ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"Yeniyetmələr"

1808    |   2018-06-30 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Povestdən bir parça

Allahverdi Eminov

(əvvəli ötən şənbə saylarımızda)

Bu dəfə əl çaldılar, şairə ləzzət verdi, uşaqlar onun sözünü eşitmişdi və bir də öz müəllim illərini xatırlamışdı.
Midhət müəllimin əl-ayağı yerə dəymirdi, şairə minnətdarlığını bildirmiş və son kitabını kitabxanaya bağışlamışdı avtoqrafı ilə: "Ruhumla söhbət."
"Əziz balalarım sizinlə məktəb görüşüm məndə hədsiz qürur yaratdı, əzbər söylədiyiniz şeirlər məni həm keçmişimə, həm də bu günümə qaytardı. Siz yeniyetmələr sağlam böyüyürsüz, dərslərinizi sevirsiz, müəllimlərinizə məhəbbət bəsləyirsiz. Bu hissləri yaşadım. Sizləri Vətənimizi, təbiətimizi, insanları sevməyə çağırıram. Müəllifdən yadigar olaraq."
Tədbirdən sonra Midhət müəllim evində ziyafət verdi. Həmid müəllimi icraiyyəyə çağırmışdı Başçı. Üzr istəyib getdi. Zəngin təəssüratla ayrıldığını təkrarən xatırlatdı.
Bu görüşdən sonra, qonaqlıqdan qayıdanda məni titrətmə tutdu, nə gizlədim, içmişdim, əvvəlcə halım yaxşı idi, özümü o yerə qoymurdum. Belə halımın səbəbini artıq içki dozasını ötüb-keçməkdə görürdüm. Yolun xeylisini gələndə bədənimi üşütmə aldı, yolu güclə seçirdim, instiklə evin istiqamətini düz tutmuşdum. Amma sərxoş deyildim, bəlkə də gərginlikdən idi. Dişlərimi bir-birinə sıxmışdım. Bəlkə də bu, meşə titrətməsiydi. Yaxşı ki, səhərisi bazar gününə düşürdü. Evdəkilər yatmışdı. Havanisə xala iri fincanda dovğa saxlamışdı, iki tikə çörək, duz. Süfrəni yeməklərin üstünə qatlamışdı - bir tərəfini. İşıqları kənddə hələ söndürməmişdilər, saatla paylanırdı elektrik işıqları.
Dovğa olmasaydı halım necə keçərdi, qızdırma yaşa baxmır a! Yatağıma uzandım, arada mürgü vururdum və qəribə mini yuxular görürdüm, dik atılır, peşimanlayıb üzümü balınca söykəyirdim. Yuxular mənasız, rabitəsiz olduğundan yaddaşımdan sürüşürdü, beynimi məşğul eləmirdi. Səhərin vaxtında açılacağını istəmirdim, qoy uzansın gecə, mən özümə gəlim, azarladığımı hiss eləməsinlər. Tahirə anasına görüşün gedişi, mənim ağır zəhmətimi deyəcəkdi. Havanisə xala həssas qadındır. Sağalacağıma ümidim çoxdu, orqanizmim davamlıdır: kənd uşaqlığımı itirməmişdim.
Səhər vərdişim müqabilində erkən oyandım, həyətə düşdüm. Dirrikdən səslər eşidilirdi, ya kirpi, ya da dadanmış dovşan idi. Heyvanların səhər oğurluğu. Ayaq şappıltıma sivişdilər.
Tahirə rəngi-ruhumdan şübhələnmişdi, üstünü vurmadı. Anası bazara getmişdi, tapşırmışdı, Alı müəllimin çay-çörəyini hazırla.
Mən otağımdan bayıra, yəni artırmaya çıxmadım, soyuqdan ehtiyatlanırdım. Tahirə padnosda səhər yeməyini gətirdi, stolumun üstünə qoydu. Yanaqları qızarmışdı, məni şəfqətli hiss bürüyür, kövrəlirdim. Onun Musa Yaqubdan söylədiyi ata haqqında şeirinin təəssüratı hafizəmdən silinməmişdi.
O, podnosu qoyanda heyrət və səksəkə içində baxışlarını məndən çəkdi. Nə yaxşı o, naz satmaq sənətinə yiyələnməmişdi, bu anda təbii cəsarətsizlik inamsızlığından irəli gəlirdi, mübhəm duyğuları dərhal rədd edirdi.
- Müəllim. - Zəif çalarlı səslə dilləndi. - Çayınızı soyutmayın, kəklikotu ilə dəmlənibdir; Qəribədir "dəmləmişəm" demədi.
Mən Tahirənin indi nisbətən sərbəstliyini hiss edirdim, isnişirdik bir ailənin üzvləri kimi. Arabir mənə baxan Tahirənin solğun üzünü mənim üçün yeni görünən gözlərində ifadə olunan səssiz heyrət, həyəcan onun üçün sevgi təbəssümü deyildi. Bir neçə dəqiqə sükutla keçdi, baxmayaraq üzbəüz idik, bunu mən xoşbəxt dəqiqələrim sayıram. Bu mənimçün hər şeyi, xəstəhallığımı unutduran sevinc hissləriydi. Onun gözlərində həm görüş və təmas həsrəti, hələ mübhəm qalan məhəbbət etirafı idi. Yanılıram bəlkə də: Rəşadın sevgisinə xəyanətindən qorunması idi. O, göz qapaqlarının yüngül hərəkətilə yanaqlarının qızartısını oyatdı və yüngülcə yumdu, sonra qapını açdı: - Anam darvazada qonşu ilə söhbət edir, - pıçıldadı...
Qış əfəlləmiş, əslində təslim olmuşdu: meşə ağacları ağ yapıncıqlarını soyunmuşdu, quşlar üzü günəşə uçur, gələcək yuva qurmaq üçün yer seçirdi, keçmiş cütlər ayrılmamışdı, təzələri məhəbbət sorağında idi, axı, təbiət onlara instiktiv vərdiş bağışlamışdır. Eyni zamanda meşənin yaşıl lətafəti kövrəlmiş haşiyə kimi sakit, ziyansız məhəbbətə bənzəyirdi. Meşə cığırları güclə seçilirdi, hələ ayaq izləri düşməmişdi. Qoca palıd, qarağac, küknar meşəsinin qoynunda ov etməyin vaxtını ovçular səbirsizliklə gözləyirdi. Nəğməsinə ilk dəfə təravətli, cingiltili və gur səsli quşlar başlamışdılar.
Bir neçə dəfə bərəkət gətirən yağış düşmüşdü, çox sürməmişdi. Yağışdan sonra yabanı göbələklər torpaqdan qalxıb ağ və qonur rəngli tac qoymuşdu, cavan ot bitir, ağaclarda təptəzə zoğlar uzanırdı. Günəş cəsarətlə şəfəqlərini kainata ərmağan edir, bütün canlıların varlığını isindirirdi. Meşənin zərif yasəmən yarpaqlarını al-əlvan şüalarda çimizdirirdi. Sərçələr, qışdan salamat çıxan yerli sığırçınlar qızğınlıqla cingildəşir, hələlik kənddən kənara çıxmağa cəsarət etmirdilər. Qovaq, fısdıq ağaclarının mixəyi tumurcuqları ətir səpələyirdi.
Sarıbulaq kəndinin ana yolunda artıq qar ərimişdi, gəlib-gedənlərin ayaqları altında xırdaca sular yaranmışdı. Yumşalmış külək tüstü burumlarını, toz buludlarını yuxulu uşaq kimi qovurdu. Atlar, yüngül arabalar ruzi üçün hərəkət edir, yükləri boşalır, yaxud dolu kəndə qayıdırdı. Alt dodağı sallaq, boz və arıq at löhrəm yerişlə yırğalanan qazalağı dalısınca sürüyürdü. Diqqət eləyəndə gördüm ki, bir dişlə qazalağa bağlanmış, ikinci dişləri yoğun kəndir əvəz etmişdi. Qazalağı yaşlı kişi sürür, arabir arxaya baxırdı.
Sarıbulaq kəndinin qışla vidalaşması bu cür idi...
Yeniyetmə - cavan qızlar necə? Mənim dünyamda onlar bəyazlıq və təmizlik rəmzidir, açılmağa tələsən zanbaq çiçəkləridir, çatışmayan günəşin nəzər yetirməsidir, bir şərtlə, bəd nəzərlə baxılmasın. Yeniyetmələr qızılgüldür, kül olmamağa gəlib çıxmamalıdır. Onlar bir yad səs eşitcək diksinir, güzgünün qarşısında dayanır, yetişən döşlərini gizlədir, saçlarının hər telini sayır, bağladığı lentin rəngini yoxlayır. Bədənlərinə geydikləri köynək zövq duyur, sabah məktəbdə necə təsir edəcəklərindən xovlanırlar, hətta xəfif titrəyişlərini fikirlərində canlandırırlar.
Yeniyetmələr dan yeri buludlarına bənzəyir, ulduzların parıltısına həsədlə boylanır, ruhlarında oyanırlar, bakirəliklərini ən zərif və ən zəif incilərlə müqayisədə - bu qiymətli əşyalar kobud olardı. Desəm ki, bu qızlar candan gələn xəyaldır - yanılmaram, ancaq hələ sevgi mücəssəməsinə yetişməmişlər. Gərək onlara həyasız baxış tuşlamayasan.
Yeniyetmə qızların ümidləri itəndə ağlayır, ruh düşgünlüyü yaranır, ürəklərini qorxu alır. Və nə yaxşı ki, bu, uzun sürmür, kədər buludları çəkilir, qəlblərində yeni ümid tumurcuqlanır, nazik dodaqlarında işarır.
Aprel, may ayları insanlara yatmış hisslərin oyanması kimi sevilir, xüsusilə, qızlar, qadınlar pak ruhi həyəcan yaşayırlar. Yağışlar xırda-xırda yağır, tez də buxarlanır, leysan düşsə də fərqi yoxdur. Günəşin şəfəqləri torpağa göz yaşı kimi səpələnəndə, qızların yanaqlarına süzülən büllur damcılar da quruyur.
Mən sinifdə şagirdlərin əhval-ruhiyyələrini duyur, nə vaxt məktəbi qurtaracaqları intizarında danışır, gələcək barədə suallar verir, cavablar üçün tələsirlər. Həyətdəki ağaclar, döngələr boyu ucalmış ağaclar işığın parçaladığı kölgədən sanki paltar geyinib, qızlara nümayiş elətdirirdi. Günəş böyük səxavətlə yeniyetmə gənclərin canına öz şəfəqlərini hopdurur, canlandırırdı. Onlar bu bol səxavətdə sakitləşir, bütün dilsiz canlılardan hərarət umur, təbiətin örtüyü altında bitib-tükənməz həyat çeşməsi duyurlar; sevgi və məhəbbətlə süslənmiş xəfif arzuları ilə.
Belə nağıla çəkdiyim real xəyali duyğular təbii ki, Tahirəyə yad deyildi, on yeddi yaşı tamamında deyildisə, bu altı-yeddi ayda xeyli böyümüşdü. Ağlı inkişaf eləmişdi, dərslərinə daha çox qapılırdı, amma şıltaqlığı yox idi, anasının tərbiyəsinə daha çox bağlanmışdı. Kənd belədir ki, gözə çarpan bir boy-buxunlu, qəşəng, səliqəli geyimli qız barədə çox danışılır, cavan oğlanların mövzusuna düşür. Analar göz yetirirlər... Qulağıma dəyirdi ki, Tahirə də belə söhbətin qəhrəmanına çevrilir. Onun özü haqda danışanları bilməmiş olmazdı, rəfiqələri söz atır və Rəşadın adını ehtiyatla çəkirlər, çünki Rəşad prinsipial, həssas, bir qədər də qaraqabaq oğlandır. Məktəbdə belə keyfiyyətlərin rolu böyük olur. Bəzən görürdüm ki, kənd cavanları son dərs zəngində məktəbin küçəyə açılan darvazası ilə üzbəüz dayanır, bəlkə də ən yaxşı paltarlarını geyinirlər. Qızlar çıxanda nəzərlər də parçalanır, ayrılan cığırlara doğru sürünür, kor-peşiman qayıdır. Mənim Tahirəgildə kirayənişinliyim, görünür, inadkar cavanalrı ruhdan salmışdı: İri qara gözlü, qara qaşlı, asta yerişli, səliqəli bu qız "əlimizdən çıxacaq" təəssüfü yaratmaqda idi. Qara qaşlı, qabarıq sinəli və lovğalığı az olan Tahirə həqiqətənmi kəndin bir cavanının qismətinə düşməyəcəkdi? Mən hələ də ona diqqətlə baxmamışam, sinifdə daha çox nəzər salıram, üzündəki ifadəni anlayıram. Bu cizgilərdə sərtlik də görürəm, özünü itirmiş əhval da, artıq istehza da. Sözün yerinə düşmədiyini sezəndə pərtlikdən yaranan qızartı onun üzünə yayılır - bu əlamətlər ona yaraşır. Belə xasiyyətli qızları "oxumaq", kimi sevdiyini bilmək müşküldür. Belə zənn edirəm, onun heç kimə ehtiyacı yoxdur. Özünü anlayır, heç kəsə əzab vermir, mənə necə?! Gecədir, Ay parlayır, Mən artırmada dayanmışam. Ağ gecə səmaya, havaya göy süd kimi yayılır, ulduzlar laqeyd halda gözlərinin işığını səpələyir. Belə gecələrdə yeniyetmə qızlar daha şən görünür, rəfiqələrilə zarafat edir, "fal" açır, gülüşürlər. Mənim dərs dediyim qızlar da, oğlanlar da belə ovqatla günlərini sayır, şəhərdə təhsil alarkən sevdiklərilə Xəzərin bulvarında oturmağı təsəvvürlərində canlandırırlar.
Ələ düşməz bir axşamın gecəsi. Bostan bitkiləri qar altından çıxmışdır, kol-kos dibində əlçim-əlçim qar qalmışdır. Kənddə adamların səsi, çağırışı, atların kişnərtisi, arabaların təkər taqqıltısı. Bahar özünü yetirməkdə idi...



İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK