ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"CANDAN ÇIXA BİLMƏZ CAN QARABAĞSIZ"

2549    |   2018-07-03 09:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tahir Rzanın yeni kitabı barəsində dost sözü

Öncədən deyim ki, Tahir Rza bir söz adamı, bir şair, bir ziyalı kimi son dərəcə özünə çəkilən, öz dünyasında sözünün çətiri altında yeni söz sorağıyla fikrə dalan, qələmlə baş-başa qalan dostlarımdandı. Onun az-az çap olunmasının bir səbəbi cəmiyyətdə tutduğu siyasi mövqedisə, ikinci bir səbəbi sözə qarşı hədsiz dərəcədə diqqətli olmasıdı. Necə deyərlər, söz onun yaxasından tutmasa, onun ürəyini ovcunun içində vərəqləməsə qələmə yaxın getmir. Elə bu səbəbdəndir ki, kağıza köçürülən, sonra kitablarda işıq üzü görən sözlərinin çəkisi də, sanbalı da yetərincədir. Çünki o sözlər "qaçaq" sözlər deyil, o sözlər qoçaq sözlərdi. O sözlər ürəyin, düşüncənin bəhrəsidi. Ona görə də ürəklər yol tapır... Bax, bu mənada dəyərli şair qardaşım, çox hörmətli Tahir Rzanın sizə təqdim etmək istədiyi kitabının adı özü-özlüyündə söylədiklərimi təsdiq edir. Həqiqətən torpağını sevən, yurdunu özünün canı, ruhu sayan hər bir kəsin iç dünyasına hakim kəsilmiş bir məntiq var. Bizim hamımız, yəni o məntiqlə yaşayıb düşünənlərin hamısı Allahdan bir təmənnadadılar:
- Şuşanı, Xankəndini, Laçını, Kəlbəcəri və bütövlükdə işğal olunmuş torpaqlarımızı ziyarət etmək nəsibimiz olsun. Ondan sonra Allah verdiyi ömrü necə istəyir elə də tamamlasın!
Şəxsən mən həmin nisgili içimdə keçirə-keçirə min dəfələrlə yazmışam, demişəm ki, istənilən an Cıdır düzündə, doğulduğum Tuğ kəndində ölümü qarşılamağa hazıram. Təki o torpağı öpə bilim... təki o yerin səmasına, göy üzünə, sularının aynasına son dəfə baxmaq imkanım olsun. Nə isə...g
Bəli, bütün bu söylədiklərimin söykəndiyi yer Tahir müəllimin kitabının adıdı. Və yəqin ki, siz də hiss etdiniz ki, Tahir Rza da mənim və mənim kimilərin içindən keçən arzuyla yaşayır. Və o, qətiyyətlə, əminliklə vurğulayır ki, Qarabağsız ruh bədənimizi tərk etməyəcək! Qarabağsız canımızdan can çıxmayacaq! Çünki:

Ay Allah, dadıma, köməyimə çat

Yatmış vicdanları silkələ, oyat!
Tahirə torpaqsız zillətdi həyat,
Candan çıxa bilməz can Qarabağsız!

Bəli, bu əminlik elə-belə şair düşüncəsinin, şair xəyallarının diktəsi deyil. Bu əminliyin kökündə bir Azərbaycan sevdası var. Bu elə bir sevdadır ki, onu ancaq müqəddəs ünvanlarla bərabər tutmaq olar. Necə ki, şair yazır:

Azərbaycan - qibləgahım, Məkkəm Mədinə
Azərbaycan - hər qarışın əziz müqəddəs.
Azərbaycan - parçalanmış, oxlanmış sinəm,
Məni səndən ölüm belə ayıra bilməz.

Düşünürəm ki, bu misralar öncə söylədiym fikrin səmimiyyətinə, müqəddəsliyinə heç bir şübhə yeri qoymur. Mən bir oxucu kimi bu şeirlərin ovqatında ancaq ona inanıb ona əmin oldum ki, Tahir Rza sözünü həm ürəyində, həm də çiyninə qaldırdığı vətən torpağında göyərdir. Ona görə də sözün ayağı yerə, başı buludlara toxunur. Bu isə şairliyin danılmazlığı, şairliyin ilahi vergisi olduğunu sübut edir. Axı:

Var-dövlət yolunda əyilən, ölən,
İnsanın, dünyanın qədrin nə bilər.
Qəlbini, sözünü, andını bölən
Vətəni, torpağı, xalqı da bölər.

Görürsünüzmü, fikirləri bir-birini necə təsdiqləyir, bir-birinə söykənib necə xan çinar kimi şah dayanıb. Bunun görünməyən bir tərəfi də var. O da çətinliyə dözüm, mübarizliyə qadir olmaqdı. Əgər dözümün, iradən, mübarizə əzmin varsa, onda bax, həmin o söylədiyin fikirlərin işığı hər tərəfə düşəcəkdi. Görəcəksən ki:

Özünü duymadan özgələrinin
Dərdinə, qeydinə qalmaq çətindir.
Vətəndaş olmadan xalqın, millətin,
Alimi, şairi olmaq çətindi.

İndi gördünüzmü, Tahir Rza mənim yazımın əvvəlində söylədiym fikirləri poetik fikir kimi necə mükəmməl bir şəkildə şeirləşdirib. Həmin şeirlərin də şah damarında bir özəllik, bir özü olmaq, bir özünü təsdiq yaşayır. Axı, şair yazır ki:

Andına, sözünə qadir insan ol,
Kiminsə dalınca qalmasın gözün.
Kişi ol, qadın, kim olursan ol,
Ancaq bu həyatda özün ol, özün.

Həqiqətən həyatda özü olmaq, özünü təsdiqdən keçir. Özünü təsdiq isə mübarizə deməkdir, qətiyyət deməkdir, ədalətli olmaq deməkdir. Ədalətin yanında Allahın sevilən bəndəsi olmaq deməkdir. Bunu isə etiraf edək ki, hamı bacarmır. Çünki nəfis var, özəl maraqlar var, xəbislik var, nadanlıq var və s. və ilaxır. Bax, bunlar qana hopanda, ağıla hakim kəsiləndə Tahir Rzanın söylədiyi özün olmaq fikri ya şikəst olur, ya da ümumiyyətlə insanları həmin məxluqa qarşı diksindirir. Hər kəs onu görməməyə, ondan uzaq durmağa çalışır. Və onda istər-istəməz sən də, mən də, elə hamımız birlikdə deyirik ki, "belə olsa", "belə görünsə", "belə yaşasa" əsl insan olardı. Təəssüf ki, o əsl insan olmaq missiyasını qavoraya bilmədi. Şair qəlbi də bunun üçün sızladı. Və o sızıltının özü də təkcə ağrının ifadəsi deyil, həm də o ağrının mahiyyətini açıb göstərməkdi. Çünki:

Zillətə, zülmətə bürünər cahan,
Vicdan lal, arzu kor, ürək daş olsa.
Tanrı əlin üzər yaratdığından,
İnsan bəd əməllə dost, sirdaş olsa!

Bəli, mən Tahir Rzanın hələ mətbəə qoxusu canından çəkilməmiş kitabını bir dost sevgisiylə gözdən keçirərkən tam şəkildə inandım ki, "Candan çıxa bilməz can Qarabağsız" həqiqətən bugünkü ədəbi nümunələrimizin içərisində, bugünkü poeziya dünyamızda tər sözlərdi, tər fikirlərdi! Və bu sözün müəllifi də Tahir Rzadı! Ona görə də Tahir müəllimi yeni kitabı münasibəti ilə təbrik edir, onun "Candan çıxa bilməz can Qarabağsız!" kitabı haqqında isti-isti atüstü fikirlərimi ilk təbrik kimi qəbul etməyini rica edirəm.
İnşallah, mən də, eləcə də ədəbi ictimaiyyət də, yəqin ki, bu kitab barəsində öz sanballı sözünü deyəcəkdi. Həmin günə qədər isə mən fikirlərimi elə Tahir müəllimin bir qəzəlinin iki beyti ilə bitirirəm.

Könlümü ruhlandıran xalqın, elin qüdrətidir,
Tahiri şair edən eşiqdir, məhəbbətdir, gülüm.



SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK