adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyul 2018 12:34
10213
MƏMLƏKƏT
A- A+

Əsl bilik xəzinəsi - Azərbaycan tərcümə ensiklopediyası

Bütün dünyada Ensiklopediya işi ciddi intellektual fəaliyyət növü sayılır. Ensiklopediya biliyin bütün şaxələri haqqında, yaxud konkret bilik sahələrində izahedici funksiyanı yerinə yetirir. Universal ensiklopediyalardan tutmuş sahə ensiklopediyalarının işıq üzü görməsi ölkələrdə böyük sevinc hissi ilə qarşılanır.

Artıq ölkəmizdə Ensiklopediya tərtib etmək ənənəsi formalaşmağa başlayıb. Bu mənada yenicə işıq üzü görmüş "Azərbaycan tərcümə ensiklopediyası” intellektual elita üçün misilsiz töhfə oldu. Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan "Azərbaycan tərcümə ensiklopediyası” tərcümə işimizə və tərcüməşünaslıq üçün tamamilə yeni layihədir. Ensiklopediyanın ideya müəllifi və baş redaktoru akademik Kamal Abdulla bildirib ki, 10 ildən çox müddət ərzində tərtib edilən bu əsər əsl bilik xəzinəsidir: "İlk dəfə olaraq Azərbaycan tərcümə ensiklopediyası” adlı monumental tədqiqat əsəri oxucuya təqdim edilir. Ensiklopediya tərcümənin fəlsəfi əsaslarını, predmet və problemlərini, Azərbaycanda tərcümə tarixinin mühüm nöqtələrini, nəzəri - praktik məsələlərini və ən əsası, personajları əhatə edir”. Fikrimcə bütün bu məziyyətlər həm də, Ensiklopediyanın əhatəliliyini genişləndirir, tədqiqatın informasiya ilə vəhdətini yeni müstəvidə birləşdirir.

Ensiklopediyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Dünya Ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısı verilib. Bura "Klassik dünya ədəbiyyatı”, "Müasir dünya ədəbiyyatı, "Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri”, "Dünya ədəbiyyatı üzrə antologiyalar” daxildir.

Ensiklopediyanın çapına qədər biz bu siyahılarda və antologiyalarda yer alan yazıçıların və kitabların tərcüməçilərinin adlarını dəqiqliklə bilmirdik. Bundan sonra tərcümə işi ilə məşğul olan şəxslərin tərcümə etdiyi əsərlərin adları ilə yanaşı, həm də onların bioqrafiyaları ilə yaxından tanış ola biləcəyik.

Oxucu üçün əsərin tərcüməçisinin kim olması olduqca böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, Ensiklopediya ilə tanışlıqdan sonra bu problem də aradan qalxacaq. Yəni biləcəyik ki, İvan Turgenyevin "Atalar və oğullar” romanını Əhməd Cavad, Şota Rustavellinin "Pələng dərisi geymiş pəhləvan” poemasını Səməd Vurğun və s. tərcümə edib. Bu həm də kitaba marağı gücləndirəcək.

Akademik Kamal Abdulla yazır: "Azərbaycan tərcüməşünaslığının zəngin tarixi var. XIV əsrdə dini əsərlərin, sülalələr haqqında təzkirələrin sətiraltı, mətni, xüsusilə də, sərbəst tərcümələrindən başlayaraq daha sonralar (XIX əsrdə) püxtələşmiş ədəbi cərəyanlara aid bədii nümunələrin-şeirlərin, təmsillərin, pyeslərin, romanların tərcüməsinə qədər yaradılan nadir nümunələr, nəhayət etibarilə, tərcüməçiliyin son dərəcə maraqlı və faydalı ədəbii-bədii peşəyə çevrilməsini şərtləndirmişdir”. Baş redaktorun qısa, lakin son dərəcə məzmunlu Ön sözü bu bilik xəzinəsi üçün bələdçi rolunu oynayır.

Kitab haqqında Qərbdə intellektualların dialoqları səngimir, Ensiklopediya və lüğətlər daim yenilənir. Belə maraqlı dialoqlardan biri tanınmış fransız romançısı, tarixçi və ssenarist Jan-Klod Karyerlə böyük italyan filosofu və yazıçısı Umberto Eko arasında baş tutmuşdur. Klod Karyer deyir: "Mənim atamın həyat yoldaşı Naxal İran alimi olub. Onun əsərlərinin biri X əsrdə Bağdadda yaşayan Əl-Nadim haqqındadır. Bilirsiniz ki, kitabcildləmə İranda icad olunub. Bu cür cildlər səhifələri tam örtür və onları qoruyurdu. Zəmanəsinin oxumuş adamlarından biri, həm də kalliqrafiyanı gözəl bilən Əl-Nadim ona cildləmə üçün verilən kitabları həm də oxuyur və konspektləşdirirmiş. İndiki zamanda ona verilən kitabların böyük əksəriyyəti it-bata düşüb. Bizə qalan isə onun konspektləri və kataloqlarıdır. Bunlar isə cildlənən kitablar haqqında müfəssəl məlumat verir”.

Bizim dövrümüzdə kitab haqqında danışanda ona mükəmməl sevgi və diqqəti ifadə edən bu tarixi hekayəni xatırlatmaq yerinə düşür. Əl-Nadimi bəlkə də ilk Ensiklopediyanın banisidir.

"Azərbaycan tərcümə ensiklopediyası”nda XIV əsrdən başlamış XX əsrə qədər bütün dövrlərdə tərçüməşünaslığın zəngin tarixi ayrı - ayrılıqda tədqiq edilmiş və sistemləşdirilərək oxucunun ixtiyarına verilmişdir. Bu araşdırmada adları çəkilən böyük mütəfəkkirlərin (həm də tərcüməçilərin) kitaba münasibəti Əl-Nadimlə identikdir.

Bu möhtəşəm kitabı həm də tərcümənin tezaurusu (yunanca "xəzinə”) saymaq olar. Müşahidələrimiz göstərir ki, ensiklopediya və tərcümə işi Universitetlərdə daha uğurla aparılır. Bakı Slavyan Universitetində başlanan bu işin Azərbaycan Dillər Universitetində yekunlaşması həm intellektual gücün, həm də iradənin qələbəsidir.

Ensiklopediya həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir. Kitabın redaksiya heyətinə bu nəcib işi uğurla başa çatdırdıqlarına görə təşəkkür etməkdən başqa əlacım qalmır. "Azərbaycan tərcümə ensiklopediyası” istənilən tanınmış Ensiklopediyanın yanında özünə yer tuta bilən əsərdir.

Bunu isə geniş oxucu kütləsinin nümayəndəsi kimi deyirəm...

Etibar Əliyev, təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktor