adalet.az header logo
  • Bakı 7°C
22 Iyun 2018 15:39
8827
MƏMLƏKƏT
A- A+

ATƏT rəsmiləri Bakıda Qarabağı müzakirə edib

Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti Milli Məclisdə olub.

Adalet.az xəbər verir ki, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Cənubi Qafqaz ölkələrinə həyata keçirilən bu səfərin ATƏT-in və onun institutlarının bu regionda gedən prosesləri dərindən öyrənməsi baxımından vacibliyini qeyd edib. Bildirib ki, səfər regiondakı prosesləri təhlil etməyə və ölkələrin mövqelərini müəyyənləşdirməyə öz töhfəsini verəcək. Bu baxımdan səfər çox vacibdir və Azərbaycan buna çox böyük əhəmiyyət verir.

Bahar Muradova bu il Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini deyib. Bildirib ki, Azərbaycan 100 il bundan əvvəl Şərqdə demokratik cümhuriyyət qurulması istiqamətində addım atıb, qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verib. Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində çox böyük təcrübəsi var.

Milli Məclis sədrinin müavini söyləyib ki, Azərbaycan heç bir təhlükəsizlik alyansına, hərbi bloka üzv olmayan ölkədir. Odur ki, bizim həm ATƏT-lə, həm ona üzv və digər ölkələr ilə münasibətdə siyasətimiz müəyyən meyarlara əsaslanır. Azərbaycan hesab edir ki, Avropa təhlükəsizlik arxitekturası hazırda növbəti böhran dövrünü yaşayır. Bu, həm Avropanın özündə, həm də digər regionlarda baş verən hadisələr nəticəsində meydana gəlib.

Azərbaycanın ATƏT-lə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən Bahar Muradova deyib ki, ölkəmizin Parlament Assambleyasında fəaliyyət göstərən daimi nümayəndələri var. Azərbaycan bu nümayəndə heyəti ilə birlikdə ATƏT Parlament Assambleyasının ümumi prioritetlərinin formalaşmasında və siyasətinin həyata keçirilməsində iştirak edir.

Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan bildirib ki, Azərbaycan ATƏT dəyərlərinin təşviqində önəmli rolu olan üzvdür. ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

İtaliyanın ATƏT yanında daimi nümayəndəsi, Daimi Şuranın sədri Allesandro Azzoni də Avropada təhlükəsizlik arxitekturasının böhran yaşadığını deyib. O, qarşılıqlı təcrübə mübadiləsi üçün dialoqların qurulmasının önəmini vurğulayıb. Bildirib ki, bu səfər Azərbaycanla ATƏT arasındakı əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verəcək.

Sonra Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Fərəc Quliyev, Araz Əlizadə, Asim Mollazadə, Tahir Kərimli, Elşən Musayev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Sevinc Fətəliyeva, Azay Quliyev ATƏT-lə Azərbaycan arasındakı əlaqələrdən söz açıblar. Bildirilib ki, ATƏT-ə üzv ölkələrlə Azərbaycanı birləşdirən ikitərəfli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq iqtisadi, ticarət, enerji, mədəniyyət, təhsil və digər sahələri əhatə edir. Azərbaycan bu münasibətlərə böyük əhəmiyyət verir. Eyni zamanda, Avropa ilə Azərbaycanı strateji əməkdaşlıq birləşdirir. Bu gün dünyada terrorçuluq, işğal, münaqişələr geniş yayılıb. Bu vəziyyətdə təbii ki, bizi, ilk növbədə, birləşdirən sabitliyin, sülhün bərqərar olmasıdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açılıb. Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var. Onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülür, lakin bu insanların ən böyük arzusu doğma torpaqlarına qayıtmaqdır. Görüşdə ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı prinsipial mövqe sərgiləmədiyi təəssüflə qeyd edilib.