adalet.az header logo
  • Bakı 20°C
29 Iyun 2018 00:18
11019
ƏDƏBİYYAT
A- A+

İSMAYIL İMANZADƏNİN YARADICILIĞINDA EKOLOJİ FİKİRLƏR

YUSİF DİRİLİ
"Dirili Qurbani" ədəbi məclisinin sədri, şair-publisist, tədqiqatçı-ekoloq
(əvvəli ötən sayımızda)

Külək həm də, atmosferdə hava balansının qorunub saxlanmasında bütün canlılar üçün çox vacib olan bir prosesi həyata keçirir; daim havanın tərkibini qarışdırmaqla çirkil mühitin qatılığını azaldır və bərabər paylayır.
Təbiətdə növün daim digər növlərlə və əlverişsiz mühit şəraiti ilə mübarizəsi gedir və biologiyada bu, "yaşayış uğrunda mübarizə" adlandırılır. Çarz Darvinin fikrincə, bu, mühitin canlı və cansız amilləri ilə qarşılıqlı münasibətidir. Növdaxili (eyni növlər arasında), növlərarası (müxtəlif növlər arasında) və əlverişsiz mühitlə mübarizə (ətraf mühit amilləri-quraqlıq, rütubət, istilik, soyuqluq, duzluluq və s.) kimi formaları vardır. Müəllifin "Daş üstə bitən çiçək" şeiri yaşayış uğrunda mübarizənin üçüncü formasına əyanı misaldır.

...Dəli küləklər səni
Sınağa, bərkə çəkir.
Köklərin dözümlüdür, -
Yükünü birgə çəkir.

Hündür dağların müxtəlif hündürlüklərində eyni növ bitki və ya heyvan xarici mühit şəraitinin təsirindən morfoloji baxımdan dəyişikliyə uğrayır. Məsələn, yuxarı - bərk külək tutan yerlərdə dözüb qalmış bitkilər adətən alçaqboylu olur. Ancaq kökünün dözümlü olması bu cür əlverişsiz şəraitdə növün qorunub saxlanmasına səbəb olur. İsmayıl müəllimin yuxarıda nümunə gətirdiyimiz şeiri buna parlaq misaldır.
Ta qədim zamanlardan suvarma sistemlərinin yaradılması və inkişaf etdirilməsi əkinçilikdə geniş bir tarixi dövr üçün əsl inqilab yaratdı. Susuz səhralara su çəkildi, dəmyə torpaqların hesabına əkin sahələri daha da artırıldı. Bütün bunlar əhalinin tələbatlarının ödənilməsində böyük təkan oldu. Azərbaycan Republikası su ehtiyatına görə kasıb ölkələrdən sayılır və Cənubi Qfqazda qonşu dövlətlərlə müqayisədə geri qalır. Bunların fövqündə təbii ehtiyat su mənbəyi kimi istər içməli su, istərsə də sənaye və kənd təsərrüfatı əhəmiyyəti baxımından Araz və Kür çayları əvəzsiz su sərvətlərimizdir. Şair kənd təsərrüfatında suyun oynadığı rolu "Kürüm" şeirində necə də gözəl verib:

Dalğalı sinəsi qabar-qabardı,
Ağdaşda heyvadı, Göyçayda nardı.
Torpaqda göyərən dəndi, nübardı -
Vaqifin qoşması, qəzəli Kürüm.

Şair İsmayıl İmanzadənin təbiət şeirlərinin mayasında təbiət lövhələri durur: Təbiətin gözəlliyi, zənginliyi, həyat üçün gərəkliyi, çoxçeşidliyi - hansını istəsən bu şeirlərdə görmək olar. Onları diqqətlə oxumaq və mahiyyətinə varmaq bəs edər ki, təbiəti sevəsən, qoruyasan:

Sıldırım qayalar üzündə yaşmaq,
Çətindir hər gizli sirrini açmaq.
Çəmənlər çeşnidi, sal daşlar başmaq,
Cığırlar arğacdı - köşədi, dağlar.

("Dağlar")

Dağ döşündə düşüb qalan aynadır,
Sal daşları elə bil ki, qaynadır.
Ovcundakı damlaları oynadır -
Bu gözəli saçlarından kim asıb?

("Şəlalə")

İsmayıl İmanzadənin poeziyasında canlı və cansız təbiətin kompleks şəkildə yaşamasından, birgə fəaliyyət göstərməsindən, burdakı orqanizmlərin qarşılıqlı münasibətlərindən bəhs edən aşağıdakı misralar da diqqətə layiqdir:

Hər çəmənin, hər çölün
Çiçəyi, gülü ayrı.
Çeşmənin zümzüməsi,
Meşənin dili ayrı.

("Halallıq")
Ekologiya elmində ətraf mühit komponentlərinin birgəyaşayışı kimi "ekoloji sistemlər" anlayışı mövcuddur (qısaca, "ekosistem-Y.D.). Göstərilən nümunədə çəmənliyin, çeşmənin (burada bulaq, çay, göl və s.), meşəliyin, düzənlik ərazinin ekosistemi poetik yolla ümumi şəkildə təsvir edilir, hər ekosistemin özünəməxsus bitki növləri (çiçəyi, gülü ayrı) olduğu qeyd edilir ki, bu da elmi cəhətdən düzgün yanaşmadır.
İsmayıl müəllimin şeirlərini oxuduqca, yaradıcılığı ilə ətraflı tanış olduqca bu qənaətə gəlirsən ki, o, bir şair kimi gözəl müşahidəçidir və təbiətə bir ziyalı kimi yalnız pozitiv münasibəti vardır. Ona görədir ki, vəsf etdiyi hər bir canlını özü kimi təqdim edir; sanki yazmır, şəklini çəkir. Fikrimizi təsdiq üçün "Söyüd" şeirini nəzərdən keçirək.

Töküb hörüklərini
Suların sinəsinə,
Dayanıb qulaq asır
Küləklərin səsinə.
Hərdən də gizli-gizli
Özünə baxır söyüd.
Elə bil ki, sulara
Qarışıb axır söyüd...

("Söyüd", 1964)

El arasında "salxım söyüd" adlandırılan adi söyüd su hövzələrinə yaxın yaşayan, rütubətsevən bitkidir. Budaqları nazik və yumşaq olduğu üçün qız hörükləri kimi daim aşağı sallanır ki, bu da bitkinin morfoloji quruluşuna uyğundur. Həmçinin şair söyüdün "susuz arxa qısılması" ("Tənha söyüd ağacı") ifadəsini işlətməklə obrazlı şəkildə onun yaşayış şəraiti, yayılma yeri ilə bağlı elmi informasiya vermiş olur.
Biotik faktorlardan biri kimi insanın təbiətə (antropogen) təsiri çoxcəhətlidir. Elektrotexnikanın inkişafı, nəqliyyat, rabitə, sənaye və kənd təsərrüfatı, insanın digər fəaliyyət sahələri ətraf mühitə güclü təsir göstərir. Lakin bunlardan daha güclüsü müharibələrdir. Belə ki, müharibə gedən ərazidə hər dəqiqə ölə biləcəyini düşünən adamlar, ətraf mühitin qorunması haqqında heç bir qayda-qanuna əməl etmirlər. Ona görə də təbiət sözün geniş mənasında dağıdılır (Mustafayev, 1993). Müharibə əhalinin psixoloji cəhətdən sağlamlığına da mənfi təsir göstərir. Şairin Dirili Qurbaninin məşhur "Bənövşə" şeirinə nəzirə yazdığı eyni adlı şeirdə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçirdikləri talançılıq və dağıdıcılq hərəkətləri aydın görünür.

Obam yağmalandı, yuvam talandı
Diridə daşlar da oda qalandı.
Əsdi qara yellər, sular bulandı
Yaman perik düşdü elim, bənövşə.

("Bənövşə.")

Əlbəttə, bu cür hallar əhalinin psixoloji durumuna neqativ təsir etməyə bilməz.

Dillər əzbəriydi ordakı meşə...
... Yurddan perik düşüb, tuş gəldik dərdə...
Gör nələr itirdik, gör nələr, qardaş.

("Hanı o dağ, o meşə")

Sıx meşə örtüyünə, zəngin faydalı qazıntı yataqlarına malik olan Qarabağ təbiətinin işğalçı ermənilər tərəfindən amansızlıqla qarət və talan edilməsi faktı artıq nüfuzlu beynəlxalq təşkilatlara da məlumdur. Bu problem dəfələrlə Milli Məclisdə, eləcə də Avropa Şurasının Parlament Assambleyasında səsləndirilmiş, dövrü nəşrlərdə yayılmış, elmi tədqiqata cəlb olunmuşdur. İsmayıl müəllim füsunkar Azərbaycan təbiətinin işğalçılar tərəfindən vəhşicəsinə dağıdılmasını bu cür təsvir edir.

Yağmalanan sərvətin
Onsuz da göz dağıdır.
Sənin gözəlliyin də
Elə sənə yağıdır.

("Talesiz məmləkətim")

Əsirlikdə qalan, girov götürülən təkcə əhalimiz deyil, təbii sərvətlərimiz də əsirlikdə "əzab çəkir". Ona görə də gec-tez ərazidən qovulacaqlarını anlayan ermənilər mümkün qədər təbiətimizə daha çox zərər vurmağa çalışırlar.

Yaralı beşiyim, torpağım əsir,
Kəhrizim, çinarım, yarpağım əsir.

("Əzəldən dərd içindəyəm")

Müharibənin yaratdığı ekoloji problemlərdən biri də atəş səslərinin, hərbi tullantıların ərazidə yayılması, su hövzələrinin və torpağın çirkləndirilməsi, hərbi texnika və qurğuların torpağın münbit üst qatını sıradan çıxarması və eroziyaya uğratması, sığınacaq kimi istifadə olunan meşəlik və torpaqların dağıdılmasıdır. Uzun illər burada məskunlaşan heyvanlar sadalanan səbəblərdən ərazini tərk edir, nəticədə növ müxtəlifliyi azalır, yaxud onların nəsli kəsilir. Bu isə çox ciddi ekosid kimi qiymətləndirilir.
"Kəkliyin" şeirində müəllif müharibənin heyvanlara neqativ təsirini necə də yanıqlı verib.

Çiliklənib Dəlidağın nərəsi,
Qan ağlayır hələ Laçın dərəsi.
Perik düşüb elə bil ki, fərəsi,
Səsi ərşə qalxıb ana kəkliyin.

və ya

Yamacda yuvası qurulu qalıb...
Bəlkə yol azıbdı dumanda, sisdə,
İşartı axtarır hələ də səsdə.
Dağılıb xınası daşların üstə,
Batıb ayaqları qana kəkliyin...

("Kəkliyin")

Müasir dünyada bəşəriyyəti hər an gözlənilə bilən nüvə müharibəsi təhlükəsindən sonra daha çox qlobal ekoloji problemlər narahat edir. Bu, məsələnin kifayət qədər ciddiliyindən xəbər verir: həyata keçirilən tədbirlərə baxmayaraq, biomüxtəlifliyin kəskin azalması, əvəzində səhralaşma prosesinin getdikcə sürətlənmsi, dioksin təhlükəsi, zülal aclığı, içməli su çatışmamazlığı, ozon ekranında antropogen təsirlərdən əmələ gəlmiş dəliklərin sayca artması və genişlənməsi, istixana effektinin yaranması və nəticədə qlobal istiləşmə, iqlim dəyişməsi... Bu cür problemlər xırda şəkildə əhalinin ətraf mühitə təsirinin mövcud olduğu qədim dövrlərdən başlanıb. Təsərrüfat fəaliyyəti genişləndikcə problem daha da kəskinləşib və dönməz xarakter alıb. "Mingəçevir dənizi" şeirində göstərildiyi kimi meşələrin kütləvi talan edilməsi ağır nəticələrə gətirib çıxarır.

Çinar boylu Samuxun
Meşə məzarı üstə,
Gizli-gizli hönkürən
Suların işıq seli.

Zarafatyana yazılmış "Gətir" şeirində isə meşəni talan edən işbazların onu qorumağa borclu olan meşəbəyi ilə əlbirliyi satirik şəkildə ifşa olunur.

Bacarsan məst eylə meşəbəyini,
Ağac kəsə bilsən orda yon göndər.

Sənaye müəssisələrinin istehsalat tullantıları, eləcə də məişət qalıqları yararlı torpaq sahələrini və su hövzələrini çirkləndirməklə onları yararsız hala salır, dolayı yolla canlı orqanizmlərə zərərli təsir göstərir. Qeyd olunan problem bu gün də aktualdır. Şair İ.İmanzadə haqlı olaraq, canlı orqanizmlərin vaxtsız ölümünü torpağın, suyun və havanın zəhərlənməsində görür. Bu problemi o, "Təlaş" şeirində belə təqdim edir:

(ardı gələn sayımızda)