adalet.az header logo
  • Bakı 7°C
22 Iyun 2018 15:44
11813
DÜNYA
A- A+

İran nüvə sazişindən çıxmağa hazırlaşır

"Hazırda nüvə razılaşması üzrə işlər davam etdirilir və saziş öz qüvvəsini saxlayır. Lakin əgər Avropa İttifaqı ölkələrilə hansısa anlaşma əldə edilməsə, qarşıdakı həftələrdə İran sazişdən çıxacaq"

Adalet.az xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Arakçı "Euronews”a müsahibəsində deyib.

Arakçı bildirib ki, Tehran hələ də nüvə sazişini qoruyub saxlamaq istəyir, amma Vaşinqtonun razılaşmadan çıxmaq qərarı səbəbindən bəzi qaydaların dəyişdirilməsinə ehtiyac duyur.

Onun sözlərinə görə, əgər avropalılar, yaxud İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planının digər üzvləri Tehranın razılaşmaya sadiq qalmasını istəyirlərsə, onda ABŞ-ın yoxluğunu kompensasiya etməlidirlər.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçıları, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasının tərəfdarıdırlar.