adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Iyun 2018 11:29
22172
SİYASƏT
A- A+

Naxçıvan Ali Məclisinin deputatı: “Günnütə qayıdışdan danışmaq hələ tezdir”

Xəbər verdiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan MR Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına gedərək, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Bir neçə gün öncə isə Müdafiə Nazirliyi Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair video yayıb.

Modern.azsaytı Günnütlə bağlı son məlumatları öyrənməyə çalışıb. Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli saytımıza açıqlamasında insanların sevinc içində öz torpaqlarına qayıtmaq eşqinin olmasından danışıb. Xanım deputat sakinlərin gələckdə Günnütə köçürülməsi məsələsinə də toxunub.


"Hər bir günnütlü torpaqlarımızın 26 ildən sonra geri qaytarılmasına çox sevinir. Amma sakinlərin köçürülməsi barədə hələ nəsə deyə bilmərik. Çünki bu proqram çərçivəsində həll olunacaq məsələdir. Həllini tapan zaman mətbuata da bu barədə geniş açıqlama veriləcək. Deputat olaraq öncədən hansısa fikri səsləndirməyimiz doğru deyil.

Biz işğaldan azad edilmiş hansı torpaqlarımızı boş qoymuşuq ki?! Bu gün insanlar Cocuq Mərcanlıda necə firavan yaşayır! Biz Günnütə də gedib yaşayacacağıq. İnsanlar bilə-bilə ki, minalanmış sahələrdir, ora can atırlar. Təsəvvür edin: böyük maşın karvanı Günnütə yol aldı. İnsanlar dağılmış məzarları 26 ildən sonra ziyarət etdilər. Hər bir günnütlü neçə illər idi ki, vətən həsrəti ilə yaşayırdı. Sökülmüş qəbir daşlarını düzəltdilər. Quran oxundu, ehsan verildi. Bu da onu göstərir ki, insanlarımız torpağına sadiqdir. Deputatlıq missiyamdan əlavə, həm də məktəb direktoruyam. İnanın, hər bir məktəbli mütləq hərbçi olmaq barədə düşünür. Uşaqların da, gənclərin də vətənə, torpağa olan sevgisini gözlərindən oxumaq mümkündür”.

Xanım deputat bildirib ki, hər bir günnütlü dövlət başçısının verəcəyi qərara uyğun addım atacaq.

"Hazırda Naxçıvanda 100-dən artıq günnütlü ailə var. Dövlətimiz onlar üçün hər cür şəraiti olan evlər tikib. Otlaq sahələri var. Amma insanlarımız Günnütə köçmək arzusundadırlar. Bu gün günnütlülər Cocuq Mərcanlı sakinlərinin əhval-ruhiyyəsindədir. Sadəcə, dövlət başçımız nəyə qərar verəcəksə, biz də ona uyğun hərəkət edəcəyik”.