adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Iyun 2018 16:14
13406
DÜNYA
A- A+

ABŞ-da minlərlə insan Trampa etiraz etdi

Dünya miqrantlar günü ilə əlaqədar ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkda minlərlə insan prezident Donald Trampın miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Bryant parkdan BMT-nin baş qərargahınadək yürüş edən etirazçılar əllərində "miqrant uşaqları qoruyun”, "miqrantlar, xoş gəldiniz”, "uşaqlar qanundan kənar deyillər”, "ailələri bir arada saxlayın” şüarları yazılan plakatlar tutaraq, Trampı administrasiyasının ABŞ-a qanunsuz gələn miqrant ailələrin uşaqlarının əllərindən alınmasına yönəlmiş siyasətini şərt tənqid ediblər.

Qeyd edək ki, ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edib. Bu qərar ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinin təşkilatın ən yüksək səviyyəli məmurları tərəfindən kəskin tənqid olunmasından sonra verilib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığı ABŞ-ı ailələrin şəxsi həyatına qanunsuz müdaxilə və ölkənin cənubunda uşaq hüquqularını ciddi və kobud şəkildə pozmaqda ittiham etmişdi. BMT Komissarlığının mətbuat katibi Ravin Şamdasani bəyan etmişdi ki, ABŞ ölkənin cənub sərhədlərinə yaxın əyalətlərdə "sıfır tolerantlıq siyasəti” həyata keçirir. Belə ki, ABŞ ərazisinə qanunsuz olaraq keçməyə çalışan miqrantlar məhkəmə təqiblərinə məruz qalırlar ki, nəticədə qorxutma və daşındırıcı vasitə kimi onların azyaşlı uşaqları əllərindən məcburi şəkildə alınır. BMT-nin statistikasına əsasən, 2017-ci ilin oktyabrından etibarən ABŞ-ın cənubunda yüzlərlə uşaq məcburi şəkildə öz doğma ailələrindən ayrı salınıb.

Şamdasaninin sözlərinə görə, ABŞ miqrant siyasətini bilərəkdən kriminallaşdırır. Həmçinin, ABŞ dünyada yeganə ölkədir ki, indiyədək BMT-nin uşaq hüquqları üzrə Konvensiyasını təsdiqləməyib.

"Guardian" qəzeti isə bildirir ki, ABŞ-ın cənub ştatlarında Trampın miqrantlara qarşı dözümsüzlük siyasətinə görə ailələrinin əlindən alınan yüzlərlə uşaq köhnə anbarda metal qəfəslər içində saxlanılır.