adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

9997 | 2018-06-30 09:36

Qəzet köşkündən aldığım qəzetləri oxuyarkən "Ədalət" qəzetini həmişə axıra saxlayıram ki, yaddaşımda maraqlı bir xatirə qalsın. Bu səbəbdən "Ədalət" qəzetinin hər bir işçisinə təşəkkürümü bildirir və yazan əlləriniz var olsun deyirəm!
Son vaxtlar Əlövsət Bəşirlinin Nahid Hacızadə, Ağacavad Əlizadə barəsində "Ədalət" qəzetində dərc olunmuş məqalələrini maraqla oxudum. Bu yazılarda Əlövsət müəllim söz açır, mənəvi zənginliyini oxuculara təqdim edir, onların həyatda yoxluğuna kədərləndiyini bildirir. Əlövsət müəllimin yad etdiyi insanları mən mətbuatdan tanısam da Ağacavad müəllimi şəxsən tanıyırdım, onun yaradıcılığına və şəxsiyyətinə hörmətlə yanaşırdım və indi də hörmətlə yanaşıram. Hətta, Ağacavad müəllimin bir-neçə şeirini də əzbərdən bilirəm və yeri gələndə istifadə edirəm:

Yeri, yerişinə haram qat bir az,
Yeri, üstümüzə qar, tufan gəlir,
Yeri, bu yerişlə yaşamaq olmaz,
Yeri il üstündən il yaman gəlir.

Ağacavad müəllimin şeirlərindəki mövzu həmişə aktual olub və indi də aktuallığını itirməyib. Ağacavad müəllim həm böyük şair, həm də böyük insan idi. Çox təəssüf ki, Ağacavad müəllim yalnız yaxınları və dostları tərəfindən yad olunur ki, buna da şükür! Rəhmətlik Cabir müəllimin səsi eşidilir:

Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin.
Sağlığında yaman deyin yamanlara,
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda...

Və yaxud:

- Bu nədəndir, ölən kimi qəlbimizdə,
Adamlara sevgi, hörmət aşıb-daşır,
Ölən kimi yaxşılar da yaxşılaşır.
Yamanlar da yaxşılaşır,
Çirkinlər də təmiz olur ölən kimi,
Yadlar bizə əziz olur ölən kimi.

Və sair.
Cabir Novruzun bu şeiri hamıya örnək və nəsihət ola bilər, ancaq qananda!
Əlövsət müəllim öz yazılarında qələm dostlarını ürək yanğısı ilə yad edir, dostlarına sədaqətini açıq-aydın göstərir. Lakin Əlövsət müəllim qələm dostlarında gördükləri keyfiyyətləri bəlkə də özündə görmür və ya təvazökarlıqdan gördüklərini deyə bilmir. Xəlil Rzadan, Əlağa Kürçaylıdan, Ağacavad Əlizadədən ürək dolusu ilə danışır, onların mənəvi zənginliyini göstərir, özü barədə isə danışmır. Əlövsət müəllim bəlkə də bilmir ki, onu Cəlilabadda sevməyən bir adam belə tapmaq olmaz. Əlövsət müəllim bəlkə də bilmir ki, o hər bir cəlilabadlının qəlbində özünə elə bir abidə qurmuşdur ki, bu abidəni nə tufan, nə də ki, Kür dağıda bilməz!
Mən, bu kiçik yazıda, Əlövsət müəllim barədə danışmağa çalışdımsa da çox israfçılığa yol vermədim. Əlövsət müəllimlə uzun illər bir təşkilatda işləmişəm və Əlövsət müəllimi yaxşı tanıyıram. Əlövsət müəllim həyatın hər bir üzünü görmüş, müharibə illərinin qayğılarını yaşamış, zamanın amansız sınaqlarından çıxmış etibarlı yoldaş, səmimi dost, zəngin və olduqca böyük İnsandır! Onun enişli-yoxuşlu həyat yolu bizim hər birimizə örnək, həyatın özünə isə zinətdir! Əlövsət müəllim fəxr edə bilər ki, onu tanıyan, onu tanımayan isə ola bilməz, hər bir cəlilabadlının qəlbində yaşayır və hörmətlə yad olunur!
Onu da deyim ki, Əlövsət müəllimin mənim məddahlığıma ehtiyacı olmasa da, bu kiçik yazıda bildiklərimi yazmağı özümə borc bildim. Əlövsət müəllim, eşq olsun Sizə və Sizin kimi ziyası ilə ətrafına nur saçan insanlara! Qəmli baxışlarınızdan təbəssüm gözləyən, sizin mənəvi zənginliyinizi dəyərləndirən cəlilabadlılar adından: Ad gününüz mübarək! Sizə uzun ömür, can sağlığı arzulayıram!

Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdən doğmadır Ana qucağı.
Etibarın görmədiyin dostları,
Qınamadın, gərdişini aradın,
Sən ömrünü ləyaqətlə yaşadın.

Kin-küdurət saxlamadan qəlbində,
Səxavət göstərdin məsum hər kəsə,
Mənalı ömrünün hər pilləsində,
Kədərini ümidlərə bağladın,
Sızlamadın, özün kimi yaşadın.

Yük olmadın, yük qoyalar boynuna,
Sayqın tükənmədi layiq olana.
İlahi sevgidən yaranmışlara,
Məhəbbət çələngi uca saxladın,
Sən həyatın hər fəslini yaşadın.

Dərdsiz könüllərdə məhəbbət olmaz,
Öyüd-nəsihətlə xəstə sağalmaz.
Yaxşılarsız dünya bir gün yaşamaz,
Həyat dərslərini səndən öyrəndim,
Sən ömrünü kişi kimi yaşadın!

Ə.ƏLİ
Cəlilabad rayon,
Hacıcavad kəndi

TƏQVİM / ARXİV