adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Iyun 2018 11:19
21350
SİYASƏT
A- A+

“Azərbaycan əslində birdən-birə belə olmayıb” - Baş nazir

ADA Universitetində CAMCA Regional Forumu işə başlayıb.

Adalet.az xəbər verir ki, CAMCA Forumu bölgə dövlətləri ilə yanaşı, 20 müxtəlif ölkənin yüksək səviyyəli hökumət, biznes sektoru və elmi dairələrin nümayəndələrini bir araya toplayıb. CAMCA Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır.

Tədbir çərçivəsində bölgənin 10 ölkəsindən yerli gənc peşəkarlar, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər bir araya toplaşaraq müvafiq gündəm üzrə dialoq aparır, iqtisadi, siyasi və sosial inkişafa həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə intellektual töhfə verirlər.

Tədbirdə çıxış edən baş nazir Novruz Məmmədov Ramsfeld Fondunun fəaliyyətini təqdir etdiyini və belə qurumların dövlətlərarası münasibətlərin tənzimləmə prosesində iştirakının vacibliyini qeyd edib.

Azərbaycan dünyanın ən mürəkkəb və mühüm regionunda yerləşdiyini deyən N. Məmmədov əlavə edib ki, Azərbaycan iqtisadi və insan resursları baxımından da zəngin ölkədir: "Azərbaycan İpək Yolunun bərpasında rol oynayır, Bakı ilə Avropanı dəmir yolu ilə birləşdirir. Bunun davamı olaraq Trans Anadoluq Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP) layihələri də uğurla reallaşdırılır. Düşünürəm ki, bu lahiyələrə daha da güclük dəstək vermək olardı. Amma təəssüf ki, bəzən böyük məqsədlər kiçik hislərə qurban verilir".

Baş nazir qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə sivilizasiyalararası dialoqla bağlı böyük tədbirlər təşkil edir: "Eyni zamanda Azərbaycan dinlərarası dialoqun da inkişafında mühüm rol oynayır, dinlərarası anlaşmada addımlar atır. Azərbaycan əslində birdən-birə belə olmayıb. Biz bu yaxınlarda - may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyət qurub, qadınlara səsvermə hüququ verib, balet yaradılıb. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq Qərb mətbuatında 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı bir fundamental yazı görmək olmur".

Hökumət başçısı bildirib ki, ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur: "Böyük dövlətlərin liderləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Ədalət olmayanda isə yanaşma da düzgün olmur. Azərbaycan 25 ildir Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ədalətli mövqe gözləyir. Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər bu məsələ ilə bağlı normal münasibət ortaya qoyulmayıb".