ÜZÜRƏM SEVGİ İÇİNDƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
52680 | 2018-06-30 09:30

Amma məzənnədən yan keçmək olmur
BAXIŞ BUCAĞI

Bəri başdan deyim ki, yazını oxuyanda ünvanıma heç bir irad bildirməyin. Əgər bildirəcəksinizsə, onda zəhmət çəkib heç bəribaşdan oxumayın - sizə də xoş olsun, elə mənə də. Onu da deyim ki, "irad" sözünü mən birbaşa mənada vurğulayıram. O mənada ki, yazının mövzusu həmişə olduğu kimi, yenə də sevgidəndi. Və sizin də dünyanın indiki durumunda, hamını üzən məzənnənin qoynunda olduğu bir vaxtda mənim sevgidən yazmağımı irad hesab etmək və yaxud irad kimi qiymətləndirmək istəyinizi mən bir növü qabaqlayıram, ona qarşı öncədən fikrimi söyləyirəm.
Bəli, insan mənim anlamıma görə özü-özünü kökləməlidi - istər sarı teldə, istər elə heç kimin eşitməyəcəyi bəmdə. Əsas odur ki, köklənəsən və özünlə ürəyin arasındakı məsafəni ortadan qaldırasan. Bax, onda alınan, yaranan o vahidlik, o təklik səni fiziki təklikdən, fikir təkliyindən və nəhayət, cəmiyyətdəki təklənməyindən xilas edəcəkdi, qurtaracaqdı. Bunun da əsas səbəbi içinlə çölünü səngər tutub bir mövqedən çıxış etməsidi. Mən də zaman-zaman apardığım müşahidələrdən sonra bu qərara gəldim ki, dünyanı gözəllik, məhəbbət xilas etdiyi kimi, insanın içini də, özünü də özünü toparlaması, içi ilə çölünü birləşdirməsi xilas edəcəkdi. Hər halda, gəldiyim bu nəticə, müəyyənləşdirdiyim bu məntiq elə-belə pafos, nə bilim reklam və yaxud da özünü təqdimat deyil. Bu, yaşadığım və gördüyüm həyatın və ətrafın mənə öyrətdiyidi, mənə tanıtdığıdı. Deməli, bütün bunlar mübarizə əzmini də artırır, sözün qabiliyyətini də gücləndirir. Onda...
Bəli, bütün hallarda daha çox öz-özü ilə dartışan, çarpışan, vuruşan, özü özünə qalib gəlmək istəyən insan mənim nəzərimdə hamıdan, hər kəsdən güclüdü, iradəlidi, dözümlüdü. Çünki bu insan müqavimət göstərməyi bacardığı kimi, vuruşmağı da bacarır, etiraf etməyi də, tapınmağı da. Yəni bir az lakonik söyləsəm, biyət etməyi də bacırır, ibadəti də... sevməyi də bacırır, nifrət etməyi də... Bax, bu kompleksi də sözün yaxşı mənasında onun insanlığını heç bir təqdimatsız qoyur ortaya. Qarşına çıxanda, rastlaşanda, yolun kəsişəndə insanla üz-üzə gəldiyini hiss edirsən. Vay o günə ki, bütün bu dediklərimdən uzaq birisi ilə qarşılaşasan, yolun kəsişə və... Bundan sonra zənnimcə, nə isə yazmağın, deməyin heç lüzumu yoxdu. Axı, görünən kəndə bələdçi gərək olmur.
Deməli, bugünkü durumun, lap elə bugüknü anın özünün də içində mütləq özünü və öz yerini görmək çox vacibdir. Əgər bütün sıxıntılara, bütün basqılara boyun əysən, onda özünü və yerini görə bilməyəcəksən. Tapdalayıb üstündən keçib gedəcəklər, buynuzlarına alıb bir kənara atacaqlar və...
Hə, yazdığım bu "və"lər qrammatikamızın bəlli çalarını xatırlatmaq üçün deyil. Sadəcə, mən bunların arxasında nələr durduğunu görmək imkanını hər kəsin öz ixtiyarına verirəm. Necə deyərlər, baxın, görün və uyğun bildiyiniz və özünüzü uyğunlaşdırdığınız varianta imza atın. Mən isə... Bəli, mən bu anın içərisində öz-özümə pıçıldadığım şeiri bir az da gur səslə söyləmək istəyirəm. Özü də bir mahnıda deyildiyi kimi, "elə bu zamanın acığına".

İllər su dəyirmanı -
Üyüdür dilim məndən.
Heç uzağa üz tutmur -
Gen gəzmir ölüm məndən...

Ürəyimi nə sıxır -
Gözüm özünə yığır!
Həmişə önə çıxır -
Bir addım əlim məndən...

Dinləyib bu səsini
Sən də dur, yu səsini!
De kimin qisasını -
Alırsan, gülüm məndən?!

Bir neçə gün öncə Əhməd bəylə bir telefon söhbətim oldu. Trabzondan zəng etmişdi və səhhətimlə, sosial durumumla, ailə ilə maraqlanırdı. Həmişə olduğu kimi, sözünün əvvəli də, sonu da bir mənaya söykənmişdi. O da dostluq, qardaşlıq və nəhayət, hər şeyə rəğmən baş verən proseslərə dözümlü olmaq. Təkrar-təkrar söyləyirdi ki, indiki anda dosta güvənən, qardaşa söykənən və nəhayət, özünü hər bir məqama hazır saxlayan insan çıxılmaz vəziyyətdə qalmaz. Sən də bil ki, biz məsafə baxımından bir-birimizdən uzaqda yaşasaq da, ürəyimiz, istəyimiz birdi. İstənilən zamanda sözünü, arzunu çəkinmədən mənə bildir...
Təbii ki, mən dəyərli qardaşımın fikirləri ilə həm qəlbən, həm də bir insani yanaşma ilə baxanda çox məmnun oldum, razı qaldım və onun həmişəki kimi göstərdiyi bu alicənablıq məni bir az da mütəəssir etdi. Öz-özümə düşündüm ki, həqiqətən dünya yaxşılardan xali deyil və yaxşı insanlar Tanrının Yer üzündəki zərrələridi, qığılcımlarıdı. Onlar öz işartılarıyla adamların içindəki ümidi ölməyə qoymur. Mən bu fikirləri bilgisayara diqtə edəndə də dostum Əhməd bəyin söylədiyi sözlər hələ də qulaqlarımda səslənirdi. İnanın ki, tam səmimiyyətimlə demək istəyirəm ki, bu sözlər mənim əlimdən tutub irəli çəkirdi... bu sözlər məni ayaqda saxlamışda. Və mənə elə gəlirdi ki, bəlkə də dünyanın ən varlı, ən güclü adamı əlimdən tutub, ya da mən elə bir adamın əlindən tutmuşam. Ona görə də ətrafımda baş verən hadisələr, böhranla bağlı edilən giley-güzarlar heç yaxınıma da gəlmirdi. Rahatlıqla öz düşüncələrimin, öz duyğularımın qoynunda üzürdüm, özü də üzən məzənnəsiz. Hətta ağlımdan bir zarafat etmək də gəlib keçdi. İstədim deyəm ki, kim necə üzür, nə ilə üzür qoy üzsün. Mən isə...
Bəli, bütün həyatım boyu qarşıma çıxan xeyirxah insanların əlini kürəyimdə hiss etmişəm. Bu insaların heç biri məndən təmənna ummayıblar. Əksinə, mənə yol göstəriblər... mənim üçün işıq yandırıblar... mənə qapı açıblar... mənə dayaq durublar... mənim sözümü deyiblər. Və inanın ki, mən onları bir an da olsun unutmuram... dünyasını dəyişənlər üçün dualarımı əsirgəmirəm... Birmənalı şəkildə həmişə və hər yerdə etiraf edirəm ki, məhz böyük Yaradan onların vasitəsi ilə məni dəyərləndirdi, mənə yazmaq, söz demək qabiliyyətini verdi. Mən də bacardığım kimi, gücüm çatan şəkildə bu yükün altında həm durmuşam, həm də onların göstərdiyi yolla gedirəm...
Yol qaranlıqlardan, dərə-təpədən, çətinliklərdən keçib bütün zamanlarda, bu gün də keçir. Özüm açdığın yolun əzabı da, gətirdiyi sevinci də adamın canına yayılır, ruhuna hopur. Ona görə də bu yolda tarazlığı saxlamaq, özünü kimlərinsə yedəyinə verməmək məncə həm insanlığın, həm də mənəvi bütövlüyün bir göstəricisidi. Yəni küləyin səmtinə getmək, əyilmək, pula, paraya, alqışa, ayrılan paya yıxılmamaq elə dediklərimin açıq şəkildə görünməsini yəqin ki, daldalamaz, gizlətməz. Lap çılpaq desəm, boyun əti olmaqdansa, soğan-çörəyinin sahibi, şahı olmaq daha gözəldi. Təəssüf ki, bəzən belə olur. Nə isə... Yenə deyirəm, hər kəsin özü seçimi var. Mən sevgiyə könül verdim. Aldıqlarım da sevginin mənə verdikləridi.
Oxuduğum kitablardan, eşitdiklərimdən, gördüklərimdən və nəhayət öz həyatımdan çıxış edərək demək istəyirəm ki, hər kəs daha çox layiq olduğunun deyil, layiq görüldüyünün barını yeyir. Yəni sağlığında haqqını çox az-az adamlar alır. Hətta Cabir Novruz demişkən, "sağlığında qiymət verin insanlara" harayı əslində ya eşidilmir, ya da çox gec eşidilir. O vaxtkı artıq goruna and içmək məqamı önə keçmiş olur. Bax, bu gerçəyi hamımız, mən də, sən də bildiyimiz halda, onda niyə kiminsə nəyəsə layiq görüldüyünə rişxənd etməliyik. Ona ən azından bir kəlmə təbrik və yaxud "nuş olsun" ifadəsini layiq görməməliyik. Mən şəxsən belə durumlara çox soyuqqanlı yanaşıram. Səbəbini də öncədən dedim. Bir də təkrar edirəm ki, bütün zamanlarda adamlar layiq olduğuna yox, layiq görüldüyünə xidmət edib onun da qarşılığını alıbdı. Hətta sevgidə də belədi...
Yəqin hamının böyük sevgi dastanlarından xəbəri var. Sevənlər ancaq alışıb yanıblar, qovuşmayıblar. Şeirin, dastanın, sözün qəhrəmanına çevriliblər. Bax elə bu yerdə ağlımdan çoxdan yazdığım misralar gəlib keçdi.

Mən qəmə çox dil tökdüm
Üst qatı lal imiş, lal...
Söz almaqçün diz çökdüm -
Alt qatı bal imiş, bal...

Çiçəklədi marağım
Gördüm qələm, varağım
Dar günümdə yarağım -
Bir üzən sal imiş, sal...

Susduğum od içində
Od alışdı içimdə.
Könlüm sevgi içində -
Hələ də kal imiş, kal...

***
Yəqin sizdə də belə olur, bunu təxmin edirəm. Siz deyəndə, yazı-pozu adamlarını nəzərdə tuturam. Hər hansı bir mövzunu işləyərkən axtardığım sözü tapa bilməyəndə çox baş-ayaq vurursan. Bilmirsən ki, sözün hansı qatından girib hansı üzündən çıxasan ki, axtardığını tapasan. Bax, bu mənada mən bu yazıda bir ovqat yaratmaq istəyirəm. Daha doğrusu, bu istəklə başlamışam bu yazını. Amma neyləyim ki, öncədən vurğulasam da, amma və yenə amma... O böyük ədibimizin dediyi kimi meymun yadımdan çıxmır. Hərlənib-fırlanıb gəlib durur gözümün önündə. Gözümün önündə demişkən, rəhmətlik Baba Pünhanında məşhur şeirlərinin birində deyilir ki:

İtim, dur gəl önümdə
Gəl, başına dönüm də,
Sən Pünhanın günündə
Pünhan da it günündə!

Hə, indi o meymun dediyim də əslində üzən məzənnədi. Düzdü, redaksiyada nə göl, nə dəniz yoxdu, nə də su tutan iri tutumlu bir əşya da mövcud deyil ki, adam içində üzə. Amma bu redaksiya da bu həyatın bir parçası olduğundan burda həmin üzən məzənnə öz işini görür - istəyir dəhlizdə, istəyir bilgisayarda, istəyir siqaret tüstülədəndə. Çünki yaşamın böyük bir nöqtəsi gedib həmin o üzən məzənnənin boynuna dolanır. Ona görə də mən söz verdiyim ovqat yazısını, sevgi yazısını araya-ərsəyə gətirə bilmirəm. Lakin çalışıram ki, ağac kəsməsəm də, kol-kos doğrayım. Heç olmasa özüm sizin qarşınızda gözü kölgəli qoymayım...
Zamanın sürəti hər kəs üçün bir cür dəyərlidi, bir cür də ölçülür. Bu fərqli yanaşmanın ətəyindən tutub deyə bilərəm ki, istənilən nöqtədə dayanıb gözləyən var. Çünki istənilən nöqtə mütləq varsa, deməli, mütləq də insan üçündü və mütləq də insan o nöqtəyə üz tutub gedəcəkdi. Doğrudu, bəzən deyirlər ki, məqsədin hara, mənzilin də ora. Amma bunun da əksini bəzən deyirlər, ayağın hara, başın da ora. Bax, bu qarışıq məntiqin içində mənim söylədiyim nöqtənin yeri daha yaxşı görünür. Çünki o nöqtə dayanıb gözləyir. Bir halda ki, səni, məni gözləyən var, onda niyə yerimizdə oturub qalmalıyıq, niyə hərəkət etməməliyik. Mən qəti şəkildə hərəkətsizliyi qəbul etmirəm və qəti şəkildə onu da alqışlayıram ki, hərəkət yaşamağın, yaşananın təkcə görünən tərəfi yox, həm də iç dünyasıdı. Ona görə də məni gözləyən ünvana tələsmək mənim təkcə borcum yox, həm də vəzifəmdi, həm də ən şərəfli vəzifəmdi. Bax elə məni gözləyən nöqtənin adının sevgi olduğunu etiraf etməklə o sevgiyə ismarıcımı da misralarla çatdırıram və yazıram ki:

Günahkardı bir sevgi
Alışmana, sönmənə.
Ondan çıxış yolu var
Qolunu aç dön, mənə!

Həsrət payım bol qalıb
Sağ budanıb, sol qalıb.
Bir nəfəslik yol qalıb -
Bil, Leyliyə dönmənə!

Könlümün əhd-amanı
Dili, dini, imanı,
Olum hava limanı -
Sən də göydən en mənə!

Hə, bilmirəm razı qaldınız yoxsa yox, hər halda çalışdım ki, sevgidən yazım. Amma bu yazı bütünlüklə sevgidən olmasa da, sevgi ilə yazıldı. Ona görə... növbəti sevgi yazısında görüşənə qədər.

TƏQVİM / ARXİV