adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyun 2018 14:27
6710
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: HƏR DONDURMANI YEMƏK OLMAZ

Havalar get-gedə daha da isinir. Yəni yay zaman-zaman özünü göstərməyə başlayır. Və havalar da isti olanda insanlar canlarını bu istinin əlindən qurtarmaq üçün ya sərin yer axtarırlar, ya da sərinləşdirici içkilər barəsində düşünürlər. Bu da təbiidir. Yəni hava həddindən artıq isti olanda adamlar ya meşələrə baş çəkir, ya da çimərliklərə üz tuturlar. Ürəyi susundan yananlar isə dondurmaya daha çox meyl edirlər.

Aydındır ki, dondurma istehsalı sahəsində məmləkətimizdə həmişə bir bolluq olub. Başqa sözlə demiş olsaq, kimin ürəyi hansı dondurmanı istəyirsə, onu da axtarıb tapır. Ancaq gərək dondurma da dondurma ola da. Ən azından ona görə ki, dondurmaların istehsalı zamanı bir çox texnoloji proseslərə və eləcə də onun hazırlanmasında istifadə olunan komponentlərə diqqət yetirmək lazımdır. Təəssüf ki, heç də bu məsələlər həmişə diqqət mərkəzində olmur. Belə ki, bir çox nəzartədən kənarda qalan dondurma istehsalçıları tələm-tələsik onu hazırlayaraq və keyfiyyətsiz bir formada bazara çıxarırlar.

Hansı ki, dondurma istehsalında bir çox vacib şərtlər var: ilk növbədə dondurma hazırlanan məkanda sanitar-gigiyenik qaydalara əməl olunmalı, eyni zamanda hazırlıq prosesində standarta cavab verən qidalar əlavə edilməlidir. Yəni dondurmanı marqarin yağı ilə deyil, kərə yağı ilə hazırlamaq önə çəkilməlidir. Üstəlik də bu proses zamanı rəngli maddələrdən az istifadə edilməlidir. Heç kimə sirr deyil ki, əksər dondurmalar ya qırmızı, ya qəhvəyi, ya da çəhrayı rəngdə olur. Bu rənglər isə birmənalı olaraq insan orqanizmi üçün təhlükə mənbəyidir. Yəni qara ciyərdə rənglər ağır fəsadlar yarada bilər.

Ancaq göstərdiyimiz bu şərtlərə əksər istehsalçılar əməl eləmir. Bu barədə Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov da dəfələrlə öz narazılığını bildirib. O qeyd edib ki, bəzi dondurma istehsal edən istehsalçılar kərə yağı əvəzinə marqarindən istifadə edirlər. Bu isə birmənalı olaraq istehlakçıların hüquqlarının pozulması deməkdir.

Bu gün Bakı şəhərində əksər mağaza və dükanlarda havalar istiləşdiyinə görə, dondurmalar satılır. Ötən il bir ədədi 20 qəpiyə satılan dondurma bu gün niyə 35 qəpiyə satılır, bax, bunu başa düşmək olmur? Hər şeyin qiyməti sabit olduğu halda birdən-birə ötən il 20 qəpiyə satılan dondurma indi 35 qəpiyə satışa çıxarılır. Görünür, bəzi istehsalçılar istehlakçıların maraqlarını deyil, öz maraqlarını ön plana çəkməyə can atırlar.

İkinci bir məsələ isə dondurmaların mağaza və dükanlarda saxlanılması qaydalarına əməl edilməməsidir. Bəzi mağazalar elektrik enerjisinə qənaət etmək məqsədilə axşamlar mağaza bağlanandan sonra içərsində dondurma olan soyuducuları söndürürlər. Və bir də səhər saatlarında mağazanı açanda həmin soyuducular işə düşür. Soyuducu işləməyən saatlarda isə dondurmalar əriyir, keyfiyyətini itirir və hətta əzik-üzük vəziyyətə düşür. Bu cür dondurmaları alıb yeyən istehlakçıları isə təbii ki, müxtəlif xəstəliklər gözləyir.

Mən də dəfələrlə hər hansı xarici ölkədə olanda dondurma alıb yemişəm. O dondurmaların tamı adama ləzzət eləyir. Və uzun müddət onun dadı damağımdan getməyib. Amma sözün düzü, yerli dondurmalarımız isə mənim bir o qədər də xoşuma gəlməyib. Düzdür, nəvələrim hər cür dondurmanı xoşlayır. Ancaq dəfələrlə görmüşəm ki, aldığım dondurmalar heç də ürəkaçan olmayıb. Ona görə də bu keyfiyyətsiz dondurmanı geri qaytarıb gedib başqa dükandan daha dadlı və keyfiyyətli dondurma almışam.

Ancaq bu gün əhalinin böyük əksəriyyəti dondurmanın keyfiyyətli olub olmamasına qətiyyən fikir vermir. Onları bir şey maraqlandırır: təki dondurma olsun, onlar yesinlər və bu isti havalarda sərinləsinlər.

Sonda onu demək istəyirik ki, Qida Təhlükəsizliyi Agentliyi yay mövsümündə əksər qidaların keyfiyyətinə nəzarəti yaddan çıxarmalı deyil. O cümlədən dondurma istehsalında da Bakı şəhərində həmişə bir hərc-mərclik, özbaşınalıq hökm sürüb. Yaxşı olardı ki, adını çəkdiyimiz məlum qurum bu məsələlərə müdaxilə edəydi və mövcud nöqsanlar zamanında aradan qaldırılaydı. Bu müdaxilə də qanun çərçivəsində olmalı, sahibkarların normal fəaliyyətinə xələl gətirməməlidir.

Heç kimə sirr deyil ki, bizdə bəzi yoxlamalar obyektivlikdən çox şəxsi maraqlara xidmət edir. Amma inanırıq ki, yeni qurum bu obyektivliyi qoruyacaq və əhaliyə keyfiyyətsiz dondurma satan istehsalçıları məsuliyyətdən kənarda qoymayacaqlar.