adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Iyun 2018 11:18
33754
MARAQLI
A- A+

Xristianlığın qadağan etdiyi peşələr

Adətən İslam dinini qadağalar dini hesab edirlər. Bəlkə də bəzi daşıyıcıları sayəsində ən çox diqqət mərkəzinə düşdüyündən belədir. Hər halda İslam dininin yasaqları ən çox müzakirə olunan mövzular siyahısındadır. Əslində bütün səmavi dinlər arasında soğan qabığı qədər fərqin olduğunu da yaxşı bilirik. Təkallahlı dinlərin məramı və tövsiyələri bir-birinə çox yaxındır. Amma bilmək istərdinizmi dindaşlarını sərbəst, öz kefində zənn etdiyimiz xristianlıqda hansı peşələr qadağandır?

Rəqqaslıq və aktyorluq – ən çox yasaqlanan peşələrdəndir. Halbuki ən çox da xristian dünyasında bu sənət sahibləri şöhrətin zirvəsindədirlər. Rəqqas və aktyorun insanları əyləndirdiyi, onların qarşısında açıq-saçıq paltarlarda, müxtəlif pozalarda çıxış etdiyini nəzərə alaraq xristianlıq bu peşəni qadağan edir.

Kazino işçiləri – bu, hər halda bütün dinlərdə yasaq sayılar. Qumar, pul oyunlarını, insanların aldadılmasını nə təkallahlı, nə də çoxallahlı dinlər qəbul edir.

Tütün və spirtli içki satıcıları – baxmayaraq ki, xristian ölkələrində spirt qəbulu daha çox faiz təşkil edir, bu din pulunu spirtdən qazananları sevmir.

Müxtəlif separatçı təriqətlər və pornoqrafik içərikli kitab, jurnal satıcıları – əslində bunu şərh etməyə ehtiyac yoxdur. İnsanlar arasına ayrı-seçkilik salan, onları yolundan edən, nikahdankənar münasibətlərə yönəldən bu peşə sahiblərinin niyə din tərəfindən bəyənilməməsi özü özünü izah edir.

Həkim ginekoloq – qəribə səslənsə də xristianlıq bu peşəni sevmir. Abort öz yerində, heç bir din insan ölümünü qəbul etməz. Amma xristianlıq həmçinin bu sahədə kişilərin işləməsini istəmir.

Bərbərlik – bu da oxucunu təəccübləndirəcək. Amma bərbərlik insanın saç-saqqalının səliqəyə salınması ilə yanaşı, həm də gözəlləşdirməsi ilə bağlıdır. İnsanın olduğundan daha gözəl görünməsini isə xristianlıq təkəbbür və şeytanilik hesab edir.

Şəfiqə ŞƏFA