adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Iyul 2018 11:06
8730
MƏMLƏKƏT
A- A+

Bakıətrafı dəmir yolu xətti əsaslı təmir olunur

Prezident İlham Əliyev bu il mart ayında "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılmasına başlanılıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, hazırda bir sıra istiqamətdə işlər aparılır.

İnfrastruktur Departamentinin "Əsaslı Təmir" MMC Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sisteminin əsaslı təmirini həyata keçirir. Böyük Şor stansiyasının kontakt şəbəkəsi yenidən qurularaq əsaslı təmir olunub. MMC-nin rəisi Abbas Qəmbərov verdiyi məlumata görə, 28 ədəd dəmir-beton dayaq yenisi ilə əvəzlənib və kontakt şəbəkəsi həmən dayaqlara köçürülüb. Bununla yanaşı, uzunluğu 30 m olan 4 ədəd rigel quraşdırılıb və kontakt şəbəkəsi bu rigellərin üzərinə köçürülərək nizamlanıb.

Hazırda stansiyada işlər davam etdirilir.