adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

İSA HÜSEYNOVDAN MUĞANNAYƏDƏK

VAQİF YUSİFLİ
31825 | 2018-06-23 09:41
"Siz bilirsiniz ki, mən 1928-ci ildə Qazax rayonunun Muğanlı kəndində anadan olmuşam. 1945-ci ildə orta məktəbi, 1952-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişəm. 1948-ci ildən yazmağa başlamışam. Və bunlar hamısı bir yerdə doğrudan da sizin gözünüzün qarşısında böyümüş adamın tərcümeyi-halı olar. Lakin məsələ bundadır ki, mənim ruhən necə böyüdüyümü, hansı məktəblərdə, hansı institutlarda oxuduğumu hətta ailəmin üzvləri də bilməmiş və duymamışlar.
"Tərcümeyi-halım" deyərkən mən atamın ərizə verib müharibəyə könüllü getdiyini və tezliklə 416-cı diviziyanın şöhrətli zabitlərindən biri olduğunu, "Kommunist" qəzetində onun şəklini gördükdə dəmiryol stansiyasından kəndə qədər dörd kilometr yolu birnəfəsə yüyürdüyümü, oğlu gedəndən sonra iflicdən qolları da, qıçları da işləməyən nənəmi sevindirmək üçün necə tələsdiyimi xatırlayıram. Bundan bir il sonra "Ədəbiyyat qəzeti"ndə atamın Səməd Vurğuna cəbhədən məktubunu, o məktubda bizim ailəni yoluxduğuna görə atamın şairə təşəkkürünü xatırlayıram. Müharibə illərində kəndimizdə şahidi olduğum müsibətləri və bu müsibətlər içində məhv olmuş gəncliyimi xatırlayıram.
"Tərcümeyi-halım": Bakı, Universitet.
"Tərcümeyi-halım". Moskva, Literaturnı institut. Bundan sonra mənim, necə deyərlər, yetkinlik dövrüm başlanır, keçdiyim həyata, hadisələrə, insanlara yeni gözlə baxmaq dövrüm. ..Tələbəlik illərimdən bir fakt. Professor Məmməd Arif Dadaşzadə "Nə oxumusan?" Mən: "Oblomov", "Obıknavnnaya istoriya". Professor bir qədər təəccüblə: "Nə üçün məhz bunlar? Qonçarovda nə xoşuna gəlir?". "Ümumiləşdirmə qabiliyyəti". Bu mükalimə mənim sonrakı, az-çox şüurlu həyatım üçün epiqrafdır.
Çap olunmağa başladığım ildən (1949) bir fakt. Mehdi Hüseyn: "Səni tənbeh eliyəcəm. Oçerkdə niyə öz atandan yazmısan?". Mən: "Çünki atamı yaxşı tanıyıram". Bu mükalimə isə mənim bütün yaradıcılığım üçün epiqraf ola bilər".

İsa Hüseynov. "Ömrümdə izlər"

Bizim üçün İsa Hüseynov kimdir?

İsa Hüseynov təpədən-dırnağa sırf Azərbaycan yazıçısıdır, Azərbaycan bədii təfəkkürünün yetirməsidir. Bu millətin mənəvi, etik və estetik dünyasını, tarixi keçmişini və yaşadığımız XX əsri heç bir qeyd-şərt olmadan bir tarix kimi öyrənmək istəyiriksə, ən başlıcası, kimliyimizi dərk etmək istəyiriksə, İsa Hüseynovun nəsri bədii və bədii olduğu qədər də ictimai-siyasi və əxlaqi-tərbiyəvi əhəmiyyətli BÖYÜK KİTABDIR.
Milli ədəbiyyatımızın (söhbət nəsrdən gedirsə) və bununla da Azərbaycan mənəviyyatının tərəqqisinə xidməti əsas götürülərsə, İsa Hüseynov Mirzə Fətəli Axundzadədən, Mirzə Cəlil Məmmədquluzadədən, Əbdürrəhimbəy Haqverdiyevdən, Yusif Vəzir Çəmənzəminlidəngsovet dövrünün bir neçə yazıçısından sonra (Süleyman Rəhimov, Mirzə İbrahimov, Mir Cəlal, Mehdi Hüseyn, İlyas Əfəndiyev) BİRNİNCİLİK missiyasını yerinə yetirən bir yazıçıdır. O, "Yeni Azərbaycan nəsri"nin banilərindən biridir. O, İsmayıl Şıxlı və Sabir Əhmədli ilə birgə-əllinci illərin sonlarında-altmışıncı illərin əvvəllərində nəsrimizdə yeni bir mərhələnin başlanğıcını isbatladı və nə qədər subyektiv səslənsə belə, deməliyəm ki, İsa Hüseynovun xidmətləri bu mənada daha çox diqqəti cəlb edir.
Xalq yazıçısı Anar yazır: "Yeni Azərbaycan nəsrini İsa Hüseynovun povestləri olmadan təsəvvür etmək çətindir, o, şübhəsiz ki, bu nəsrin əsas yaradıcılarından biridir. Xüsusilə, "Yanar ürək" romanında İsa Hüseynov yeni Azərbaycan nəsrinin sələfi kimi çıxış edir... Mirzə Cəlilin dünyasını dərk etməsindən 39 il keçmişdi. İsa Hüseynov isə çağdaşımız idi, bizim aramızda yazıb-yaradırdı və biz "Teleqram"ı, "Saz"ı, "Tütək səsi"ni, "Kabus"u oxuyub dərk edirdik ki, doğma dilimizdə də belə yazmaq olar - bəzək-düzəksiz, yalançı pafossuz, Sabir demişkən: "mətləbi uzadan" sözçülüksüz...gMənim fikrimcə, "Tütək səsi" povestinin finalı öz emosional təsir gücünə görə C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestinin sonluğu ilə bir sırada durmağa layiqdir".
Görkəmli dilçi, akademik Tofiq Hacıyev yazırdı: "İsa Muğanna deyəndə, təbii ki, ilk olaraq İsa Hüseynov yada düşür. Yəni yada düşür ki, yarım əsr öncə - 50-ci illərin əvvəllərində İsa Hüseynovun imzası ilə bir cavan yazıçı cəsarətlə ədəbiyyatımıza daxil oldu. O, təzə mövzular gətirdi, ənənəvi mövzulara üslub yeniliyi verdi, bədii nəsrin dilini təzələdi. Nəhəng sənətkarların mühitində bu gənc yazıçının nisbi müstəqilliyi birmənalı qarşılanmadı. Sevinənlər də oldu, qısqananlar da".
Mövlud Süleymanlı isə deyirdi: "İsa Muğannanın yazı dili hardasa mənim qəbul elədiyim dil deyil. Yəni tərkibində ərəb-fars birləşmələri çoxdu. Bununla belə mən oxucu kimi İsa müəllimin sözünün qarşısında bu cür xırdalıqlara getməmişəm, daha doğrusu, o haqda düşünmək heç ağlıma da gəlməyib. İlk cümlələrdən Böyük ədəbiyyatın heyrətedici, sarsıdıcı gücünü, havasını duymuşam. İsa Muğanna haqqında deyilən söz bu gün üçün yox, sabahlara, ən azı yüz il, min il sonralara deyilməlidi".
Mənim üçün isə İsa Hüseynov Azərbaycan həqiqətlərini bütün sərtliyi və tarixi reallığı ilə canlandıran ən böyük yazıçıdır. Sovet demokratiyasının "çiçəkləndiyi" illərdə cəmiyyətin üzdə görünən və görünməyən, amma bütün mahiyyətini ifadə edən reallıqlarını ilk dəfə İsa Hüseynov ədəbiyyata gətirdi. Onun qələmində adi adamlar, sıravi insanlar əvvəlki "müstəsna" qəhrəmanlardan tamamilə fərqləndilər. Çox çəkmədi ki, İsa Hüseynovdan sonra ədəbiyyata gələn "altmışıncılar" - yeni ədəbi nəsil onun böyük yazıçı olduğunu etiraf etdilər.
Ümumiyyətlə, keçən əsrin altmışıncı illəri ədəbiyyatımızın inkişafında ikinci dirçəliş dövrü kimi səciyyələnə bilər - birinci dövr Mirzə Cəlillə başlayır, o, "Poçt qutusu" və "Molla Nəsrəddin" vasitəsilə əsrdaşlarını bir yerə, bir məkana toplayır, milləti intibaha səsləyir, əsrin ikinci yarısında isə İsa Hüseynovun "Yanar ürəy"i milləti cəsarətli olmağa, milli-mənəvi şüurunu dərk etməyə, haqsızlığa qarşı inadla mübarizə aparmağa, Şəxsiyyət olmağa ruhlandırır. Artıq Zaman da dəyişirdi, şəxsiyyətə pərəstiş heykəlləri uçulurdu, ədəbiyyat da bunun fərqində idi, artıq yazıçıları ənənəvi problemlər yox, Şəxsiyyət və İnsan maraqlandırırdı, bədii fikir şəxsiyyətə doğru hərəkət edirdi, məkan əhatəliliyi, hadisələr və surətlər bolluğu minimum həddə endirilirdi, ədəbiyyatda kolorit zənginliyi, xalq həyatının bu vaxtacan təsvir olunmayan aspektləri üzə çıxarılırdı. "Yeni Azərbaycan nəsri" bu mənada ədəbiyyatımızda əsl hadisəyə çevrildi (bu haqda geniş və təfərrüatlı söhbətə ilk dəfə təkan verən görkəmli tənqidçi Akif Huseynli oldu).
"Yanar ürək", "Teleqram", "Şəppəli", "Saz", "Tütək səsi","Kollu Koxa"

İsa Hüseynovun yaradıcılığı heç şübhəsiz, Azərbaycan bədii nəsrinin ən möhtəşəm zirvəsində yer tutan əsərlərlə müşayiət olunur və açığını etiraf edək ki, bu əsərlər olmasaydı, ədəbiyyatımızda böyük bir boşluq, dərin bir çat yaranardı. Çünki bu əsərlər təkcə ideya-bədii məziyyətləri ilə deyil, həm də ədəbiyyata, xüsusilə, yeni nəsil ədəbiyyatına təsir etmək mənasında da böyük bir missiyanı yerinə yetirdilər.
"Yanar ürək" o zamankı ədəbiyyatın kredosuna çevrilən bir əsərlərdən biri idi və Zamanın-Stalinin şəxsiyyətə pərəstiş kultunun aradan qaldırıldığı, mənəvi despotizmin, partiya, kommunist hegemonluğunun tədrigən iflasa uğradığını xəbər verən bir dövrün bədii, həm də tarixi bir sənədi oldu. Ədəbiyyatda "atalar-oğullar" konfliktinin mövcud olduğu zamanları xatırlayaq. Əksərən mühafizəkar "atalar"ın qələbəsiylə başa çatırdı bu konfliktlər. Lakin "Yanar ürək"də "mühafizəkar atalar" məğlubiyyətə düçar olur. Onların heç də müqavimətsiz başa gəlməyən məğlubiyyəti əslində, sosializm "demokratiyasının" iflasının başlanğıcı idi. Əmi (Sultan Əmirli) və qardaşoğlu (Səməd Əmirli) arasında baş verən münaqişə kommunist despotizminin süqutu ilə başa çatır. Çox maraqlıdır: sosializmi, sistemi yaradan insanlardan biri - Sultan Əmirli rejimin tədricən çökdüyünü hiss etsə də, yenə öz qorxunc, vahimə yaradan ağalıq "üslubunu" dəyişmir. Ancaq Sosialist Əməyi Qəhrəmanı Sultan Əmirli xalq qəzəbinin qarşısında sarsılır: "Sultanın bu qədər sarsılmasının, ürək ağrısının bircə səbəbi var: rayonda əvvəlki dəmir intizam pozulur, özbaşınalıq, hərc-mərclik əmələ gəlməyə başlayır. gGör iş nə yerə çatıb ki, Sultanın öz ciyərparası, öz yetirməsi bu səhər açıq-açığına "Sultan Əmirlinin rejimi" əleyhinə danışıb! Hansı rejimdən danışırsan, ay qardaşoğlu, rejim olmasa, bu böyüklükdə rayonu səfərbər edə bilən qanun-qayda olmasa, iş gedərmi, əzizim?"
Sultan Əmirli tarixi şəxsiyyətdir, yəni sosializmi qanı, canı bahasına yaradan insanların tirik nümayəndəsidir. Ona sırf mənfilik mücəssiməsi kimi yanaşmaq da doğru olmazdı. Deyir ki: "Mən ömrüm boyu işləmişəm, ömrüm boyu plan doldurmaqnan məşğul olmuşam, fikirləşməyə vaxt tapmamışam... Mən neyləmişəm ki, bir nəfər də dostum qalmayıb? Nə cinayət eləmişəm ki, öz balam da mənə düşmən kəsilib?! İyirminci ildə banditlər qabağımızı kəsdilər, gördüm İskəndəri vuracaqlar, özümü güllənin qabağına verdim. Əvəzində bu gün İskəndər mənə güllə vurdu. Boyunu sevə-sevə övlad yetirdim, övlad da üzümə qayıtdı!".
Bəli, rayona tərəqqi gətirən bir şəxs get-gedə bu tərəqqinin qarşısında dayanmış kötüyə çevrilir. O, faciəvi qəhrəmandır. "Sultan Əmirli ona görə faciəvi qəhrəmandır ki, ömrünün axırına qədər özünün faciəli vəziyyətini dərk edə bilmir, xalq həyatı adlanan axardan uzaq düşdüyünü anlamır" (Asif Əfəndiyev). Bu, təkcə onun faciəsi deyildi, həm də sistemin, quruluşun çöküşü idi.
"Yanar ürək"də İsa Hüseynov bütün yazıçı arsenalından tam istifadə edir. Sərt realizm prinsipi burada əsərin bütün strukturuna hakim kəsilib. Konflikt öz gərginliyi, şiddətli qarşıdurmalarla diqqəti cəlb edir. Özü də gizli, daxili mübarizə deyil, açıq mübarizə obrazların hərəkətini, qarşılıqlı münasibətlərini tənzimləyir. Əsərdə şəxsi münaqişələr get-gedə ictimai mahiyyət kəsb edir, əmi ilə qardaşoğlunun mübarizəsi cəmiyyətin öz daxilində gedən amansız mübarizəni xatırladır. Romanda İsa Hüseynovun xarakter yaratmaq ustalığı və bu sahədə ümumiləşdirmə məharəti göz qabağındadır. Bu - Məmiş Əlləzoğlu - eybəcərliyin ən parlaq misalı. Onun təkcə boyu yox, fikirləri, duyğuları da cılızdır, sısqadır. Bu - Gülgəz. Atası Əlləzoğlunun canavar ağzına atdığı məsum, günahsız bir qız. Bu - Təftiş Abbas - ömrü boyu düzlüyün, təmizliyin vurğunu olan sadə kənd adamı. İsa Hüseynov bu obrazların heç birini özündən uydurmamışdır, daim ünsiyyətdə olduğu xalqın içərisindən ədəbiyyata gətirib.
"Yanar ürək" yeni dövr Azərbaycan ədəbiyyatının manifestini elan edən əsərlərdən biri idi.
Sonra gəlir "Teleqram". Bu əsərlə İsa Hüseynov Azərbaycanın gələcək müsibətlərindən neçə il öncə başlanan daxili, içəri müsibətlərindən söz açırdı. Artıq bu əsər sosializm realizmi deyilən və fetişləşdirilən bir ədəbi çərçivəyə qarşı üsyan idi. Sosializm realizminin müqəddəsləşdirdiyi "atalar" bu əsərdə "Yanar ürək"də olduğu kimi öz tragik sonluğuna imza atırlar. Jurnalist Zəlimxan üzünü atasına - qocaman kommunist Sabit Mayılova tutub deyir: "Siz teleqram vurub məni gətiribsiniz ki, qardaşıma kömək eləyin. Mən də öz yazımla bütün Azərbaycana teleqram vurub hamını köməyə çağırmaq istəyirəm. Çünki müsibət böyükdür, baba!... Yazacam ki, bir zaman Azərbaycanın gözəl bir guşəsində gözəl bir meşə vardı. Həmin meşədə Sabit adlı qürurlu, əzəmətli bir meşəbəyi yaşayırdı. Çox şey yazacam, açıqca deyəcəm ki, indi həmin meşədə hara baxırsan kötükdür. Əsil müsibət isə burasındadır ki, adamlar da dönüb kötük olur".
"Teleqram" sosial münasibətləri, cəmiyyətdə baş verən ictimai, əxlaqi ziddiyyətləri tam çılpaqlığı ilə canlandıran ilk əsərlərdən biri idi. Vaxtilə kommunist adını təmiz saxlayan insanlar indi bu idealdan-saflıqdan, düzlükdən, əqidə birliyindən uzaq düşüblər. Müsbətlər mənfiləşiblər. Tənqidçi Asif Əfəndiyev yazırdı ki: "Burada konkret, qayınlardan fərqlənən Kərəm kişi də yoxdur. Kərim kişi və qayınları vardır. Kərəm kişi-qayınların, qayınlar Kərəm kişinin özüdür. Onlar bir-birindən bərk yapışmışlar, o dərəcədə ki, bir adam olublar. Onları bir-birindən ayırmaq-məhv etmək deməkdir. Cılız fərdlər çox asanlıqla bir-birinə qovuşmuş və mücərrəd qayınlar varlığını yaratmışlar. Lakin Kərəm və qayınları ağzı-dili bağlı qoyun sürüsü deyil, yırtıcı qurd sürüsüdür. Bu sürü xalqın maddi və mənəvi sərvətini dağıdır, meşələrini qırır. Onları bu çirkin məqsəd birləşdirmiş, eyniləşdirmişdir".
"Yeni Azərbaycan nəsri"nin cəmiyyətdə baş verən, bəzən açıq, bəzən də gizli şəkildə cərəyan edən qarşıdurmalara diqqət yetirməsi zamanın öz tələbi idi. Mehdi Hüseynin bir romanının adıyla ifadə etsək, yeraltı çaylar dənizə axırdı. İsa Hüseynov bu axını-həyatda baş verən prosesləri bəlkə də hamıdan-yazıçı həmkarlarından daha tez duya bildi. O, ədəbiyyatın "müsbət qəhrəman" konsepsiyasına tamamilə fərqli bir nöqteyi-nəzərdən yanaşdı. "Müsbət qəhrəman" yox, sadəcə bütün mürəkkəbliyi, daxili ziddiyyətləri ilə diqqəti cəlb edən, amma təmiz, mənən saf, məğrur, əyilməyən, sınmayan insanlar, əkçəriyyəti də xalqın sadə nümayəndələri onun obrazlar aləminin sakinləri oldular. Çox maraqlı kiçik bir povesti var İsa Hüseynovun - "Şəppəli". Bu povestdə öz təmizliyti, halal yaşayış tərzi ilə ideal bir nümunə kimi təqdim olunan Şəppəli (Mədət kişi) Bakıda yaşayan, "Kəndçi balnisəsi"də işləyən Məmməni insanlıq, yaxşılıq, ağıl, istedad mücəssiməsi kimi dərk edir, kimin nə xəstəliyi olursa, Şəppəli o adamı Məmmənin yanına göndərir. Amma bir gün "Kəndçi balnisəsinə" getmiş baş mühasib Mursaqulu sovxoza qayıdıb xəbər verir ki, doktor Məmməni rüşvət üstündə xəstəxanadan qovublar. Təbii ki, illərdən bəri doktor Məmməni ideal insan zirvəsinə qaldırmış Şəppəli buna inanmır: "Yaxınlaşıb əlindəki vərəqi Mursaquluya verdi. Qol çək, Bakıya gedirəm. Əgər Məmmə sənin dediyin Məmmə olsa, onda, əlbəttə, daha Şəppəlinin bu dünyaynan işi yoxdu".

(ardı gələn şənbə sayımızda)


Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru

TƏQVİM / ARXİV