adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyul 2018 13:05
9175
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU:SÜKAN ARXASINDA YUXULAMAQ ÖLÜMƏ GEDƏN YOLDU

Heç kimə sirr deyil ki, son günlər ölkəmizdə anomal istilər keçir. Rayon yerlərində havanın temperaturu hətta müsbət 46 dərəcəni ötüb. Heç belə baxanda Bakıda da havalar sərin keçmir. İyul ayının 1-də 44 dərəcə isti olub. Deyilənlərə görə, iyul ayının 3-də Bakıda havanın temperaturu bir qədər də yüksələcək və 46 dərəcəyə çatacaq. Mən bu yazını Gülər xanıma kompüterə diqtə edəndə saat 12-yə qalırdı. Və onda da Xalaoğlu Tərxanın sözü olmasın, havanın temperaturu 40 dərəcəni keçmişdi. İndi oğul istəyirəm ki, belə havada iş başında olsun və xidməti vəzifəsini yerinə yetirsin.

İyul ayının 2-də Azərbaycan polisinin peşə bayramı idi. Və eyni zamanda polisin yaranmasının 100 illiyi tamam oldu. Heç də hər bir peşə adamı bu cür istilərdə xidməti vəzifəsini çöldə yerinə yetirə bilmir. Düzdür, kabinetlərdə, kondisionerli otaqlarda çox yaxşı işləmək olur. Ancaq göydən «od» yağırsa, belə bir şəraitdə respublikanın avtomobil yollarında və eləcə də Bakı şəhərində xidmət aparmaq, hərəkətin təhlükəsizliyini təmin etmək elə də asan deyil. Lətifəsi həmin insanlardan uzaq olsun, bu cür havalarda deyirlər ki, it də kölgəlik axtarır. Axı it istiyə və soyuğa dözən heyvanlardandır. Görün indi havalar necə isti keçirsə, çoxlarımız canımızı qoymağa yer tapmırıq. Ya kondisionerli otaq axtarırıq, ya da iki daşın arasında dənizə qaçırıq.

Biz dənizə qaçarkən kondisionerli və kölgəli yer axtararkən yol polisləri müsbət 46 dərəcədə xidmət aparmağa məcburdular. Bizim millət də ona alışıb ki, yol polisi mütləq yolda olmalıdır. Əgər yol polisi gözə dəymədisə, bir də görürsən ki, radarlar olmayan yerdə sürücü sürət həddini düz 200-ə qaldırdı. Yüksək sürət isə hər an, hər dəqiqə ölümə gedən yol deməkdir. Hələ biz onu demirik ki, belə yüksək sürətlə hərəkət edən avtomobilin təkəri qəfil partlasa, görün onda hansı faciəli anlar yaşana bilər.
Çox təəssüf ki, bizdə əksər sürücülər yol hərəkəti qaydasına əməl etməkdən vaz keçir və nəqliyyat vasitəsini çox yüksək sürətlə idarə etməyə üstünlük verirlər. Bu nə deməkdir? Bu sualın çox sadə bir cavabı var: bu, ölüm deməkdir! Heç olmasa özünə yazığın gəlmirsə, yanındakılara rəhm elə! Axı onların həyatını kim icazə verir ki, sən söndürəsən?!


Bu anlarda, bu dəqiqələrdə mən telefonla Yol Patrul Xidməti Alayının iki tağımı ilə əlaqə saxladım. Onlardan biri Bakı-Qazax avtomobil yolunda hərəkətin təhlükəsizliyini tənzimləyən 6-cı tağım, digəri isə Bakı-Quba yolunda xidmət aparan 1-ci tağımın əməkdaşlarıdı. 6-cı tağımın baş inspektoru, polis kapitanı Elçin Orucovla telefon əlaqəsi qurduq. Elçin müəllim dedi ki, tağımımızın əməkdaşları iyulun 3-də havalar həddindən artıq isti keçməsinə baxmayaraq, vəzifə borclarını məsuliyyətlə yerinə yetirirlər. İndi gündüz saat 12-di.1-ə 5 dəqiqə işləyib. Səhər saatlarında tağım komandiri, polis mayoru Vüqar Əsgərov bütün əməkdaşları təlimatlandırıb. Bildirib ki, sərnişin daşıyan avtobus, mikroavtobus, eləcə də taksi sürücülərinə diqqəti artırmaq lazımdır. Biz də stasionar postda həmin sürücülərlə söhbətlər edib isti havada daha diqqətli olmalarını məsləhət bilirik. Xüsusən də kondisioner sistemi olmayan avtobus və mikroavtobus sürücüləri bir qədər də məsuliyyətli olmalıdılar. Çünki hər postda sürücülərin dincəlməsi və əl-üzlərini yüması üçün şərait var. Onların nəzərinə çatdırırıq ki, qarşıdakı postda yorulub sükan arxasında yuxulayarkən idarəetməni dayandırsınlar. Postda bir qədər dincəlib əl-üzlərini yuyandan sonra yoluna davam etsinlər. Sirr deyil ki, bəzi avtobus sürücüləri bu isti havada 16-18 saat sükan arxasında olur, istirahət etmədən Şəmkirə gedib yenidən Bakıya qayıdırlar. Belə hallarda isə sürücülər çox vaxt sükan arxasında yuxulayır və qəza törədirlər. Əməkdaşlarımızdan polis kapitanları Qalib Rzayev, Bakir Həsənov, İlyas Vəliyev, polis leytenantı Araz Həşimov, polis serjantları Elmir Məmmədov, Əhliman Məmmədov, Anar İbrahimov, Abbas Abdullayev sözün həqiqi mənasında isti hava şəraitində öz vəzifə borclarını bir an da olsun unutmurlar. İndi asfaltdan od qalxır. Bax, belə bir məqamda sürücülər diqqətli olmalıdır. Ona görə ki, mənzilbaşına sağ-salamat çatsınlar.

Bakı-Quba avtomobil yolunda da iyulun 3-də 1-ci tağımın əməkdaşları öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirməyə çalışırdılar. Düzdür, son vaxtlar havalar isti keçdiyinə görə, bu istiqamətdə nəqliyyat vasitələrinin sayı xeyli artıb. Xüsusən də şənbə-bazar günü istirahət məkanlarına gedənlərin sayı daha da çoxalıb. 1-ci tağımın komandiri, polis mayoru Ürfət Şükürovla da telefon bağlantısı yaratdıq. O bildirir ki, tağım əməkdaşları havaların həddindən artıq isti keçməsinə baxmayaraq, hamısı iş başındadır. Belə hava şəraitində yol-nəqliyyat hadisələrinin baş verməsi bir çox halda qaçılmaz olur. Elə mənim özüm də Saray postundan çıxıb indi Zaratdakı posta gedirəm. Xüsusən də sərnişin daşıyan avtobus, mikroavtobuslara qarşı mübarizə daha da gücləndirilib. Dəfələrlə etdiyimiz xəbərdarlığa baxmayaraq, həmin nəqliyyat vasitələrinin sürücüləri sutkanın 16 saatını sükan arxasında əyləşirlər. İstirahət etmədən avtobusu sürmək çox təhlükəlidir. Ona görə də həm Saraydakı postda, həm də Zaratdakı postda kondisioner sistemi olmayan mikroavtobuslar saxlanılır və sürücülər maarifləndirilir. Yay mövsümü ilə əlaqəjar olaraq bizim hər iki stasionar postda sürücülər üçün əlverişli şərait təmin edilib. Onlar bu postlarda yorularkən dincələ bilərlər, hələ üstəlik əl-üzlərini soyuq su ilə yumaq imkanına da malikdilər. Əməkdaşlarımızdan polis leytenantı Rasim Əliyev, polis baş serjantları Elxan Həsənov, Adil Məmmədov, Anar Hümmətov, Tusi Bayramzadə, İslam Cəfərov, Emin Əsədov və başqaları birmənalı olaraq deyə bilərəm ki, bu gün çox diqqətlidilər. Hər bir sürücünün dilini tapmaq, onunla ünsiyyət yaratmaq yol polisisindən yüksək peşəkarlıq tələb edir. Bu gün mən deyərdim ki, əməkdaşlarımız bu vəzifənin öhdəsindən çox bacarıqla gəlirlər.


Son vaxtlar respublikanın avtomobil yollarında çox ağır qəzalar baş verir. Bəzi sürücülər sükan arxasında yuxulayaraq ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiblər. Bir çox nəqliyyat vasitələri isə idarə olunarkən təkərləri partlayaraq idarəetməni itirib və digər avtomobillə toqquşub. Bir faktı yada salmaq istəyirik. Bakı-Qazax yolunun Yevlax istiqamətində «Kamaz» markalı yük maşınının təkərinin partlaması nəticəsində həmin maşın digər nəqliyyat vasitəsinin – Şəmkirdən sərnişin daşıyan mikroavtobusun yoluna çıxaraq onunla toqquşub. Nəticədə 3 nəfər hadisə zamanı vəfat edib, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb. 5 nəfər müalicədən sonra ampulator şəraitində müalicəyə buraxılıb, 4 nəfərin isə vəziyyəti hələ də ağırdır.
Ümumiyyətlə, bu cür isti havalarda sürücülər nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalıdılar. Onlar avtomobillərin təkərlərinə və digər hissələrinə xüsusi diqqət yetirməlidilər. Çünki isti havalarda boşalmış təkərlərin daha tez yanaraq qəza törətmə ehtimalı çox böyükdür. Bir daha yol polisi havaların isti keçməsi ilə əlaqədar olaraq sürücülərə xərədarlıq edir ki, bu cür anomal havalarda sürət həddinə əməl etsinlər, 8 saatdan artıq sükan arxasında əyləşməsinlər və kondisioner sistemi olmayan avtomobillərlə mənzil başına getməsinlər. Təbii ki, yol polisinin tövsiyələri nəzərə alınsa, sürücülər onları gözləyən qəzalardan nəinki özlərini, həm də sərnişinləri qorumuş olar, mənzilbaşına daha təhlükəsiz çata bilərlər.