Əbülfət Mədətoğludan yeni şeir: BİNƏ
Sığındığım göz yaşı -
Göynəyən dağ da binə...
Qarışıb dərdin başı -
Salmışam dağda , binə!..
Olmayaydı bu gərək
Sözümə baxmır ürək!..
Ruhum xallı kəpənək -
Qurubdu tağda binə!..
Bir yolu biçdim, amma
Yüyürüb keçdim amma!
Mən solu seçdim ,
amma
Qalıbdı sağda binə!..
Görürmü yar aşrımı
Aşrımı yar aşırmı?
Özün de , yaraşırmı ? -
Mənə bu çağda binə?!