adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Iyul 2018 13:53
9973
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: «AY ALLAH, İSTİDƏN ÜRƏYİMİZ PARTLADI»

Belə də isti olar? Niyə olmur! Yayı arzulamırdıq, bu da yay! Hələ yay gəlməmişdən əvvəl hidrometroloqlar bildirmişdilər ki, bu ilin iyul və avqust aylarında anomal istilər olacaq. Və bu isti də çox çəkmədi. Artıq iyun ayının axırlarından göydən «od» yağmağa başladı. Axı biz də kəskin istilərə alışmamışıq. Belə də isti görəndə o dəqiqə təngənəfəs oluruq, ürəyimiz gedir, sərin və kölgəli yer axtarırıq.

Sərin və kölgəli yer də Bakıda tapmaq o qədər də asan deyil. Çünki ağacların çoxunu kəsib ticarət mərkəzi tikiblər, obyektlər inşa ediblər. Hələ də ağaclar kəsilməkdə davam eləyir. Harda üç-dörd ağac gördülər, bir-iki kvadrat da boş sahə hiss elədilər, o dəqiqə müxtəlif yollarla pullu və imkanlı adamlar çıxış yolu tapıb ora bir sərəncam alırlar. Və bir-iki gecənin içərisində ağacların «anasını ağladıb» o bir-iki kvadrat yerdə qəşəng ticarət obyekti tikirlər. Qoy tiksinlər, onsuz da gözləri doymur. Heç gözləri belə adamların heç vaxt da doymayacaq…

Axı istilərdən danışırdıq. İyulun 1-i getsin, bir də gəlməsin. Yenə hidrometroloqlar deyirlər ki, iyulun 1-də Bakıda 120 ildə görünməmiş istilik qeydə alınıb. Yəni həmin gün paytaxtımızda havanın temperaturu müsbət 44 dərəcəyə çatıb. Hələ boyunlarına aldıqları budu. Bəlkə də ondan daha çox isti olub.

Həmin gün və həmin gündən əvvəl Bakı şəhərində kondisioner sistemi olmayan avtobuslarda sərnişinlər hansı anları yaşayıb, onları bir özləri bilib, bir də onları mənzilbaşına aparan sürücülər. Şəhərin müxtəlif istiqamətlərinə hərəkət eləyən 50, 64, 39, 77, 114, 119, 135 29, 36, 206… avtobuslarında mənzilbaşına gedən adamlara ən azından bir mükafat düşür.

Bu sətirlərin müəllifi də elə oldu ki, isti iyulun 1-də evdən çıxmağa məcbur idi. Çünki mənim ad günüm idi. Evimizə də qonaqlarımız gəlməli idi. İstədim iki daşın arasında qaçıb 8-ci Kilometr bazarından alış-veriş eləyim. Axı zarafat deyil, qızım və nəvələrim bizə gəlirdi. Üstəlik də, baldızlarım Səkinə xanım və Nərminə xanım da bizə gəlmək istəyirdilər. Evə gələn qonağa gəlmə demək olmaz. Və mənim özüm də ad günü keçirməyi xoşlamıram. Sadəcə olaraq, ad günlərində ailəm, qızım və nəvələrim olur. Yaxınlarım da gəlmək istəyəndə onlara əziyyət verməmək üçün deyirəm ki, Bakıda olmayacam. Amma bu dəfə gəlmək istəyənlərə «yox» deyə bilmədim…

Nə başınızı ağrıdım, eləmədim tənbəllik, saat 11:00-da Yeni Günəşlidən metronun «Neftçilər» stansiyasına gedən 50 nömrəli marşruta mindim. Avtobusa girəndə elə bil ki, təndirin içinə düşdüm. Bir anlıq havam çatışmadı. Amma gördüm ki, məndən də pis vəziyyətdə olan sərnişinlər var. Yaşlı bir qadın nəvələrini yanına almışdı. Elə hey sürücüyə deyirdi ki, ay oğul, ürəyim qısılır qapını açıq qoy! Sürücü də qan-tərin içində dilləndi:

- Görürsünüz, on beş dəqiqə istiyə dözə bilmirisiniz. Amma mən köpək oğlu düz on altı saat bu sınıq-salxaq avtobusun sükanı arxasında əyləşməliyəm. Asfaltdan od qalxır. İçəri bir isti dolur ki, az qala adamın ürəyi partlaya. Amma neyləyim, məcburam ki, balalarımın çörəyi xətrinə işə çıxam və sizi də sağ-salamat mənzilbaşına çatdıram. Şükür Allaha, hələ ki, sükanı əlimdə möhkəm saxlayıram. Hərdən-bir yuxu məni tutanda üzümə su vururam, tez də özümə gəlirəm. Heç bugünkü istidən hələ indiyə qədər görməmişəm. 65 yaşım var, belə istini birinci dəfədi görürəm. Ay rəhmətliyin qızı, sən də bu istidə otur evində də. Ürəyin dayanar, ölərsən!

Yaşlı arvad sürücüylə yenidən dərdləşdi:

- Elə bilirsən kefimdən şəhərə gedirəm, ay oğul! Bax, bu uşaqların anası xəstəxanadadı. Oğlum da Bakıda yoxdur. Mən də məcburam ona yemək aparam. Uşaqlar da anasını görsün. Yoxsa mənim bu ahıl vaxtımda avtobusla göydən od yağanda harasa gedən vaxtımdı? Allah əlacımı kəsib, çıxış yolum yoxdur.

Bu vaxt orta yaşlı bir qadın pis vəziyyətə düşdü. Yanındakı qız isə plasmas qabdakı suyu onun üstünə çilədi. Handan-hana orta yaşlı qadın özünə gəldi və səsləndi:

- Ay Allah, istidən ürəyim partladı. Qızım Allah sənin köməyin olsun! Nə yaxşı o suyu üzümə çilədin, çox lap ürəyim dayanmışdı.

Çöhrəsində təbəssüm yaranmış qız yenidən plasmas qabdakı suyu qadına sarı uzatdı:

- Ay ana, buz kimi sudu, iç özünə gəl! Qorxma, hələ sumkamda biri də var. Çünki əvvəldən bu suları soyuducuya qoyub dondurmuşam. Bilirdim ki, bu gün belə isti olacaq. Nə yaxşı ki, bu suları özümlə götürmüşəm.

Orta yaşlı qadın çöhrəsində nur olan qıza təşəkkür etdi:

- Su qədər ömrün olsun, ay bala! Buz kimi suyu içdim, özümə gəldim. Sən olmasaydın görən başıma hansı müsibət gələcəkdi. Allah sənin kimi qızları xoşbəxt eləsin. Təki sənin kimi bir gəlinim olaydı.
Avtobusun salonundakı bu söhbətdən bir qədər şənləndilər. Amma isti yenə adamı birtəhər eləyirdi. Axır ki, sürücü metronun «Xalqlar dostluğu» stansiyasına çatdı və sərnişinlər də düşdülər. Sürücü yenidən bir zarafat elədi:

- Bax, siz canınızı birtəhər qurtardınız. Amma mən bu gün axşam saat on ikiyə qədər sükan arxasında olmalıyam. Deyirlər ki, cəhənnəm var, cəhənnəm var. Elə vallah, on altı saat bu istidə sükan arxasında əyləşmək cəhənnəmi gözüylə görməkdi.

Əlbəttə, sərinləşdirici vasitələr olmayan avtobuslarda mənzilbaşına 43-44 dərəcə istidə getmək elə özü cəhənnəmi gözüylə görmək deməkdir. Yenə biz yarım saatı birtəhər qapısı açıq avtobuslarda yola verə bilirik. Bəs o yazıq on altı saat sükan arxasında əyləşən sürücülər bu isti havalarda nə eləsinlər? Bax, bunun barəsində daşıyıcı şirkətlər dərindən düşünməlidir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Əliyev bildirib ki, Bakı şəhərində cəmi-cümlətanı kondisioner sistemi olan 300-350 avtobus var. Ancaq çoxlu sayda sərnişin daşıyan avtobuslarda sərinləşdirici sistem yoxdur. Yaxın gələcəkdə şəhərimizə daha 300 ədəd kondisioner sistemi olan avtobuslar gətiriləcək. Bax, onda qismən də olsa yay vaxtı sərnişinlər sərin avtobuslarda mənzilbaşına gedə biləcəklər.

Mənim yadıma bir əhvalat düşür. Lətifəsi bizim hamımızdan uzaq. Birinin eşşəyi olur, o da eşşəyinə ot tapa bilmir. Eşşəyin qulağına pıçıldayır ki, ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər, sən də doyunca yeyərsən. Eşşək də gözləyir, gözləyir, yaz gəlir, yonca bitir, ancaq yoncanı ona yox, başqa heyvanlara verirlər. Və eşşəyi də bir az saman tapıb qabağına atırlar ki, başı qarışsın…

İndi daşıyıcı şirkətlər əhalinin kasıb təbəqəsi haqqında zəhmət çəkib dərindən düşünməlidilər. Onsuz da şəhərin varlı və imkanlı adamlarının nəinki bir, üç-dörd maşını var. Onlar üçün qış da gözəldir, yay da gözəldir. Qışda maşınlarında istilik olur, yayda isə sərinlik. Ancaq yazıq bu kasıb camaat həmişə ictimai nəqliyyatdan istifadə eləyir. Yerin üstündə avtobuslar da istidən birtəhər olur, yerin altında metro qatarlarında ürəkləri gedir.

Dəfələrlə isti havalarda metro qatarlarında görmüşük ki, yaşlı və xəstə adamlar basabasda, özü də bu istiyə tab gətirməyib ürəkləri gedib. Nə yaxşı ki, növbəti stansiyada polsilər onlara kömək edib, oturacaqda əyləşdirib, sonra da həkim çağırıblar.

Sözümüzün canı odur ki, bu camaat avtobusda gedəndə pul ödəyir. Bir dəfə pul verməsən, sürücülər sənin abrını ətəyinə bükərlər. Balam, biz pul ödəyirik, daşıyıcı şirkətlər də zəhmət çəkib sərnişinlərə qışda və yayda yüksək səviyyədə xidmət göstərməlidilər. İstər avtobusların sahibləri, istərsə də metropoliten rəhbərliyi bu məsələləri yoluna qoymağa borculudular.

Metroya düşürsən, isti havada adam bürküdən boğulur. Əvvəllər yenə stansiyaya tez-tez hava ötürücüləri vasitəsilə təzə hava vurulardı. Amma son vaxtlar bu təmiz hava da qəhətə çıxıb. Ona görə də həm daşıyıcı şirkətlər, həm də metropoliten sərnişinlərin isti havalarda mənzilbaşına sərin salonlarda getməsinə şərait yaratmalıdı. Yarada bilmirlərsə, onda zəhmət çəkib gediş haqqını aşağı salsınlar.
Bax, bizcə bu barədə hər iki qurum – həm Bakı Şəhər Nəqliyyat Agentliyi, həm də metropoliten rəhbərliyi ciddi düşünməlidir. Axı bu camaat yazıqdı. İsti havada onların ürəyi partlaya bilər, infarkt keçirər və ən nəhayət, dünyasını dəyişərlər. Məgər belə hadisələr az olub?!