Üç qızın hekayəsi

HİDAYƏT ELVÜSAL
32279 | 2018-06-23 00:18

Tarixə, məlum hadisələrə varmadan, şablondan uzaq birbaşa mətləbə keçmək istəyirəm. Ad çəkmədən, söhbət açdığım bu qızları siz də tanıyırsınız.
Amerika Birləşmiş Ştatları Prezidentinin qızı İvanka, möhtəşəm bir toplantıda çıxış edirdi. Sonsuz hörmət və səmimiyyətlə yeniyetmə bir azərbaycanlı qızı hamıya nümunə göstərdi. Hələ orta məktəb şagirdi olan qızımızın diqqəti cəlb edən ixtirasından söz açdı. Hamı soydaşımıza heyrətlə, heyranlıqla, qibtə ilə baxdı.
Bizi qürur hissi bürüdü. Bu qələbəni ən gözəl duyğularla izlədik. Yüzlərlə, minlərlə yeniyetmə arasında fərqlənən məktəbli həmin an çoxumuza bir müəllim kimi göründü.
... Bu yaxınlarda ali məktəblərin birində təhsil alan daha bir gənc qızı gördük. Hələ ikinci kursda təhsil alan bu tələbə də çox maraqlı kəşf edib. O, sellofon və plastik qab tullantılarından yanacaq alıb. Əlbəttə, indiyə qədər bunlardan quru yanacaq və ya təkrar emal üçün istifadə olunurdu. Bunun üçün yeni istehsal qurğuları da gətirilib.
Məsələ bundadır ki, tələbə qız həmin tullantılardan MAYE YANACAQ almışdı. Yəni neft, hətta benzin şəkildə. Bundan sonra ətrafımıza baxdıq. Bunun üçün kifayət qədər "xammal" olduğunu gördük.
Uğurlar diləyirik. Tələbə qız indi bu kəşfini sənədləşdirmək istəyindədir. Güman edirik ki, bu işdə ona kömək edənlər tapılacaq.
Həə... gəldik üçüncü qızın hekayəsinə. Əslində heç danışmaq istəməzdim. Amma bu müqayisədə xatırlatmaq pis olmazdı dedim.
"Sevdiyiniz" teleproqramların birinə yəqin ki, arabir baxırsınız. Müğənnilərdən tutmuş, TOY MƏRSİYƏXANLARIna kimi çoxları orada çalıb-oxuyur. Bu proqramı aparan adamın bir şakəri də var. Gənc qızları tərifləyib, onların çox gözəl şeir yazdıqlarını deyir və mikrofonu uzadır. "Çox gözəl şeir yazan" qızlar şeirdən, sözdən uzaq kəlmələri yan-yana düzüb, əzilə-əzilə, büzülə-büzülə, pafosla, əttökən jestlərlə söyləyirlər. Aparıcı hamını az qala şillələyib, məcbur edir ki, bu səfeh-süfeh, dadsız-duzsuz söz yığınlarını alqışlasınlar.
Bax, son vaxtlar gördüyünüz o gənc qız da bu aparıcının təqdimatı ilə şeir adına bir yığın söz söylədi. Və elə o vaxtdan "sevdiyiniz" şou proqramda lövbər salıb oturub. Verilişdə oxuyan, qalan, danışan o qədər də qızın vecinə deyil. O, kameralara "işləyir". Gah gözlərini süzdürür, gah ağlamsınır, gah da çiyinlərini ata-ata oturduğu yerdə dingildəyir. Yəni, gənc xanım da vizion-görüntü aclığı sindromu yaranıb və yavaş-yavaş TELEMANİYA xəstəliyinə çevrilir, özü də xroniki.
Hər verilişdə yeni paltarlar geyinir, makiyaj dəyişir. Operatorlar ən çox onu göstərirlər. Və bu "qarşılıqlı anlaşma" çox düşük, xoşagəlməz bir şəkildə ekrana yansıyır.
Hə, düz deyirsiniz, əslində üçüncü qızın hekayəsi çox uzun oldu. Neynəyək? Belələrinin həyatı da, başlarına gələ biləcək xoşagəlməz hadisələr də uzun olur. Belələri daha çox diqqət cəlb edir. Belələrini daha ciddi-cəhdlə irəli verirlər. Belələrini daha çox təbliğ edirlər. Belələrini daha çox bədbəxt edirlər...
Belə! Sizə üç qızdan söhbət açaq. İkisi ilə hamımız fəxr duyuruq. Üçüncüsü ilə...
Bax, bunları da o şoumenlərin, dələduzların, "səni məşhur edəcəm" deyib, aldadan fırıldaqçıların pəncəsindən xilas etmək lazımdır. Ən əvvəl valideynləri. Daha sonra hər kəs, hamı. Bu qız da xəyali yox, həqiqi həyata qayıda bilər. Oxuyar, təhsil alar. Ya da bir peşə sahibi olar. Həyatda öz yolunu tapar, ailə qurar, ana olar.
Daha şoularda, orda-burda xərclənib, məhv olmaz.

TƏQVİM / ARXİV