adalet.az header logo
  • Bakı 7°C
21 Iyun 2018 15:08
20255
MƏDƏNİYYƏT
A- A+

Bolqarıstanda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilmiş "Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Adalet.az-a verilən xəbərə görə, səfirliyin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileylərinin qeyd olunması kontekstində sözügedən festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu "Əli və Nino” filmi nümayiş olunub, Q.Qarayevin əsərlərindən ibarət musiqi parçaları səsləndirilmiş, ölkəmizin tarixi, mədəniyyəti, multikulturalizm ənənələri barədə "Bakı – müasirlik və qədimliyin harmoniyası” mövzusunda foto-sərgi təşkil olunub və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

Ölkəmizin festivalda iştirakı proqramı çərçivəsində səfir N.Qurbanova tərəfindən həmçinin Sozopol şəhər kitabxanasına ölkəmizə dair müxtəlif kitablar – bolqar dilinə tərcümə edilmiş "Müasir Azərbaycan ədəbiyyatı”, Hüseyn Cavidin "Maral” və "Şeyda” əsərləri, dahi Nizaminin əsərlərindən fransız dilinə tərcümə edilmiş parçalar və s. hədiyyə edilib.

Festival çərçivəsində baş tutmuş plenerdə Makedoniya, Rumıniya, Mərakeş, Livan, Belçika, Fransa ilə yanaşı, Azərbaycandan da rəssamlar – Bəhruz Kəngərli və Bəhram Xəlilov iştirak etmişlər. Plenerdə rəssamlarımız tərəfindən çəkilmiş əsərlər festival çərçivəsində təşkil olunmuş sərgidə nümayiş olunub. Rəsm əsərlərinin həmçinin Sofiya şəhərində nümayişi nəzərdə tutulur.

Gecənin açılışında çıxış edən səfir N.Qurbanova 2018-ci ildə müsəlman və türk dünyasında ilk parlament respublikası olan AXC-nin 100 illik yubileyinin qeyd olunduğunu, bu əlamətdar hadisənin qeyd olunması kontekstində Bolqarıstanda bolqar tərəfdaşlarla birgə tədbirlər silsiləsinin təşkil edildiyini diqqətə çatdırıb. Səfir əlavə edib ki, cari ildə həmçinin müsəlman dünyasında ilk opera olan "Leyla və Məcnun” operasının 110, Azərbaycan milli teatrının 145, kinematoqrafiyasının 120, Azərbaycanın görkəmli bəstəkarı Q.Qarayevin 100 illik yubileyləri keçirilir.

"Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı foto-sərgi, Q.Qarayevin əsərlərindən ibarət konsert proqramı, Azərbaycan milli mətbəxinin təqdimatı, "Əli və Nino” filminin nümayişi – bütün bu tədbirlərin məqsədinin Azərbaycanın dünya mədəniyyəti və incəsənətinə əvəzolunmaz töhfələrini nümayiş etdirmək olduğunu qeyd edib.

Daha sonra N.Qurbanova hər tədbir barədə qısaca məlumat vermişdir. Səfir foto-sərginin Azərbaycanın paytaxtı Bakının gözəllikləri, onun qədim tarixi və mədəni müxtəlifliyinə nəzər yetirdiyini söyləib, çəkilişləri istedadlı bolqar rəssamı və fotoqrafı Tanya Uzunova tərəfindən həyata keçirilən fotoşəkillərin Bakı və onun ətrafının multikultural mühiti və əsrarəngiz gözəlliklərini məharətlə əks etdirdiyini bildirib.

Q.Qarayevin yaradıcılığına toxunan səfir görkəmli bəstəkarın zəngin musiqi irsinin məhəbbət və mübarizə, xoşbəxtlik və kədər, xəyal və gerçəkliyi ifadə etdiyini, onun Sovet İttifaqının Birinci Beynəlxalq Los Anceles Musiqi Festivalına göndərdiyi iki bəstəkardan biri olduğunu qonaqların diqqətinə çatdırıb. O davam edib ki, YUNESKO Baş Assambleyasının 39-cu sessiyasının qərarı ilə Q.Qarayevin yubileyi 2018-ci il boyunca qeyd olunacaqdır. Səfir gecədə səsləndirilən əsərlərin əlyazmalarının Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova tərəfindən müxtəlif arxivlərdən əldə edilərək kitab halında çap olunduğunu və indiyədək heç bir yerdə ifa olunmadığını xüsusilə vurğulayıb. N.Qurbanova Yeni Bolqarıstan Universitetinin professoru, gənc virtuoz pianoçu Ani Linçevanın ifasında təqdim olunacaq həmin musiqi nümunələrinin qonaqların zövqünü oxşayacağına inandığını bildirib.

Müsəlman Azərbaycan gənci ilə xristian gürcü qızının məhəbbət hekayəsindən bəhs edən "Əli və Nino” filmi barədə qonaqlara məlumat verən səfir filmin sevgi hekayəsi fonunda Azərbaycanın xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edildiyini qeyd edib. Filmin həmçinin Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə olduğunu vurğulayan səfir ölkəmizin tarixən Şərqlə Qərb arasında müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olduğunu bildirib.

Qeyd edək ki, yuxarıda qeyd edilən festival Sozopol şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisə hesab olub Bolqarıstanda bu qəbildən olan yeganə festivaldır. Festivalın Bolqarıstan tərəfindən təşkilatçıları Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Dövlət Arxiv Agentliyi, Bolqarıstan Elmlər Akademiyası, Milli Qalereya və Sozopol icra hakimiyyətidir. Tədbirin beynəlxalq təşkilatçıları sırasında Azərbaycan, Belçika, Livan, Mərakeş, Rumıniya, Makedoniya, Fransa, Gürcüstan və İsveçrənin Bolqarıstandakı səfirlikləri yer alır. Festivalın açılışı ilə Sozopolda yay turizm mövsümü açıq elan edilir. Festivalın proqramına sərgi və konsertlər, beynəlxalq elmi seminar, beynəlxalq plener, milli mətbəxlərin dequstasiyası daxildir. Festival adətən bolqar və xarici rəssamların iştirakı ilə plener ilə başlayır.