ANA SƏHİFƏ / ƏDƏBİYYAT

GƏLƏCƏK NƏSLƏ DÖVR EDƏ BİLƏCƏYİMİZ KAPİTAL...

5773    |   2018-06-23 09:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayımızda)

Eyni zamanda, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göy-çay və Şirvan Regional Bölmələri ilə də videobağlantılar qurulur, həmin bölgələrin müəllim və metodistləri də müzakirələrə qatılıb qeyd və təkliflərini bildirmək imkanı əldə edirdilər.
Dərsliklərin ekspertizası işinə 793 nəfəri orta məktəb, 316 nəfəri (o cümlədən: 45 nəfər professor; 184 nəfər dosent) ali məktəb müəllimi, 135 nəfəri digər sahə mütəxəssisləri (psixoloq, müstəqil ekspert və s.) olan 1244 nəfər mütəxəssis-ekspert cəlb olunmuş, birbaşa və internet bağlantısı vasitəsilə 6089 nəfərin iştirak etdiyi seminarlarda aparılan müzakirələr internet ("Skype") vasitəsilə yayımlanmışdı. Ekspertlər dərsliklərin məzmun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərti-bat baxımından ilkin ekspertizasını keçirmiş, ictimaiyyətdən daxil olan rəylər ekspert rəyləri ilə müqayisə edilmiş, təhlilin nəticələri açıq müzakirəyə çıxarılmış, səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunan sənəd dərslik müəlliflərinə təqdim edilmişdir. Alınan cavablar müstəqil ekspertlər tərəfindən təhlil edilmiş, nəhayət, tərtib olunan yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir. Şöbə, nazirliyin müraciəti əsasında 2014-2015-ci illərdə yeni təhsil proqramları əsasında hazırlanmış 20 adda 36 dərslik komplekti maketlərini də məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edib rəy vermiş, yeni nəşrlər dərslik komplektlərinin maketləri ilə tutuşdurulmuş, yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınsa da, bir hissəsinin qaldığı, düzəlişlər aparılarkən bəzi yeni səhvlərə yol verildiyi müəyyən edilmişdir. TQDK-nın nəşrlərinin (V-XI siniflər üzrə 110 test kitabçası, "Kimya", "Riyaziyyat", "Fizika", "Coğrafiya", "Tarix", "Ədəbiyyat", "Azərbaycan dili", "Rus dili", "Literatura", "İngilis dili" dərs vəsaiti, "İngilis dili lüğəti", "Azərbaycan dilinin orfoqrafiya lüğəti") də monitorinqi aparılmış, bu nəşrlər orta məktəb dərsliklərilə tutuşdurulub müqayisəli təhlil edilmişdir. Elmi-metodiki seminarlarda söylənilmiş qeyd və təkliflər, yenilik və dəyişikliklər təkmilləşdirilən nəşrlərdə öz əksini tapmış, V-VII siniflər üçün dərslik komplektləri əsasında orta təhsil müəssisələrində diaqnostik, formativ və summativ qiymətləndirmə aparmağa imkan verən "Yeni təhsil proqramı üzrə qiymətləndirmə tapşırıqları" işlənib hazırlanmışdır. Monitorinq, yekun rəylər və müəlliflərin bu rəylərə cavabları "Dərslik portalı"na yerləşdirilmiş, dərslik müəllifləri və ekspertlərə mütəmadi olaraq daxil olan rəy və sorğulara aydınlıq gətirmək, arzu edənlərə qeydiyyatdan keçib (2991 nəfər) mövzu ilə bağlı qeyd və təkliflərini bildirmək imkanı yaradılmışdır.
Bütün bunlara, dövlət büdcəsindən (ayrı-ayrı təşkilat və imkanlı şəxslər tərəfindən çəkilən xərclər nəzərə alınmasa) təhsilə və təhsil müəssisələrinin təmir edilib zəruri avadanlıqla təchiz edilməsinə ayrılan vəsaitin miqdarının (1.859.499.497,0 azn) ümumi büdcə xərclərinin 11,2%-ini təşkil etdiyini də əlavə etsək, dövlətin təhsilə verdiyi önəmin böyüklüyünə şübhə yeri qalmaz.
Dövlət başçısının bu diqqət və qayğısına, bu sahəyə qoyulan maddi vəsaitə rəğmən abituriyentlərin ali məktəblərə qəbul zamanı zəif nəticə göstərməsi və keçid balının aşağı olması, eləcə də, Böyük Britaniyanın "Guardian" qəzetinin "Times Higher Education" və "QS Top Universiti-es"-in apardığı araşdırma əsasında dərc etdiyi, Sinqapurdan da iki universitetin (30 və 73-cü) yer aldığı dünyanın ən yaxşı 100 universitetinin (Harvard, Oksford, Kembric və s.) siyahısında Azərbaycan universitetlərindən heç birinni adının çəkilməməsi, təbii ki, təəssüf doğurmaya bilməz.
Demək, problem dövlət tərəfindən təhsilə göstərilən qayğının, büdcədən ayrılan vəsaitin azlığında yox, bu sahədə işin düzgün təşkil edilməməsində, təcrübənin yetərli olmamasındadır. Məhz, bu səbəbdən də əhalinin intellektual səviyyəsinin yüksəlməsi üçün müstəsna əhəmiyyət kəsb edən bu məsələ öz həllini tapmır: dərsliklərimiz nə bizi, nə də müəllimləri qane etmir.
Dərslik yazılmasında inhisarçılığa əncam çəkilməsinin zəruriliyi Milli Məclisin Elm və təhsil komitəsinin iclasında da müzakirə olunmuş, deputatlar M.Qasımlı, K.Əliyeva və b. dərslik və metodiki vəsaitlərlə bağlı irad, təklif və tövsiyələrini bildirib tədbir görülməsinin vacibliyini vurğulamışlar. Bu da, çoxdan həllini gözləyən bu taleyüklü problemin ciddiliyindən xəbər verir.
Çıxış yolu birdir: dərslik və dərs vəsaitlərinin hazırlanması peşəkarlara həvalə olunmalı, 2008-ci ildən bu nəşrlərin məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından qiymətləndirilməsini həyata keçirən komissiyanın tərkibi yenilənməli, şəffaflıq təmin olunmalı, bu işə zəngin təcrübə məktəbi keçmiş ədəbi, bədii və texniki redaktorlar, psixoloqlar da daxil olmaqla sahə mütəxəssisləri və orta məktəb müəllimlərindən ibarət işçi qrup cəlb edilməlidir.
Əks halda, dərsliklərin və təlimin keyfiyyətindən, tədris materialının dərkedilmə səviyyəsinin yüksəldilməsindən, təhsilin müasir standartlara uyğunlaşdırılmasından danışmağa dəyməz!
Ölkənin gələcək inkişafı və neft kapitalının insan kapitalına çevrilməsi təhsil sahəsində problemlərin aradan qaldırılmasını və yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir. İnanıram kı, bu sahədə irəliləyişlərə imza atıb dünyanın ən yaxşı 100 universitetinin siyahısında yer almaq bizim təhsil sisteminin də gücü xaricində olan bir iş deyil və buna nail olmaq olar. Bu bizə, tək respublikanın yüksək ixtisaslı kadrlara olan tələbatının ödənilməsi baxımından deyil, həm də təhsil sahəsində sözümüzü deyib nüfuzumuzu artırmaq, xaricdən ölkəmizə tələbələr cəlb edib müxtəlif xalqların nümayəndələri ilə qarşılıqlı münasibət qurmaq, ölkəyə valyuta axınını təmin edib dünya çapında tanınmaq baxımından lazımdır. Bu, həm də, gələcəkdə xaricdə təhsilə xərclənəcək vəsaitin respublikada qalması, deməli, ölkədə iqtisadi durumun yaxşılaşması demək olardı.
İradə Ələsgərova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru



İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK