adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyun 2018 09:50
14358
ƏDƏBİYYAT
A- A+

Roma Xosrov


GÖR ƏLLƏRİM NECƏDİ
Bax, yenə də gəlirsən,
Bax, yenə də gecədi.
Əl uzat bir salam ver,
Gör əllərim necədi.
Yenə həyat dayanıb,
Bu kainat dayanıb,
Burda saat dayanıb,
Orda saat neçədi?!
Bir qapı göstər döyüm,
Kimə dərdimi deyim,
Sənin evin ürəyim,
Mənim evim küçədi.

SƏNİ SEVMƏMƏK
ÇƏTİNDİ

Gözlərində göstər məni,
Dur qarşımda güzgü kimi.
Hər dəfə kəsir yolumu,
Baxışların hörgü kimi.
Hərə bir kəsdən yetimdi,
Kimim var ki sənsiz indi,
Səni sevməmək çətindi,
Sən gözəlsən sevgi kimi.
Ürəyim qaldığın yerdi,
Kim sənə belə yer verdi,
Mənə sevgi adlı dərdi,
Tanrı verib vergi kimi.
GÖZÜN GÖY,
QƏLBİN BULUD
Üstünə bir çətir tut,
Ürəyinə nəm yağır.
Gözlərin susub amma,
Baxışından qəm yağır.
Kaş dil tapıb danışa,
Göy də yerlə barışa,
Torpaq həsrət yağışa,
Yağış da hərdən yağır.
Üzündə nəmi qurut,
Bu ağlamağı unut,
Gözün göy, qəlbin bulud,
Yağanda birdən yağır.


TƏRGİTDİM SEVMƏYİ MƏN SƏNDƏN SONRA
Gərək dil tapaydıq biz susmayaydıq,
Sevəndə dilimiz lal olmayaydı.
İlk görüş günü tək o son görüşdə,
Ayrılıb getməyə yol olmayaydı.
Ayrılıq sevgini böyüdər gülüm,
Böyüyər... böyüyər qəlbinə sığmaz.
Yol salar göz yaşın yanaqlarından,
Bəlkə heç o qədər yağış da yağmaz.
Tərgitdim sevməyi mən səndən sonra,
Ən gözəl qızlar da qəlbimə yatmır.
Nə qədər sən yoxsan xoşbəxt deyiləm,
Səni unutmaq da ağlıma batmır.

DAĞINIQ SAÇLAR
Ayaq üstə duranın,
Öləni var, sağı var.
Bu dağınıq saçımın,
Qaradan çox, ağı var.
Ağacsan yarpağın yox,
Tutmağa budağın yox,
Vətən, səndə sağın yox,
Ölənin torpağı var.
Rəssam bacarmaz bəlkə,
Dərdimin şəklin çəkə,
Bütün dağlardan yekə,
Ürəyimin dağı var.

SƏNƏ QARTOPU
GƏTİRDİM
Bakıya qar yağdı ANA,
Evə də gələ bilmədim.
Mən bir tikə çörək alıb,
Sizinlə bölə bilmədim.
Yoruldum həyat yoldaşım,
Göz yumdum yata bilmədim.
Gözü yaşlı yatdı qızım,
Evə tez çata bilmədim.
Cibim boşdu qəlbim dolu,
Sözümdə qala bilmədim.
Sənə qartopu gətirdim,
Oğlum, top ala bilmədim.


BEŞİK VƏ GÖZ YAŞI
Ata, səndən ölüm yox,
Allah ayırdı məni.
Sənsiz həyatda bir tək,
Tanrı duyurdu məni.
Keçdim, özümdən keçdim,
Özümə bir yol seçdim,
Gözlərimdən su içdim,
Dərdim doyurdu məni.
Bu həyata üz verib,
Aldandım ömür sürüb,
Kimsəsiz, yetim görüb,
Hamı buyurdu məni.
Kirayə ev-eşikdə,
Biz dururduq keşikdə,
Göz yaşıyla beşikdə,
Anam yuyurdu məni.


BU ŞƏHİDİN ÖP AYAĞIN
Ana oğlun şəhid olub,
Arzusuna çatıb gəlib.
Başın salamat gətirib,
Ürəyini atıb gəlib.
Gözləri yuxu bilməyib,
Ölmək üçün o gəlməyib,
O yaşayır o ölməyib,
Tabutunda yatıb gəlib.
Sıxıb ovcunda torpağın,
Bu şəhidin öp ayağın,
Ayaqları Qarabağın,
Palçığına batıb gəlib.

BƏXTİMƏ GÖZÜMÜN
QARASI DƏYİB

Gözümün rəngidi bəxtimə çıxan,
Bəxtimə gözümün qarası dəyib.
Hər gün ürəyimdən üzümə baxan,
Allahın mənimlə arası dəyib.
Dünya adlı qəlbimə dar otaqda,
Ölüb yaşamağın cəzasın çəkdim.
Xoşbəxtlik o qədər durdu uzaqda,
Hamının yanında həmişə təkdim.
Susub ağlamağı təsəlli bildim,
Bir gün göz yaşımda boğulacağam.
Gəldim bu dünyada bir ömür öldüm,
Gedib o dünyada doğulacağam.