adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Iyun 2018 15:11
10057
MƏMLƏKƏT
A- A+

Bakıda “JEK”lər ağcaqanadlar və gəmiricilərlə mübarizə aparmaq istəmir

Yay fəsli bütün həşəratların aktiv fəaliyyət vaxtıdır. Son günlər havaların həddindən artıq isti keçməsi Bakı şəhərində ağcaqanadların, o cümlədən gəmiricilərin sayının artmasına səbəb olub. Əvvəllər yaşayış binaları ətrafında, müəyyən ərazilərdə bu həşəratlara qarşı dezinfeksiya, gəmiricilərə qarşı deratizasiya işləri aparılırdı.

Bəs indi vəziyyət necədir? Həşəratlarla mübarizə üçün hər hansı tədbir görülürmü?


Modern.azsaytı məsələni aydınlaşdırmaq üçün Respublika Dezinfeksiya Mərkəzi ilə əlaqə yaradıb. Mərkəz əməkdaşının sözlərinə görə, ağcaqanadlar, gəmiricilərlə mübarizə aparmaq üçün onlar Bakı Mənzil Kommunal Təsərrüfat birlikləri ilə müqavilə bağlamalıdırlar. Lakin yenə də heç bir müqavilədən söhbət gedə bilməz:


"Mənzil Kommunal Təsərrüfat birlikləri əvvəl bizim tabeliyimizdə olan təsərrüfat müəssisələri ilə müqavilə bağlayırdılar. Buna uyğun olaraq müəssisələrimiz rayon ərazilərində işlər aparırdı. Təkcə ağcaqanadlara qarşı yox, həm də gəmiricilərə qarşı mübarizə gedirdi.

Sadəcə olaraq, son zamanlar Mənzil Kommunal Təsərrüfat birlikləri bizimlə müqavilə bağlamaqdan imtina ediblər. Bizdə olan məlumata görə, onlar başqa "MMC”lərlə müqavilə bağlayırlar. Lakin işin keyfiyyəti aşağı olduğu üçün əhali narazılıq edir. Biz dövlət qurumuyuq və dövlətin verdiyi dərmanlar əsasında işimizi aparırıq. Amma özəl müəssisələr bəlkə də hansısa maraqlara görə əhali ilə müqavilə bağlayırlar”.

Respublika Dezinfeksiya Mərkəzinin əməkdaşı deratizasiya və dezinfeksiya işlərinin necə aparıldığından da söz açıb:

"Bilirsiniz ki, deratizasiya işləri gəmiricilərə qarşıdır. Bunun üçün xüsusi laboratoriyalar var və orada buğdadan, kolbasadan, kilkədən zəhərli yemlər hazırlanır. Bu da ancaq Respublika Dezinfeksiya Mərkəzində var, başqa heç yerdə yoxdur. Biz müqavilə əsasında sahəyə uyğun olaraq deratizasiya tədbirləri üçün zəhərli yem hazırlayırıq. Hər ay müqavilədən asılı olaraq iki, üç və ya dörd dəfə orda dərmanlama prosesi aparılır. Amma demək olar ki, üç gündən bir həmin ərazi nəzarətimiz altında olur”.

Müsahibimiz qeyd edib ki, zəhərli yemin tərkibindən asılı olaraq onun bəzi yerlərdə effekt vermədiyini müşahidə edilir:

"Bir var zirzəmilər, bir də var açıq hava üçün olan yemlər. Ya da bəzən gəmiricilərin çoxluğundan dərmanlama effekt vermir, bu zaman biz başqa metodlardan istifadə edirik. Eləcə də dezinfeksiya işləri bu cürdür. Qeyd edim ki, bizə dərmanlar əsasən Türkiyə və Rusiyadan gətirilir. Şərt o deyil ki, biz bir dəfə gedib ərazini dərmanladıq və işimiz bitdi. Sahə gündəlik nəzarətimizdə olur. Lakin dediyim kimi müqavilə olmalıdır”.