adalet.az header logo
  • Bakı 17°C

İSA HÜSEYNOVDAN MUĞANNAYƏDƏK

VAQİF YUSİFLİ
24207 | 2018-07-03 09:39
Böyük tərcümeyi-haldan bir neçə sətir

(əvvəli ötən saylarımızda)

İsa Hüseynovun dünyası özünəməxsusluq kəsb edənə qədər real dünyanın-görünən dünyanın təzadlarından, ziddiyyətlərindən keçib və sonda kamilləşib.
Dünyada çox az yazıçı tapılar ki, yaradıcılığının müəyyən mərhələsində əvvəl yazdıqlarını sonralar bəyənməyib, hətta inkar dərəcəsinə çatıb və qətiyyətlə onların varlığını danıb. "İki yazıçıdan söhbət gedə bilər: İsa Hüseynov və Muğanna və bu iki yazıçı bir-birini amansız şəkildə inkar edən, qəbul etməyən yazıçılardır, fikrimcə, dünya ədəbiyyatında bu hadisənin analoqu olmayıb" (Cavanşir Yusifli).
Öncə qeyd etdik ki, İsa Hüseynovun elə əsərləri var ki, o əsərlər ədəbiyyatın axarını müəyyənləşdirb. O əsərlər estetik təsir gücünə malik olub özündən sonra yaranan əsərlərin formalaşmasında böyük rol oynayıb. Yaradıcılığına kiçik hekayələr, sonra "Bizim qızlar" və "Dan ulduzu" povestləri ilə başlayan İsa Hüseynov bu əsərlərlə yalnız imza kimi tanındı, yazıçı kimi yox. Bu əsərlər, sadəcə, heç bir bədii məziyyəti ilə seçilməyərək ağ kağızda qələm məşqi idi. Əllinci illərin axırlarında yeni Azərbaycan nəsrinin ilk şedevrlərindən olan "Yanar ürək", sonra "Teleqram" əsərlərini yazanda İsa Hüseynov həmin o ilk povestlərdən imtina etdi.
İkinci inkar və təsdiq. "Yanar ürək" romanının Azərbaycan ədəbiyyatında böyük ədəbi-tarixi missiyasını bir daha xatırlatmağa ehtiyac duymuruq. "İdeal" romanı ilə İsa Hüseynov bir daha həmin mövzuya qayıdır: Şəxsiyyət və Xalq. Lakin bu nədir? Şəxsiyyətə pərəstiş kultunun mücəssiməsi olan Sultan Əmirli indi mənfi kult deyil, həqiqi şəxsiyyətin təcəssümüdür. Hadisələrin zamanı əllinci illərin ortalarından üzü geriyə-ODƏR dövrünə gedib çıxır. Bütün bəşər tarixi bir ODƏR mədəniyyəti içindən gəlib keçir. Bu nədir? Azərbaycan tarixi, Azərbaycan mənəviyyatı indiyə qədər yazılmışlardan fərqli yeni bir baxış bucağı altına gətirilir. Əmi-bala intriqası yox, İşıqla Zülmət, Xeyirlə Şər üz-üzə durur. Nəticədə, "İdeal"da fəlsəfi yönümlü Saf Ağ elmi ilə tanış oluruq. Və İsa Hüseynov qətiyyətlə bildirir ki: "Mənim mənsub olduğum Muğanna Bağ nəslinin, daha doğrusu, ODƏR bəşəriyyətinin - Bağ Atamızın Saf Ağ elmi yalnız irsiyyətcə Bağ olan adama verilmir". Və onu da bildirir ki, Saf Ağ elminə dərk eləmək, Kainatla birbaşa əlaqədə olmaq deməkdir. İnsanda İdrak qabiliyyəti artdıqca saflaşma sürətlənir, deməli, bu qapalı dünyaya fikrən daxil olmaq mümkündür. "Yanar ürəyi" inkar edən, onu zəif əsər adlandıran İsa Hüseynov Muğanna ODƏR həqiqətinə gəlib çıxdı. Bu isə TəsdiqdirgÖzünü təsdiq...
"İsa Hüseynovun "İdeal", "Qəbiristan", "Gur Ün", "İsahəq-Musahəq", "Cəhənnəm" əsərləri Saf Ağ elmini "planetar düşüncə" şəklində fzamanları və qəhrəmanları ilə" (R.Kamal) bir araya gəlir. İsa Hüseynov yazır ki, İsa Məsih də, Nizami də, Nəsimi də bu ideyanın daşıyıcıları olmuşlar. Təbii ki, bu əsərlər Azərbaycan ədəbi, fəlsəfi mühiti üçün dərkedilməz göründü, yəni Azərbaycan tarixini, xalqın mənşəyini, ayrı-ayrı adların əsl mənalarını İsa Hüseynovun-artıq Muğanna olmuş bir yazıçının ehtimalları, yozumları ilə qəbul eləmək olarmı? sualı meydana çıxdı-hətta çox görkəmli bir akademik bu yozumlara, "yeni elmi kəşfinə" görə "İsa Hüseynovu məhkəməyə vermək lazımdır, tarixi belə təhrif etmək olmaz" söylədi. Əlbəttə, burada İsa Hüseynovu-Muğannanı qətiyyən qınamaq, tarixi təhrif etməkdə suçlandırmaq doğru deyil. Bu - İsa Hüseynovun - Muğannanın öz yaradıcı təxəyyülünün məhsuludur və bu fikirlər, bu ideyalar nə fəlsəfə tariximizin, nə də tarix elmimizin üzərinə heç bir kölgə salmır. Apardığımız müşahidələrə görə, artıq ODƏR həqiqətinə inananların sayı durmadan artır.
SON SÖZ: İsa Hüseynovu-Muğannanın əsərlərini mən dönə-dönə oxumuşam, yenə də oxuyuram. Məncə, Azərbaycanı, onun tarixini, gerçək həyatını, görkəmli şəxsiyyətlərini sevmək üçün bizim böyük yazıçılarımızla bir sırada İsa Hüseynovun da əsərlərini oxumaq lazımdır-torpaq, hava, su, od sənin üçün necə müqəddəsdirsə, İsa Hüseynovun əsərləri də o torpaqdan, o sudan, o havadan, o oddan nəşvi-nüma tapıb. Və bu əsərləri oxuya-oxuya düşünürsən ki: "deyəsən, Böyük Ədəbiyyat elə budur!".

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

TƏQVİM / ARXİV