adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyun 2018 15:23
58348
AVTOMABİL
A- A+

“Zerkalnı” maşın nömrələrinin rüsumu artırıldı

Milli Məclisin(MM) bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliklə avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırılıb.

Layihəyə əsasən, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2500 manatdan 3000 manata qaldırılıb.

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1000 manatdan 1500 manata çatdırılıb.

Dəyişiklik layihəsinə əsasən, dövlət rüsumlarının Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

Digər dəyişikliklərdən biri isə sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılması ilə bağlıdır. Layihəyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır. Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.