adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Iyun 2018 09:42
12811
ƏDƏBİYYAT
A- A+

Varlı

(Hekayə)
Fərəc
Fərəcov

"Müstəqillik və quruculuq" silsiləsindən

Arifin yatağında fasilə bilmədən qurcalanması, hərdən də uca səslə ağzından nalayiq sözlər qaçırması, onsuz da qaz ayıqlığı olan ömür-gün dostunun yuxusunu yerindən etdi. Qadın başını yastıqdan çəkib dikəldi. Sonra da ayaqlarını yelpənək yorğanın altından çıxarıb salladı. Və sakitcə qanrılıb ərini süzdü. Gecənin bir yarısı yatağına uzanmış Arifin yorğun sifətinə sanki bir hirs-hikkə çöknəmişdi. Elə bu dəm onun üzündəki ani sükunət təkrar pozuldu və yuxulu-yuxulu qışqırdı:
- Qorxmuram sizdən!.. Haramzadalar... Qorxmuram!. Öz səsinə tez də diksinib oyandı.
- Nə oldu sənə, ay Arif? Yəqin yenə röyanda kiminləsə əməlli-başlı dava salmışdın, hə? - deyə xanımı bir çimdik zarafat qarışıq həyəcanla xəbər aldı.
Arifsə yuxudamı, gerçəkdəmi olmasını aydınlaşdırırmış kimi başını möhkəm silkədi, hələ keyi getməmiş yuxulu gözləriylə sağına, soluna nəzər yetirdi. Durnanı görcək:
- Hə... yox... heç, əşşi boş şeydir. Başını qoy yat, səhərin gözü hələ açılmayıb, - deyə özü də yatmaq istədi.
Marağını qınına basa bilməyən ömür sirdaşı Durna:
- Sən mənim canım, de görüm nə yuxu görmüsən? Kim idi səni elənki hədə-qədədən çıxaran? Aşkarda danışırmış kimi "Qorxmuram sizdən", - dedin. "Dedin" yox ee, möhkəmcə çığırdın. Özü də lap qulaq deşən zil səsinlə...
- Əşi, o mühəndis köpəyoğlu yuxuma girmişdi. Sovxozda hamıdan artıq işləyən mən, dildə-ağızda ən qabaqcıl mexanizator kimi təriflənən mən, di gəl ki, pula, maaşa gələndə yenə də quyruqlarda sürünən mən. Canı çıxır nainsaf oğlu nainsaf pulumu düz yazsın. Keçən gün savaşdım onunla. Haqqımı tələb edəndə üstümə şığadı. Araya girməsəydilər, qan düşəcəkdi... Bu azmış kimi, yuxumda da əl çəkmək istəmir. Gördüm ki, başına bir dəstə qoluzorlu adam yığıb evimizə hücum çəkib. Mənə hədə-qorxu gəlir. Onda mənimki də tutdu, nə tutdu. Yuxu da olsa dişimin dibindən çıxanı yağdırdım o əclafın sifətinə... Hə, indi aydın oldu nəyə görə qışqırırdım?
- Aydın oldu, aydın oldu. Amma yuxudu da ay Arif, daha qanını qaraltma, neyləmək olar?
- Əslində, yuxu da həqiqətin bir üzüdür. Həqiqət isə odur ki, bizim bu Allah batırmış obşi təsərrüfatda işləyənlə, canı çıxanla, ortada yeyib qıraqda gəzənlərə zərrə qədər fərq qoyulmur. Real işə fikir verən yoxdur. Yerindən qalxan sovxozu sağılı inək bilir. İstəyirlər ki, qamarlayıb elə nə var sağıb evlərinə daşısınlar. Hansı əməllərdən çıxmırlar... Əziyyət çəkib tər tökənlər də qalır künc-bucaqdan baxa-baxa. Dərdi-dilimizi də bilmirik kimə danışaq, kimə ərz edək.
Arif ani bir səssizliyin ardınca ürəyindəkiləri yenidən çölə tökdü:
- Bilirsən, Durna, bir dəfə lap kefimi açan sənbəyənmə yuxu gördüm. Bu gün yox ha. On-on beş günün yuxusudur. Necə olubsa, onu heç sənə danışmamışam. Denə nə görsəm yaxşıdır? Gördüm ki, təsərrüfatımız dağılıb. Maşın, traktorları da veriblər onları işlədənlərə. Hətta torpaqları da pulsuz-filansız paylayıblar camaata. Adamlar bir sevinir, bir şadlanır ki, gəl görəsən. Yuxarıdan da nə qədər adam tökülüb gəlib. Gələnlərin içərisində ucaboy, enlikürək bir kişi də vardı. O cəld irəli yeriyib uca səslə danışmağa başladı:
- Eşidin dostlar, qardaşlar, artıq dünya dəyişib, öz torpağınıza sahib çıxmağın zamanıdır. Gedin, əkin-becərin, nə qədər istəsəniz mal-qara saxlayın. Çalışın ki, hər şeyiniz bol olsun, heç nədən korluq çəkməyin. "Kasıbçılıq" sözünü lüğətinizdən kənarlaşdırın. Həm də yadda saxlayın ki, bizim bu yeni cəmiyyətdə tüfeylilərə, tənbəllərə yer qalmayacaq. Kim əməyi sevsə, çətinliklərdən diksinib çəkinməsə, gəliri də ürəyi bəs deyəcək qədər olacaq. El dili ilə desək, hamı xan-bəy kimi yaşayacaq. Kim də zəhmətdən uzaq düşsə, yaşamayacaq, daha doğrusu sürünəcək. Vay onların halına.
Durna sözün bu məqamında özünü saxlaya bilmədi:
- Ay Arif, lap nağılvari yuxu oldu bu. Sovet hökuməti ölüb bəyəm torpağını, malını-mülkünü birdən-birə pay-puş etsin bizə?!
- Mən də bilirəm etməz, ay qadası... Özün dedin ki yuxudu da. Mən yazıq da necə görmüşəm, elənki danışıram... Deyirəm ee, ay Durna, kaş ki, gerçək olaydı yuxum. Bugünkü yuxu yox ha. O birisi, əvvəlki...
- Yəni sən istəyirsən elə olsun?
- Ağlın qaçıb?! Hələ bir soruşursan da. Niyə də istəməyim. Lap beş əlli razıyam. Onda öz əlim, öz başım olacaq. Ağlım, düşüncəm də havaya getməyəcək, özümə işləyəcək. Daha alnımın təri, əllərimin qabarı ilə qazandıqlarım mühəndisə, direktora, nə bilim, itə-qurda verilməyəcək. İşə marağım da birə-yüz artacaq. Adam fikirləşəndə ki, nə qədər çox işləsə, o qədər də artıq qazanar. Vallah, daha bundan da gözəl nə ola bilər?!
- Doğrudan ee, Arif, əslində çox düz deyirsən. Həylə bir şey olsa, inan ki, səni tutan olmaz. İşdən doyan deyilsən axı.
- Düz də desəm, səhv də desəm, nə faydası, onsuz da xəyaldı, danışıram özümüz üçün. Neyləyim bəs?
- Hə da, nə bilim vallah, qoy hayan xeyrimizdi, Allah onu da qarşımıza çıxarsın.
- Amin, amin...
***
İllər ötmüşdü. Saç-saqqalına dən düşmüş Arif Hüseynzadə taxıl əkininin onuncu hektarını başa çatdırıb asudə nəfəs aldı. Xoş hisslər bütün varlığını bürüdü. Vaxtilə gördüyü yuxu və yuxudan sonrakı arzu, istəkləri, daha doğrusu, xəyalları yadına düşdü. - Həyatımız necə də gözlənilməz şəkildə dəyişdi, - deyə öz-özünə pıçıldadı. Ürəyimdən tikan çıxaran dövlət quruldu. Yuxularımızı, əlçatmaz xəyallarımızı çin etdi. Zarafat deyil, indi hər kəs halalca mülk sahibidir. Torpağında əkinini əkib becərir, çeşid-çeşid məhsul istehsal edir, bazara mal çıxarır. Ən əsası da bolluca qazanc götürür. Mənim özümün artıq on hektar əkinim hazırdır. Hələ yenə də əkmək fikrim var. Çünki maşın-traktor sarıdan dağa-daşa düşmürəm. Bütün texnika özümüzündür. Bir zamanlar sovxoz təsərrüfatına məxsus sınıq-salxaq traktor işlədirdimsə, indi Allaha şükür, qəttəzə kombaynın, taxılsəpənin, ot biçənin, kip bağlayanın, adını çəkə bilmədiyim başqa texnikanın da yiyəsiyəm. Bunları mənə hansı bir imkanlı, yaxud vəzifəli qohumum verməyib ki! Hamısını özüm almışam. Öz ağlımla, öz zəhmətimlə əldə etmişəm. Bir də axı sağ olsun dövlətimizi... Həmişə arxamızda durub, kömək edib. Hökumət hər texnikanın satışında bizə dəyərinin 30-40 faizini keçib. Azacıq ilkin ödənişdən sonra da qalmış xərcini ödəməyə illərlə vaxt ayırıb. Sözümün canı odur ki, kənddə artıq heç bir texnika sarıdan korluğumuz yoxdur. Heç yadımdan çıxmaz, sovetin çöküşü zamanı bəzi xeyirsöyləməzlər bilirsiz nələr danışırdılar? Deyirdilər ki, kimdi bundan buyana kəndə kombayn, traktor verən. Olub-qalanlar da dağılıb gedəcək, sonrası necə olacaq, Allah bilir...
Sözlərimi lovğalıq kimi qəbul etməyin, mən ancaq çox nikbin baxırdım baş verənlərə. Tanış-bilişimə də anlatmaq istəyirdim düşündüklərimi. Deyirdim ay qardaşım, ay əzizim, müstəqil olmağın özü elə əvəzsiz bir nemətdir. Bir az dözün, səbr edin, hər şey yaxşıya doğrudur... Min şükür, düşündüyüm kimi də oldu. Hələ gözləntilərimdən də bir qədər artıq. Naxçıvanımız yol-yolağa çətinliklərinə baxmayaraq hər işi vaxtında edə bildi. Torpaqlar ilkin özəlləşdirildi, kolxoz-sovxozların maşın-texnikası yönnü qiymətlərlə kənd adamlarına satıldı. Torpaq sahiblərini vergilərdən də azad etdilər. Sənə daha nə gərəkdi, ay kənd adamı?! Bizə qalırdı işləmək, yenə də işləmək.
Yeni quruluşa xüsusi yanaşması olan Arifin köksünün altı dolu idi. Harada gəldi ayaq saxlayıb içindən keçənləri süfrə kimi sərirdi: - Sizə andım yoxdur, - deyirdi, - öz canım üçün, ürəyimin tən ortasından süzülüb gələnləri söyləyirəm. Diqqət eyləyin, təkcə elə muxtar respublikanın özündə nələr baş verməyib? Həm də cəmi-cümlətanı 5-10 ilin ərzində. Ən əsası da erməni təhlükəsindən azad olmuşuq. İndi bizi qoruyan əjdaha təkin ordumuz vardır. Hər yerdə əmin-amanlıqdır. Evimizdə də, işimizdə də arxayınıq. Hansı yana gedirsən, hara göz gəzdirirsən, adamın qəlbi dağa dönür. Vallah, bu azadlığın, bu dövlətin qədrini bilməliyik. Ən vacibi ona görə ki, işləyənin, zəhmət çəkib tər axıdanın üzünü güldürür. Yəni əlini boşda qoymur.
İnanın, mən eşitdiklərimi yox, elə öz başıma gələnləri danışıram. Bir fikir verin, hər il təkcə taxıl əkini üçün dövlət mənə (təbii ki, hamıya) əlavə haqq ödəyir. Məhsulumu münasib qiymətlə qəbul edir. Hansı yerdə belə şey ola bilər?!
Danışdıqca qızışıram... sinəm doludur, saxlayan deyiləm... sovxoz vaxtı ha çalışırdım, çabalayırdım ki, süfrəmdə bir loxma çörəyim olsun. Demirəm olmurdu, olurdu, ancaq artıra bilmirdim. Ala-babat dolanışacaqdan uzağa getmək mümkün deyildi. O dövrdə şəxsi maşın almaq, ev tikdirmək də asan məsələ sayılmırdı. İldə satış üçün bir, ya iki maşın rayona gətiriləndə, onu da əlləri harama uzanmış bəzi vəzifə dəllalları sənin, mənim kimi fəhlənin adına aformut edib qamarlayırdılar. Lakin indi baxın, mənim də, böyük oğlanın da şəxsi maşınımız var. Özü də ucuzlu deyil ha. O ki, qaldı evə. Artıq ev, torpaq fikri çəkmək ağılsızlıqdır. İntəhası gərək alnının təri, əlinin qabarı ilə pul qazanmağı bacarasan. Pulun varsa, haradan istəsən ev də, torpaq sahəsi də, maşın da ala bilərsən. Mən özüm fors olmasın, oğlanlarımın ikisinə də təzə imarət saldırmışam. Qızlarımın da bəyəniləsi ev-eşikləri vardı... Bilirsiniz niyə sadalayıram bunları? Ona görə ki, mənə bu gün şəstlə danışmaq imkanı yaradan müstəsil dövlətimiz var. Bir də dilimi hər zaman uzun edən öz halal zəhmətimdir. Ailə üzvlərimiz də mənim yaxın köməkçilərimdir. Hər birinin öz iş sahəsi vardır. Sürüylə davar saxlayırıq. Qara malımız da az deyil. Yemə də pul vermirik. Neçə hektar çoxillik ot əkmişik. İmkanlarımızı götür-qoy edib kərpic istehsal edən sex də açmışıq kəndimizdə. O işlərə böyük oğlan baxır. Elə bilərsiz bu sadaladığım yerlərdə təkcə yalnız ailə üzvlərimiz çalışır. Xeyir. Neçə-neçə həmkəndlimizə, başqa yerdən gələnlərə də çörək veririk. Tək elə kərpic sexində on-on beş nəfər işləyir. Mal-heyvana baxanlar, texnikamızı işlədənlər də nə qədər ailənin ümidgahıdır.
***
İki min fərdi təsərrüfatlı Qızıl Qaya kəndində Arif Hüseynzadə kimi qoçaq, iş bacaran adamlar barmaqla göstəriləsi deyil. Çoxdur öz halal zəhmətləri ilə kasıblığın daşını atanlar. Hətta kifayət edəcək vara, dövlətə yiyələnənlər. Kim ki, boş-bekar durmayıb faydalı bir işə girişirsə, peşmançılıq çəkmir. Qazanır, tələbatını lazımınca ödəyir, qalmışını da satışa çıxarır. Bir də görür ki, özü belə hiss etmədən zəngin adama çevrilib. Aqillər demiş, qazanmağın, varlı olmağın əsas şərti isə əlindəkini düzgün, ölçülü-biçili məsrəf etməkdən, israfçılığa yol verməməkdən keçir.
"Varın varsa imkansızlara əl tutmaq da unudulmamalıdır". Bu fikri də aqillər dönə-dönə xatırladıblar. İnsafən hekayəmizin qəhrəmanı Arif bunları əsla nəzərdən qaçırmır. Ehtiyacı olanları sevindirməyi bacarır. "Əl tutmaq Əlindən qalıb" - deyir. Yaradanına daim şükürlər edir. Onu bu mərtəbəyə ucaldan dövlətinə də dualarını dilindən əksik etmir. - Nə qazanmışamsa, hamısı müstəqilliyimizin və dövlətimizin sayəsindədir - fikrini hər söhbət əsnasında dilinə gətirir.
El arasında yaxşı bir məsəl var: Allah deyir səndən hərəkət, məndən bərəkət. Arif çox xoşladığı bu el məsəlinə əlavə də edir. O bildirir ki, sözügedən məsəli sanki indiki zəmanəyə görə deyiblər. Yoxsa keçən vaxtlarda nə qədər çalışıb əlləşirdinsə Tanrının bərəkəti heç gözə dəymirdi. Çulun elə cırıq qalırdı... Özümün necə ki, başıma gəlmişdi. Nə demişəm indiyə... Maraqlıdır ki, indi Tanrımızın dedikləri ilə dövlətimizin fikri, məqsədi üst-üstə düşür. Bir baxın, bu gün dövlətimiz belə buyurur: Səndən hərəkət, məndən də əməli kömək, əməli dəstək! Doğrudan da hansı arzuma, hansı istəyimə yetmişəmsə, orada həmin köməyi, dəstəyi görmüşəm.
Arifi yaxşı mənada tay-tuşlarından fərqləndirən cəhətlər az deyil. Bircəciyi də odur ki, o öz iş libasını əynindən çox nadir hallarda çıxarır. Necə deyərlər, gecəli-gündüzlü ev-eşiyinin, təsərrüfatının üstündədir. Onu təkcə xeyir-şərdə geyimli-kecimli görmək olar.
Arifin həddən ziyadə çalışması, zəhmətə qəlbən bağlılığı elə olur ki, tanış-bilişi arasında birmənalı qarşılanmır. Bəzi ağzıgöyçəklərin hərəsi bir avaz çalır. Kimi deyir bu qədər varın ola-ola niyə əlini cibinə salıb fors edə-edə gəzib dolanmırsan? Başqa biri də sözünü bu cür çatdırır:
- Ay ağlı yox, beş günlük dünyadı, ye, iç, kefini çək.
Belə də deyənlər tapılır:
- Nəyin yoxdur ay kişi, nə çayxana tanıyırsan, nə kababxana.. Özün də qapında işlətdiyin fəhlələrdən seçilmirsən.
Təmkinini pozmayan Arif isə bu kimi sözlərə, atmacalara zərrə qədər də məhəl qoymaz, onları laqeydliklə qulaqardına vurardı. Hətta öz növbəsində belələrinə gülər və onları "yazıq" adlandırardı. Dilinə gətirməsə də ürəyində deyirdi: ay bədbəxtlər, cibinizdə sıçanlar oynaşa-oynaşa quru bəylik etməyiniz nəyə gərəkdir? Siz nə anlayırsınız halal zəhmətlə pul qazanmağın dadını, ləzzətini. Küçədə, bayırda başınızı dimdik tutsanız da, arvad-uşağınızın, qohum-qardaşınızın yanında həmən dimdik başınız ətəyinizə sallanır. Ondan-bundan borc istəmək peşənizə çevrilib. Avara dolanmaqdan, xeyirsiz vaxt öldürməkdən heç xəcalət çəkmirsiniz? O ki qaldı mənim gəzməyimə, yeyib-içməyimə.. heç naratat olmayın. Mən elədiklərimi reklama çevirən deyiləm.
Arif çox zaman el ifadəsiynən desək, maşenniklərə, tənbəllərə dahi Nizami Gəncəvinin kərpic kəsib dolanan, halallıqla ruzisini qazanan qocasını xatırladaraq deyirdi: gedin çalışın, alnınızı tərə, əlinizi qabara alışdırın ki, bir qarın loxma üçün onun-bunun qarşısında əyilməyəsiniz. O boyda boy-buxununuzu əziyyətə salmayın.
***
Arif həyat yoldaşı Durna xanımla keçmiş illərdə gördüyü yuxunu, onunla etdiyi xəyali söhbətləri ara-sıra yada salıb ürəkdən gülər, arzu və diləklərinin gerçəkləşməsinə görə şükründən, duasından qalmazdı.
Həmişəki kimi iş üstündəydi Arif. Əvvəlcə taxıl biçini, yem tədarükü üçün hazırlanan maşın-mexanizmlərə baş çəkdi, tapşırıqlarını verdi. Sonra sahələrə çıxmaq istəyirdi ki, qəfil bir qara "Cip" yaxınlaşıb dayandı. Maşından bir neçə geyimli-keçimli şəxs düşdü. Aralarında qadın da vardı. Dedilər jurnalistdir. Bakıdan gəlib. Mərkəzi qəzetlərdən birində çalışır. O birilər də rayon nümayəndələriydi. Arif adətinə xilaf çıxmayıb qonaqları gülərüzlə, xoş-beşlə qarşıladı. Hansı niyyətlə gəldiklərini də soruşmadı. Sonra, onları ofis kimi istifadə etdiyi və təzəcə təmirdən çıxardığı iş otağına dəvət etdi. Tez-tələsik çay süfrəsi açdırdı. Ortaya çeşidli mürəbbələr və şirniyyatlar düzdülər.
Arif:
- Yol gəlib yorulmusuz, buyurun, nuş edin, - dedi.
Söhbət əsnasında nüfuzlu dövlət qəzetinin əməkdaşı məqalə hazırlayacağını bildirdi. Onu da əlavə etdi ki, nümunəvi təsərrüfat adamı kimi məhz Arifi nişan veriblər. Ölkənin ərzaq tələbatının ödənilməsində, yeni iş sahələrinin yaradılmasında onun özünə məxsus rolunu xüsusi olaraq qeyd ediblər. Daha bakılı yazarın da qəhrəmanı üçün başqa seçim etməyə ehtiyacı qalmayıb.
Gələn qonaqlar Arifin əkin sahələrinə, keçmiş MTS-ləri xatırladan zəngin maşın-traktor parkına, qaramal, davar tövlələrinə baxdılar, sözü gedən məkanlarda çalışan zəhmət adamları ilə söhbətləşdilər...
Gəzib gördüklərindən dolayı məmnunluğu üz-gözündən oxunan xanım jurnalist ayrılarkən yerli sahibkara son sualını ünvanladı:
- Arif müəllim, məlumdur ki, hazırda biz müstəqil dövlətdə yaşayırıq. Maraqlıdır mənim üçün bəs siz bir əmək adamı olaraq müstəqilliyi necə qiymətləndirirsiz?
İş adamı Arif sualı gözləyirmiş kimi pauza yaratmadan cavablandırdı.
- Səmra xanım, - dedi - əvvəla indiki quruluşa da, dövlətimizə də çox-çox minnətdaram. Həm də borcluyam. Niyə?! Ona görə ki, müstəqil ölkəmiz işləyənlə işləməyəni, iş bacaranla, bacarmayanı bir-birindən ayırdı, hər kəsə öz doğmaca yerini göstərdi. Təvazökarlıqdan kənar da olsa sözümü içimdə boğmayacayam, deyəcəyəm. Yəni bu hökumət məni və mənim kimiləri itib-batmağa qoymadı, üzə çıxardı, tanıtdı, eyni zamanda varlı-karlı etdi. Sovetin paltarını hələ də əyinlərindən çıxarmaq istəməyən bəzi-bəzi ələbaxanları, ortada yeyib kənarda gəzənləri sıralarımıza yaxın buraxmadı. Bir diqqət yetirin, bizim gözəl dövlətimiz üzünü sənə də, mənə də, ona da tutub səslənir:
- Buyurun gəlin, siz də nəhəng quruculuğun bir səmtindən özünüzə yer edib çalışın. Çox çalışın, çox qazanın. Zəhmətiniz havada qalmayacaq. Çunki biz sizin arxanızdayıq...
***
Heç bir neçə gün ötmədi ki geniş oxucu coğrafiyasına malik ölkə qəzetində Arif haqqında əhatəli və ibrətamiz məqalə çıxdı. Yazı qəhrəmanı onu ilk olaraq qəzetin internet saytından oxudu. Başlığı da beləydi: "Varlı".
Arif özü də hiss etmədən duyğulandı və gözləri yaşardı.