adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Iyun 2018 13:06
9626
GÜNDƏM
A- A+

İçimdə döyüşən əkizlər - Emin Akif yazır

İçimdə iki adam oturub. Biri sentimentaldı, romantikdi. Ayağı yerdən üzülmüşdü. O biri uça bilmir, realistdi, duyğusuzdu. Elə ki, kiminləsə xoşbəxt olmaq istəyirəmsə bu iki ibnə, yekəbaş, xudbin, paxıl məxluqlar başlayır dava-dalaşa. Ayağı yerdən üzülmüş deyir ki, onu qadından ötə biri kimi sev. Elə sev ki, havalanasan, ayağını yerə qoyanda yeri hiss eləməyəsən, onu dodaqlarından çox ayağını öpməyə tələsəsən. Uça bilməyən, realist, bəlkə də pessimistsə deyir, sənin nə işin var o qadınla, onsuz da yenə alınmayacaq, səni atıb gedəcək. Nahaqq yerə uçmağa çalışma, ayağı yerdən üzülmüş adamların əvvəl-axır qanadları sınır, şappıltıyla yerə düşürlər.

Ayağı yerdən üzülən kosmopolitdi, azaddı, dinsizdi. Onun əl-ayağını bağlaya bilməzsən. O heç vaxt yerə düşmür. Onun vətəni yoxdur, onun üçün qadağa yoxdur, onun üçün Allah var, din yoxdu.

Uça bilməyənsə vətənpərvərdi, çərçivəlidi, dindardı. Onun əl-ayağını ancaq ayağı yerdən üzülmüşlərlə qarşılaşanda bağlaya bilməzsən. Harda gördüsə, daşlamaq istəyər onları.

Ayağı yerdən üzülən üçün qadının boşanmışı da qəbuldur. Onun üçün sadəcə, insan var. O insan ki, hissiyatını itirməyib. O insan ki, onun paklığı yalnız xarakteri, ürəyi ilə ölçülür. Onun üçün sevgi kor-koranə bir şeydir.

Uça bilməyən üçünsə qadının əl dəyilməyəni qəbuldur. Onun üçün sevgi də bəlli bir teoremlərin içindədir. O teoremdən kənara çıxa bilməzsən.

Ayağı yerdən üzülən üçün dünyanın bütün uşaqları məsumdur.

Uça bilməyən üçünsə düşməndisə, qırılsınlar.

Ayağı yerdən üzülən üçün Allah yalnız Allah olduğu üçün var.

Uça bilməyən üçünsə Allah ya cəhənnəm qorxusudur, ya da cənnət sevdası.

Ayağı yerdən üzülən öz Allahından küsüb, nə vaxtsa barışacaq.

Uça bilməyən üçünsə Allahdan küsmək qadağandır.

Ayağı yerdən üzüləni şərab göylərdə saxlayır.

Uça bilməyəni isə şərab olduğu çərçivədə.


Ayağı yerdən üzülən qoşulub buludlara ağlayır.

Uça bilməyənsə yalnız müqəddəslər üçün ağlayır.

Ayağı yerdən üzülən özünü olduğu yüksəklikdən aşağı atılmağın qorxusu yoxdur. Özünü öldürə bilər.

Uça bilməyənsə oturub ömrünün axırına kimi ölümü gözləyir.

Ayağı yerdən üzülən hər gün ölür.

Uça bilməyənsə bir dəfə.

Ayağı yerdən üzülən kilsə də var, məscid də var, sinaqoq da, məbədlər də, bütlər də.

Uça bilməyən üçünsə ya kilsə var, ya məscid var, ya sinaqoq var, ya da bütlər.

Qalmışam bu iki cüvəllağının arasında. Bunların əlində hara qaça bilərəm, bilmirəm. Ömrümü qumar masasına bənzədirəm. Həmişə əlindəki 3 Tuzla uduzan bir adam. Hə, yəni Tənhalıq, Tənhalıq, Tənhalıq.