ANA SƏHİFƏ / ƏDƏBİYYAT

BULUDSUZ KEÇƏN BİR İL

5039    |   2018-06-30 09:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

DOSTUM BULUD ƏLİYEVİN ƏZİZ XATİRƏSINƏ


Həmzə Vəliməmmədov,
respublikanin
əməkdar jurnalisti

Müharibənin başlamasından ilyarım keçməsinə az qalmışdı. Dağlara payız tez gəlmişdi. İstilərin şaxı sınmış, yağışlar yağmağa başlamışdı. Meyvə bağları, meşələr qızılı rəngə çalırdı. Çobanlar sürüləri yaylaqdan endirib arana üz tutmuşdular. Taxılçılar səpinə çıxmışdılar. Lerik kəndindəki "Şən həyat" kolxozunda əkinin qızğın çağıydı.
Əli bərəkətli toxumçu Şirməmməd kişi gün günorta yerindən əyiləndə evə qayıtdı. Onu bağlı-bağatlı həyətdə yer belləyən ömür-gün yoldaşı Racı qarşıladı. Göbələklə dolu toxum vedrəsini əlindən alıb eyvana qalxdı. Toxuduğu təzə cecimi sərdi. Qaynar samovarı gətirdi. Süfrə açdı, stəkanlara çay süzdü. Uşaqlar atanın yanında əyləşdilər. Ocaq üstəki qazandan mis nimçələrə əriştə plovu çəkildi.
Süfrə təzəcə yığışdırılmışdı. Həyət qapısı açıldı, poçtalyon içəri girdi. Şirməmməd yerindən qalxıb poçtalyonla salamlaşdı. Kətil üstə oturdular. Qısa söhbətdən sonra poçtalyon meşin çantasından məktubları bir-bir çevirdi. Möhürlənmiş zərfi Şirməmmədə uzadıb: - Sənə yazılıb, - dedi. Kağıza imza etdirib getdi.
Bayaqdan ərinin poçtalyonla söhbətini eşidən Racı həyəcanla soruşdu: - Kişi, xeyir ola, kimdən kağız gəlib?
- Vayenkomatdandır.
"Vayenkomat" sözü o zaman tez-tez eşidilən qorxulu kəlmə idi. Kimi əsgər aparmağa "vayenkomata" çağırırdılar, kiməsə "qara kağız" "vayenkomatdan" gəlirdi. "Deməli, Şirməmmədi də əsgər aparacaqlar" Racı dodaqaltı pıçıldadı. Şirməmməd arvadının məsələdən halı olduğunu görüb ürək-dirək verməyə başladı:
- Özün yaxşi bilirsən, kəndimizdə tay-tuşlarımdan neçəsini yola saliblar. Mən də onlardan biri. Allah qoysa sağ-salamat qayıdaram. Sənə iki tapşırığım var: birincisi, gözün uşaqların üstündə olsun, ikincisi, evimizin yanındakı meşəni qoruyasan.
Şirməmməd Əliməmməd oğlu 1942-ci ilin axırlarında qızları Hacıbəyim və Ağabəyim, üç yaşı tamam olmamış oğlu Buludun üzündən öpüb yola düşdü. Racı arxasınca su səpdi. Uşaqlar görməsin deyə evin dalına keçib cuna carğatının ucu ilə göz yaşlarını sildi. Qayıdıb balalarının başına sığal çəkdi. Elə həmin gün Şirməmməd "Palıturka" maşınından Lənkərana, ordan da Bakıya göndərildi. İki-üç aydan sonra məktubu Şimalı Qafqazdan gəldi. Uşaqların anası intizardan qurtardı.
Müharibə illərində analar oğullarını, gəlinlər ərlərini, qızlar qardaşlarını əvəz elədilər. Payızda əkinçi oldular, yayda biçinçi. Yetişdirdikləri məhsuldan cəbhənin payını ayırıb yola saldılar. Qışda əsgərlərə köynək, corab, əlcək toxudular. Racı təsərrüfatda zərbəçi kolxozçu kimi ildə 120-150 əməkgünü qazandı. Halal zəhmətlə uşaqlarını dolandırdı, kəndin xeyir-şərindən qalmadı. Ərinin tapşırığına da əməl eləyirdi. Meşə zolağını qoruyurdu, boş yerlərdə ağaclar əkirdi.
***
1943-cü ilin payızında Şirməmməd ağır xəstəliyə tutuldu, tərxis olunub evə qayıtdı. Bir müddət həyət-bacada gün keçirtdi. Uşaqların sevinci uzun sürmədi. Qırx yaşına çatmamış dünyasını dəyişdi. Ailənin ağır yükü yenidən Racı Eynəli qızının çiyinlərinə düşdü. Övladlarına həm ata, həm cəfakeş ana oldu. Bu sətirləri qələmə alanda şairə Kəmalə xanımın elə bil Racı anaya həsr etdiyi misralar yada düşdü:

Sən mənim yaş dolu gözlərimdəsən,
Deyə bilmədiyim sözlərimdəsən.
Üç əziz balamın özlərindəsən,
Mən necə deyim ki, sənsiz qalmışam?

1947-ci ilin sentyabrı. Racı xala Buludu Lerik orta məktəbinə apardı. Direktor Nağı Nağıyev, müəllimlər valideynləri qarşılayıb görüşdülər. Direktor Buludun adını soruşdu.
- Nağı müəllim, Bulud yaxşı tanıdığın Şirməmmədin yadigarıdır. Gözün üstündə olsun, - Racı xala dilləndi. Zəng çalındı. Bulud həmyaşıdlarına qoşulub sinfə keçdi, ananın qəlbi fərəhlə doldu.
...İllər səssiz-səmirsiz gəlib keçdi. Bulud yeniyetmə çağına çatdı. Orta məktəbi məndən bir il sonra bitirdi. Racı xala Hacıbəyimi gəlin köçürdü. Bəxtinə Adil müəllim kimi savadlı, ədəb-ərkanlı kürəkən düşdü, nənə oldu.
Bulud bir müddət kolxozda işlədi. Atasından yadigar qalan meşəliyin sahəsini genişləndirdi. Onu rayon partiya komitəsinə dəvət elədilər. Texniki katib işləyə-işləyə ali təhsil almağa hazırlaşırdı. 1962-ci il uğurlu oldu. Sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsinə verdi. İmtahanlarda müvəffəqiyyət qazandı, adı tələbələr siyahısına yazıldı. Aradan iki il keçdi. Bulud müəllimə partiya komitəsindən məsul vəzifə tapşırdılar, təşkilat şöbəsində təlimatçı işləməyə başladı. Böyük bir ərazidə ilk təşkilatlar onun kurasiyasına daxil oldu. Birinci növbədə təşkilat katiblərinin sırasını gənc kommunistlər hesabına möhkəmləndirmək barədə təklif irəli sürdü və bəyənildi. Onun təşəbbüsü ilə təsərrüfatlarda orta pillə vəzifələrinə bacarıqlı mütəxəssislər irəli çəkildi. Təlimatçı işlədiyi dövrdə prinsipial, sağlam əqidəli ziyalı kimi ictimaiyyətdə tanındı.
1966-cı ildə rayonda yerli qəzet nəşrə başladı. Məni redaksiyada əməkdaş təyin elədilər. Həmin il rayon komsomol təşkilatının növbəti konfransı keçirildi. Konfransda Bulud Əliyev komsomol komitəsinin ikinci katibi seçildi. İş yerimiz rayon partiya komitəsinin binasının birinci mərtəbəsində idi. Komsomol komitəsi də burada yerləşirdi. Bulud müəllimlə iş günləri rastlaşırdıq, bir-birimizin hal-əhvalını soruşurduq.
Günlərin birində Bulud müəllimin qohumları qonşumuz Xanoğlanın qapısını döydülər. Bakılılar demişkən, qonşu qızın "hərisini" almağa gəlmişdilər. Xanoğlan Ağayev rayon partiya komitəsində məsul vəzifə tuturdu, Buludla bir yerdə işləmişdi, xasiyyətinə bələd idi. Həyat yoldaşı Külmə xala da Racını yaxından tanıyırdı. Marifə xanımın Buludla nişanlanmasına razılıq verdilər. Gəlinin barmağına üzüyü qayınanası özü taxıb valideynlərindən xeyir-dua aldı. Ertəsi gün Buludun kabunetinə girib: "dostuma və qonşumun kürəkəninə salamlar olsun!" deyə onu təbrik elədim. Toy təm-təraqsız keçdi. Bu izdivaca bəyin qohumları, dostları ürəkdən sevindilər.
***
1969-cu ilin sentyabrında rayon komsomol komitəsinin birinci katibi başqa işə keçdi. Bu vəzifəyə müştərilər peyda oldular. Kimi Bakıdan, kimi Gəncədən, kimi də Astaradan Lerik Rayon Partiya Komitəsinin birinci katibi Səmid Qulamovun qəbuluna tanışlarını çağırdı. Ancaq katib heç kəsi eşitmədi, respublika komsomolunun Mərkəzi Komitəsinə Bulud Əliyevin namizədliyi barədə təqdimat verdi. Komsomol komitəsinin plenumu onu birinci katib seçdi. Bu seçim komsomolçu gənclər tərəfindən razılıqla qarşılandı, təbrikə gəldilər. Gənclər təşkilatına Bulud müəllim uzun illər səriştəli rəhbərlik etdi. İdmana, bədii özfəaliyyətə diqqət artdı. Lerikli gənclər zonalararası, respublikada keçirilən yarışlara, baxış-müsabiqələrə, festivallara fəal qoşudular. Pionerlər evinin, gənc təbiətçilər stansiyasının, şahmat klubunun işi canlandırıldı, istedadlı gənclər üzə çıxarıldı. Komsomol təşkilatının təşəbbüsü ilə rayonda ilk dəfə "Qızlar baharı" bayramı keçirildi. Təsərrüfatlarda, idarə və müəssisələrdə gənclər təşkilatlarının təşəbbüsü ilə müharibə veteranları, əmək qabaqcılları, adlı-sanlı ziyalılarla görüşlərə meydan verildi.
Rayon partiya təşkilatının növbəti konfransında nümayəndələr Bulud Əliyevi plenumun tərkibinə verdilər. Raykomun birinci plenumunda o büro üzvü seçildi. Bu seçim gənclər təşkilatının problemlərini həll etməyə stimul verdi.

***
Səksəninci illərdə Lerik partiya təşkilatından Bakı Ali Partiya məktəbinə axın başladı. Bəzən nəzərdə tutulan bir yerə 2-3 adam göndərilirdi. Belə bir halla mən də rastlaşmalı oldum. Jurnalist şöbəsində bir yer ayrılmışdı, redaksiyadan 3 nəfərin sənədləri direktorun stolunun üstündəydi. Xoşbəxtlikdən üçümüzü də qəbul elədilər. Biz məktəbi bitirən ili növbə Bulud müəllimə çatdı. O, mandat komissiyası müsahibəsindən uğurla keçdi, müdavim biletini alıb qayıtdı.
Partiya məktəbində təhsil aldığı illərdə Bulud Əliyev bilikli, təcrübəli, geniş dünyagörüşə malik ziyalı kimi müəllim və professorların diqqətini çəkdi. Professor Tofiq Köçərli, professor İbrahim Müslümov, dosent Nurəddin Bağırov, dosent Emilya Korçagina seminar və imtahanlarda onun biliyini yüksək qiymətləndirmişlər.
Bulud Əliyev təhsildən qayıtdıqdan sonra Lerik Rayon Partiya Komitəsində siyasi maarif evinin müdiri vəzifəsində çalışdı. Partiya maarifi sistemində yeni metodların tətbiqi sahəsində xeyli iş gördü. Ancaq formalizmi aradan qaldırmağa müəssər olmadı. Çünki bu sistem yuxarıdan diktə olunurdu.
1976-cı ildə Bulud Əliyevə problemli bir idarəyə-Dövlət Sığorta Müfəttişliyinin rayon şöbəsinə rəhbərlik təklif olundu. Ürəyindən olmasa da razılıq verdi. Bu idarədə fəaliyyət göstərdiyi üç ilə yaxın müddətdə təmiz adını, ictimaiyyətdəki nüfuzunu qoruyub saxladı, əyintilərə, qanun pozuntularına yol vermədi. Respublika təşkilatına ərizə yazıb vəzifədən könüllü getdi. Beş il rayon istehlak cəmiyyətində təlimatçı işlədi.
Xatirə: 1995-ci ilin avqust ayının ortaları idi. Rayon təhsil şöbəsinə rəhbərlik edirdim. Bulud müəllim yanıma gəldi. Söz-sözü çəkdi. Gənclik xatirələri yada düşdü. Orta məktəb illərindən, institutda qiyabi oxuduğumuz çağlardan, bir yerdə gəzib-dolaşdığımız yerlərdən danışdıq. Yetimliyimizi yada saldıq.
Mən çoxdan idi ki, Buludun doğma peşəsinə qayıtmasını istəyirdim. Məqamı düşdüyündə məsələni açıqladım:
- Evinizin on addımlığında orta məktəbdə vakant vəzifə var. Direktorun təşkilat məsələləri üzrə müavini işləyə bilərsən. Həm təcrübən, həm də ali pedaqoji təhsilin buna imkan verir.
Bulud müəllim fikrimlə razılaşdı. Ertəsi gün məktəbin direktorunu çağırıb fikrimi ona da bildirdim. Sənədləri kadrlar üzrə inspektora verib əmr hazırlamağı tapşırdım. Beləliklə, dostum müəllimlik fəaliyyətinə başladı. Elə bu vəzifədən də təqaüdə çıxdı.

***
Bulud müəllim halal zəhmətiylə ev-eşik, bağ-bağat salmışdı. Təsərrüfat işlərində səriştəsi vardı. Anası qoşa camış saxlayırdı. Könlümüzə qatıq düşəndə zəng vurardıq, saxsı kasada göndərərdi. Həyəti heç vaxt toyuq-cücəsiz olmazdı. Onun zəhmətkeşliyinə, torpağa bağlı olmasına qibtə edirdik. Övladlarını da bu ruhla böyütmüşdü.
Qonşuları Bulud müəllimin həyat yoldaşı Marifə xanımın istiqanlı, mehriban, həlim xasiyyətli ana kimi hörmətini saxlayırlar. Bu ailənin Köhnə Lerik məhəlləsində böyük hörmət-xətri var. Bu, onların nəcabətli nəsillərindən, həm də özlərinin şəxsi nüfuzundan irəli gəlir.
Ailənin ilk övladı Elçinin bu yaxınlarda 50 yaşı tamam olacaq. Bakı Politexnik Texnikumunu bitirib, ixtisası üzrə çalışır. Elxan İnşaat Mühəndisləri İnstitutunun məzunudur. Uzun illərdir yol idarəsinə rəhbərlik eləyir. Tahir də qardaşının yolunu seçib, İnşaat Mühəndisləri İnstitutunu bitirib. Bulud müəllimin qızları Akifə ilə Şükufə ailə həyatı qurublar, oğul-qız anaları, düşdükləri ocağın xanımlarıdır.
Bulud müəllim təqaüdə çıxmışdısa da, rayonun ictimai həyatından kənarda qalmamışdı. El ağsaqqalı idi, şəhərin xeyir-şərində görünərdi. Dostlarını, tanışlarını yada salıb görüşərdi. O, rayon Ağsaqqallar Şurasının fəal üzvü idi, keçirilən tədbirlərə birinci gələrdi, ürək sözlərini deməkdən çəkinməzdi. 75 illik yubileyi münasibətilə məslək dostlarından xeyli məktub, teleqram almışdı.
Gənc oğlu Kamalın vaxtsız ölümü ona dərd olmuşdu, səhhətində problemlər yaratmışdı. Övladları xaricə aparmışdılar, müalicə olmuşdu. Həkimlər sağalacağına zəmanət verməmişdilər, həyatdan gedəcəyi vaxtı da təxmini demişdilər.
Qayıtdıqdan sonra görüşünə getdik, "yastığın yüngül olsun" dedik. Adəti üzrə gülüb "bu yastıqla son mənzilə gedəcəyəm" söylədi. Ürək-dirək verdik. Bir həftə keçməmiş oğlu Elxanın telefonundan zəng gəldi: "Əmi, atam keçindi". 2017-ci il iyulun 4-də dostumu torpağa tapşırdılar. Lerikin ağsaqqallarından birini də xərçəng apardı.

***
Bir ildə dostlarımız Bulud müəllimi, Məhərrəm müəllimi, Rəfail müəllimi, Əvəz müəllimi itirmişik. Onlar saf, alicənab, mərd, sözübütöv, öz şəxsiyyətini qoruyan maarif cəfakeşləri idilər. Belə insanlar həyatda çox az olur. Hər biri Lerik təhsili üçün çox iş gördü. Həmişə minnətdarlıqla xatırlanıb yad ediləcəklər.
Məkanları behişt, ruhları şad olsun.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK