adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Iyun 2018 00:18
6769
GÜNDƏM
A- A+

Gözlə bizi, tut ağacı...

Vahid MƏHƏRRƏMOV

Evə çatmağa az qalmış cib telefonuma zəng gəldi. Tələsik ekrana baxdım. Yaxın qohumum Kamran idi. Salam-kəlamdan sonra dedi ki, bəs xəbərin varmı, internetə girib kəndə baxmaq olur. Sonra da məni heyrətləndirmək üçün hər şeyi birbəbir izah etməyə başladı: "Sən eləcə, rayonun adını yazıb, axtarış verirsən, bir azdan hər şey ekrana gəlir. Diqqətlə baxanda orada evləri, yolları, hətta cığırları belə görmək mümkündür. Mən girib baxdım, köpək uşağı ermənilər kəndin bütün evlərinin daşlarını söküb daşıyıblar. Hər yeri yandırıb dağıdaraq viran qoyublar".
Kamrana dedim ki, məlumata görə çox sağ ol. Amma indi yoldayam, geniş danışa bilmirəm, evə çatan kimi internetə girib baxaram, sonra zəngləşərik.
Həyətə girəndə adəti üzrə həmişə məni qarşılayan oğlum Araza dedim ki, ay bala, tez elə o kompüteri aç internetə gir, kənddəki evimizə baxaq. Yazıq uşaq da heç vaxt biz tərəfləri görməmişdi. Həmişə kəndimizlə bağlı onu maraqlandıran müxtəlif suallar verirdi. Soruşurdu ki, ata, sizin kənddə çay var idimi, bulaq var idimi, dağ-daş, meşə var idimi...? Məndən bu xəbəri eşidəndə heç olmasa kəndimizi internetdə görəcəyinə o da sevindi.
Neçə vaxtdan bəri doğma yerlərə həsrət qalmış qonşuları da çağırdıq ki, gəlsinlər kəndə birlikdə baxaq. Az vaxt ərzində hamımız kompüterin qarşısına yığışdıq. Elə tələsirdik ki, sanki hansısa maraqlı bir filmə baxacaqdıq. İnternetə girib "Zəngilan" sözünü yazandan sonra yavaş-yavaş dağlar, dərələr gözlərimiz önündə canlanmağa başladı. Evlər kiçik bir nöqtə kimi, çaylar isə qələmin ağ vərəq üzərində cızdığı nazik xətt boyda görsənirdi. Nəhayət, xeyli axtarışdan sonra doğma kəndimizi "tapa" bildik.
O dərələri, o torpaqları görən kimi özümdən asılı olmadan gözlərim yaşardı. Uşaqlığım keçən o yerlərə neçə il idi həsrət qalmışdım. Yaşanmış, arxada qalmış, indi əlçatmaz olan o çağlarda - qamış "atlara" minib çapanda, bağ-bağatda oynayanda həmişə gurultu eşidən kimi göydə uçan təyyarələri axtarırdıq. Kim səmanın dərinliyində, buludların arasında onu birinci görürdüsə qışqırıb uca səslə "o samalyot mənimdir" - deyirdi. Daha heç kim onun "malına" şərik çıxa bilməzdi. Yoxsa əməlli-başlı dava düşərdi. Təyyarə səmanın dərinliyində bir nöqtəyə qədər kiçilib gözdən itənə kimi onu izləyir, sonra əl edib "sağollaşırdıq". Həmin illərdə təyyarələrə əlimiz çatmırdı. Heç bilmirdik ki, onlar haradan havaya qalxıb hara uçurlar, nədən belə tələsirlər. Eləcə, uzaqdan-uzağa onu "özəlləşdirirdik". Həmişə ürəyimizdən o hündürlüyə qalxmaq, oradan kəndimizə tamaşa etmək keçirdi. Amma o vaxtlar bu mümkün olan iş deyildi. Bu, sadəcə olaraq biz uşaqların fantastik xəyalları, ürəyindən keçən əlçatmaz, ünyetməz arzu və istəkləri idi.
İnternetdə kəndimizə baxanda otuz beş, qırx il bundan əvvəlki günləri və arzuları xatırlayıb yada saldım. Xeyli kövrəldim, gözlərim yaşardı. O böyüklükdə kəndimiz indi internetdə bir ovuc boyda, xım-xırda idi, gözümüzə çox balaca görsənirdi. Bu anlarda uşaqlıq arzularımdan biri - təy-yarədən, buludların arasından kəndimizə baxmaq istəyim yadıma düşdü. Demək olar ki, neçə illər əvvəl ürəyimdən keçən bu arzuya çatmışdım. İndi internet vasitəsilə kəndimizə göydən, özü də lap yuxarıdan, yüksək bir zirvədən baxırdım. Bəlkə də elə bu yüksəklik haradasa yerdən biz gördüyümüz təyyarələr məsafəsi qədər olardı. Amma mən göydə deyildim, yerdəydim, özü də kənddəki evimizdən xeyli uzaqlarda.
Bu tükürpərdici kadrları bir az böyüdəndə qarşımızda açılan dəhşətli mənzərə lap aydın görsəndi. Həkəri çayının sahillərindən baxa-baxa yavaş-yavaş kəndimizə tərəf "gəldik". Ermənilər bir vaxtlar camaatın pambıq, tütün becərdiyi tarlalarda indi nə isə başqa bir şey əkmişdilər. Ağalı yeri adlanan sahədə topa-topa yaşıllıqlar gözə dəyirdi. Təbiidir ki, düşmən burada nə pambıq, nə tütün, nə də bostan məhsulları əkmişdi. Yəqin ki, ermənilər bizim gül kimi torpaqlarımızı murdarlayıb burada narkotik bitkilər becərirdilər. Başqa nə əkəsiydilər ki?
Kənddəki evlərin divarları güclə görsənirdi. Yavaş-yavaş öz evimizə tərəf "boylandım". Başqaları kimi daşnaklar bizim də ata yurdumuzu yerlə-yeksan etmişdilər. Heç vaxt ağlıma gəlməzdi ki, neçə illər sonra evimizin uçurulub-dağılmış, xarabazara dönmüş mənzərəsini də görərəm. Demə, qismətimdə belə ağrı-acıları görmək var imiş. O vaxtlar ağlıma gəlməyənlər illərdən sonra günlərin birində başıma gəldi. Özü də çox gözlənilmədən gəldi. Oğlum Araza evimizi bu vəziyyətdə göstərdim. Nə etmək olar, yazıq uşağa kəndimizin gözəl, axarlı-baxarlı günlərini görə bilmədi. Onun da qismətinə bu faciəli səhnələri görmək düşdü.
Belə həyəcanlı anlarda çox da böyük olmayan həyətimizdə yaşıla çalan kiçik bir nöqtə diqqətimi cəlb etdi. Hər nə idisə aydın görsənmirdi. Axı, bu nə ola bilərdi? Ha fikirləşsəm də heç nə xatırlaya bilmirdim. Bir az çalışandan sonra həmin yaşıl nöqtəni böyüdə bildik. Yaxından baxan kimi yadıma düşdü, ötənlər bir an içində gözlərim önündə canlandı. Bu, mənim hələ orta məktəbdə oxuyarkən öz əllərimlə həyətimizdə əkdiyim tut ağacı idi. Ağacın yaman dadlı - bal kimi tutu olurdu, məhsulu da həmişə bol gətirirdi. Böyüdükcə də həyətə kölgəni lap gen salırdı. Qoyun-quzu da günorta istilər düşəndə tutun altına yığışıb gövşüyə-gövşüyə yatışırdı. Onun qol-budağı artıqca ev-eşiyə, qapı-bacaya yaraşıq verirdi. Yazıq anam da isti havalarda həmişə ağacın kölgəsində sac asıb çörək salardı. Sacın tüstüsü burum-burum göyə qalxar, ocaq çartaçart yanardı. Həmin gün bilirdik ki, anam axşama mütləq bizim qalın dediyimiz dadlı və yağlı çörək bişirəcək...
Tut ağacını görəndə çox sevindim. Bütün olub-keçənlər, yaşanıb arxada qalmış, yaddaşlara hopmuş günlər kino lenti kimi gözlərim önündən keçdi. Sanki bir anlıq kəndimizə baş vurub qayıtdım. Deməli, mənim sevə-sevə əkib becərdiyim, gövdəsini, budaqlarını oxşadığım tut ağacı hələ qurumamışdı. İyirmi beş ildir ki, qar-yağış suyu içə-içə susuzluğa dözüb qayıdışımızı gözləyir. Elə bil əkdiyim bu tut ağacı evimizin hələ də üst-üstdə tökülüb qalmış xırda-xuruş daşlarına, həyətin bərəkətli torpağına keşik çəkib onları qoruyurdu. Kaş biz qayıdana kimi tut ağacı saralıb qurumayaydı. Gərək biz də qaçqınlıq həyatına alışıb çox ləngiməyək...
Hərdən fikirləşirəm ki, insan üçün həyatda öz ev-eşiyindən doğma, əziz və qiymətli olan başqa bir yer varmı? Yəqin ki, hər kəs bu sualın cavabında astaca "yox" deyər. Mənim üçün də o kiçik həyətimiz, evimiz dünyada hər şeydən əziz və doğmadır. Onu heç nə ilə əvəz etmək, heç nəyə dəyişmək mümkün deyil. Bu həyətin hər tərəfində ayaq izlərim qalıb. Axı, mən o, həyətdə doğulmuşam, o həyətdə böyümüşəm. Bura mənim üçün yer üzünün ən gözəl, əvəzolunmaz bir guşəsidir. Bu həyətdə biz atamızı itirmişdik. Bütün sevincli günlərim, uşaqlığım da burada keçib. Hərbi xidmətə bu həyətdən getmiş, iki ildən sonra geri dönmüşdüm. Dünyaya göz açdığım bu həyətdə bir vaxtlar qardaşlarımın, mənim toylarımız olmuşdu. Bu evə gəlin gətirmişdik, xoşbəxtliymizi burada tapmışdıq.
İndi gözəl ev-eşiyimizin bu cür xarabalığa qaldığını, viranə olduğunu görəndə hansı hisslər keçirdiyimi yəqin çəkənlər yaxşı bilər. Mən təbiətcə qəddar insan deyiləm. Amma bu mənzərələri görəndən sonra adamın ürəyində düşmənə qarşı dəhşətli qisas hissi alovlanır. Hərdən öz-özümə sual verirəm ki, axı nəyə görə erməni gəlib bizim evimizə, həyət-bacamıza sahib durmalıdır? Buna onun nə haqqı var? Bu ixtiyarı ona kim verib, niyə verib? Nəyə görə axı erməni gəlib torpağımızı əlimizdən almalı, bizi doğma ocaqlardan didərgin salmalıdır? Dədə-babamızın məzarlarını dağıdıb təhqir etməli, evimizi uçurub dağıtmalıdırlar? Bunlara görə mən torpaqlarımıza soxulan erməni işğalçılarının başını "uf" demədən kəsər, aman vermədən güllələyərəm.
Kəndi cəhənnəmə döndərən erməni qəsbkarları qəbiristanlığa da əl "gəzdirmiş", buraları dağıtmış, ölüləri də rahat buraxmamışdılar. Quldurların ayaqları haralara dəymişdisə, həmin yerlər viran qalmışdı. Ətraf yüz ilin xarabalığına bənzəyirdi. Kəndimizi zəbt edən daşnaklar bağ-bostanların içindən bir-birinə yaxın torpaq yollar salmışdılar. Yolun biri də mənim izilərim qalmış bağımızın ortasından keçirdi. Bunu görəndə bir anlıq hiss etdim ki, ekranda gördüyüm o yol bağımızın yox, elə bil ürəyimin ortasından keçib gedir.
Burada min illər boyu dibinə qalın kölgə salmış ağaclar qırılmış, məhv edilərək yandırılmışdı. Sıx əkilmiş və başı buludlara dəyən söyüd ağaclarından, tut bağlarından və qalın kolluqlardan əsər-əlamət qalmamışdı. Yalnız uşaqlığımız keçən quzu otardığımız, futbol oynadığımız dərə-təpələr dəyişilməmişdi. Quru dərə, Gen dərə, Kiranlıq dərəsi, Qaratikan dərəsi onların yanındakı şiş təpələr, zirvələrindəki sıldırım qayalar olduğu kimi qalmışdı. Ermənilər onların üstündən heç nə qoparıb apara bilməmişdilər. Amma hiss olunurdu ki, dərə-təpələr doğma sakinləri üçün qəribsəyib. Çünki üzləri gülmür, sifətləri açılmırdı.
Öz evimizə diqqətlə baxdıqdan sonra qonşuların, qohumların da həyət-bacalarına göz gəzdirdik. Hər yerdə eyni mənzərə idi; dağıdılmış, uçurulmuş, yerlə-yeksan edilmiş, yandırılmış evlər. Kəndimiz müharibə meydanını xatırladırdı. Əslində isə burada ağır döyüş getməmişdi. Bir top, bir güllə də atılmamışdı. Eləcə, günlərin birində camaatı yalandan təlaşa salıb yerindən-yurdundan çıxarmışdılar.
Ermənilər kənddəki evlərin daşını, dam örtüyünü, bir sözlə, nə yararlı tikinti materialları var idisə, hamısını söküb aparmışdılar. Apara bilmədiklərini də yandırmışdılar. Yalnız ətrafa dağılmış kiçik çarpanaqlardan bilinirdi ki, burada nə vaxtsa ev olub. Başqası baxsaydı, bəlkə də heç bunu görməzdi. Sadəcə olaraq, biz kənd camaatının evlərinin yerini bildiyimizə görə axtarıb baxırdıq ki, görək başqa həyət-bacalar nə vəziyyətdədir. Hara, hansı tərəfə baxdıqsa ürəkaçan bir şey görmədik. Hər yerdə erməni vəhşiliyinin, erməni qəddarlığının qanlı izləri var idi. Dilsiz, ağızsız daşlar da, divarlar da yağıların əlindən qan ağlayırdı. Uzaqdan da olsa, qulaqlarımıza onların qəmli iniltisi gəlirdi. Dağlar, dərələr inildəyib, pıçıldayıb öz sahiblərini səsləyirdilər. Bizim qayıdışımızı, dönüşümüzü intizarla gözləyirdilər.
İndi hərdən yenə də internetə girib kəndimizə, evimizə, həyətimizə baxıram. Şükür, hələ ki, tut ağacı qurumayıb, düşmənə təslim olmayıb. Məğrurcasına dayanıb həyətimizə, uçurulub-dağıdılmış evimizə keşik çəkir. Yolumuzu, gəlişimizi, dönüşümüzü gözləməkdən gözlərinin kökü saralıb. Ona baxdıqca öz-özümə pıçıldayıram: "Quruma tut ağacı, quruma! Yolumuzu gözlə, biz mütləq qayıdacağıq, mütləq o yerlərə dönəcək ermənilərin söndürdükləri ocaqlarımızı yenidən yandıracağıq..."