adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyun 2018 09:26
37179
LAYİHƏ
A- A+

HƏR KƏSİN GÜVƏNDİYİ POLİS


Hər zaman təhlükəsizliyin qarantıdı

Adətən tarixi günlər, tarixi hadisələr barəsində düşünəndə və yaxud yazı yazanda istər-istəməz sənədlərə üz tutursan, arxivə baş çəkirsən və beləcə topladığın məlumatları yaddaşının süzgəcindən keçirib sonra ağ vərəqlərə köçürürsən. Bu, təbii və normal prosesdir. Lakin elə hadisələr də, elə məqamlar da olur ki, tarix, eləcə də fakt adamın öz içindən, öz ürəyindən baş qaldırır, onun gözünün önündə, ətrafında cərəyan etdiyindən harasa boylanmağa, kimdənsə nəsə soruşmağa, hansısa kitabı vərəqləməyə ehtiyac qalmır. Bax, bu mənada ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin "Cümhuriyyət ili" elan etdiyi 2018-ci ilin hər günündə, hər anında arxada qalan 100 ilimiz təkrarlanır, yenilənir və biz də bu təkrarların, bu yenilənmənin içərisində özümüz də yeniləşirik. Bir növü əldə etdiyimiz informasiyalarla 100 illiyin hər iki nöqtəsini, yəni 1918 və 2018-i bir-birinə qovuşdururuq. Bax, bu qovuşan 100 illiyin içərisində bizim bir kərə yüksələn bayrağımız öz ucalığını daha əyani şəkildə ifadə etmiş olur. Görürük ki, o bayrağın altında Azərbaycan dövləti, Azərbaycanın müstəqilliyi və bu müstəqil məmləkətin atributları ilə yanaşı, dövlət qurumları da hansı sınaqlardan, hansı çətinliklərdən, hansı tarixi mücadilələrdən keçib gəlibdir.
Bu günlərdə 100 illiyini qeyd etdiyimiz silahlı qüvvələrimizin möhtəşəm paradından sonra hər bir azərbaycanlı insanının hansı qürur hissləri yaşadığını söyləmək o qədər də asan deyil. Sadəcə, burda bir nüans var. O da hər birimizin şüurlu şəkildə ordumuza, bizi qoruyanlara inamımız və güvəncimizdir. Bax, bizi qoruyanların içərisində iyul ayının 2-də 100 yaşı tamam olacaq Azərbaycan polisinin də məxsusi yeri var. Bu özəl yer hər an, hər gün bizim gözümüzün önündədir, bizim ehtiyac duyduğumuzdu, bizim sığındığımız və bizim güvəndiyimizdig
Bəli, tarixi xronologiyaya diqqət yetirsək, onda 100 il öncəyə qayıtmalı oluruq. Məhz 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra yaradılan dövlət qurumlarından biri də Daxili İşlər Nazirliyi olub. Hmin tarixdən bu günə qədər Azərbaycanda daxili işlər naziri vəzifəsini 34 nəfər icra edib. Və maraqlıdır ki, həmin 34 nəfərdən yalnız 4-ü general-leytenant rütbəsinə yüksəlib. Və o da maraqlıdır ki, bu nazirlərdən yalnız bir nəfəri general-polkovnik rütbəsini daşıyıb və daşıyır. Bu şəxs Ulu Öndərimizin ən layiqli kadrlarından biri olan və məhz onun imzaladığı sərəncamla 1994-cü il, aprel ayının 29-da Azərbaycan Respublikasının Daxili işlər naziri təyin edilmiş polkovnik Ramil Usubov cənabları olmuşdur. Öz fəaliyyətilə dövlətə və dövlətçiliyə sədaqətilə rəhbərlik etdiyi qurumdakı intizama xidmətin səviyyəsinə və vətəndaşların etibarını qazanmasına görə, bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubov cənabları 2002-ci il yanvar ayının 15-də general-polkovnik rütbəsinə layiq görülmüşdür. Həmin sərəncamı da Ulu Öndərimiz imzalamışdı. Söylənilən bu faktların arxasında bir şəxsiyyətin, bir nazirin və ən vacibi isə xalqına sadiq bir insanın xidmət ömrü dayanır. Bu ömrün səhifələrində sovet milisinin sıra nəfərindən başlayan, sonra müstəqil Azərbaycanın ağır günlərinin çətinliklərini yaşayan, sonra vətəndaş qarşıdurmasından keçən və nəhayət, ölkədə ictimai asayişini təminini sivill bir səviyyədə təşkil edən bir peşəkar polis zabitinin dəsti-xətti öz izlərini tarixin yaddaşına köçürüb. İstənilən səhifədə, istənilən baxış bucağı altında həmin o tarixə nəzər yetirəndə o izlərin hər biri Azərbaycan polisinin bir növü səlnaməsi kimi oxunur. Vəg
Gözlərimin önünə Dağlıq Qarabağ hadisələrinin ilk qığılcımları, ermənilərin torpaq tələbilə orda-burda baş qaldırdıqları günlər canlanır. Bu hadisələrin canlı şahidi kimi bugünkü daxili işlər nazirimizin Xankəndindəki fəaliyyətini kifayət qədər ifadə etmək iqtidarındayam. Lakin söhbət cənab nazirin rəhbərlik etdiyi qurumun 100 yaşından getdiyi üçün mən sadəcə bir anı qırmızı xətlə işarələyirəm. O da Xankəndində aparılan pasport rejiminin yoxlanılması məqamıdır. Məhz onda cənab Ramil Usubov ermənilərə sübut etdi ki, onun nəzərlərindən yayınmaq mümkün deyil. Eləcə də Naxçıvanda səfərlərdə olarkən orada da cənab nazirin necə işlədiyini dostlar, tanışlar mənə çox böyük şövqlə, çox böyük güvənc hissiylə söylədilər. Məhz bu xidmət, bu sədaqət Ulu Öndərin diqqətindən yayınmadı və o, Azərbaycan polisinə ən layiqlilərdən biri olan cənab Ramil Usubovu təyin etdi.
Bütün fəaliyyəti bilavasitə xalqa, onun ictimai asayişinə, təhlükəsizliyinə yönələn Azərbaycan polisi müharibənin hələ "daş dövrü"ndən öncə düşmənin qarşısını almağa, onun üstünə getməyə qadir olduğunu sübut etdi. Bu bir danılmaz faktdır ki, erməni terrorçularıyla, onların silahlı quldur dəstələrilə ilk mübarizəni məhz Azərbaycan polisi aparır. İlk şəhidləri də, ilk qurbanları da bu torpağa Azərbaycan polisi veribdi. Əgər həmin o tarixi gerçəkliyi rəqəmlərin diliylə ifadə etsək, onda birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan polisi savaş meydanında 931 nəfər şəhid verib. Bundan əlavə 1700 nəfərdən artıq polis əməkdaşı müxtəlif dərəcəli yaralar almaqla bu torpaq üçün qanlarını axıdıblar. Heç də təsadüfi deyil ki, həmin şəhidlərin arasında 67 nəfər milli qəhrəman var. Özü də həmin qəhrəmanların hər biri öz şücaəti ilə xalqımızın qəhrəmanlıq səlnaməsində yeni bir səhifə olubdu. Onlardan Şahlar Şükürovu, Pəhlivan Fərzəliyev, Əlif Hacıyev, Mehdi Abbasov, Vüqar Hüsyenov, Oqtay Güləliyev və digərlərini xatırlatmaqla həm də bütün şəhid polislərimizin ruhunu sevindiririk. Burada onu da vurğulamaq istəyirəm ki, Azərbaycan polisi təkcə döyüş meydanlarında bəlli düşmənlə üz-üzə savaşda yox, elə dinc şəraitdə də, adi həyatda da öz canlarını, öz qanlarını dinc insanların təhlükəsizliyi üçün fəda etməkdən çəkinməyiblər. Təkcə Nardaran hadisələrini xatırlasaq, yəqin ki, söylədiyimiz fikirlərlə siz də razılaşarsınız. Belə ki, 2015-ci ilin noyabr ayının 27-də paytaxtın Nardaran ərazisində baş verən hadisələr zamanı polis mayoru Vüqar Nəsibov və polis əməkdaşı İsmayıl Tağıyev qəhrəmancasına həlak oldular. Onların izdihamlı dəfn mərasimi bu gün də gözlərimin önündədir. Həmin mərasimdə daxili işlər naziri, baş prokuror və digər qurumların rəhbərləri də iştirak edirdilər. Mərasim II Fəxri Xiyabanda keçirilirdi. Məhz həmin gün Azərbaycan prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncamla hər iki polis əməkdaşı "İgidliyə görə" medalına layiq görüldü.
Məlum olduğu kimi, polis əməkdaşı elə bir vəzifənin daşıyıcısıdır ki, onun üçün konkret iş saatı olmur. O, bütün çağırışlara, bütün müraciətlərə vaxtında çatmalı, hadisələri qabaqlamalı, baş verən cinayətləri isti izlərlə açmalı, insanların normal yaşamına, yəni sabitliyə görə cavabdehliyini dərk etməlidir. Bax, bu söylədiyimiz xüsusiyyətlərdən çıxış edərək deyə bilərəm ki, Azərbaycan polisi müstəqillik illərimizin əmin-amanlıq dövründə də öz həyatını dəfələrlə risqə atıb, özünü dinc sakinlərə sipərə çeviribdi. Məhz bu səbəbdəndir ki, polis əməkdaşları arasında cinayətkarlarla mübarizədə 82 nəfər həlak olub, 1300 nəfər yaralanıbdı.
İlk baxışdan adi bir rəqəm təsiri bağışlayan bu fakt əslində 82 ailənin böyük itkisidi. Bu həm də 82 ailənin böyütdüyü, tərbiyə etdiyi övladın bu vətən üçün nə qədər gərəkli olduğu deməkdir. Həmin canlarından keçən polislər arasında sərnişinləri Bakı metropolitenində baş verən faciədən xilas edənlər, eləcə də ölkənin şimal bölgəsində terrorçu dəstələri tərki silah edərkən gülləyə tuş gələnlər və bütövlükdə cinayətkarla əlbəyaxa olarkən həlak olan əməkdaşlar da var.
Mən yaddaşımda qalan faktları çözələyərkən Qusarda cinayətkar gülləsinə tuş gələn əməliyyat müvəkkili Qalib Quliyevi, Xaçmazda cinayətkar tərəfindən güllələnən baş leytenant Həsənağa Turabovu xatırlayıram. O, cinayətkarın atdığı 6 güllədən sonra da onu tərkisilah etməyə cəhd etmişdi. Bu qəhrəmanlıq təbii ki, unudulan deyil.
Bütün sivil cəmiyyətlərdə polis həmişə vətəndaşlarla elə bir münasibət qurur ki, bu da cinayətin azalmasına və cəmiyyətdə sabitliyin davamlı olmasına xidmət edir. Bax, bu mənada Azərbaycan polisi özünün həm peşəkarlığı, həm təcrübəsi, həm iş üslubu, həm də müasir avadanlıqlarla təmin olunması baxımından cənubi Qafqazda ön cərgədə öz yerini tutubdu. Yəni ölkə prezidentinin daim diqqət göstərdiyi hüquq-mühafizə orqanları içərisində həmişə fərqlənən Azərbaycan polisi indi bütün ictima-siyasi hadisələri izləməyi, qiymətləndirməyi və bu qiymətləndirmə ilə ictimai asayişi nəzarətdə saxlamağı bacaran dövlət qurumuna çevrilibdi. Bu qurumun prinsipi yalnız və yalnız cinayətin sayını azaltmaq, kökünü kəsmək, baş verə biləcək cinayətin qarşısını vaxtında almaq və sabitliyi qoruyub saxlamaqdı. Bu məqsədlə də daxili işlər naziri general-polkovnik cənab Ramil Usubovun rəhbərliyi altında polislərimiz ən son model avadanlıqlarla, polisə gərək olacaq rabitə vasitələrilə və digər zəruri cihaz və sursatlarla təmin edilibdi. Bunu cinayətkarlar da bilir. Ona görə də onlar Azərbaycan polisinin önündə həmişə məğlub durumdadılar. Axı polis xalqa güvənir, xalq da polisinə inanır. Bu qarşılıqlı etimad isə Azərbaycan polisinin şərəfli tarixini daha da şərəfləndirir. Bir vətəndaş olaraq məmnunluq hissiylə vurğulamaq istəyirəm ki, Qarabağda, eləcə də işğal altında olan digər ərazilərimizdə, həmçinin bugünkü həyatımızın hər anında Azərbaycan polisinin yeri var, olub və olacaqdı. Biz polisimizə həyatımızı etibar edirik. Onlar da bizim həyatımız üçün öz həyatlarından keçirlər. Ölkə başçısının dediyi kimi, "Biz ölkəmizin hüquq-mühafizə orqanlarının əməkdaşlarına, Azərbaycan polisinə inanır və güvənirik. Və bilirik ki, onlar xalqın etimadını bundan sonra da doğruldacaq, bundan sonra da həmişə, hər zaman insanların yanında olub onların təhlükəsizliyinin qorunmasına xidmət edəcəklər".
2 iyul Azərbaycan polisinin 100 yaşının tamam olduğu gündür. Bir Azərbaycan vətəndaşı kimi mən də 100 yaşlı polisimə, güvəndiyim polisimə "peşə bayramı günün mübarək!" - deyirəm.