adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Iyun 2018 09:53
10871
ƏDƏBİYYAT
A- A+

"Yeniyetmələr"

Povestdən bir parça

Allahverdi Eminov

(əvvəli ötən şənbə saylarımızda)

Midhət müəllim şairin qolundan yapışdı və:
- Bufetdə çay içək, - dedi. - Yol gəlmisiz. Həmid müəllim rayondan çıxıb, yarım saata buradadır.
Musa Yaqub bu adı ilk dəfəydi eşidirdi.
- Kişiyə niyə əziyyət vermisiz?
- O şeiriyyatı sevəndir, sizin yaradıcılığınızla tanışdır, - deyib qapıya sarı gəldi, özü açdı, biz onun ardınca birinci mərtəbəyə düşdük. Kiçik şirin stol açılmışdı. Havanisə xala təndir çörəyi, pendir, yağ göndərmişdi Tahirəylə. Musa Yaqub pendirdən iştahla yedi.
Məktəblilər kluba toplaşmışdı, qulağıma şeir gəlirdi, şən səslər dəyirdi.
Bu ara Midhət müəllim ayağa qalxdı və qapıya yaxınlaşdı.
- Həmid müəllim yuxarıdadır, - dedi və üzrxahlıq eləyib çıxdı. Yubanmadılar. Həmid müəllim salam verib, onu ayaq üstə qarşılayan Musa Yaqubun əlini sıxdı, bağrına basdı. - Xoş gəlmisən, - dedi.
O, bir stəkan çay içdi. Musa Yaqub sürücünü məndən soruşdu, məktəbdədir, - dedim.
- Maraqlı oğlandır, Həmid müəllim, sürücünüz. Bizi rahat gətirdi, buraların hər bir ağacını belə tanıyır. Valeh oldum ona.
- Düz buyurduz, dünyagörüşlüdür. Yumorludur. Həm də mahir ovçudur. Arabir onunla çıxırıq ova.
Təşkilatı iş Çimnaz müəlliməyə tapşırılmışdı. Şagirdlərini sevəndi, onlar da həmçinin.
O, içəri girib ümumi salam verdi, artıq uşaqların bizi gözlədiyini çatdırdı.
Musa Yaqub onun görüşünə gələnlərə baş əydi, qoşa əlini havada birləşdirib, bir daha şagirdlərə, müəllimlərə təşəkkürünü bildirdi.
Tribunada, yəni sədarətdə Midhət müəllim, Musa Yaqub və Həmid müəllim idi. Yığıncağı direktor aparırdı. O, qısa "giriş"dən sonra şairin həyatına ötəri ekskurs elədi və üzünü Həmid müəllimə çevirdi:
- Sizin sözünüz? - Müraciətiydi.
Ayağa qalxıb:
- Söz şairindir bu gün. - Nikbin ovqatla deyib əyləşdi.
Musa Yaqub sonra ona xoş gələn bir məqamdan necə qürurlandığını gizlətmədi. İri hərflərlə yazdığı misraları oxuyub kövrəldiyini dedi:
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən
Çürüyüm, bir ovuc torpağın artsın!

Ssenarini mən qurmuşdum, əlbəttə, özüm düşündüyüm kimi. Mən əsasən təbiət və məhəbbət motivli şeirlərə üstünlük vermişdim.
Yeniyetmələr nə qədər təhsilin quru tələblərində ilişib qalacaq, həyata sərbəst baxmayacaq, dəruni hisslərini qapalı saxlayacaq.
Həyata gözüyumulu atılacaq, sevgininmi, məhəbbətinmi fəlsəfəsini duymadan, zahiri görkəmə uyaraq ailə quracaqlar. Və bir gün...
Mən auditoriyada bu məsələni bir neçə müəllimimdən açılmasını demişdim. Razılaşmışdılar. Mərhum pedaqoq Abbas İsmayılov - qamətli kişi, qorxmaz insan açıqca bildirmişdi ki, Sovet təsirindən çıxmamışıq hələ.
Müstəqil və milli şüurumuzu, gənc nəslin hisslərinin tərbiyəsini qurmamışıq. Dərslərimizdə pedantçılıq ruhu yaşayır. "Ailə" dərsliyimiz vardı, onu da vurub ortadan qovdular.
Bu ötən illərin kiçik bir epizodu idi.
Oxunacaq nümunələrdə ata - valideyn məhəbbəti, sevinməklə yanaşı kədərlənməyi də bacarmaq, müqəddəsliyi aşılamaq motivlərini nəzərdən qaçırmamışdım.
Əlbəttə, ilk şeir sözünü yeniyetmə oğlan üçün nəzərdə saxlamışdım. Adətən, oğlanları qızların kölgəsində tuturlar və adları "əyləncəli, ötəri məhəbətdə" hallandırırlar. Hətta sinifdən sinfə adlayır. Mən ilk aylardan bu ənənəni duymuşdum. Və ilk sezdiyim Rəşad idi - mən bəlkə hiss eləmişdim. Bu ciddi şagird sevə də bilər, lap Tahirəni də! Belə məhəbbət illərin qanadında yol da gedir, unudulmur. Bəs qovuşmayan bu hisslərin günahkarı kim olur? Rəşad səliqəli geyinmişdi. Saçını daramışdı sağ yana. İri və işıqlı gözlərində yeniyetmə - gəncliyin ilk aylarına qədəm basması duyulurdu. O, boğazını arıtladı, sıxılırdı, az sonra özünü tapdı.

Demə çöldə gülüm, dağda qarımsan,
Sevgidə son sözüm, son baharımsan.
Sən mənim bir tale günahkarımsan,
Daha nə mərhəmət, nə insaf eylə,
Çinar kölgəsində yasəmən kimi
Əyil günahını etiraf eylə.

Rəşad bu misraları deyib ara verdi, yenə boğazını arıtladı, üzünü oturanlara tutdu. Məni həyəcan götürmüşdü iki səbəbdən: şeirin arxasını ya unutmuşdur, yada utandığından qəhərlənmişdir. Yanılmışdım, müəllim həyəcanım titrəyirdi sinəmdə. O, davam elədi:

... Sənin sevgi yolun.- yolun bozudu,
Elə bil ürəyin bulaq buzudu.
Təbəssümün gülə çilənmiş sudu -
Ondan işıq düşməz mənə bir gilə.
Sən ki, şeh deyilsən, düş o ləçəkdən
Düşüb günahını etiraf eylə.

Alqışlar ürəyimə qızmar günün istiliyini apardı, ruhuma çiləndi. Mən bu mənzərəni özümünki hesab edirdim. Şairə baxdım, o, hələ əl çalırdı. Sıx qapqara saçlarına barmağı ilə toxundu. Görəsən şairin ürəyindən nə keçirdi?
Ssenarilə söz sağ cərgədə oturan qarayanız, girdə sifətli Südabəyə verildi. Hansı ki, o, fizikanı, riyaziyyatı sinifdə ən yaxşı bilən şagird idi və bu tərifi Çimnaz müəllimədən eşitmişdim. Son üç ayda ədəbiyyat dərslərimdən yaxşı qiymət alırdı. Kitabxanaçıdan xəbər aldım ki, bədii kitablar alır. Son oxuduğu kitab Vidadi Babanlının "Vicdan susanda" romanıdır. Bu, sevindirdi məni. Amma söz yerinə düşəndə sinifdə bildirdim ki, hansı birinizin hansı fənnə ciddi marağınız varsa, onun dalısınca gedin. Bədii əsərlər sizin gərginliyinizi aradan qaldıracaq, nitqiniz səlisləşəcək. Yadınızdan çıxmaz: ötən dərslərimizdə Füzulidən, başqa şairlərdən danışmışdım, poetik misralardakı elmin gizlinlərindən. Mən yanılmamışdım. O, həsrət hissli bir şeiri əzbərləmişdi:

O qaranquş yuvası ki, soyuyub,
O göldə ki, qərib durna uyuyub
Könlüm sənin ümidinə çox uyub
Apar məni bu ümidin dalınca.

Südabə şeiri yeniyetmə qəlbindən süzüldüyünü üzünün mimikası ilə, əlinin hərəkəti ilə əyaniləşdirirdi. Şeirin hansı bənddə qurtaracağını bilmək çətindi. Birdən şair ayağa qalxdı, o, vəcdə gəlmişdi. Üzünü Südabəyə tutdu və əlini qaldırdı. Bir kəlmə də irad tutmadan son misraları gümrahcasına dedi:

Sən zirvədə, mən dərənin dibində,
Mən payızda, sən bir bahar təbində.
Bir ağ yelkən küləklənir dəmində,
Apar məni bu ümidin dalınca.

Zala qəribə sükut çökmüşdü, əl çalan yox idi, baxışlar şairə dikilmişdi. O, bu yaşında sevgi günlərinə qayıtmışdı, əhvalı oyanmışdı. Həmid müəllim, Midhət müəllim susmuşdu. Yaş onları da xatirələr dünyasına aparmışdı.
Mən... Mən hələ sevgi yolumda kimisə axtarırdım. Üçüncü şagird Tahirə idi və sonuncu - hələlik. Tahirə şeirin başlığını demədi. Gözlərim onda idi: ümid təcəssümü olan boyu, uşaq simasını andıran üzü pörtmüşdü. Yeniyetməlikdən gələn zəriflik onun kədərli gözlərində çırpınırdı. Dodaqlarında hıçqırıq gilələnirdi, amma özünü toplamağı bacardı:

Torpaqdan silinib izləri itdi,
İzində bir körpə addımı bitdi.
Dünyada tutduğu zərrə yerini
Öz hava payını, öz su payını
Bizə - insanlara tapşırdı getdi
Ata itirmişəm, atamı...

Qəribə tale. Barmaqları titrəyirdi. Qara dairəylə örtülmüş yeniyetmə gözlərində kölgə yox idi. Bəli, atasız uşaqlar aciz olurlar.
Heyətin üçü də ayağa qalxdı, birinci Həmid müəllim idi, Tahirəyə tərəf getdi, üç taxta pilləkəndən düşüb onu qabaqladı, qolları arasına aldı, bir kəlmə də söz demədi, göz yaşları aydın görünürdü. Və öz yerində oturdu, ustufca dəsmalı ilə göz yaşını sildi. Mən öz payıma sarsılmışdım.
Şair özünü saxlaya bilmişdi. Midhət müəllim ayaq üstə sanki donmuşdu. Bu üç insanın ataları dünyasını dəyişmişdi...
Çimnaz müəllimə şeir oxumadı, onu başa düşürdüm, çətin idi, məclis tutmuşdu onu. Müraciətsiz dedi:
- Əziz şeir sevənlər, söz böyük şairimiz Musa Yaqubundur. İlk əl çalan özü oldu, təklənmədi.
Musa Yaqub tribunaya qalxdı, qapqara saçları onun sifətinə nuranilik verirdi. Bundan savayı şairin xoş, mülayim kişi əlamətləri oxunurdu, vicdan sədasını görmək müşkül olmazdı.
- Əziz balalar - ilk sözünə başladı. - Sizdən bircə xahişim var, şeir oxunanda əl çalmayın, elə mənim özümə də. - Gülümsündü. Şairlər əvvəl düşündüyünü sonda hissiyata qapılıb unudur, məndə də mümkündü. Görüşə gələnləri bağrıma basıram, dərin sevgilərimi bildirirəm. Xüsusilə, tədbirin təşkilatçılarına. Bu kəndiniz mənim doğulduğum Buynuzdan heç də fərqlənmir, bir bölgədəyik: meşələr, Baba dağı, irmaqlar. Məni ilhama düçar edən təbiətdir, onun yaratdığı möcüzələrdir. Sarıbulağa gələndə uşaqlığım, yeniyetməliyim yadıma düşürdü. Atamın, anamın nigarançılığı, mənim meşədən salamat qayıtmaq intizarım yadıma düşürdü. Pələng, ayı, canavar bəzən insana hücum edir. Mənə göndərdiyiniz kağız qeydlərinizdə payızı, qarağacını, dağları, daşı daha çox tərənnüm etdiyimi yazırsız, haqlısız. Şair gördüyünü və duyduğunu qələmə alır. Nə gizlədim, yol boyunca mənzərələr yaddaşımda misralaşırdı, sağlıq olsun, yolum bir də düşərsə, o şeirləri oxuyaram sizlər üçün.
Mən cavanlığımda bir şeir yazmışdım, özümün də ümidim yoxuydu bu misralar seviləcəkmiş. Bəzi misraları yadımda qalıb.

Bu nədir, üfüqə qar düşüb elə,
Bir cuna göylərdən asılı qalıb.
Girib ünsiyyətə qaranlıq ilə -
Dərələr ucalıb, zirvə alçalıb.
Kahalar ətrafa qaranlıq ələr,
Dağlar çox qəribə olur gecələr.

Son bəndini deyəndə heyrətlənmişdim. Şair elə bil daha şeir söyləməyəcəkdi, kövrəlmişdi. Bir qədər fasilə verdi, əlini bayırın mənzərəsinin göz önünə gətirən pəncərəyə uzatdı, dağları görmüşdü şair. Elə bil dağlar şairin onları unutmadığını duymuşdu: təbiətdə belə sirli möcüzələr olur.
Bir şirin yatışdan gəlib həvəsə,
İstərəm mən də bir dincəlib yatım.
Bu böyük yuxunun önündə nəsə
Kiçik yuxusundan utanır adam.
Yəqin ki, nəhənglər belə dincələr,
Bəlkə də ucalıq belə dincələr...
Dağlar çox qəribə olur gecələr!

Şairin özü çılğın şagirdləri sakitliyə çağırmşdı - o yeniyetmələr ki, sinifdə şıltaqlıq edir, müəllimin fikrini dağıtmağa çalışır, ərköyünlük edirlər. Şeir onları məst etmişdi.
- Sizlərdən ayrılmaq çətindir. - Musa Yaqub üzünü oxucularına tutdu. - Sizlər təmiz Vətənimizin pak övladlarısız. İnsanı da yaşadan təmizlikdir, ömrünüz uzunu bu fenomenə sadiq qalın. Son şeirimlə sizlərdən ayrılacam, çətin də olsa. Vaxt keçir...
(ardı var)