ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bir yeni səksən də yaraşır sənə...

2692    |   2018-06-28 09:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

("Əli Vəkil-80" silsiləsindən)

Fəxrəddin MEYDANLI

Deyirlər Rəbbimiz insanları zümrələrə böləndə, peyğəmbərlərdən sonra şairlərə yer verib. Bu, bir məlum həqiqətdir ki, müqəddəs kitablar peyğəmbərlərin vasitəsilə nazil edildikləri kimi, şeir də şairlərin vasitəsilə göndərilir bizə. Başqa sözlə desək, şairlik istedaddır ki, onu da Allah verir. Və təbii ki, bu istedad da zəhmətsiz heç bir bəhrə verə bilməz. Elə Əli Vəkil də həm istedad sahibi, həm də zəhmətkeş şairlərimizdəndi.
Bu yerdə şairin həyat səhnəsinə kiçik bir ekskursiya etsək, düşünürəm ki, oxucularımız üçün də maraqlı görünə bilər.
Əli Vəkil oğlu Səfiyev 10 iyun 1938-ci il tarixdə (əslində o 1934-cü ildə doğulsa da, Doğum şəhadətnaməsində 1938-ci il yazılmışdır) qədim Azərbaycan torpağı olan Göyçə mahalının Basarkeçər rayonunun Yuxarı Şorca kəndində sadə kəndli ailəsində doğulmuşdur. Əlinin 3 yaşı olanda atası Vəkil dünyasını dəyişmiş və o bacısı Sehranla Yaqut ananın himayəsində qalmışdı.
1952-ci ildə isə Yaqut ana 40 yaşında dünyasını dəyişir Əlinin dayısı Məhərrəm Abbasov onu yanına gətirir.
Şişqaya kənd orta məktəbini 1955-ci ildə bitirən Əli Səfiyev, elə həmin il İrəvan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azəzərbaycan bölməsinə qəbul olunur və 1960-cı ildə təhsilini başa vurur. Təyinatını Basarkeçər rayon Maarif şöbəsinə alsa da ona burada fəaliyyət göstərmək müyəssər olmur.
Belə ki, Ermənistan Dövlət Televiziya və Radiyo Verilişləri Komitəsi İrəvan radiosunun Azərbaycan bölməsinə diktor seçimi üçün müsabiqə elan edir və üstünlük müsabiqədə iştirak edən 20 gəncin içərisində Azərbaycan və erməni dillərini mükəmməl bilən, səlist nitq qabiliyyəti və diksiyası ilə digərlərindən fərqlənən Əli Səfiyev bu vəzifəyə işə götürülür.
Radioda çalışa-çalışa o, həm də bədii yaradıcılıqla məşğul olur, şeirlər yazır və müxtəlif mətbu orqanlarında nəşr olunur. Əli Vəkilin mədəniyyət və incəsənət sahəsinə olan həvəsi onu, ikinci təhsil almağa da sövq edir ki, o, istehsalatdan ayrılmamaqla M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) teatrşünastlıq fakültəsinə daxil olur. O, 1972-ci ildə ailəsiylə Bakıya köçür və məlum hadisələr Dağlıq Qarabağda "start" götürən zaman Əli Vəkil erməni dilini yaxşı bilən və ictimai-siyasi hadisələrdən baş çıxaran bir Vətən övladı olaraq, Azərbaycan KP MK-nin yaratdığı təbliğat-təşfiqat qrupuna rəhbərlik etmişdir.
Hazırda ahıl yaşında olan şair Əli Vəkil ömrünün sonrakı illərini bütünlüklə ədəbi-bədii yaradıcılığa sərf etməklə, əvvəllər işıq üzü görmüş əsərlərinin sayını bir qədər də zənginləşdirməyə nail olmuş, onlarla kitab və nəşrlərin hasilə gəlməsində həvəslə çalışmışdır.
Əli Vəkil 1972-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür.
Şairin "Sona bulağı" adlı ilk şeirlər kitabı hələ 1963-cü ildə İrəvanda nəşr olunmuşdur.
Əli Vəkilin Ümummilli liderimiz-Azərbaycan ölkəsinə ayrı-ayrı vaxtlarda uzun müddət rəhbərlik etmiş Heydər Əliyev cənablarının həyat və yaradıcılığını təcəssüm etdirən "Əbədiyaşar dahi" adlı poeması da artıq nəşrə hazırdır. Onun yaradıcılıq palitrası böyük zövqlə toxunmuş Azərbaycan xalçasının çeşnilərinə bənzəyir. Bu çeşnilərdə Allahın yaratmış olduğu bütün rənglər SÖZün qüdrətilə tərənnüm olunur.
Şairin yaradıcılığında Ulu Yaradana olan böyük eşqindən tutmuş, Vətənə, onun müqəddəs torpağına, əsrarəngiz təbiətinə, ayrı-ayrı yerlərimizin gözəlliyinə, insana olan sevgisi, nəhayət-məxluqatımızın zərif cinsinə ünvanlanmış və çox səmimi duyğularla qələmə alınmış şeirlərini oxuduqca, adam haldan-hala düşür, müəllifin sevgi dünyasında itib-batırsan.

Varım da, yoxum da, sözdü cahanda,
Əli - sənin sadiq bəndən, İlahi!
Əqidəm, amalım düzdü cahanda,
Əli - sənin sadiq bəndən, İlahi!..

Bu misraları yalnız Allah xofunu və sevgisini hər zaman, hər yerdə canında gəzdirən bir şair yaza bilər desəm, yəqin ki, səhvə yol vermərəm.
Gözəl yurdumuzun gözəl paytaxtı Bakı haqqında çoxsaylı şeirlər yazılıb, yazılmaqdadı və düşünürük ki, gələcək zamanlarda da yazılacaqdır. Əli Vəkilin "Bakı"sı isə ayrı bir "Bakı"dı vallah.

Qorki Neapola bənzətmiş səni,
Əməkçi insanlar yüksəltmiş səni.

Şairlər şeirində vəsf etmiş səni,
Parlayan Günəşin özüsən, Bakı!..

Gələrli-gedərli dünyamızdan şikayət dolu şeirlər toplusuna Əli Vəkilin elə bir bənd şeirini də əlavə etmiş olsaq, yəqin ki, bu "fond" daha da zənginləşmiş olar. Şair dörd sətirdə ifadə etdiyi duyğuları ilə, necə deyərlər, bir budaqda oturaraq, yüz budağı silkələyib, maşallah.

Hansı gülü iyləmişəm?
Hansı sözü söyləmişəm?
Axı, hələ neyləmişəm?
Gəldi-gedər dünyamızda...

Öz xalqına, millətinə və torpağına olan tükənməz sevgiləriylə həmişə seçilməyi bacaran şair,

Dünyaya bəllidir, qoy bir də deyim,
Həmişə ağ olub üzü xalqımın.
Önündə diz çöküm, yenə baş əyim,
Vahiddir arzusu, sözü xalqımın...

və ya,

Yolunda canımı verərəm hər an,
Adına bağlaram yüz yeni dastan.
Çox çəkib sınağa, səni bu dövran,
Ey şanlı, şöhrətli Azərbaycanım...

- deyir.

Yuxarıda qeyd edildiyi kimi, şair qədim Azərbaycan torpağı olan, dağlı-dərəli, ormanlı-göllü, gözoxşayan təbii mənzərələri ilə tanınan, Aşıq Alı, Aşıq Ələsgər yurdu Göyçə mahalında, Yuxarı Şorca kəndində dünyaya göz açmış, yetkinlik çağlarını isə Şişqaya kəndində yaşamışdır.
Elimsən, obamsan, iftixarımsan,
Müdrük insanların Vətəni Göyçə.
Nəğmə beşiyimsən, söz diyarımsan,
Unuda bilmirəm mən səni, Göyçə.

Bu şeir nümunələrini oxuduqca, şəxsən mən Əli Vəkilin yaşadığı hissləri yaşamağa məhkum olur və və bu cənnətməkan yurd torpaqlarımızın işğala məruz qalmasından ürək ağrısı keçirirəm. Necə ki, şair aşağıdakı şeirində bu ağrını tam çılpaqlığı ilə nəzmə çəkmişdir.

Oba itirmişik, el itirmişik,
Əzəl yurdu düşmənlərə vermişik.
Nələr eşitmişik, nələr görmüşük,
Necə dözsün buna ürək, Allahım!?..

Təbii ki, Əli Vəkil yaradıcılığında nikbin notlu poeziya nümunələri də yetərincədir. Dünyanın gözəlliklərini silinməz şəkildə gözlərinə hopdurduğundandır ki, onun füsünkarlığından doya bilmədiyini də elə haqlı olaraq aşağıdakı kimi dilə gətirməkdədi.

Məcnuntək vurğunam bu diyara mən,
Al-əlvan çiçəkdən, güldən doymuram.
Yayır xoş ətrini yenə çöl, çəmən,
Tez ötür fəsillər, ildən doymuram...

Əli Vəkil digər bir şeir nümunəsində isə, iki həyati cəhəti bir-biri ilə üz-üzə qoymaqla, sanki bir təzad düzənləmək istəmiş və məncə, buna nail də olmuşdur.

Kədər nədir, qüssə nədir, qəm nədir,
Könlümün sirdaşı yar olan yerdə.
Bahar nədir, çiçək nədir, gül nədir,
Şaxta olan yerdə, qar olan yerdə...

Baharın gəlişini özünəməxsus cizgilərlə verməyi bacaran Əli Vəkil, elə baharın avtoportretini də cəmi bircə bənd şeir parçasında yarada bilmişdir.

Bahardı, torpağa nur ələnibdir,
Bağda bənövşəni, saymağa gəl sən.
Gözəllik hər yana səpələnibdir,
Baxıb, ilham alıb, doymağa gəl sən...

Uzun illərdi yaradıcılığı ilə yanaşı özünü də bir şəxs olaraq, 57 illik ömür-gün yoldaşı Göyərçin xanımı və bu illər ərzində onların arasında formalaşaraq möhkəm bir təmələ çevrilmiş qarşılıqlı sevgiləri Əli Vəkil yaradıcılığında başqa cür ifadə edilə bilməzdi, məncə, necə ki, şairin növbəti poeziya nümunələri fikirlərimi özündə tam ehtiva etdirməkdədirlər.

...Gəl bölüşək dərdimizi,
Qoy üzməsin dərdlər bizi.
Tez taparam yolu, izi,
Çağır gülüm, çağır məni...

və ya,

Elə bil dünyanı verirlər mənə,
Sanki sökülür dan, adın gələndə.
Qoşulub Tanrının mələklərinə,
Girirsən qapıdan, adın gələndə...

Son olaraq fikirlərimi şair dostumun yaradıcılığını vəsf etmiş şeirimlə tamamlayıram.

Ay xalqın şairi, ay Əli Vəkil,
Yaş üstə yaş gələr, nə qorx, nə çəkil.
Ay Göyçə həsrətli, Göyçə nisgilli -
Ay qəlbi kədərli, dərdləri bəlli!
Yuxarı Şorcanın əksi gözündə,
Şişqaya kəndinin nuru üzündə.
Uşaqlıq illərin keçdi əzabla,
Dözdün sən möhnətə, vüqarla-tabla.
Təhsildə, əməkdə ucaldı başın,
Çıxdı qarşına da, ömür sirdaşın.
İrəvan xanlığı-doğma yurd yeri-
Uçurdun göylərə göyərçinləri.
Açdın ürəyini sən için-için,
Elə qismətin də oldu Göyərçin.
Həm sevgi bəslədin, həm sevgi gördün,
Həyatda çox şeyi gördün-götürdün.
Sən yazdın-yaratdın, "bəsdi" bilmədin,
Dilinə yabançı söz gətirmədin.
Gəzdi şeirlərin eli-obanı,
Sənə oxucunun qaynadı qanı.
Çevrildi nəğməyə, şeirin-dildə,
Yer saldı özünə hər bir könüldə.
Müşfiqin, Vüqarın, Rizvanın-canın,
Beş oğul, üç qızlı nəvə-cahanın.
Tural, Elnur, Nicat, Nihad və Nurlan,
Aytac, Aynur, Nival - üçü, qız balan.
Sənə nəvə toyu, nəticə-arzum,
Həm də ki, bəxtinə kötüycə yozum.
Bilirəm, çətindir övlad itkisi,
Dərdlərin içində ağır-çəkisi.
Müşfiqin getsə də, var xələfləri,
Xoşbəxt həyat sürüb, qovsunlar şəri...
Çapdın həyat atın, çatdın səksənə,
Bir yeni səksən də yaraşır sənə.
İnşallah, görüşək yüzdə, yüz onda,
Bugünkü görkəmdə, bugünkü donda.
İmkandır, şeirimi oxu arada,
Fəxrəddin Meydanlı düşsun də yada...



İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK