ANA SƏHİFƏ / ƏDƏBİYYAT

POETİK PAFOS VƏ LİRİK OVQAT ZƏNGİNLİYİ

8264    |   2018-06-23 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məhərrəm Hüseynov
Filologiya üzrə elmlər
doktoru, professor

(əvvəli ötən şənbə sayımızda)

Bu şeirlərdə təfərrüata uymur, ümumiləşdirici poetik ideyalara üstünlük verir və bütün hallarda lirik hiss və düşüncələr daha çox mühakimə səciyyəli olur. Emosional zəmində ümumiləşən misralar şeiri mücərrəd, cansız və soyuq təfərrüatlardan qoruyur. "Torpağın gücü " şeiri bunun bariz nümunəsidir:
Dağlarda əzəldən dağ qeyrəti var,
Yağıya, oğruya boyun əyməyib.
Dar gündə dostlar da biri-birinə,
"Arxanda dağ kimi durmuşam", - deyib.

Nəbilər, Kərəmlər ən əziz qonaq,
Dağlarda Koroğlu qalalar qurub.
Özü igidlərə arxa olan dağ,
Arxasın torpağa söykəyib durub.

Adilin bütün poetik təfərrüatları, aşıladığı hiss və fikirlərin vüsəti belə bir qənaəti birmənalı şəkildə təsdiq edir ki, onun qələm məhsullarındakı lirik "mən" həzin və qayğılı, düşüncəli və dalğındır. Onun poeziyası üçün doğma olan bütün bədii obrazların təzə və emosional çalarları müəllifin mürəkkəb hisslər anlamını, analitik intellektini nümayiş etdirmək baxımından geniş imkanlıdır. Kövrək və sakit düşüncələrin, təlatümlü duyğuların, lirik həyəcan və təəssüratların yığcam və lakonik ifadəsinə çevrilmiş misralarda müxtəlif bədii priyomların sintezi aydın nəzərə çarpır. Üzərində düşünüb dayandığı bütün anlayışları A.Həsənoğlu tutumlu və məzmunlu şəkildə mənalandırmaqla poetik əlvanlıq yarada bilir, təsvir-tərənnüm predmetini təzadları, təlatümləri, fərəhləri və acıları ilə təqdim edir. Məhz buna görədir ki, onun bir bəndlik "Yağış" şeirindəki bədii siqləti irihəcmli əsərlərə sığışdırmaq da çətinlik yaradır.

Günəşin qızaran yanaqlarını,
Qara libasıyla bağladı bulud.
Tutduğu əməldən peşiman oldu,
Göz yaşları töküb, ağladı bulud.

Adilin poetik qavrama diapazonu özünü "Daşlaşmış haray" poemasında, belarus şairəsindən etdiyi tərcümə nümunəsində, topladığı hikmətli sözlərdə də göstərir.
Olduqca mənalı və mübaliğəli üsullar, lirik formalarla mətn kontekstində fəlsəfi fikirlər aşılayır. Lirik qaynaq, lirik mənbə müəllifin poetik nəfəsinə təravət verir. Şairin qəlbi ənənəvi mövzular üzərində çırpınanda da yeni hüdudlara varır, köhnənin özündə də məxsusi çalarlar üzə çıxarır.
"Daşlaşmış haray"dakı hikmət saçan ifadələrin təzad düşüncəsi poetik ünsiyyət faktı kimi çox maraqlıdır, fəaldır. Təzad quruculuğunu onun ümumi fəlsəfi və sosial-psixoloji kontekstində nəzərdən keçirdikdə açıq-aşkar seçilir ki, bu hadisə və vəziyyətlərin daxili məntiqinə nüfuz etmək zərurətindən yaranır. Sanballı fikirlər, aforizmlər təzad qəliblərində meydana çıxır. Adilin yaradıcılığında təzad bolluğu, kontrastlar onun dünya hadisələrinə fəal və ehtiraslı münasibətindən, geniş fəlsəfi ümumiləşdirmə aparmaq meylindən irəli gəlir, əsərin üslubi-poetik strukturunda aparıcı xətt kimi ön cərgəyə keçir. Adilin üslubunda daxili məna strukturu ilə şərtlənməyən, zahiri effekt xatirinə işlənən söz oyunu, demək olar ki, yoxdur. Forma aludəçiliyi olmadığına görə istisnasız olaraq emosional-ekspressiv yüklü poetik təsdiq və inkar hökmlər ifadə etmək vəzifəsini yerinə yetirir.
Son olaraq vurğulamaq istəyirəm ki, Adil Həsənoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetində əqidəsinə, dünyagörüşünə, fəal və iti intellektinə görə yaxşı tanınan, insanlığına, mənəvi zənginliyinə və daxili təmizliyinə görə hörmət və ehtiram edilən ziyalılarımızdandır. Onun şəxsiyyətində elmi təfəkkürlə ən təbii insan duyğularının heyranedici sintezi vardır və o, öz alim-pedaqoq fəaliyyətini təsdiq edən, özünü yaxşı mənada başqalarından fərqləndirə bilən bir alim kimi müəllim-professor heyətinin, tələbələrin inam və etibarını qazanmışdır. O, dərin məzmunlu, aktual elmi əsərlərin müəllifi kimi tanınır. Əsərləri elmiliyi, profesionallığı ilə seçilir ki, bu da onun dərin, sərrast elmi təfəkküründən xəbər verir. Onun elmi-pedaqoji fəaliyyəti əslində maraqlı və son dərəcə orijinal bir şəxsiyyətin insani xarakterinin güclü bir komponenti, elmi-mənəvi dünyamızı işıqlı etmək üçün güclü bir enerjini xalq, Vətən naminə faydalı etmək prinsipidir.
Bu siqlətli kitabın çapı Adilin şanlı yubileyinə - 60 yaşı tamam olan gün uğurlu doktorluq dissertasiyası müdafiə etdiyi vaxta təsadüf edir. Bu münasibətlə yazdığım və kitabın səhifəsində yer alan akrostixi oxuculara təqdim etmək, məncə, yerinə düşər.

Adın möhürüdür etiqadının,
Dağlar zirvəsindən ucasan, Adil!
İlahi lütfündən soruşsa könlün,
Lətafət şöləsi qucasan, Adil!

Yetirdiyin pöhrə dolubdur bara,
Uğurundan yansın qoy qəlbiqara,
Bilik nur çiləyən ucalıqlara,
İldırım qanad ol, uç asan, Adil!

Ləl axtardın, gövhər çıxdı baxtına,
Ehtiram qıl altmış illik vaxtına.
Yol açıbsan elmin şanlı taxtına,
Layiqsən möhtəşəm taca sən, Adil!

İçindəki qeyrət elmin təkanı,
Munis duyğuların vicdan məkanı,
Ürəkdə təpəri, başda zəkanı,
Doktor adından da uca san, Adil!

Amalın olmayıb yerində sayan,
Fəhminlə ürfanın fövqündə dayan.
İldırım yetməyən, bulud çatmayan,
Ən yüksək zirvəyə uçasan, Adil!



İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK