ANA SƏHİFƏ / ƏDƏBİYYAT

MƏKTƏBLİ YAZIÇI

Nicat Əsədlinin ilk kitabı barəsində təəssüratım

5747    |   2018-06-21 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Naxçıvan səfərindən bir qədər öncə maraqlı informasiya ilə tanış olmuşdum. Həmin informasiyanı telefon söhbətimiz zamanı Naxçıvan Yazıçılar Birliyinin sədri, eləcə də Naxçıvan Ali Məclisinin deputatı, şair dostum Asim Yadigar da təsdiq etdi. Və mən həmin informasiyadan və söhbətdən sonra özümdə baş qaldıran maraq hissini Naxçıvanda olarkən təkrar dilə gətirdim. Və Asim müəllimdən xahiş etdim ki, gənc istedadın, yəni Naxçıvandakı Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nicat Əsədlinin ilk kitabını mənə hədiyyə etsin. Asim müəllim arzumu yerinə yetirdi. Elə buradaca onu da vurğulayım ki, Naxçıvandan Bakıya qayıdanda özümlə dostlarımın yenicə işıq üzü görmüş kitablarını da gətirdim. İnşallah, yaxın zamanlarda həmin kitablar barəsində oxucularıma məlumat verəcəm. Bu gün isə gənc istedadın, yazar həmkarım, qələm dostum, 7-ci sinifdə oxuyan Nicat Əsədlinin kitabından danışmaq istəyirəm. 14 yaşlı həmkarım digər yaşıdlarından fərqli olaraq öz maraq dünyasını sözdə, qələmdə, kitab-dəftərdə tapıb. Dərsləri ilə yanaşı, kitabları da oxumaq, onların səhifələri arasında öz xəyallarını qurmaq, arzularının izinə düşmək istəyi onu məhz söz dünyasına bir ilahi istəklə, bir bəşəri duyğularla bağlayıbdı. Axı, hər kitab özü ayrılıqda bir dünyadı. O təkcə yazarın, müəllifin deyil, həm də oxucunun və eləcə də kitabdakı qəhrəmanların, süjetlərin yaşadığı məkanlar və bir də o məkanların təsvirindən, tərənnümündən keçib gələn pıçıltılardı. Bax, gənc istedadı da müəyyən mənada kitaba tərəf çəkib gətirən, kitabla arasında körpüyə çevirən elə bu ilişgilərdi.


Nicat Əsədli özünün bu yığcam, bir məktəbli təfəkkürünün bəhrəsi olan kitabında öz dünya görüşünün parametrlərini də büruzə verə bilib. Çünki onun oxuduğu kitabların adlarına diqqət yetirəndə aydın şəkildə görmək olur ki, Nicat təkcə öz yaşının deyil, həm də yetkinlik yaşını keçmiş insanların da maraq dünyasını çəkən kitablara üz tutub. Bu da ona imkan verib ki, o, uşaq dünyası ilə yanaşı, yuxarı yaş həddinə yaxın mövzuların da nəfəsini duya bilsin. Bax, bu mənada onun oxuduğu kitabların siyahısına göz yetirirəm. Onların arasında böyük Hüseyn Cavidin "Ana" əsəri xüsusi yer tutur. Təkcə "Ana"nı oxumaq deyil, Cavid Əfəndinin digər əsərləri ilə də tanış olmağa maraq göstərən Nicat sonda özünün yığcam informasiyasını, bilgisini yazıya çevrir. Sanki yaşıdlarına Cavid əfəndini, onun kimliyini və yaradıcılığını təqdim edir. Bu hardasa sərbəst mövzuda yazılmış inşanı da xatırladır. Və yaxud Çingiz Abdullayevin əsərləri, Elçin Hüseynbəyli, Süleyman Sani Axundov, Yunus Oğuz... Mən bu sıranı ona görə adda-budda qeyd edirəm ki, "Ədalət"in oxucuları Nicatın həm klassiklərimizə, həm də müasirlərimizə olan sevgisini görüb duya bilsinlər. Çünki Nicat özünün oxuduğu kitablar barəsində hazırladığı yığcam, amma diqqətçəkən bilgilərilə öz oxucusuna həmin kitablar barəsində anaptasiya xarakterli informasiyalar ötürür. Məsələn, o, "Başsız atlı", "Amfibiya adam", "Balaca şahzadə", "Cinayət və cəza", "Baskerbitlərin iti", "Mən, nənəm, İliko və İllarion", "Mavi qatarın sirri", "Qəhvəyi kostyumlu kişi", "Ovod", "Səfillər", "Heraklin on iki qoçaqlığı", "Don Kixot" və s. Ümumilikdə Nicat 67 kitab haqqında özünün təəssüratını işıq üzü görmüş "Sevimli dostlarım - kitablar" adlı ilk əsərində bizlərə çatdırır. Və adı çəkilən kitabların özlərinin dünyası gənc müəllifin dünya ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatının da yaradıcılarına həm sevgisini, həm də onlardan bəhrələnmək qabiliyyətini üzə çıxarıbdı. Onun "Dədə Qorqud", "Koroğlu", "Bəhlul Danəndə", həmçinin Nizaminin "Hikmət və nəsihətlər"i və Qurban Səidin "Əli və Nino" əsərlərilə tanışlığı da dediklərimizi bir daha sübut edir.

Çox maraqlıdır ki, gənc müəllifin uğuru Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbovun və eləcə də respublika rəhbərliyinin diqqətini özünə çəkib. Hətta Ali Məclisin sədri gənc müəllifə təbrik məktubu göndərib, onu mükafatlandırıb. Və respublikada kitaba sevgi, kitabın yayımı, bədii ədəbiyyatın oxunması ilə bağlı Ali Məclis sədrinin təşəbbüsü fonunda gənc Nicat Əsədlinin araya-ərsəyə gələn kitabı özü-özlüyündə gözəl bir nümunəyə çevrilib.

Bu gün Naxçıvan məktəblisi olan Nicat Əsədli həm yaşıdlarının, həm də sözə, kitaba dəyər verənlərin diqqət mərkəzindədi. Düşünürəm ki, gənc həmkarım başlanğıcında olduğu bu yolun çətinliklərini uğurla keçəcək. Çünki onun valideynləri ilə yanaşı, müəllimləri də, yaşıdları da, xüsusilə Ali Məclisin sədri Vasif Talıbov da inanaraq xeyri-dua verib. Bu, Nicat Əsədli üçün böyük ədəbiyyata çox önəmli, uğurlu bir yol deməkdi.


Əbülfət MƏDƏTOĞLU




İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK