ANA SƏHİFƏ / ƏDƏBİYYAT

AYRILIĞIN SONU VARMIŞ

9896    |   2018-06-23 09:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu hələ tələbəlik illərində çox istəmişdim. Özü də təkcə mən yox, universitetin o vaxtlar yazı-pozu ilə məşğul olan tələbələrin böyük əksəriyyəti onu tanıyır və imzasını izləyirdi. Yaxşı xatırlayıram, hər yeni şeirilə bizləri sevindirən Nizaminin tələbəlik illərinin sonlarına yaxın kitabı da işıq üzü gördü. O vaxtlar bu, çox nadir hadisələrdən biri idi. Və həmin illərdə rəhmətlik qeyri-adi istedad sahibi olan Cavanşir Eloğlunun da kitabı işıq üzü görmüşdü. Hər iki kitab əl boyda idi. Amma sevinci dünyaya sığmırdı. Və mən də bu kitablar barəsində ürək sözlərimi həm universitet qəzetində, həm də "Azərbaycan gəncləri" qəzetində çap etdirmişdim, tələb-şairlərə xoş arzularımı çatdırmışdım...g

Tələbəlik bitdi...g Hər kəs öz taleyinin ardınca yollandı. Nizami hüquqşünas olduğundan onun respublikanın müxtəlif bölgələrində çalışdığını eşitdim. Amma tələbəlikdən sonra onunla görüşmək mənə nəsib olmadı. Görünür, bəxtimizdə bu görüş var imiş. Bu günlərdə Ağacəfər Həsənli mənə telefon edib bir nəfərin danışmaq istədiyini söylədi. Səs tanış gəldi. Təsəvvür edin ki, 1985-ci ilidən yaddaşımın küncündə ilişib qalmış bu səsin sahibini tanımaq mənə çox çətin oldu. Sadəcə, Göydərəli sözünü deyəndə dərhal tanıdım onu. Elə telefondaca hal-əhval tutdum. Və onu da öyrəndim ki, Nizami artıq təqaüddədi. İndi rahatca yaradıcılığı ilə məşğul olur. Buna çox sevindim. Təbii ki, yazıb-yaratmağına, qocalmağına yox. Rica etdim, mənə şeirlərini göndərdi. Oxudum və görüdüm ki, dostumun ilhamı yenə çağlayır. Və yazır ki:

Məmməd Araz! Bir də gəlsən bu yerə,
Duman salamatdı, dağ salamatdı.
Sən gördüyün ucalıqlar yıxılıb,
Çoban salamatdı, sağ-salamatdı.

Vətən oğlu, qürbət yerin sərinmi?
Yatdığın yer qəlbidimi, dərinmi?
Sinən üstən çiçəkləri dərimmi?
Səpim el-obaya, gül amanatdı.

Və Nizami Göydərəli üzünü sevdiyinə, sevdiklərinə, dostlarına tutub həm də yazır ki:

Mənə şəklini göndər,
Göndər, görüm necəsən.
Necə keçib günlərin,
Necə keçib illərin.
Necə yaşamısan bu uzun ömrü?
Mənə şəklini göndər.

Düşünürəm ki, Nizami Göydərəli poeziyası haqqında danışmaqdansa, ondan sizə təqdim etdiyim nümunələri oxumaq daha maraqlı olar. Axı, Nizaminin öz dünyası var. Özünün bu özəl dünyasına o, sözün xridarlarını məmnuniyyətlə dəvət edir. Buyurun, oxuyun! Mən oxuyub ləzzət aldım.

Hörmətlə: Əbülfət Mədətoğlu


ÖLMƏ AMANDI

Böyük şair Məmməd Araza
Məmməd Araz! Bir də gəlsən bu yerə,
Duman salamatdı, dağ salamatdı.
Sən gördüyün ucalıqlar yıxılıb,
Çoban salamatdı, sağ-salamatdı.

Vətən oğlu qürbət yerin sərinmi?
Yatdığın yer qəlbidimi, dərinmi?
Sinən üstən çiçəkləri dərimmi ?
Səpim el-obaya, gül əmanətdi.

Atam oğlu, başın daşı dağ olsun,
Demirdinmi döşəyin torpaq olsun?
Üstün örtək, yorğanın yarpaq olsun,
Düşmən görsə sinəsi dağ-dağ olsun
Deyək şair yatıb, sağ-salamatdı.

Yerin necə genışdimi, ya da dar,
Ucalığı yağan qarlar ağardar.
Qəm eləmə, torpaq saçın qaraldar,
Gördüm, bir qız sənə lap, salam atdı.

Sözlərin tək gül dəstəsi olmayıb,
Sənin kimi heç kim çələng hörməyib.
Tanrı bizim canımızı almayıb,
Bizdən qalan ancaq bir quru addı.

Sən getdin dalınca gələnlər də var,
Sözündən yıxılıb ölənlər də var,
Dəli qəhqəhələr çəkənlər də var,
Neyləyək bu da bir zalım həyatdı.

Ustad, bir də yolun düşsə bu yerə,
Dünyanı heç kimlə bölmə amandı.
Əbədi yuxuya getmisən Dədə,
Sözlərin ölməyib, ölmə amandı.

MƏNƏ ŞƏKLİNİ GÖNDƏR

Mənə şəklini göndər,
Göndər, görüm necəsən.
Neçə keçib günlərin,
Necə keçib illərin.
Necə yaşamısan bu uzun ömrü ?
Mənə şəklini göndər...
Saçlarının rənginə baxım,
Gözlərinin dərinliyinə baxım,
Gəlbinin ənginliyinə baxım.
Mənə şəklini göndər...
Özün demədiklərini
Şəklin deyəcək mənə.
Şəklinə baxanda biləcəyəm-
Neçə il gülmüsən,
Neçə il ağlamısan.
Neçə il ilk sevgimizə
yas saxlamışan.
Mənə şəklini göndər...
Şəklinə baxanda
Son qoyacağam nigaranlığıma.
Mənə şəklini göndər,
Özünlə görüşməyə artıq lüzum yox,
Özünlə görüşməyə nə sənin,
Nə də mənim üzüm yox.
Üzümüzü itirmişik bu ötən illərdə,
Özümüzü itirmişik bu ötən illərdə.
Mənə şəklini göndər...
Özün yox olmusan yoxlar içində,
Bəzən görünmüsən yuxular içində.
Qoxunu almaq üçün qoxular içindən
Mənə şəklini göndər,
Mənə şəklini göndər.

LERİKƏ SARI

Könlüm, gəl üz tutaq Lerikə sarı,
Başımda bu dəmdə dağ havası var.
Orda yaramıza məlhəm taparıq,
Gülü, çiçəyi var, ədəvası var.

Gedək bulaqların gözündən öpək,
Gedək anamızın üzündən öpək.
Gedək qayaların dizindən öpək,
Ömür vəfasızdır, intəhası var.
Dünyaya gəlmişəm, mən hamı kimi,
Hamı tək getməyin nə mənası var.
Heç kim azad deyil qoca dünyada,
Hamının hamıdan təmənnası var.

İstəsən çiçəyin təzəsini dər,
Nə fayda, vaxt çatdı, əlindən düşər,
Bəzən yerli, yersiz ürəyin bişər
Dünya rahat deyil, toyu, yası var.

Könlüm qövr eyləyən, durna köçüdü,
Adamı yandıran qəlbin içidir,
Mənə hökm eyləyən kimdir, nəçidir ?
Hər qəlbin, ürəyin, bir ağası var !

HƏYAT YOLDAŞIMA

Sən mənə əzizsən, doğma anam tək,
Nazımı çəkmisən, bacımdan da çox.
Başıma dönmüsən, pərvanə, mələk,
Udmusan ağrıdan, acıdan da çox.

Ömrünü vermisən, ömrümə dayaq,
Özünü, sözünü unutmusan da.
Hər yerdə danışıb, mənim şənımə,
Məni el-obaya tanıtmısan da.

Birgə qazanmışıq, bu məhəbbəti,
Birgə qorumuşuq, gör neçə illər.
Səbrlə çözmüşük, hər qəbahəti,
Nələrə dözməyib, sevən könüllər ?

Qısqanclıq qəlbindən od püskürəndə,
Yağış tək yağmışam, sərinlənəsən.
Mənim səndən başqa yasdığdaşım yox,
Qorxma, ömrüm-günüm sən mənimləsən.

Beş kişinin anasısan, gözəlim,
Hamımıza qayğıları bölürsən.
Nəvələrin "nənə" deyib qaçanda ,
Qanadlanıb xoşbəxt-xoşbəxt gülürsən.

Tanrı bizi ayırmasın, anadan,
Anasızlar nələr çəkir, bilirəm.
Bir gün sən də gözlərini yumsan, bil,
Bil ki, mən də yaşamıram, ölürəm...
Bil ki, mən də yaşamıram, ölmüşəm...

TANRI ELÇİSİ

Çox sevdiyim əmoğlum, dünya şöhrətli həkim, akademik
Vaqif Rəhmanova

Sən tanrının qüdrətindən doğuldun,
Uşaq ikən xiffətindən doğuldun,
Naqislərə nifrətindən doğuldun,
Tanrı elçisi tək qalxdın göylərə.

Çox vaxt çətin olub keçdiyin anlar,
Səni dünya sevər, aqillər anlar.
Üstünə gələndə xəbis, nadanlar,
Doğma evin kimi baxdın göylərə.

Əzablı yollarda ürəyin bişdi,
Əllərin qızıldı, beynin gümüşdü,
Tanrı sənə bir damla nur vermişdi.
Sən onu umman tək yaxdın göylərə.

Biz gedərik, dünya qalan həyatdı,
Bizdən qalan bir əməldi, bir addı.
Tanrı səni öz elçisi yaratdı,
Özün yer üzündə taxtın göylərdə.


Qəlbin bir güzgüdür, düm ağ qar kimi,
Paksan, müqəddəssən, arzular kimi.
Özün çox sevdiyin yağışlar kimi,
Təşnə ürəklərə yağdın göylərdən.

MƏNƏ VAXTSIZ ZƏNG EDƏN DOSTUMA

Sən zəng çalan gecə yağış yağırdı,
Aləm qarışmışdı, biri-birinə.
Məni qonşuluqdan bir qız çağırdı,
Çıxdım səsə tərəf, evin tininə.

Gördüm ki, bu ölmüş yarı çılpaqdı,
Saçları yağış tək axır çiyninə.
Sinəsi Ay kimi yanır, dümağdı,
Bir şey tapmayıbmı, geysin əyninə?!
Dayanıb baxırıq bir-birimizə,
Soruşa bilmədim, nədir istəyin.
Istədim deyim ki, gələrsən gözə,
Ya da üşüyərsən, əynini geyin.

Amma qurumuşdu, dilim, dodağım,
Şıdırğı yağışı hiss eləmirdim.
Az qala çaşırdı, başımda ağlım,
Bu da hardan çıxdı, az idi dərdim.

İlahi, bu yağış, bu gecə, bu qız,
Budaq üstə yatmış quş yuxusuydu.
Məni bihuş edən yağış ətrimi,
Yoxsa bu zalımın gül qoxusuydu?

Aqillər deyib ki, sevgi odunda,
Bir insan üç dəfə alışa bilər.
Bəs bu nə od idi, nə alov idi,
Dünya belə yerdə qarışa bilər.

Əlin qırılaydı zəng çalan yerdə,
Mənə lazımdımı sənin bu zəngin.
Zənginlə sən məni oda atmısan,
Gəl qopar, əlindən məni "pələngin".

Zəngin olmasaydı, çölə çıxmazdım,
Küçədə kim isə ölə çıxmazdım,
Yandığım od üstə belə çıxmazdım,
Gəl qopar, əlindən məni "pələngin".

Sən zəng çalan gecə yağış yağırdı,
İldırım çaxanda tufana dönər.
Belə şəraitdə yağış ağırdı,
Yağdıqca göl olar, ummana dönər,
Sən zəng çalan gecə yağış yağırdı...

GÖZ YAŞLARI

Cavan vaxtı mən də gözə gələndim,
Dalımca sürünən bir sürü vardı.
Min çiçək bitirdi, bizim ətrafda,
Ömür bostanımın yüz gülü vardı.

Gecələr yatırdım yaşıl çəməndə,
Ya da ağaclarda quş tək gəzirdim.
Görüşə gəlməyən vəfasız üçün,
Sübhün gözünətək durub dözürdüm.

Vüsala çatmaqçün ölüm risqini,
Neçə yol vecimə almamışam da.
Könlümün evinə qonaq gələni,
Könlü boş yoluna salmamışam da.

Çəkmişəm nazını hər təzə gülün,
Qəlbinə, könlünə toxunmamışam.
Deyib ayaqların altında ölüm,
Mən ölüm hökmünü oxumamışam.

Mənə könül verən gözələ sadiq,
Paslı qıfıl kimi kilidlənmişəm.
Məndən soruşanda ovcumdakını,
Vallah, tanımıram onu demişəm.

Bəs niyə vəfasız çıxdı, bu "dostlar",
Mən çox inanmışam, can yoldaşına.
Demə saxta imiş, deyilən tostlar,
Nahaq yıxılmışam göz yaşlarına,
Nahaq inanmışam, göz yaşlarına...

DÜNYADA

Gözlərində qəm sevincə qarışan,
Zər qanadlı pərvanəyəm, yarım şam.
Mən Kərəməm, xan Əslisiz qalmışam,
Sazım yoxdu, sözüm ötməz dünyada.

Gözünü sil, ömrüm-günüm, ağlama.
Göz yaşı məlhəm yox, duzdu yarama.
Mərd budağı namərd kökə calama,
Yanıb kül olsa da, bitməz dünyada.

Necə yağıb, qara saçlar, dən sizə,
Mən nə deyim o ağlayan bənizə.
Göz yaşını burax getsin dənizə,
Ürəkdən gəlibsə itməz dünyada.

İlk məhəbbət itib gedən yuxumu,
Kim verəcək, yüz il axtar, tap onu.
Zalım fələk tanıdımı qapını,
Başını kəs, çıxıb getməz dünyada.

Nizamiyəm, ya ağıllı, ya dəli,
Allah ola dilim kəsməz yad əli.
Qoy bağlasın gözlərimi yar əli,
Bir özgə əl gözüm örtməz dünyada.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK