adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Iyun 2018 10:14
17936
GÜNDƏM
A- A+

Saat 17:00-a kimi evdən çıxmayın!

Son günlər ölkə ərazisində anomal istilər müşahidə edilir. Artıq yay mövsümü başlayandan 14 nəfər günvurma ilə əlaqədar tibbi yardım stansiyasına müraciət edib. Belə anomal isti hava insan sağlamlığı üçün təhlükədir. Xüsusilə, yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanlar diqqətli olmalıdırlar.

Tibb mütəxəssisləri bildirirlər ki, günvurma başın birbaşa günəş şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir, bu da mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır.

Nəticədə insanlarda yüksək temperatur, tərləyə bilməmək, komaya qədər gedən əsəb sisteminin pozulması, halsızlıq, baş ağrısı, qusma, nəbzin sürətlənməsi, düşünmə və təhliletmə qabiliyyətinin, görmənin pozulması, göz çüxurlarının dərinləşməsi kimi hallar baş verir. Belə olan təqdirdə təcili həkimə müraciət etmək lazımdır.

Uşaqlar, hamilə qadınlar, yaşlılar, ürək, təzyiq və şəkərli diabet xəstəlikləri olanlar ehtiyac olmadıqda, saat 11:00-dan 17:00-a kimi açıq havaya çıxmamalıdırlar. Beyin qanamalarının qarşısını almaq üçün təzyiq xəstələri tez-tez təzyiqi ölçdürməlidirlər.

Günəşin mənfi təsirindən qorunmaq üçün bol su və sulu qidalar qəbul edilməli, qazlı içkilərdən, yağlı və ağır yeməklərdən uzaq durulmalıdır. Qida rasionu daha yüngül, az kalorili yeməklərdən ibarət olmalıdır. Spirtli içkilər əvvəlcə sərinləşdirici effekt versələr də, sonradan onların susuzluğu artıra biləcəyini nəzərə almaq lazımdır. Havanın hərarətinin yüksək olduğu günlərdə ağır fiziki hərəkətlərdən uzaq durmaq vacibdir.

İstidən qorunmağın ən əsas şərtlərindən biri də geyimə diqqət etməkdir. Belə ki, həkimlər yay aylarında yüngül, təri çəkən, pambıq, kətan kimi parçalardan olan rəngli, enli geyimlərə üstünlük verməyi, papaq taxmağı məsləhət görürlər. Göbələk xəstəliklərinin yaranmasının qarşısını almaq üçün ayaqlar hər gün yuyulmalı, yaxşı qurulanmalıdır.

İsti havada sərinləmək üçün yaxşı çıxış yolu duş qəbul etməkdir Duş almaq üçün cəmi 5-10 dəqiqə vaxt kifayətdir.