ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İSMAYIL İMANZADƏNİN YARADICILIĞINDA EKOLOJİ FİKİRLƏR

4593    |   2018-07-03 09:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

YUSİF DİRİLİ
"Dirili Qurbani" ədəbi məclisinin sədri, şair-publisist, tədqiqatçı-ekoloq
(əvvəli ötən saylarımızda)

Şair İ.İmanzadə haqlı olaraq, canlı orqanizmlərin vaxtsız ölümünü torpağın, suyun və havanın zəhərlənməsində görür. Bu problemi o, "Təlaş" şeirində belə təqdim edir:

Yarpaq saralmamış budaqdan düşür.
Bulanıb dünyanın suyu, havası...
Bilinmir torpağın dərdi, davası.

Əlbəttə, bu, bir vətəndaş şairin mövcud problemin yaratdığı çıxılmaz durumdan təlaş keçirməsidir.
Hazırda işğal altında olan Cəbrayıl rayonu özünəxas təbii sərvətlərlə zəngin olmuşdur. Ölkəmizin ən yaşlı çinar ağacları bu rayonda idi. Akademik V.Tutayuq 1960-cı illərin sonunda Respublika üzrə apardığı tədqiqatlar zamanı müəyyən etmişdir ki, Azərbaycanın iki ən yaşlı ağacı (2800-3000 il) Fuğanlı və Karxulu ərazisindəki Şərq Çinarlarıdır (buna Barmaqvari yarpaq Çinar, el arasında isə "Xan Çinar" da deyirlər. Azərbaycanda yalnız qeyd olunan bir növü bitir). Ümumiyyətlə, Cəbrayıl çinar və kəhrizləri ilə bol olmuşdur. Biz şairin əsərlərində bu fakta tez-tez rast gəlirik. Yeri gəlmişkən, Respublikada bol sulu və sayca daha çox kəhrizlər də Cəbrayılda idi.

Salam Bülur Kəhrz, "Çoban bulağı",
Xan Çınar, gözümün ağı, qarası.

("Cəbrayılda qalan dünyam")

Cəbrayıl şəhərindəki 500-dən çox yaşı olan (hazırda 600 ilə yaxın) məşhur çinar ağacı çoxlarının yadında xoş xatirə kimi qalıb. Ağacın gövdəsinə bənd edilmiş üç mərtəbəli restoran-kafe həm yerli sakinlərin, həm də qonaqların dilinin əzəbərinə çevrilmişdi. Əla istirahət üçün gözəl məkan olan "Çinar" kafesi gerçəkdən bənzərsiz idi. Bu nəhəng, qollu-budaqlı şahanə ağacın altından axan buz kimi bolsulu büllur kəhriz "Çinar-Kafe"yə daha bir möhtəşəmlik qatırdı. Bununla belə, təbiət abidəsi kimi bu çoxyaşlı ağac ona restoran-kafedən dəyən ziyandan "əziyyət çəkirdi". Səhərdən axşamadək tüstülənən samovar və manqallardan ayrılan tullantılar, maraq yaratsin deyə birbaşa müştərilərin əyləşdiyi otaqlardan keçib bayıra çıxarılan budaqlar və ağacın gövdəsi həqiqətən bizim çox da əhəmiyyət vermədiyimiz zərərli maddələrlə üz-üzə qalmışdı, bu mənzərə kənardan nə qədər gözəl görünsə də belə. Baxın, şair İmanzadə hələ o vaxtlar bu nəhəng təbiət abidəsinə vurulan zərbəni necə də real təsvir edirdi:
...Yenə manqal qəlyanından
Tüstü qalxar səhər-səhər.
Babam çinar,
Elə bircə sənə görə
Yüz illərdir bu oymağa
Qibtə edir neçə şəhər.
Sinəndəki o zədələr
Nadanların hədəsimi,
Əsrlərin cizgisimi?!

("Salam, çinar", 1980)

Yadımdadır ki, 1976-cı ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri, mərhum akademik Həsən Əliyevin göstərişi ilə restoran Çinarın gövdəsindən söküldü və havasızlıqdan boğulan Çinarın sanki qol-qanadı açıldı, daha sərbəst tənəffüs etməyə başladı. İnkişafı intensivləşdi, görkəmi bir az da artdı. Qeyd edək ki, söküntüdən əvvəl Çinara münasibətlə bağlı "Kirpi" jurnalı bir satirik məqalə çap etmişdi. Bu, söküntü işlərinə bir təkan oldu...
1982-ci ilin qiymətləndirilməsinə əsasən respublikanın ən yaşlı ağalarının siyahısı tərtib edilərkən, qorunan təbiət abidəsi kimi həmin Çinar ağacı da siyahıya daxil olunmuşdu. Nə yazıq ki, sonradan o yaşlı ağac işğalçı ermənilər tərəfindən dinamitlə kökündən partladılaraq məhv edildi.
İnsanın ətraf mühitə təsiri, tarixi baxımdan ibtidai icma dövründən ovçuluqla başlayır. Ovçuluğun təbiətə neqativ təsiri bu gün də aktualdır. Dövlətimizin ovçuluğu tənzimləyən qanun və qəraları mövcuddur. Məsələn, hər növdən olan ov heyvanlarının ovlanması düzgün deyildir. Müvafiq dövlət qurumu məhz hansı heyvanı, nə vaxt, hansı yaşda ovlamağı müəyyən edir, əks təqdirdə cəza tətbiq olunur. Qanunların hakim olmadığı dövrlərdə bu problem xalq qınağı yolu ilə həllni tapıb, xüsusilə, folklor burda böyük və təsirli rol oynayıb. Məsələn, bəzi heyvanlar müqəddəsləşdirilərək ovlanması qadağan edilib. Çoxalma vaxtı hər hansı canlını öldürmək yasaqlanıb. Belə münasibət daha çox sayı az olan nadir növlərə tətbiq edilb. Uzun illərin müşahidələrinə söykənib ondan əməli nəticə çıxaran babalarımız bunu bizdən yaxşı biliblər.

Göyərçin alabaxta
Qanadı taxta-taxta.
Onu vuran bəy oğlu,
Qan qussun laxta-laxta.

Doğrudur, indi çətin ki, maddi cəhətdən böyük imkanı olan, yaxud vəzifəli şəxs və ya onun oğlu, qohumu haqqında bu cür sərt ittiham irəli sürülsün. Ancaq onu poetik üsullarla tərbiyə etmək, hərəkətlərindəki naqislikləri ona anlatmaq, belə halların ziyan gətirə biləcəyini başa salamaq uzun çəksə də, fayda verə bilər. Şairin "Ovçu Məmməd" şeiri ovçuluğun ətraf mühitə, canlı təbiətə təsirini öyrənmək cəhətdən mükəmməl nümunə sayılmalıdır.

Yaşıl tala ceyran, cüyür soraqlı
Yanma görüm tənhalığın oduna.
Yamaclarda turac, kəklik nə gəzir,
İndi necə ovçu deyim adına?
Niyə qıydın gözəllyə, niyə sən
Perik düşüb torağaylar örüşdən.
Boz sərçələr ağlar qalıb deyəsən,
Söylə görək heç bezdinmi bu işdən?

Bu şeirin mahiyyətində xalq qınağı dayanır. Onun bədii şəkildə çatdırılması, hər kəsin əzbərində şifahi yolla sonrakı nəsillərə ötürülməsi təbiətə zərərli münasibətin aradan qalxmasında faydalı ola bilər. "Ovçu keçmə bərədən" şeirində də şair yuxarıdakı fikirlərini davam etdirməklə, təbiətin nadir incilərinə qarşı çıxanları, onlara güllə atanları sərt qınaqla üz-üzə qoyur. Anladır ki, çəmən-çiçək min dərdin əlacı ikən, hələ səhərin gözü açılmamış, "hələ çiçəklərin yuxulu, yamacların gül qoxulu" çağında kəkliyi, turacı hədəfə götürmək nəyə gərəkdir? Axı insanın dərdi, əlacı təbiətdədir. Təbiət Loğmandır, şəfa mənbəyidir, gözəllik məskənidir.
Ona necə qıymaq olar?! Ovçunu ədalətli olmağa, güllə atdığı heyvanı yaxşı tanımağa çağırır, "əgər qan tökəcəksə, ov etdiyi gədiklər, dağlar da üzünə baxmayacaq", - deyə az qala nadir təbiət incilərini sərbəst buraxmağın xətrinə ovçuya yalvarır:

...Düşsən maral izinə,
Dağlar baxmaz üzünə.
Dönüm sənin gözünə
Ovçu keçmə bərədən.
Burada Məhəmməd Füzulinin qəhrəmanı Məcnun obrazı yada düşür. Ovçunun əlindən ov heyvanlarını alıb azad buraxan Məcnunun bu yaxşılığının əvəzində vəhşi heyvanlar ölüncə onu tək qoymur, sədaqətli dostlarına çevrilirlər.
Şair-publisist İsmayıl İmanzadənin yalnız şeirlərində yox, həm də nəsr əsərlərində ətraf mühitə - torpağa, suya, bitkiyə, heyvana, digər amillərə dair nümunələr də diqqəti cəlb edir. "Yaxşılığın əvəzi" hekayəsində Ovçu Abdulla və oğlu Əziz ov zamanı armud ağacının şaqqalanmış gövdəsində sıxılıb qalan və həyəcanla nərə çəkən ayını çətinliklə də olsa xilas edirlər. Ancaq nə ayıya, nə də onun balalarına xətər yetirmirlər.
Hekayədə qeyd olunur ki, ayı borclu qalmır və öz xilaskarlarını ardınca getmələrinə işarə edir. Məlum olur ki, ayı yaxşılığın əvəzində onlara ağacın koğuşundakı balı sovqat vermək istəyir. Ümumiyyətlə, təbiətə qayğıkeş münasibət heç vaxt unudulmur, nə zamansa əvəzi qaytarılır. Nağıllarımızda da, dastanlarda da, digər folklor nümunələrində də bu bir arzu kimi, istək kimi özünü qabarıq göstərir. Fikrimizcə, məqsəd təbiət-insan münasibətlərində bir harmoniya, bir kompleks görmək, insanın yaranışından əvvəlki təbiətin tamlığını bərpa etmək diləyidir.
Qeyd etmək yerinə düşər ki, ovçuluğu heç də tamamilə təbiətə zərərli münasibət kimi qiymətləndirmək düzgün deyildir. Müvafiq qaydalar çərçivəsində onun faydalı tərəfləri də vardır.

Ovçuluğa uyam hərdən,
Şehli çiçək ovum ola.

Şeirdən də göründüyü kimi, ovçuluq həm də mənəvi tələbatı ödəməkdir - istirahət etmək, dincəlməkdir.
İdman vasitəsi kimi də faydalıdır. Heyvanları yaxından tanımaq, davranış və həyat tərzini öyrənmək baxımından da əhəmiyyətlidir. Ovçuluq təsərrüfatlarının yaradılması və genişləndirilməsi bu sahədə bir çox problemlərin həllinə yönəldilə bilər: heyvanların sayının tənzimlənməsi, brakonyerlərə qarşı mübarizə, ovçuluq turizmi, ov əti ilə təmin etmə, xəstə heyvanların profilaktikası və s.
"Ömürdən uzun gecə", "Elat sovqatı", "Tövbə qapısı" kimi hekayələri, "Xocalı notları" və "Ağlayan göz yaşları" pyesləri, eləcə də br sıra şeirləri, xüsusilə, bayatıları şair İsmayıl İmanzadənin insanın ekologiyasına tipik nümunədir. Bunların hər birində əhalinun milli-mənəvi dəyərləri, xarakterik cizgiləri öz əksini tapıb.
Şübhəsiz, ekoloji fikirlərin inkişaf etdirilməsi və təbiəti bədii üsullarla öyrənmək cəhətdən Azərbaycan ədəbiyyatı çərçivəsində sevimli şairimiz İsmayıl İmanzadənin dəsti-xətti həmişə qalacaq, gənclərimiz üçün, ətraf mühitə münasibət tarixini araşdıranlardan ötrü açıq mənbə olacaqdır.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki alkaş uca binanın başına çıxır və söhbət edirlər. Alkaşın biri binadan aşağı baxır və deyir:
- Görəsən mən burdan aşağı tullansam, neçə günə yerə çataram?
O biri alkaş deyir:
- Bir həftəyə...
- Bəs görəsən ölərəm?
- Bəs necə, ölərəm də sözdüü? Bir həftə ac, susuz, araqsız yol gedirsən eee...




digər lətifələr
ARXİV
FACEBOOK