adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Iyul 2018 18:00
64586
MÜSAHİBƏ
A- A+

Orxan Pamuk: “Tarixdə mənim qədər dəyişiklik görən çox az yazıçı var”

BÖYÜK TÜRK YAZIÇISI, NOBEL MÜKAFATLI ORXAN PAMUKUN İSTANBULDAKI EVİNDƏ AZƏRBAYCANLI GƏNC ŞAİR VƏ ƏDƏBİYYATŞÜNAS RAMİL ƏHMƏDLƏ SÖHBƏTİ

Orxan Pamukla ilk dəfə 2017-ci ilin dekabrında Tanpınar Ədəbiyyat Mərkəzinin açılışında görüşmüşdük. Həmin gün aramızda qısa bir söhbət olmuş, ondan müsahibə sözü almışdım. Bir ay boyunca bu müsahibəyə hazırlaşdım, suallar hazırladım. Fevral ayında ona mesaj yazsam da, uzun müddət cavab gəlmədi. Ancaq bu müddət ərzində xarici mətbuatdan onun İtaliyada, sonra isə İranda olduğunu oxuyurdum. Bu arada külliyatını nəşrə hazırladığını, çəkdiyi fotolardan ibarət bir kitabın üzərində çalışdığını bilirdim. Cavab gecikincə düşündüm ki, ilk görüşümüzü də, müsahibə sözünü də çoxdan unudub. Ancaq müəllimimin: "Afərin, Pamukun yadında qalmısan, söhbətimizdə sənin də adın keçdi” - deməsi məni yenidən ümidləndirdi.

Bir gün bir "mail” aldım. Orxan Pamuk, bu qədər zamandır cavab yazmadığı üçün üzrxahlıq edirdi. Beləcə, görüş üçün vaxt təyin etdik. Düşünürdüm ki,görüşümüz on-on beş dəqiqə çəkəcək, amma diktofonu dayandıranda bu qədər zamanın necə sürətlə keçdiyinə təəccübləndim. Söhbətə başlamazdan öncə Orxan bəy mənə dünyada nəşr olunan kitablarından ibarət kitabxanasını göstərdi. Kitabxana o qədər böyükdür, qarışıqlıq olmasın deyə hər rəfdəki nüsxələr ölkələrin adlarına uyğun olaraq əlifba sırasıyla düzülüb. Orxan bəylə A hərfindəki, Azərbaycanda çap olunan kitablarını tapıb baxdıq. "Mənim adım Qırmızı” romanını alıb təsadüfi bir səhifə açdım və bir məqam gözümdən yayınmadı. Əsərdəki "otuzbir çəkmək” ifadəsinin səhifə sonunda "narkotik maddə” olaraq açıqlandığını yazıçıya göstərəndə ikimiz də, dünyada bundan daha gülməli heç nə yoxmuş kimi, ürəkdən güldük.

Orxan bəy çox gözəl ev sahibidir. Mənə "qəhvə, ya çay” deyə təklif edəndə, bir stəkan su istədiyimdə "sadəcə sumu” deyə cavab verdi və nəzakətlə "suyunuz soyuq olsun, ya isti” soruşmağa da ərinmədi...

Müsahibədə yer almayan mövzulardan biri mənim elmi işimlə bağlıdır. Bir il boyunca "Orxan Pamuk romanlarında üçbucaq arzu” adlı magistr dissertasiyası üzərində işləmişəm. "Üçbucaq arzu” fransız filosofu Rene Jirardın irəli sürdüyü bir nəzəriyyədir. Orxan bəy mənə kitabxanasındakı Jirard əsərlərini da göstərdi. Bu kitabların şəklini çəkmək istədiyimi deyəndə, kitabları qucağına alıb mənim üçün bir poz verdi.

Orxan bəy öncə Rəşad Məcid və mənim üçün kitabını imzaladı. Mən də ona siyasi suallar verməyəcəyimi, bundan xoşlanmadığını bildiyimi dedim. Onun cavabında: "Siyasətlə də bağlı sual vermək, cavab almaq da olar. Bilirsiniz, jurnalistlər mənimlə müsahibə zamanı "elə söz de ki, başlıq qoyaq, manşet olsun” deyirlər. Kitablarım haqqında soruşmaqdan çox, gündəmlə maraqlanırlar, mən bundan narazıyam. Amma təbii ki, sizinlə söhbətimiz çox fərqli olacaq” deməsi məni ürəkləndirir və beləcə ilk sualla başlayırıq...

- 2004-cü ildə Bakıya gəlmişdiniz. Bakı yaddaşınızda necə izlər qoydu? Şəhəri necə xatırlayırsınız?

- Bakı yaddaşımda mehriban insanları ilə qalıb. Aradan 14 il keçib. İndi də gəlib-gedənlərdən şəhər barədə soruşuram. Deyirlər, Bakı çox dəyişib, əvvəl yoxsul idi, indi isə vəziyyət düzəlib. Mənim üçün ən maraqlı hadisə Azərbaycan Yazıçılar Birliyinin qurultayında iştirak etməyim oldu. Zala daxil oldum ki, 300-400 nəfər var və hamısı şair, yazıçı idi. Maraqlıdır ki, 2004-cü ildə yazıçılarınız məni "Nobel alacaq ilk türk” deyə təqdim edib, alqışladılar. O zamanlar hələ Nobel alacağıma dair güclü ehtimal yox idi. Mən ancaq iki il sonra o alqışların haqqını verdim (gülüşmə). Xatırlayıram ki, yazıçılarınız kitabların az satılmasından narazılığını bilidirib, Sovet dövründə kitabçılıq işlərinin daha yaxşı olduğundan danışırdılar. Bilmirəm, işlər indi dəyişib, ya yox. Görünür ki, dəyişib. Çünki tez-tez kitablarımın Bakıda çap olunduğunu öyrənirəm.

- Keçən ay İrana səfəriniz oldu. "Mənim adım Qırmızı” romanınızda fars miniatürləri, "Qırmızı saçlı qadın” romanınızda Firdovsinin "Şahnamə”si önəmli bir yer tutur. İran mədəniyyəti barədə nə düşünürsüz?

- İran mədəniyyətinə sayğım sonsuzdur. O mədəniyyət əslində, hamımıza təsir edib. Osmanlılar islamın qılıncıydılarsa, İran intellektuallığı təmsil edirdi. İran yüz illər boyu Osmanlı ziyalısının siyasət, memarlıq, rəssamlıq, musiqi, şeir və başqa istiqamətlərdə baxıb öyrəndiyi bir yer idi. İndi biz necə Avropaya uyğunlaşmaq istəyiriksə, yüzillər boyunca da İrana bənzəməyə çalışmışıq. Həqiqətən dərin bir mədəniyyətdir. Amma indi oradakı siyasi və iqtisadi vəziyyət bizi məyus edir. Dərin mədəni kökləri olan qardaş bir dövlət belə vəziyyətə düşməməli idi. Kitablarımın orada sevildiyini bilirəm. Amma kitab məsələsində də bəzi problemləri var, məsələn, bəzən bir kitabımın beş tərcüməsi çıxır. İranda yayımlanan kitablarıma senzura və müdaxilələr həddən çoxdur. "Mənim adım Qırmızı” romanımın "intim” olaraq dəyərləndirdikləri bir çox hissələrini ixtisar ediblər. Üzücü bir siyasət var orada. Hamı narahatdır. Bunları açıq şəkildə deyirəm. Düşünürəm ki, İran və onun mövcud siyasətini tənqid etməmək qardaşlıq demək deyil, əksinə, bu xalqa layiq olmayan belə vəziyyətin davamlı olmasına şərait yaratmaqdır.

- Orxan bəy, romanlarınızın adı rənglərlə bağlıdır: "Bəyaz qala”, "Qara kitab”, "Başqa rənglər”, "Qırmızı saçlı qadın”... Hətta "Qar” da ağ rəngi xatırladır. Bu ad seçimləri məqsədli şəkildəmi edilib? Bunun rəssamlığa olan marağınızla əlaqəsi varmı?

- Bu rəngləri çox vaxt İslam simvolikası ilə əlaqələndirirlər, lakin bu, doğru dəyərləndirmə deyil. Mənim "rənglərim”in xüsusi simvolik mənası yoxdur, səthi ifadə etmək üçündür. Yəni "Mənim adım Qırmızı”dakı "qırmızı” kommunizmin, ya da "Qırmızı saçlı Qadın”dakı "qırmızı” qəzəbin rəmzi deyil, sadəcə həqiqi bir rəngdir. Mən bununla əsərlərimdə simvolların, alleqoriyaların, ikinci mənaların, başqa mətinlərə göndərmələrin, qeyri-müəyyənliklərin, məna zənginliyinin olmadığını demirəm. Romanlarımdakı hər şey realizmlə də ölçülə bilməz. Burada vurğulamaq istədiyim ucuz simvolizm fəndlərindən istifadə etməməkdir. Adətən ədəbiyyatı sevməyən, ona biganə münasibət göstərənlər özünü 600 səhifəlik romanı oxuyanlardan daha ağıllı sayıb, ada baxaraq nəsə "demək” istəyir. Belə bir şey mümkün deyil. Ədəbiyyatı anlamaq, yazarın ifadə etdiyi fikri qavramaq üçün, əlbəttə, mətnin içinə yol tapmalısan. Hər nə qədər mətndə alleqoriyanı, simvolikanı, altmənaları, müxtəlif oyunları sevsək də, ədəbiyyat mətnin içinə sirlər yerləşdirib, oxuyucudan da o sirləri faş etməsini gözlədiyimiz bir şahmat oyunu deyil. Ədəbiyyatın belə fəndləri gözəldir, lakin mətndə ancaq bunlara fokuslananları anlaya bilmirəm.

- Şahmatdan söz açılmışkən, iki həftə öncə mən də Memar Sinan Universitetində şahmat çempionu oldum...

- Təbrik edirəm. Bilirsiniz... Yaxşı, sualınızı tamamlayın, şahmata olan marağımdan danışacam sizə.

- Bir sıra romanlarınızda şahmata göndərmələr, bu oyunla bağlı bənzətmələriniz var. Hətta "Qara kitab”da Şah İsmayıl və Yavuz Səlimin şahmat oynaması ilə bağlı bir kiçik hekayə də var. Deyəsən, bu, sizin şahmata marağınızdan qaynaqlanır. Bu barədə fikirlərinizi öyrənmək istərdim.

- Cəbri sevən mühəndis ailəsində böyümüşəm. Səkkiz yaşındaykən qardaşım mənə şahmat oynamağı öyrətdi. Şahmatla tanışlığım belə başlayıb. Düzdür, o, mütəmadi olaraq şahmat fəndlərinə dair kitabları oxuyub, məni məğlub edirdi. Bununla belə, mənə öyrətdikləri üçün atamdan çox ona minnətdaram. Atam Türkiyənin Briç üzrə milli komandasında oynayıb. Əmioğlum Murat Pamuk şahmata çox bağlı birisidir. Kitabxanasının çox hissəsini şahmata dair kitablar tutur. Bir zamanlar Türkiyə Gənc Şahmatçılar Klubunda oynayırdı, sonradan milli komandaya keçdi və Avropadakı turnirlərdə Türkiyəni təmsil edirdi. Mən ondan bir çox şahmat hekayələri eşitmişəm. Yəni bizim ailədə cəbrə, mühəndisliyə böyük maraq var. Bilirsiniz ki, babam mühəndis idi. Atam orta məktəbdə özündən üç sinif yuxarıda oxuyan şagirdlərin cəbr məsələlərini həll edirmiş. Qardaşım Amerikada keçirilən cəbr imtahanında 160 sualın hamısına düzgün cavab verib birinci olmuşdu. Belə demək mümkünsə, zəka oyunlarında məharət genetik kodumda var. Bütün bunlar özündən müştəbehlik kimi səslənməsin. Mən, əslində, bir az da bunlardan, evdəki "zəka terrorizmindən” qaçıb sənətə gəldim. Belə bir ailədən gəlməyim yaradıcılığıma da təsirsiz ötüşməyib. Məsələn, "Səssiz ev”də də ikirəqəmli ədədləri bir-birilərinə vurub, tez cavab tapan bir obraz var...

- Keçən il Səlcuq Dəmirəllə birlikdə düşündüyünüz bir kitab nəşr olundu. Kitabla bağlı nələr düşünürsünüz? Sizi tam şəkildə qane etdimi?

- Öncə, onu qeyd edim ki, Səlcuq çox sevdiyim dostumdur. Parisə getdimsə, mütləq ona da baş çəkirəm. Belə görüşlərimizdən birində "Qara kitab”la bağlı nəsə etmək istədiyini söylədi. Bundan əvvəl də "Səlcuq, məndən başqa hamı ilə kitabın var” deyib zarafatlaşırdıq. Beləcə danışa-danışa, düşünə-düşünə belə bir kitab ərsəyə gəldi. Mən də mətnə deyil, daha fərqli bir şey - əl yazılarına illüstrasiyanı təklif etdim. Amma kitabda daha çox Səlcuqun əməyi var. Kitabın əsl müəllifi odur.

- Bu yaxınlarda "Orxan Pamukun eyvanından mənzərələr” adlı bir kitabınızın da yayımlanacağını eşitdim...

- Doğrudur. Kitab, təxminən, avqustun sonlarında hazır olacaq. Burda gördüyünüz kimi fotoaparatım var. Onunla hər yerdə, xüsusən də(əliylə eyvana işarə edərək)buradan çəkdiyim şəkillər var. 2012-ci ildə lap çox şəkil çəkmişdim. Bəlkə də fotoaparati təzə aldığım üçün. Ya da - indi hamı depressiyadan danışır - beynimdə cavabını tapa bilmədiyim yığınla suallar olduğu üçün. Roman yazmaqda çətinlik çəkdiyim dövrlərdə daha çox şəkil çəkməklə məşğul oldum. Bu kitab da həmin böhranlı dövrün məhsuludur. Düzdür, bu formatdakı kitablar nə xaricdə, nə də bizim ölkədə bir o qədər rəğbət görmür, amma yenə də belə bir kitabın müəllifi olduğum üçün məmnunam.

- Harvard Universitetində məşhur Norton mühazirəsini demisiniz. 1985-ci ildə Kalvino da eyni mühazirəni deyib və dərslərinin çox maraqlı bir başlığı vardı: "Gələcək min il üçün altı təklif”. Bu kitab haqqında nə düşünürsünüz?

- Əla kitabdı! Kitabın italyanca adı "Amerika dərsləri”dir. Səmimi şəkildə etiraf edim ki, Kalvinonun kitabı mənim kitabımdan daha yaxşı alınıb, hətta bu, onun ən gözəl kitabıdır da deyə bilərəm. Bununla bağlı maraqlı bir şey deyim. Mən 1985-ci ildə ilk dəfə Amerikaya gedəndə Kalvino Norton dərslərini vermək üçün Harvarda gələcəkdi. O dərslərdən sadəcə beşini yaza bildi, altıncısını yazmadan öldü. Qəzetlərdə "Harvarda gələndə öldü” başlıqlı yazılar dərc olundu. Sonradan Kalvinonun həyat yoldaşı "Harvarda getmə” deyə məni çəkindirmək istədi, Kalvinonun ölüm səbəbinin həyəcanla bağlı olduğu ehtimalından danışdı. Başa düşürəm, bütün yazıçılar kimi mən də gərgin idim. Hər halda bir yazıçısınız və kürsüyə çıxıb akademik mühitin zirvəsində olanlara ədəbiyyat dərsi verirsiniz. Nəysə, əsas odur ki, həmin dərsi ölüm-itimsiz tamamlaya bildim(gülüşmə).

- "Qırmızı saçlı qadın”ı ən feminist romanınız adlandırırsınız. "Səssiz ev”də Hasanın Nilgünü öldürməsi, "Beynimdə qəribəlik”də qadınların cəmiyyətdən kənarlaşdırılması motivləri var. Həmçinin, Füsunun ("Məsumiyyət muzeyi”) ağrılı-acılı hekayəsi Türkiyədə qadının taleyini göstərir demişdiniz. Bizim kimi cəmiyyətlərdə kişilərin qadınları "eşq” adı altında əzməsini necə dəyərləndirirsiniz?

- Bu, mənim üçün çox önəmli mövzudur. Özümü tənqid edərək deyə bilərəm ki, ilk kitablarımın qadın qəhrəmanları ilə güclü bir bağ yarada, empati qura bilməmişdim. Amma o zaman, həqiqətən də, həyata baxışım indiki kimi dolğun və zəngin deyildi, həyatı daha az tanıyırdım. Buna görə tənqidə məruz qaldım və haqq da verirəm. Qırx yaşımdan - həyatı və qadınları daha yaxşı qavrayandan sonra və öz mühitimin, Nişandaşındakı orta təbəqə zənginlərinin hekayəsini yazmaqdan yorulub, təkcə öz sosial mühitimdən deyil, cinsimdən də kənara çıxmaq istədim. Dünyaya daha çox qadınların gözü ilə baxmağa çalışdım...

- ... Əslində, ilk dəfə "Səssiz ev” romanınızda bir qadının səsiylə yazırsınız.

- Elədir, "Səssiz ev”dəki Fatma bu cəhətdən xarakterik sayıla bilər. Amma Fatma obrazı hər iki nənəmin qarışımından yaranan bir obrazdır. Hər ikisi dul qalıb uzun illər tək yaşamış qadınlar idi. Atamın anasının ətrafında qohumları çox idi. O biri nənəmsə ömrünün son günlərini tək-tənha yaşadı. Amma hər ikisinin ortaq xüsusiyyətləri vardı: səhər gec oyanar, yataqda oturub, böyük bir aynadan evi seyr edirdilər. Əşyaları, xatirələri toplayıb, arabir onlara baxardılar. O mühitin qadınlarının, hətta, danışıq tərzləri, otaqlarındakı pərdələr, masa örtükləri, oxuduqları qəzetlər belə bir-birinə bənzəyirdi. "Səssiz ev”də də belə bir qadından bəhs edirəm. Amma yenə də həmişə qadını məni qane edəcək qədər anlatmadığımı düşünmüşəm. "Məsumiyyət muzeyi”ndə də finalda Füsun öldü və onun qəzəbini oxucu yetərli qədər duya bilmədi. Bütün bunlara görə "Niyə Nilgünün səsini eşitmədik?”, "niyə Füsun ortaya çıxmadı?” deyə özümə suallar verirdim. Bu məsələni ilk dəfə sistemli, planlı şəkildə "Beynimdə qəribəlik”də tam mənası ilə aça bilmişəm. Bu romanımda qadınları ön planda tutmağımın iki səbəbi vardı. Birincisi, bəli, bu coğrafiyada qadınlar əzilir, toplumdan kənarlaşdırılır, ailə həyatı qurmur, "ərə verilir”, "qapalı geyin”, "tək heç yerə getmə” kimi təhkimlərə məruz qalır. Bir nümunə verim: Türkiyədə mövcud zənginliyin, mal-mülkün yüzdə altmış beşi kişilərin adınadır. Bu rəqəm Şərqə getdikcə artır, Qərbə getdikcə isə azalır. Bu gün hələ də bizdə evliliklərin böyük bir qismi "görücü üsulu”yladir. Bu da qadını əzən bir şeydir. Bunlar hamımızın bildiyi şeylərdir. Bütün xoş niyyətlərimə rəğmən, ən sonunda mən də bir Türk kişisiyəm və "feministəm” dediyimdə xəfif ironiya edirəm. Bir Türk kişisi nə qədər feminist ola bilər ki! İkincisi, Qərbdə bunlara məruz qalan qadınların əzildiklərini demələrinə etiraz edirəm. Xeyr! Orada qadınlar etiraz edirlər, cavab verirlər, zarafata salırlar, tənə vururlar. Qadınları əzməyə çalışa bilərsiniz, amma onlar əzilməz, müqavimət göstərər. "Beynimdə qəribəlik”də olduğu kimi qaçarlar, sizin istədiyiniz adamla evlənməzlər, sizin sözlərinə inanmaz, iynələyər, ironya edərlər.

- Bu romanınızdakı qadın obrazları real həyatda kimlərdi?

- "Beynimdə qəribəlik”dəki üç bacının əhvalatı bir az da anam və bacılarının hekayəsidir. O üçü yan-yana gələndə həmişə gülüşər, arabir həyat yoldaşlarından tənə ilə danışardılar. Mən də onlara qulaq asardım. Romanıma da bu təsir etdi. Əlbəttə, 50 yaşdan sonra, həm də türk bir kişinin feminist olması qəribə səslənir. Bu mənada özümə çox da ciddi yanaşmıram. Gerçəkləri daha çox ironiya ilə söyləyirəm. "Beynimdə qəribəlik” və "Qırmızı saçlı qadın”ı yayımladıqdan sonra İstanbulda, Bursada, Anadoluda oxuma günləri təşkil etdim. Feministlikdən bəhs edərkən ön sıradakı qızlar hərarətlə alqışlayır, çox sevinirlər, ən çox da bu xoşuma gəlir.

- Külliyyatınızın ilk cildi - "Atalar, analar və oğullar” yayımlandı. İlk iki və sonuncu romanınız kitabda yer alıb. Bu trilogiya fikri əvvəldən mövcud idi, yoxsa sonradan belə alındı?

- Xeyr, trilogiya kimi yazılmayıb bu romanlar. Bu külliyyat təklifi "Yapı Kredi” nəşriyyatından gəldi. Onlar "Delta” seriyasından belə bir cild hazırlamaq istəyirdilər, bu barədə söhbətlər etdik. Mən daha çox mövzu, ideya uyğunluğunun tərəfdarı idim. Bu üç roman, həqiqətən də, bir ortaq nöqtədə birləşir: 3 fərqli nəsli əhatə etməsi, övladların ataların istəyinə uyğun böyüməməsi vəs. Birinci nəsil tənqid edər, yeni dünya qurmaq istəyər, ikinci nəsil həmin dünyanı qurar, üçüncü nəsil isə artıq qurulmuş dünyanın arzu olunanın əksi olduğunu görər. Mən belə hekayələri sevirəm. "Cövdət bəy və oğulları”, "Səssiz ev”, "Qırmızı saçlı qadın”da bu məsələni - birinci nəslin ümidlərinin üçüncü nəsildən necə göründüyünü əks etdirmişəm.

- İlk və son romanınız, dediyiniz kimi, üç nəsillə hesablaşır. Bu romanlar arasında, təxminən 35 il fərq var. "Cövdət bəy və oğulları”nı yazan....

- Hətta 40 il!

- İlk romanı "Cövdət bəy və oğulları”nı yazan Orxan Pamukla onuncu romanı "Qırmızı saçlı qadın”ı yazan Orxan Pamuk arasında nə kimi fərqlər var?

- Gözəl sualdır. Bu barədə danışmaq istəyirəm. 40 ildir yazıram, amma bu uzun zaman mənə sadəcə 4 il kimi gəlir. "Cövdət bəy və oğulları” romanı ilə "Milliyyət” Roman Ödülünə layiq görüldüm, amma roman yayımlanmadı. Çox iddialı olduğum üçün 80-ci illər hadisələri zamanı yeni bir siyasi romana başladım. Təbii ki, o da hərbi çevrilişdən dolayı çap olunmadı. Yayımlanmayan bu roman "Səssiz ev”ə təsir etti. Formal olaraq bu iki roman bir-birinə bənzəyir. Bu yaxınlarda həmin tamamlanmamış romanı arxivimdən tapdım və "mən bunu bitirmək istəyirəm” dedim. Niyə deyirəm bunu? Çünki o anda oradakı cümlələr mənə, sanki 40 il əvvəl yox, dünən yazılmış kimi gəldi. 25 yaşımda olarkən birisi "40 ildir roman yazıram” desəydi, daş dövründən qalmış adam kimi baxardım ona. Qəribə duyğudur bu: 40 il nədir, hələ 400 il də yazaram, sanki hər iki-üç ildə bir roman yazsam, çox uzun zaman yaşayaram. Amma bir tərəfdən də, ömrün sonu yaxınlaşır. Səhhətimin həmişə belə olmayacağını, "o biri tərəfə” çox qalmadığını da bilirəm...

(Bunları deyərkən onun səs tonundakı dəyişikliyi hiss edirəm. Sözünü bitirmədiyini düşündüyüm üçün sual vermirəm. Onun qaldığı yerdən davam etməsini gözləyirəm. Bir an səssizlik yaranır.)

- Lütfən, sualınızı bir də təkrarlayın.

- İlk romanını yazan Orxan Pamukla onuncu romanını yazan Orxan Pamuk arasında hansı fərqlər var?

- Başladığım kimiyəm, yaşlandıqca, yazmaq həvəsim azalmayıb: günün eyni vaxtında yuxum gəlir, eyni ümidsizliyə düçar oluram, eyni cür sevinirəm. Bir sözlə, eyni insanam. Sadəcə, yazar olaraq daha təcrübəliyəm, "bunun üzərində işləmə, indi alınmaz, başqa bir bölümə keç” deyirəm özümə. Durğunluq və uğursuzluğun yaxınlaşdığını daha tez sezə bilirəm, məni xoşbəxt edəcək səhnənin üzərində dayanmaq lazım gəldiyini də. Bir yandan mükafatlar, kitablarımın 60 dilə tərcüməsi, uğurlar məni daha da motivasiya edir. Uğur məni daha çox həvəsləndirir. Düşüncə cəhətdənsə bu uğurlar məni özünəqapalı, təvazökar edir. Əsas fərqlərdən biri romançı olaraq özümə inamımın artmasıdır. Gəncliyimdə romanı yazmağın ən gözəl tərəfi onu səhnə-səhnə beynimdə təsvir etmək idi, yenə də belədir. Hələ də bu metoddan istifadə edirəm. Uzun sözün qısası, iki Orxan arasında çox böyük fərqlər yoxdur. Yenə zaman-zaman ümidsizliyə qapılıram, "bugün ürəyimcə olan iki səhifə yazacam” deyib, bir cümlə belə yaza bilmədiyim günlər 40 il əvvəlki kimi hələ də olur.

- Romanlarınız son 20-25 ildir ki, Şərq-Qərb kontekstində qiymətləndirilir. Bu yanaşma, sizcə, nə dərəcədə doğrudur?

- Bu, biraz da mənim ucbatımdan olur. "Bəyaz qala” və "Qara kitab” romanlarım bu konteksdə dəyərləndirilməyə uyğundur, amma mənim etdiyim sadəcə bu deyil axı. Bu mövzuya marağımın mədəni-tarixi təməlləri barədə danışmaq, müzakirəyə girişmək istəyərəm. Tarix elə cərəyan etdi ki, maarifçilik hərəkatı, modernləşmə, sənaye inqilabından sonra Şərqlə Qərb arasındakı fərq kəskinləşdi. Qərbin idxalı, ixracı, hərbi imkanları, zənginliyi birdən-birə qat-qat artdı və bununla da Avropa xaricindəki insanlar və imperialistlərin hökmranlığı altında əzilənlər özlərini alçaldılmış, təhqir olunmuş hesab etdilər. Əsasən də, intellektuallar. Çünki onlar nə baş verdiyini aydın şəkildə görə bilirdilər. Bu zaman həm təqlid meyli başladı, həm də heyranlıq. Həmçinin, bunlarla birgə nifrət və ikrah hissi də yarandı və bu düşüncə tərzi bizim nəsilə təsir etdi. İndi Türkiyə bir az zənginləşib, son illərdə uğurları artaraq yuxarıda sadalağım vəziyyətlərdən uzaqlaşa bilib. Bəlkə də gün keçdikcə mənim də romanlarım bu çərçivədən uzaqlaşdı. "Beynimdə qəribəlik” Şərq-Qərb probleminə həsr olunmuş roman deyil, amma "Qırmızı saçlı qadın” elədir.

- Son müsahibələrinizin birində "Vəba gecələri” adlı roman yazdığınızı açıqladınız. Mənim ağlıma "Səssiz ev” romanında tarixi bir vəba olayını araşdıran Faruk gəldi. "Bəyaz qala”da da vəba önəmli bir yerə sahibdir. İndi yazdığınız romanla bu iki roman arasında bir bağlantı varmı?

- İndi yazdığım "Vəba gecələri” də məhz Şərq-Qərb dilemmasına həsr olunub. 1900-cü illərdə keçən tarixi bir roman olacaq. Vəba nəticəsində ətraf aləmdən xaric olan bir məkan var. Və əlbəttə ki, eşq! Bu roman ideyası üzərində 35 ildir düşünürəm. Məsələn, "Səssiz ev”dəki Faruk, əslində, bu yazacağım roman barədə araşdırma aparırdı və ya "Bəyaz qala”da yeni yazacağım romandan bir neçə səhnə var. Eyni zamanda, "Qar” da hələ o yazmadığım "Vəba gecələri”ndən təsirlənib. Çünki vəba gəlir və xarici mühitlə əlaqə kəsilir, o romanda qar vəba rolu oynayır. Qısaca deyim ki, 35 ildir beynimi məşğul edən bir romanı yazıram indi.

- Burada mən də bir şey əlavə edim: "Qar” romanındakı çadır teatrında "Şah Edip” əsəri səhnələşdirilir, "Şahnamə”dəki "Rüstəm və Zöhrab” hekayəsi də kiçik bir abzasda keçir. Bunlar hələlik sonuncu olan "Qırmızı saçlı qadın”da da var.

- Doğrudur, eyni motivlərdir. Açığı, indiyə qədər kimsə bunun fərqinə varmamışdı...

- Sosial və texnoloji yeniliklər şəxsiyyətimizə təsirsiz ötüşmür və siz bu dəyişikliyə obrazın gözündən baxırsınız. İstanbulun sürətli dəyişimi istanbullu olaraq sizə və romanınıza necə təsir göstərir?

- Bu, çox geniş bir məsələdir. "Beynimdə qəribəlik” romanımı yazanda İstanbuldakı göydələnlərin vəziyyətini anlamaq üçün araşdırma aparırdım. Yazırdılar ki, önümüzdəki bir neçə ildə bu göydələnlərin sayı iki dəfə artacaq. İndi (əliylə eyvandan görünən bəzi tikililərə işarə edərək) gördüyünüz bu binalar beş il əvvəl yoxdu. Yaşadığım şəhər inanılmaz şəkildə dəyişir. Doğulduğum zaman şəhərin əhalisi 2,5 milyon idi, indi isə təxminən 17 milyondur. Mən bütün bu dəyişimin içində idim, hər şeyi öz gözlərimlə müşahidə eləmişəm. Tarixdə mənim qədər dəyişiklik görən çox az yazıçı var. İlk romanlarımda zəngin burjua təbəqəsindən yazdım, sonra şəhər dəyişdikcə mən də İstanbulun fərqli səmtlərindən, məhəllələrindən, yoxsul təbəqəsindən söz açmaq istədim. Dünyada adım "İstanbul yazarı” olaraq çıxdıqdan sonra sanki İstanbulun hər qarışını, hər insanını təsvir etmək, sadəcə aid olduğum mühiti yox, bütünüylə, sistemli, proqramlı İstanbul yazarı olmağı planlaşdırdım. Şəhərin bu qədər sürətlə dəyişməsinə nə deyə bilərəm ki? "Mənim o əski və gözəl İstanbulumu öldürdülər” demirəm, nostaljiyə meyilli bir adam deyiləm. Həmçinin, "hər şey əladır” da deyə bilmirəm, hər tərəf beton binalarla doludur, bunda "əla” deyiləcək bir şey görmürəm. Bilirsiniz, tək tərəfli baxış onsuz da mövcud deyil. Həyat belə bir şeydir ki, hansısa bir nəsil səhnəyə çıxar, nələrsə edər, sonra onların binaları, şeirləri, musiqiləri, hamısını tarix deyilən bir dalğa yuyub aparar. Ondan sonrakı nəsil, heç səni tanımadan da daha yaxşı işlər görər, önəmsəməz heç səni. Bax, həyatın belə olduğunu görməyə başladım. Bunu qəbul etmək, əslində, qocalığı, ölümü qəbul etmək kimi bir şeydir...

(Yenə də səssizlik... Pamuk, son cümləsini nəzərdə tutaraq, əlavə edir)

- Bəlkə də bunu bu şəkildə deməməliydim... Olsun, davam edək...

- Hər insanda keçmişə sahib çıxmaq, onu xatirədə canlandırmaq meyli var. Məsələn, siz romanlarınızda bunu rəsmlərin, əşyaların, kəlmələrin timsalında əks etdirmisiniz. Bəs musiqilər sizə keçmiş barədə nəsə deyirmi?

- Bəzən dostlarıma da söyləyirəm ki, mən "muzikidiot”um. Dinləməkdən zövq alıram, amma musiqini yaratmaq, anlamaq, dəyişdirmək istedadım yoxdur. Düşünürəm ki, nəyinsə daxili qatına enmək üçün, öncə, onunla çox məşğul olmaq lazımdır. Xüsusən, musiqini anlamaq üçün mütləq ki, hansısa musiqi alətində ifa etməyi bacarmalısan. Nitsşe deyir ki, ey tənqidçilər, tənqid etməyi bir kənara buraxıb, bir dəfə də yaratmağı sınayın. Musiqini tam mənada dərk etmək üçün bu barədə çox düşünmək, ifa etmək və musiqi alətini bədəninin bir üzvünə çevirmək lazımdır. Mən musiqiyə sadəcə qulaq misafiri oldum və bunu da çox dərindən, əsaslı şəkildə bacarmadım.

- "Məsumiyyət muzeyi”nin XX əsrin əvvəllərindəki modernistlərlə, xüsusən Volter Benjaminlə bağlılığı barədə çoxsaylı fikirlər var. Bir də sizin dilinizdən eşidək: həqiqətən, bağlılıq varmı?

- Bu məsələni, xüsusən də, Amerikaya hər gedişimdə tələbələr soruşurlar. Artıq bu, şablona, klişeyə çevrilib. Bir zamanlar Fukoydu, Edvard Səiddi, Karl Marksdı, indi də Benjamin.... Düzdür, onda da kolleksiyaçı ruhu var, nostaljiçilik var, amma başqaları da bu mövzuda yazır. Mən "Məsumiyyət muzey”ini ona baxaraq yaratmamışam. Amma hər universitetdə ən azı bir tələbənin bu sualı verməsi artıq məni usandırır. Benjaminin adını çəkmək intellektual olmağın göstəricisi halına dönüb sanki, hər kəs ondan danışır. Məni yanlış anlamasınlar, Benjaminə sayğım var, amma hər şey də Benjamindən gəlmir ki.

- Yenə də həmin romanınızda Kamal Basmacının ən sevdiyi muzey Milandakı Bagatti Valsecci muzeyidir. Bu il sərgi üçün ora getdiniz. Təəssüratınız necə oldu?

- Çox yaxşı təəssüratla ayrıldım oradan. Hələ də sərgi insanların ixtiyarındadır. Muzeyin məntiqi belədir: romanın 83 bölməsi var, muzeydə də 83 vitrin olacaq. Hələlik vitrinlərdən 70-ni hazırlaya bilmişik. Bunlardan otuzunun da replikasını yaratmışıq. Bu replikalar əvvəl Londona, sonra da Osloya gedib. İndi isə Milandadır. Növbəti dayanacağı isə Paris olacaq. "Məsumiyyət muzeyi”nin məşhurlaşdığını deyə bilərəm. Qutularının replikaları bütün dünyanı gəzir. Muzeyin bu şöhrətinə inana bilmirəm, amma xoşuma da gəlir. Öz əməyimin qarşılığını alıram. Çünki muzeyin qurulmasında nə dövlət, nə də hansısa zəngindən maliyyə dəstəyi almışam. Sadəcə bilet satışıyla fəaliyyət göstərə bilirik.

- "Məsumiyyət muzeyi”ndə Füsunun şəkillər çəkdiyini oxuyuruq, bunlar da gələcəkdə muzeydə sərgilənəcəkmi?

- Əlbəttə, Füsunun quşlarına "can verməyə” başlamışam artıq. Köməkçimlə İstanbulda görə biləcəyimiz 10 quşu bəlirlədik, qağayı, qarğalarla başladıq. Hamısının sulu boya rəsmləri hazırlanacaq. İndi bir qağayı rəsmiylə başladıq. Sonra ayrıca bunların da açılışını edəcəyik. "Məsumiyyət muzeyi”ni mən işlər tam bitmədən açdım, çünki romanda o qədər detallar var ki bitirmək mümkün deyildi. Hər kəs tövsiyə etdi ki, bir muzey heç vaxt bitməz, bu qədər gözləmə, muzeyi aç sonra yenə əlavələr edərsən. Mən də belə etdim. Sonra dedilər ki, muzeyə 3-4 il heç nə əlavə eləmə, sonra tamamlayarsan. 3-4 il keçdi, muzey uğur qazandı, indi əlavələr edirik, yarımçıq qalan qutuları hazırlayırıq.

- Bəs Kamalın Ceyda vasitəsiylə Füsuna yazdığı məktublarını görəcəyikmi?

- Vay, mənim zəki - ağıllı dostum! Heç ağlıma gəlməmişdi, sizin sayənizdə ortaya çıxdı, bəlkə bunu da əlavə elədik.

- Nuri Bilgə Ceylanın son filmi "Ahlat ağacı”nda yazıçı olmaq istəyən Sinan atasıyla problem yaşamaqdadır. Bu filmdə yaradıcılığınızla oxşar detallar var: ata-oğul münaqişəsi, quyu motivi. Baxmısınızmı filmə?

- Baxdım və çox bəyəndim. Elə bu gün "Hürriyyət”in "Sənət” əlavəsində bu haqda oxudum. Filmdə məndən təsirlənmədən daha çox, Nurinin qohumundan təsirlənmə var. Onun qohumu belə bir roman yazıb və öz hesabına yayımlayıb. Yəni gerçək həyatdan təsirlənmə daha çoxdur. İşin bir qəribə tərəfi də budur ki, o adam filmdə həm də aktyor kimi iştirak edib, mən də bu gün səhər oxuyanda təəccübləndim.

- Son bir ildə ölkə xaricində haqqınızda 7 kitab yayımlandı, həmçinin, Jalə Parla da yaradıcılığınız barədə çox önəmli bir əsərə imza atdı. Haqqınızda yazılanları müntəzəm şəkildə izləyə bilirsinizmi?

- Jalə Parlanın kitabı çox dəyərlidir. Hamısını oxuduğumu deyə bilmərəm, amma mümkün qədər oxumağa çalışıram. Xaricdə nəşr olunan yazılar jurnallarda yayımlanır və jurnal vasitəsiylə oxuyuram. Bunlar hamısı ədəbiyyatşünas yazılarıdır. Bəzisini heç tanımıram, bəziləri də tanıyıb-bildiyim tənqidçilərdir. Bu yaxınlarda internetdə gördüm, Fransada bir xanım mənim barəmdə kitab yazıb. Kitabı mənə göndərməyib, fransızca bilmədiyim üçün detalları da öyrənə bilmədim. Bax belə... 40 il əvvəl nə vaxtsa haqqımda bu qədər yazılacağını desəydilər, heç inanmazdım...

QEYD: Orxan Pamukla söhbətimizi yubatmadan yazmaq istəsəm də, vaxt tapa bilmirdim. Həmin ərəfədə magistr dissertasiyamın müdafiəsi yaxınlaşırdı. Bu vəziyyətdə dostlarım köməyimə çatdı. Yağmur Yıldırımay müsahibəni diktofondan köçürdü. Aytac Quliyeva Azərbaycan dilinə tərcümə etdi. Mən də mətni bir daha gözdən keçirib kiçik düzəlişlər etdim. Şamil Muradlı bu söhbətin qısa videoçarxını hazırladı. Bu söhbət uzun olduğundan, qəzetdə çox yer tutmamaq üçün bəzi fikirləri ixtisar etmək istədim, amma Rəşad Məcid problem olmadığını deyib, müsahibəni istədiyim şəkildə hazırlamağa ürəkləndirdi. Dəstək üçün hər birinə təşəkkür edirəm!


Ramil ƏHMƏD

525.az