Aqil ABBAS: AĞDAMDA SÖKÜLƏN TƏPƏLƏR

AQİL ABBAS
211776 | 2018-06-28 10:30
Bu yaxınlarda mətbuatda Ağdamdakı iki təpə haqqında (Əfətli təpəsi və Bayraq meydanı təpəsi) Akademiyanın bir elmi işçisinin məqaləsi rastıma çıxdı. Alim (təəssüf ki, adı yadımdan çıxıb, yəqin ki bu yazını oxuyacaq, məmnuniyyətlə bu məsələ barədə mübahisəyə dəvət edirəm) hər iki təpənin tarixi abidə olduğunu və Ağdam rayon icra başçılarının həmin təpələri məhv etdiklərini yazır. Təpələr müəyyən tarixi əhəmiyyət daşıyır və təbii ki, bu, hər təpəyə aid deyil.

Keçmişdə məsafə ağaclarla ölçülürdü: beş ağac, yeddi ağac, bir ağac məsafəsi də 7100 metrdi. Yəni insanlar bu ağacları tutub yola çıxardılar. Və bir də yol kənarında müəyyən məsafədən bir süni yaradılmış hündür təpələrə rast gələ bilərsiniz. Bunlar da, əsasən elə yol nişanəsi funksiyasını daşıyır. Bundan başqa, müəyyən sərkərdələri, tarixi şəxsiyyətləri türk adətlərinə görə dəfn edərkən üstlərində süni təpə yaradılırdı. Və Azərbaycandakı təpələrin hansının sərkərdələrə aid olduğunu arxeoloqlar müəyyənləşdirə bilər, bir də tarixçilər.

Onu da xüsusilə qeyd edim ki, vaxtilə bir çox təpələr qızılaxtaranlar tərəfindən dağıdılıb. Amma heç kimin əlinə qızıl keçməyib. Uzaqbaşı küp içində skeletlər tapıblar.

88-ci ildə belə bir hadisə olmuşdu. Ağcabədinin Hindarx kəndinin aşağısında bir təpə vardı. O vaxt zəhər səpən təyyarənin bir ukraynalı pilotu Ağcabədidə bir tikinti idarəsinin rəisinə deyir ki, məndə xəritə var, xəritəyə görə bu təpədə qızıl basdırıblar. Və gecəynən tikinti idarəsinin rəisi texnikanı götürüb həmin ukraynalı təyyarəçi ilə birlikdə təpəni dağıtmağa başlayıb. Gecə saat 2-3, xəbər gedib çatır rayonun birinci katibinə. Həmin vaxt Ağcabədinin birinci katibi həm vətənpərvər, həm də sözün düzü, əldən isti Aydın Alıyev idi. Dərhal hadisə yerinə gəlir, söküntünü dayandırır, sonra da tikinti idarəsinin rəisini də, pilotu da salır gərməşov ağacının altına, ustaddan gəlmə çırpır. Səhərisi də rəisi vəzifəsindən azad edir. Və həmin təpədən də heç nə çıxmamışdı.

Bəzi təpələr isə aşınmaya məruz qalıb və dağılıb. Məsələn, elə mənim doğulduğum Ağcabədinin Bayat kəndində Geşəli təpə, Küllük təpə və Bayat təpəsi aşınmadan dağılıb və altlarından da nə qızıl çıxıb, nə də hansısa sərkərdənin qəbri.

Gələk Əfətli təpəsinə. Əfətli təpəsinin qazılmasında Ağdam rayonunun heç bir icra başçısının bir qram da günahı yoxdu. Təəssüf ki, alim qardaş bu təpənin nə vaxt qazıldığının tarixindən xəbərsizdi. Bu təpə Ağdam işğal olunandan sonra hərbçilər tərəfindən qazılıb, yəni 93-cü ildə, orada səngər və post yaradılıb. Həmin təpə ilə təmas xəttinin arası təxminən 3-4 kilometrdi. Və bu təpədən durbinlə baxanda Ağdam şəhəri əl içi kimi görünür. Dəfələrlə özüm həmin nöqtədən hərbçilərin durbini ilə Ağdamı müşahidə etmişəm. Sonradan hərbçilər öz postlarını, müşahidə məntəqələrini sırf təmas xəttinə çəkdiklərinə görə təpə də elə dağılmış halda qaldı.

Vaxtilə Əfətli kolxozunun sədri Hüseyn Abbasov 2-3 kilometr məsafədən Ağcabədi-Ağdam yolunun üstündəki təpənin düz yanına savab iş görüb su çəkdirmişdi, bir el bulağı yaratmışdı. Özü rəhmətə gedəndən sonra oğlanları o bulağı daha gözəl tikdilər və orda bir yaşıllıq da saldılar.

Alim qardaş tənqid edir ki, təpənin ətəyində çayxana və mağaza açıblar. Çayxana orda bir 30 il bundan əvvəl açılıb, yəni Ağdamın müstəqillikdən sonrakı icra başçılarına dəxli yoxdu. Amma o düzdür ki, mağaza gərək ki son on ilin məhsuludu. Və bunlar da təpədə deyil, təpənin kənarındadı. Və el də yığılıb bu təpənin aşınmaya məruz qalmaması üçün ağaclar əkiblər.

Bayıl bilirsiniz niyə sürüşür, dənizi çox sevdiyinə görə yox. Vaxtilə orda əkilmiş ağacları kəsib yerində hündürmərtəbəli binalar, eləcə də gecəqondular və restoranlar, yeməkxanalar tikildiyinə görə. Bayılı sürüşmədən ağaclar saxlayırdı.

Əgər mənim də Bayatdakı qohum-əqrəbalarım vaxtında o aşınmaya məruz qalan təpələrdə bir əlli-altmış ağac əksəydilər nə o təpələr dağılardı, nə də Geşəli təpədən çıxan yayın tülyanında da suyu bumbuz olan qaynama quruyardı.

Yeri gəlmişkən, Əfətlidə bir təpə də var, yoldan bir az aralıda, o təpənin də bu günə sağ-salamat gəlib çatmasında rəhmətlik Hüseyn Abbasovun xidməti danılmazdı.

Alim qardaş, yəni onu demək istəyirəm ki, Əfətli təpəsini nə Ağdam rayon icra başçıları, nə də Ağdam camaatı qazıb, hərbçilərin işiydi. Və bu gün də təpə yerində durur, ürəyiniz istəyən vaxt üstünə çıxıb durbinlə Ağdama baxıb kövrələ bilərsiniz.

Keçək Bərdədən Ağdam ərazisinə daxil olarkən çayın qırağındakı təpəyə. Bu təpədə heç bir qazıntı işləri aparılmayıb. Burda Nizami Sadıqovun vaxtında Azərbaycan Bayrağı ucaldılıb, ətrafında isə Şəhidlər Xiyabanı yaradılıb, şəhidlər üçün abidə qoyulub, özü də möhtəşəm bir abidə. Və bu abidənin üzərində də ölkənin hər yerindən gəlib Ağdamda şəhid olmuş qeyrətli oğulların adları həkk olunub. Və heç vaxt bu abidənin önünü boş görməzsiniz. Azərbaycanın ən ucqar bölgələrindən belə bu abidəni ziyarətə gəlirlər. Kimi oğlunu yad eləmək üçün, kimi nəvəsini gətirir ki, bax, atanın, babanın adı bu müqəddəs şəhidlərin sırasında yazılıb.

Və orda hətta bir çayxana var, ziyarətə gələnlər də orda istirahət eləyirər, ehsan çayı içirlər, yəni pulsuz. Və təpənin üzərində ucaldılmış həmin Bayraq Ağdamdan da görünür, işğal altındakı torpaqlardan da görünür. Belə demək mümkünsə, işğalçıların gözünə girir.

Bu yazını niyə yazdım? Yəni əsl həqiqət nədi bilsinlər. Ağdamın icra başçılarını tənqid eləmək üçün bu təpələr əsas deyil. Hər bir başçının nöqsanı var, eləcə də Ağdamda işləyən başçıların. Tənqid etmək istəyən üçün nə qədər istəsəniz nöqsan tapa bilərsiniz. Buyurun, həmin nöqsanları yazın. Yəni alim qardaş başçını və ya başçıları tənqid eləmək üçün hədəfi düzgün seçməyib. Bir də ki indi dünya dəyişib, hansı təpədə nə olduğunu öyrənmək üçün heç də qazmaq lazım deyil. Texnikanın köməyi ilə nəinki təpənin altını, hətta yerin yeddinci qatını öyrənmək olur.

Yeri gəlmişkən, Bayat təpəsində bir Əfqanıstan müharibəsi veteranı öz «Jiquli»sini sataraq 20 Yanvar qurbanlarına möhtəşəm bir abidə qoyub. Bu da bir ağcabədilinin insanlığa nümunə ola biləcək bir addımıdı.


TƏQVİM / ARXİV