Əbülfət Mədətoğludan yeni şeir: Ağrıyan ürəyimi
Ağrıyan ürəyimi
Bükmüşəm nəm dəsmala...
Ürəyimlə bərabər-
Hopubdu qəm dəsmala...
Qopan ağır daşımdan
Tüstü qalxıb başımdan...
Tapşır, sən göz yaşımdan -
Məni bu dəm dəsmala!
Didəmi duz deşibdi
Dərin , həm üz deşibdi...
Görəsən düz deşibdi? -
Dammayıb kəm dəsmala!
Kömək ol, yol sapmayım
Sapsam heç yol tapmayım!
Gözünü sil , toplayım -
Cəmləyim , cəm, dəsmala!