməkdaşlığı dərinləşdirəcəyi vurğulanır.

Məktubda Cənub Qaz Dəhlizi layihəsinin əsrin ən böyük layihələrindən biri olduğu qeyd olunaraq, regionun gələcək çiçəklənməsi, iqtisadi və sosial rifah ilə sinonim təşkil etdiyi və qlobal enerji tələbatının şaxələndirilməsinə töhfə verərək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində olan qlobal səylərə, sülhə və təhlükəsizliyə xidmət etdiyi diqqətə çatdırılır.

Məktub BMT Baş Assambleyasının 72-ci sessiyasının müvafiq gündəlik maddələrinə uyğun olaraq A/72/890 nömrəsi ilə BMT Baş Assambleyasının sənədi kimi yayılıb.