adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyun 2018 09:06
16311
ƏDƏBİYYAT
A- A+

Bir şair vardı - Rövzət

MAYİS
SƏLİM


Hər əzaba dözə-dözə yaşadım,
Ürəyimi verib sözə, yaşadım.

Bu kövrək, səmimi misralar cismən aramızda olmasa da, öz mənalı, təsirli şeirləri ilə yaddaşımızda yaşayan istedadlı şair Rövzət Dəmirçizadəyə məxsusdur. O, bir vaxtlar "Şəki fəhləsi" qəzeti nəzdində fəaliyyət göstərən məşhur "Səbuhi" ədəbi məclisinin ən tanınmış, fəal üzvlərindən biri idi. Rövzətin şeirləri təkcə şəkili poeziyasevərlər tərəfindən deyil, respublika ədəbi ictimaiyyəti tərəfindən də həmişə maraqla qarşılanır və təqdir edilirdi.
Şairin "Qatarda" adlı ilk kitabı 1968-ci ildə işıq üzü görmüşdür. Sonralar onun "Tut ağacı", "Səhər duyğuları", "Səslər", "Çörək ətri", "Ürəyimdə yaşayanlar", "Dünyaya və özümə bir baxış" adlı şeir kitabları çap olundu və bir-birinin ardınca çıxan bu kitablar oxucular tərəfindən rəğbətlə qarşılandı. 1980-ci ildə isə Rövzət Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edildi.
İyirmi yaşında ikən bir bədbəxt hadisə nəticəsində ömürlük şikəst qalan, həyatını əlil arabasında, yataqda keçirən Rövzət öz həyatını əbədi olaraq Sözə bağlamış, taleyinin yazarı kimi "Mən taleyin içində, Tale mənim içimdə", - deyərək duyğu və düşüncələrini, ağrı-acılarını poetik şəkildə oxucularına çatdırmışdır. Ona sarsıdıcı zərbə vuran qədər-qismətə boyun əyməmiş, özü "dustaq" olsa da, xəyalları göylərdə pərvaz etmiş, şeirləri ilə neçə-neçə ürəkdə özünə yuva qura bilmişdir. Güclü həyat eşqi, əzmkarlığı, zəhmətkeşliyi sayəsində ali təhsil almış, oxuyub-öyrənmiş, bütün çətinliklər qarşısında mənəvi qələbə çalmış, heç vaxt sınmamış, əyilməmişdir. Bu məğrurluq bəzən ona baha başa gəlsə də, yolundan dönməmiş, həmişə öz vüqarını qoruyub saxlaya bilmişdir. Şair kiçik bir şeirində buna işarə edərək yazır:

Hər qapıdan əyilmədən,
şax keçmişəm,
Buna görə çox arzumla,
sevincimlə görüşlərə geçikmişəm.

Rövzətin şəxsi həyatı, ağır taleyi ilə bağlı düşüncələrinin bədii ifadəsi olan çoxlu şeirləri var. "Tənha əlil" şeirinin qəhrəmanı həm də müəllifin özüdür, şeiri həyəcansız oxumaq, duyğulanmamaq mümkün deyil:

Yenə payız gəldi... yağışlar yağır
Onun kədər dolu baxışlarına.
İl boyu pəncərə dalından baxır
Yazın günəşinə, qışın qarına.

Təklikdən az qala bağrı çatlayır,
Divarlar dörd yandan gəlir üstünə.
Bir-bir kitabları açır, qatlayır,
Çatmır hövsələsi, təntiyir yenə.

Tənhalıq əzabdır, illah, bu yaşda,
Sevib-oxşayanı, duyanı yoxdur.
Əlindən düşəni özündən başqa
Qaldırıb yerinə qoyanı yoxdur.

Bir ömür boyunca əzaba dözən
Nə dəmir, nə polad, adicə candır.
Dözümü sınağa çəkilən insan
Sonacan dözürsə, o, qəhrəmandır.

Ustad şairimiz Məmməd Araza ithaf edilmiş "Yaşadım" adlı şeir də bu qəbildən olan, ürəkləri riqqətə gətirən poeziya nümunəsidir:
Bir mən oldum, bir dörd divar, otaqda
Gah pəncərə önündə, gah yataqda.
Fikrim azad, əl-ayağım "qadaqda",
Bu da belə bir ömürdü, yaşadım.

Maraqlıdır ki, belə ağır durumunda da şair dünyaya, Yaradana asi olmur, gələcəyə olan ümidini, inamını itirmir. Bilir ki, "Sınaqdan, əzabdan üzüağ çıxan, Tanrı dərgahında cənnətlik olur". Rövzət sanki özünə, eləcə də taleyindən sarsıdıcı zərbə alan digər insanlara üz tutaraq deyir: "Bu dünyadan küsmə belə, Ay payıza qalan çiçək!" Bir neçə bəndini misal gətirmək istədiyim "Dünya əla dünyadı" şeirinə də məhz bu cür nikbin hisslər, duyğular hakimdir:

Dünya - insan qazanıdı,
İnsan - tale yazanıdı.
Yaxşılığa yozanıdı,
Yozduğu yalan olmasa.

Yazan necə tale yazdı,
Bir üzü qış, biri yazdı.
Bu dünyada dayanmazdım,
Qəlbimdə qalan olmasa.

Bu dünya qala dünyadı,
Demərəm, bəla dünyadı.
Vallah, nur-əla dünyadı,
Gözümdən salan olmasa.

Rövzət 90-cı illərdə baş verən ictimai-siyasi hadisələrə də ayıq, vətəndaş şair gözü ilə baxmış, o illərdə yazdığı şeirlərində vətən dərdini, torpaq itkisindən doğan ağrı-acıları, düşmənin namərdliyini, şəhid ucalığını bədii, obrazlı şəkildə qələmə almışdır. Dar gündə hamını birləşməyə, yağı düşmənə qarşı eyni cəbhədə mübarizə aparmağa səsləyən şairin aşağıdakı misraları necə də müdrik səslənir:

Hərənin öz ömrü, taleyi, ancaq
Hamının Vətəni eynidir, gördüm.

Yaddaşımızın, tarix kitabımızın qanlı bir səhifəsi olan 20 Yanvar hadisələrini əks etdirən bu misralar çox sərrast deyilmişdir:

Dəyişdi çox ömrün axarı, çəmi,
Bu qırğın bütöv bir xalqın yasıdır.
Bu ölüm-itimli sonsuz ələmi
Tarix yaddaşında yaşadasıdır.

Vətən, torpaq uğrunda canını qurban verən şəhidlərimiz haqqında bir-birindən gözəl, dəyərli nə qədər şeirlər yazılmış, fikirlər deyilmişdir. Rözətin cəmi dörd sətirdən ibarət olan "Şahid" şeiri də, elə bilirəm ki, dillər əzbəri olmağa layiq poetik bir nümunədir:

Hər şəhid -
yatdığı torpağın
sahibi olduğuna
şahiddir, şahid.

Rövzətin yaradıcılığında nöqsanlara, hər cür eybəcərliklərə qarşı çevrilən tənqidi ruhlu şeirlərə, uşaqlar üçün yazılmış poetik nümunələrə, təmsillərə, rus poeziyasından tərcümələrə də rast gəlinir.
Müəllif daha çox heca vəznində yazsa da, əruz vəznində, sərbəst formada şeirləri də vardır. Onun "Qısa sətirlər" adlandırdığı, müxtəlif illərdə qələmə alınmış maraqlı deyimləri də diqqəti cəlb edir. Bu sərrast, lakonik ifadələrdə müəllifin mənəvi dünyası, həyata və insanlara baxışı, fəlsəfi fikir və düşüncələri öz əksini tapmışdır. Əsasən, yaradıcılıqla, şeirlə bağlı olan belə ifadələrdən bir neçəsini nəzərdən keçirmək pis olmazdı:
- Şeir yazmaq - özü-özüylə danışmaqdır;
- Ən gözəl fikir fəhmlə deyiləndir;
- Fiziki zövq müvəqqəti, elm və yaradıcılıq ömürlük olur;
- Cavabsız sevgi də şairi yaradıcılığa ruhlandırır;
- Hamı yazır... Başını qaldırıb başqasının yazısını oxumağa heç kəsin vaxtı yoxdur.
Rövzətin poeziyasında diqqəti cəlb edən əsas məqamlardan biri də budur ki, onun bədii deyim tərzi, poetik ifadə üslubu orijinal və özünəməxsusdur.
Şeirlərində maraqlı bənzətmələr, epitetlər, metaforalar işlətməsi onları daha şirin və oxunaqlı etmişdir. Bu şeirlərin əksəriyyəti müəllifin iç dünyasının, daxili aləminin güzgüsüdür. Misralardan görünən dünya bütün ağrı-acıları, sarsıntıları, əzabları ilə birgə Rövzətin öz dünyasıdır.
Özünün də etiraf etdiyi kimi, "Kitablarım içimdəki dünyanın sərgi dərgisidi, Açın, baxın bu dünyanın içimdəki şəkillərinə".
Müəllifin sağlığında çap edilmiş sonuncu kitabına "Taleyinin yazarı" adlı müqəddimə yazmış Vahid Hüseyn Rövzət yaradıcılığına münasibətini belə ifadə etmişdir: "Rövzət fərdi yaradıcılıq üslubuna malik şairlərimizdəndir. O, şeiri fəhmlə yazır və fikrin obrazlı ifadə tərzi ilhamına xas bir keyfiyyətdir. Şeirin məzmun-forma qırılmazlığı tələbini gözləyir, demək olar ki, bütün ölçülərində eyni uğurla yazır. Onun şeirləri ritorika və uydurmaçılıqdan, sünilikdən uzaq, ürəyəyatımlı duyğu və düşüncələrlə zəngindir". ...1939-cu ildə Şəki şəhərində doğulan, məşhur Dəmirçizadələr nəslinə mənsub olan Rövzət 2010-cu ildə Bakıda gözlərini həyata əbədi olaraq yumdu, cismani ağrılardan, mənəvi əzablardan xilas olaraq "Sağalmaz dərdə dözəni, İllərcə çarə gəzəni, Ağır həyatdan bezəni, Özünə bağlayan dünya"ya vida etdi. O, şeirlərindən birində öz işıqlı məramını, arzu-diləyini bəyan edərək belə yazırdı:

Niyyətim işıqlı, arzum xeyirxah,
Yaxşılıq hissilə düzlük elədim.
Özüm yaman gündə yaşadım, ancaq
Hamıya xoşbəxtlik, ağ gün dilədim.

Bizim də borcumuz mərhum şairimiz Rövzəti tez-tez yad eləmək, ona Allahdan rəhmət diləməkdir.