adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Iyun 2018 14:19
12165
MƏMLƏKƏT
A- A+

Nəsimi rayonunda məmur özbaşnalığı

Nəsimi rayon sakini Yusif Məhəməliyev Azərbaycan Republikası Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, Bakı şəhərində pilot layihəlır əsasında yenidənqurma işlərinin həyata keçirilməsi, memari üslub baxımından gözoxşayan yeni binaların inşa edilməsi bu yöndə aparılan islahatların bariz nümunəsidir: "Lakin təəssüf ki, xoşməramlı işlərin aparılması zamanı qanunun tələblərinə əməl edilməsinə dair verdiyiniz tövsiyələr bəzi şirkət rəhbərləri tərəfindən nəzərə alınmayaraq, onlar tərəfindən mülki hüquqların pozulması ilə müşaiyət olunan hallara yol verilir. 


Diqqətinizə çatdırmaq istəyirəm ki, Bakı şəhəri, Akademik Mirəli Qaşqay küçəsi 21 ünvanında ümumi sahəsi 984.7 m2 və torpaq sahəsi 0.1007 ha olan xüsusi mülkiyyət hüququ əsasında mənə məxsus qeyri-yaşayış sahəsi mövcuddur. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində tam pay olaraq 10.12.2013-cü il tarixdə 1113128651 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd etdiyim qeyri-yaşayış sahəsindən mən mülkiyyətçi olduğum dövr ərzində üçüncü şəxslərə münasibətdə heç bir maneə olmadan istifadə etmişəm. Qeyri-yaşayış sahəsinə dair hər hansı mübahisə və çəkişmələr olmamış, qonşuluq hüquqları pozulmamışdır. Lakin bir müddət öncə mənə xəbər verildi ki, mənə məxsus əmlak sökülür”. 


Y. Məhəməliyev onu da qeyd edib ki, dərhal həmin ünvana getdikdə tanımadığım şəxslər, fəhlələr tərəfindən binanın söküntüsünün həyata keçirilməsini aşkar edib: "Mülkiyyətçi olduğumu bildirsəm də, onlar buna əhəmiyyət verməyərək və qanuna zidd hərəkətlərinə son qoymayaraq söküntü işlərini davam etdirdilər. Araşdırma apardıqda söküntü işlərinin "Azəri Tikinti Şirkəti” MMC tərəfindən aparıldığını müəyyən etdim. Şirkət nümyəndələrindən hüquqa zidd hərəkətlərə son qoyulmasını tələb etdikdə mənə bildirdilər ki, söküntü işləri müvafiq sərəncam əsasında, yəni Nəsimi rayon İH başçısı Asif Əsgərovun imzaladığı 37 saylı, 02 fevral 2018-ci il tarixli Sərəncamı əsasında aparılır. Halbuki həmin Sərəncamda söküntü işlərinin mülkiyyətçilər ilə razılaşmadan sonra aparılmasına dair müddəa vardır. Xüsusi mülkiyyət hüququ əsasıyla, qanuni əsaslarla mənə məxsus qeyri-yaşayış sahəsinin, əmlakımın içindəki əşyalarla birlikdə dağıdılması qanunla qorunan mülkiyyət hüququmun pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Faktiki olaraq hazırda mənə məxsus əmlakın qanunsuz olaraq dağıdılması məni mülkiyyət hüququndan məhrumetməyə yönələn bir hərəkətdir”.

Şikayətçi vurğulayır ki, mülkiyyətçi olaraq heç bir şəxsə mənə dair əmlak barədə hər hansı bir hərəkətin edilməsinə razılıq verməmiş və əmlaka münasibətdə mülkiyyət hüquqularımdan imtina etməyib: "Əmlakımın dağıdılması mülkiyyətimə qəsddir. Bundan əlavə, mənə məxsus qeyri-yaşayış binasının mülkiyyət hüquqlarım pozulmaqla sökülməsi nəticəsində, eləcə də həmin sahənin altında yerləşən xüsusi mülkiyyət hüququ əsasında mənə məxsus torpaq sahəsinə buraxılmaması nəticəsində mənə külli miqdarda zərər vurulmuşdur. Həmin şirkətə dəfələrlə etdiyim müraciətlər cavabsız qalmiş, pozulmuş hüquqlarımın bərpası üçün heç bir hərəkət edilməmişdir. Möhtərəm cənab Prezident! Mən abadlıq işlərinin aparılması, bu məqsədlə pilot layihələrin gerçəkləşdirilməsinin daim tərəfdarı olmuşam. Vətəndaş olaraq şəhərimizin daha da gözəlləşməsi, abadlaşdırılmasını hər zaman arzulamış, öz kiçik əməyimlə olsa da bu işə yardımçı olmaqdan imtina etməmişəm. Lakin belə bir layihənin gerçəkləşdirilməsi həmin ərazidə olan mülkiyyət sahibləri ilə müvafiq razılaşmadan sonra həyata keçirilməlidir. Mənimlə hər hansı bir razılaşma olmamış, əmlakım məhv edilmiş, mənə külli miqdarda ziyan vurulmuşdur. Onu da qeyd edim ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə etdiyim müraciət əsasında Nəsimi rayon İH Başçısı Asif Əsgərova göndərilmiş müraciətdə həmin mülkiyyətin mənə məxsus olması və pilot layihə çərçivəsində aparılan tikintinin dayandırılması tövsiyə olunub. Dövlət Komitəsi yaranmış mübahisənin məhkəmə predmeti olduğunu və hökm çıxarılanadək bu ərazidə heç bir işin aparılmamasını diqqətə çatıdırıb. Yuxarıdakıları diqqətinizə çatdırmaqla, mülkiyyət hüququmun bərpa edilməsi, bu işdə məsuliyyəti olan şəxslərin qanuna uyğun surətdə cəzalandırılmasına dair göstəriş vermənizi Sizdən xahiş edirəm”.

Ədil Ədilzadə