adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyun 2018 15:55
7424
MƏMLƏKƏT
A- A+

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən xəbərə görə, hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən tətbiq ediləcək.

Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) dəmir yolu körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edir. Təmir işləri sözügedən hissədə birinci mərhələdə üzrə yalnız sol 3 hərəkət zolağında aparılacaq, yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayacaq.

Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi-"Şamaxinka” adlanan ərazi istiqamətinə yönəldiləcək.

Nəticədə sürücülər 20 Yanvar dairəsi və "Şamaxinka”-dan istifadə etməklə yenidən əsas yola çıxa biləcəklər. Bundan başqa sürücülərin Biləcəri enişindən istifadə etməklə Delfin otelin qarşısından da əsas yola çıxmaq imkanları olacaq. Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxacaqlar.

Sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etməkləri tövsiyə olunur, təmir işləri aparılan ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Təmir işlərinə uyğun olaraq növbəti mərhələlər çərçivəsində baş tutacaq məhdudiyyətlər barədə öncədən ictimaiyyətə ətraflı məlumatlar veriləcək.