ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İSMAYIL İMANZADƏNİN YARADICILIĞINDA EKOLOJİ FİKİRLƏR

3990    |   2018-06-28 09:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

YUSİF DİRİLİ
"Dirili Qurbani" ədəbi məclisinin sədri, şair-publisist, tədqiqatçı-ekoloq
İsmayıl İmanzadə dövrümüzün məhsuldar və istedadlı şairlərindən biridir. Hələ sovetlər birliyi dövründə kitabları nəşr olunan, həmin illərdə Cəbrayıl rayonunda fəaliyyət göstərən "Ümid" Ədəbi Birliyinə rəhbərlik edən və bununla rayon ədəbi mühitinin formalaşmasına güclü təsir göstərən şair-publisist kimi tanınır. 1993-cü ildə doğma ocağı erməni işğalçıları tərəfindən zəbt edildikdən sonra didərginlik taleyi ilə üzləşən İsmayıl müəllim məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşır və elə yaradıcılığını da bu əyalət şəhərində davam etdirir. Ölkənin müxtəlif bölgələrindən olan yazarları başına cəm eləyib Mingəçevir ədəbi mühitini yaradır. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsini qurur və ona rəhbərlik edir. Bölmənin rüblük ədəbi-bədii dərgisini təsis edir. Dərgi əvvəlcə "Mingəçevir leysanı" adı ilə nəşr olunur. Baş redaktoru olduğu bu dərgini sonralar XV-XVI əsrlərdə yaşayıb yaratmış Azərbaycan klassik aşıq sənətinin banisi, görkəmli el şairi, haqq aşığı Dirili Qurbaninin xatirəsinə onun məşhur "Bənövşə" şeirinə rəğmən "Bənövşə" adlandırır. Dərgi az vaxtda Respublika əhəmiyyətli, çox oxunan və görkəmli ədəbi simaların həvəslə çap olunduğu nəşr orqanına çevrilir. İ.İmanzadəni (Mərcanlı) yaxından tanıyanlar, onun yaradıcılığını izləyənlər yaxşı bilirlər ki, şairin ədəbi-ictimai fəaliyyəti kimi, yardıcılığı da dərin və əhatəli məzmunu, sadə və düşündürücü xüsusiyyətləri ilə Azərbaycan poeziyasında öz yeri, öz çəkisi olan bədii nümunələrdir. Bu barədə indiyədək çox deyilib, çox yazılıb. Necə deyərlər, peşəkar ədəbi tənqidin süzgəcindən keçib və layiqli qiymətini alıb. Bu yazıda isə bizim məqsədimiz şairin hazırda qloballaşan dünyamızda əhalinin ətraf mühitə münasibətini ehtiva edən, başqa sözlə, ədəbi-publisistik yazılarında yer alan ekoloji fikirlərdir. Doğrudur, çağdaş Azərbaycan ədəbiyyatı bu yöndə yaradıcılıq nümunələri ilə zəngindir, lakin biz İ.İmanzadənin yaradıcılığından örnəklər gətirərkən, sadəcə, müəllifin təbiət şeirlərini hallandırmayacağıq, daha çox bu yazılarda onun elmi məzmununa toxunacaq, əhalinin ekoloji tərbiyəsindəki faydasından danışacaq, gənc nəsldə ekoloji təfəkkürün formalaşmasına, ekoloji mədəniyyətin yüksəlməsinə təsirindən bəhs edəcyik.
Əvvəlcə uşaq şeirlərinə baxaq. "Gicitkan" şeiri bu cəhədən səcciyəvidir. Belə ki, şair burada daladığına görə acıqları gələn bu bitki haqqında uşaqlara, daha dolğun və elmi istiqamətli məlumat verməklə onlardakı yanlış təsəvvürü dağıdır. O, gicitkanın yayıldığı ekoloji şəraiti, onun biomorfoloji quruluşunu şeir dili belə ifadə edir:

Bitir çay qırağında,
Bağda, yaşıl talada.
Balaca yarpaqları,
Nəmnazik gövdəsi var.
Ancaq nə "boy-buxunu",
Nə də ki, kölgəsi var.
Günəşin şüasına
Nişan verməz yerini...

Bu şeiri oxuyandan sonra məlum olur ki, gicitkan kölgəyə davamlı, sucaq və ya rütubətli yerdə bitən ot bitkisidir. İşığa tələbkar deyil. Gövdəsi nazikdir, lakin dalayıcı xüsusiyyətə malikdir. Bu da ona görədr ki, qorunub qala bilsin.

Toxunanda dalayır
Adamın əllərini...

Növün saxlanmasında bunun faydası böyükdür. Şeirdə qeyd olunduğu kimi, gicitkan çoxşaxəli müalicə əhəmiyyətli bitkidir. Belə ki, tərkibi vitaminlərlə və digər faydalı maddələrlə zəngin olduğu üçün bir çox xəstəliklərin müalicəsində effektiv təsirə malikdir.

Yüz dərdin dərmanıdır,
Düşür hər zaman yada.

"Kəpənək", "Bizim arx", "Günəbaxan", "Söyüd" kimi uşaq təbiət şeirlərində elmi əsası olan fikirlərə rast gəlirik. Bu fikirlərin uşaqların ekoloji dünyagörüşünün formalaşmasında faydası vardır. Məsələn, "Günəbaxan" şeiri yalnız bu bitki haqqında ümumi təsəvvür vermir, həm də onun heliotrop xüsusiyyəti nəzərə çarpdırılır. "Bizim arx" şeirində isə abiotik amil kimi suyun ekoloji əhəmiyyəti açıqlanır.
Bioloji növlərin fəsil dəyişkənliyinə uyğunlaşması ekologiyanın tədqiqat sahələrindən biridir. Bu məsələ ümumtəhsil məktəblərində geniş tədris olunmasa da, müəyyən qədər öyrənilir. Məsələn, növün həyat tərzi üçün xarakterik olan və əsasən, çoxalma dövründə müşahidə edilən mürəkkəb davranış hərəkətləri, o cümlədən yuvalama, balavermə, habelə qidalanma, müdafiə, sərt qış öncəsi tüləmə, köçüb getmə, daha çox cücülərdə rast gəlinən instinktiv xüsusiyyətlər, bitkilərin ömründə xəzan hadisəsi bura aid edilir. Maraqlıdır ki, ən qədim çağlardan bu günədək klassik ədəbiyyatımızda, həmçinin digər yaradıcı sahələrin müxtəlif janrlarında bu problemə toxunulmuş, müəlliflər bilik səviyyələrinə uyğun problemə münasibət bildirmiş, bununla da ətraf mühitin öyrənilməsinə və qorunmasına az-çox köməklik göstərmişlər. Şübhəsiz, istedadlı və təcrübəli bir şair-publisist kimi İsmayıl İmanzadənin əsərlərində də ekoloji maarifçilik meyilləri, təbiətin elmi şəkildə öyrənilməsi və mühafizəsi məsələsi diqqəti cəlb edir.

Durna avazında qayıdan bahar
Səsləyir yuvaya qaranquşları.

("Yaz gələndə")

Qeyd etmək lazımdır ki, ədəbiyyatımızda yer alan nümunələrin əksəriyyətində qaranquşun gəlməsi ilə yazın gəlməsi kimi səhv ifadələr mövcuddur. Görkəmli təbiətşünas alim, professor Qara Mustafayev haqlı olaraq deyir ki, baharı qaranquş gətirmir, yazın gəlişi qaranquşu gətirir (havalar qızır, bol qida və balaçıxarma imkanı yaranır). Bu cəhətdən şair İsmayıl İmanzadə problemə doğru yanaşır.
Yazın yolunu gözlədim,
Durna köçünü izlədim.

Müəllifin bu misraları yuxarıda bəhs etdiyimiz fikri təsdiqləyir.
Payızda isti ölkələrə yem dalınca gedən durnalar da, qaranquşlar da, digər köçəri quşlar da soyuq qış fəsli yazla əvəz olunan təki geri qayıdırlar. Əlbəttə, bu hadisə üzvi aləmin təkamülündə minilliklər boyu qazanılmış bir uyğunlaşma kimi xüsusi əhəmiyyət daşıyır.

Hər quşun öz köçü, öz yuvası var.

("Baş alıb gedirəm")

Doğurdan da, bütün köçəri quşlar heç də köç vaxtı bir istiqamətdə, eyni qaydada uçmurlar və bunun elmi əsası vardır. Yuvalayan quşların bəziləri isti ölkələrdən qayıtdıqda köhnə yuvalarına gəlir, dağılıbsa bərpa edib orda yumurta qoyur, bala çıxarırlar. Bəzi quş növləri isə yeni yuva qururlar. Şair bu cəhətdən haqlıdır.
İ.İsmayılzadə təbiətə ruhən bağlı şairdir. Apardığı praktik müşahidələr ona təbiətdəki hal və hadisələrin başvermə səbəblərinə varmağı, doğru nəticəyə gəlməyi, bununla da poeziyamızı elmi əsaslara söykənən informasiya ilə təchiz etməyə imkan verir. "Necəsən?" şeirindən bir nümunəyə nəzər yetirək:

Nərgizin şəklini qar üstə çəkən
Baharım, xoş gördük, yazım necəsən?..

("Necəsən?...)

Qışın sərt soyuğu çəkilməmiş - yazın ilk günlərində nərgiz çiçəyinin, novruzgülünün çiçəkləməsi adama maraqlı gəlir və şair bunu bədi ifadələrlə özünəməxsus tərzdə diqqətə çatdırır. "Nərgizin şəklini qar üstə çəkmək" ifadəsi bu bitkinin erkən yazda, hələ qar tam ərimədiyi bir vaxtda çiçəklədiyinə işarədir. Onun poetik bir dillə bu şəkildə verilməsi şeirin oxunaqlığı ilə bərabər müəyyən elmi təsəvvür də yaradır.
Bitkilərin inkişafında abiotik faktorlar mühüm rol oynayır. Başqa sözlə, üç əsas amil bu prosesə təsir edir: Su, hava və istilik. Şübhəsiz, qida mühiti kimi torpağın əhəmiyyəti də misilsizdir. İ.İmanzadənin yaradıcılığında bunları özündə əks etdirən fikirlər çoxdur. Onun "Tənha söyüd ağacı", "Daş üstə bitən çiçək", "Anlara bənzəyən sular", "Yağışa bax, yağışa", "Külək", "Kürüm", "Öpdüm" kimi şeirləri bu baxımdan olduqca səcciyəvidir.

Qabarıb üzə çıxan
Köklərin nə gündədir?
Saralan yarpaqların
Yağış həsrətindədir.

("Tənha söyüd ağacı")

və ya

Çəmənin naxışı, yaraşığıdır
Şehin közərtisi, yazın yağışı.

("Anlara bənzəyən sular")

Canlı orqanizmin həyat fəaliyyətində suyun böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, "yeməksiz yaşamaq olar, susuz yox" zərb-məsəli yaranmışdır. Su yaxşı həlledici olduğuna görə hüceyrələrdə gedən bütün biokimyəvi reaksiyalarda fəal iştirak edir. Bu, həm də o deməkdir ki, orqanizmdə enerjinin yaranmasına səbəb olan oksidləşmə prosesləri də bilavasitə, su mühiti olmadan mümkün deyildir. Hüceyrə və toxumalarda üzvi maddələrin parçalanması, qeyri-üzvi maddələrin ionlar şəklində toplanması və daşınması da bilavasitə su ilə bağlıdır. Bir sözlə, orqanizmin kompleks şəkildə yaşayışında su başlıca şərtdir və onun əsasını təşkil edir. Ona görə də, şair əbəs demir ki:

Dodağın çat-çat olar,
Bircə damla su üçün...

("Daş üstə bitən çiçək")

Su kimi istiliyin - temperaturun da cansız mühit amili təki canlı orqanizmlərin həyat fəaliyyətində, onun inkişafında rolu böyükdür. Orqanizm müəyyən optimal hədd daxilində fəaliyyət göstərə bilir. Maksimum həddi keçdikdə, yaxud temperatur həddi minumuma endikdə canlı öz fəaliyyətini dayandırır. Bu məsələyə diqqət yetirən şair təsadüfi yazmır ki;

Bir istəkdir bəlkə bu da
Könül verdim suya, oda.

("Öpdüm")

İ.İmanzadənin şeirlərində abiotik amil kimi küləyə də toxunulur. Bitkilərin həyatında mühüm hadisə sayılan tozlanmanın izahı baxımından küləyə münasibət maraq doğurur:

Sığal çəkər, düzə, dağa
Dönər yaşıl tumurcuğa.
Bənzər çeşmədə muncuğa,
Çiçəkləyər yaz küləyi.

(Külək)

Bitkilər təkamül prosesində küləklə, cücülərlə və öz-özünə tozlanmaya uyğunlaşıblar. Deməli, külək çoxalma dövründə çarpaz tozlanmanı həyata keçirən amillərdən biridir. Təsadüfi deyildir ki, çiçəkli bitkilərdə tozlanma və ikiqat mayalanma hadisəsini təkamülün başlıca istiqaməti sayılan aromorfoz hesab edirlər.

(ardı gələn sayımızda)



İmza:
SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK