adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Iyun 2018 17:30
13946
DÜNYA
A- A+

Xəzərin dibi ilə boru kəmərləri çəkiləcək – Rusiya təsdiqlədi

Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsini təsdiq edib. 

Adalet.az "Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Bildirilir ki, Rusiya baş naziri Dmitri Medvedev bununla bağlı müvafiq fərman imzalayıb. "Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən, icra hakimiyyətinin müvafiq federal orqanları ilə razılaşdırılan və əvvəlcədən Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəflərilə işlənib hazırlanan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsi təsdiq edilsin. Rusiya prezidentinə bu Konvensiyanın imzalanması barədə təklif verilsin.” - deyə fərmanda qeyd olunub.

Rusiya hökumətinin saytında dərc olunan sənəddə həmçinin bildirilir ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsi üzv ölkələrə dənizin dibi ilə boru kəmərləri çəkmək imkanı da verir. Konvensiyanın 14-cü maddəsində qeyd olunub ki, "tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilərlər.” Lakin bu zaman beynəlxalq müqavilələrdə əks olunan ekoloji tələb və standartlara riayət olunmalıdır. Həmçinin, sualtı kabel və boru kəmərləri çəkən ölkə onların koordinatları barədə digər tərəfləri məlumatlandırmalıdır.

Qeyd edək ki, Xəzəryanı ölkələrin növbəti sammiti ilin ikinci yarısında Qazaxıstanda keçiriləcək. Həmin görüşdə Xəzər dənizinin hüquqi statusuna dair yekun Konvensiya layihəsinin dövlət başçıları səviyyəsində təsdiqlənəcəyi proqnozlaşdırılır.