adalet.az header logo
  • Bakı 7°C
21 Iyun 2018 09:18
37028
MƏDƏNİYYƏT
A- A+

Canavar sevgisi!

ÇİNGİZ ƏNVƏROĞLU

Dostlarımızla bir yerə yığışanda həmişə maraqlı mövzularda söhbətlərimiz olur. Budəfəki söhbətimiz bir neçə gün qabaq televiziya kanallarından birində müzakirə edilən ailə məsələsi oldu. Mövzunun əsası belə idi ki, iki uşaq anası heç bir ciddi səbəb olmadan ailəsini, uşaqlarını ataraq evdən gedib. Üç aya yaxın vaxt ötsə də o, tapılmayıb. İndi televiziya vasitəsi ilə həmin qadına müraciət edirlər ki, qayıt evinə, uşaqların ana həsrətindədir, ərin, qaynanan səni gözləyir. Televiziya aparıcısı da deyir ki, biz bu günlərdə onunla telefon əlaqəsi saxlamışıq, sağdır, amma gəlmək istəmir. Aydın məsələdir yəqin bu "ana" sonrakı olaylardan ehtiyatlanır. Verilişin aparıcısı da düşüb onun studiyada iki usağı ilə oturan ərinin üstünə ki, o qayıdanda sən iki uşağının xatirinə bu qadını qəbul et və söz ver ki, aranızda bu söhbət qapanacaq və unudulacaqdır. Studiyada qabaqcadan hazırlanmış adamlar da düşüblər halal zəhməti ilə işləyib ailəsinə çörək qazanan ərin üstünə ki, sən iki uşağın xatirinə onu bağışlamalısan. İş elə qurulub ki, uşaqların atasına sözünü deməyə imkan vermirlər və hər tərəfdən ona təsir göstərirlər. Deyirlər bir səhvdir edib, sən böyüklük, humanistlik göstər, onu bağışla.
O isə belə cavab verir:
-Axı bu səhv deyil, çox ciddi və bağışlanmaz bir xəyanətdir.
Dostlarımız "bu get-gəllər bazarında" saç ağardan, dünya görüşü olan, sanballı kişilərdir və təbii ki, onlar ailə məsələsinə belə yanaşmanı qəbul etmədilər. Dedilər ki, ailə münasibətlərinə belə yanaşma milli əxlaqımıza, mənəvi kökümüzə, kişi qeyrətimizə, namuslu qadınlarımızın adına ləkədir və heç cür qəbul olunmazdır. Hətta, dostlarımız bütün hallarda; - siyasətdə, kommersiyada, partiyalılıq və vətəndaşlıq mövqeyində xəyanətin bağışlanılmaz olduğunu birmənalı vurğuladılar. Hələ bir qədər də qabağa gedərək qeyd etdilər ki, dünyada millətlərin, xalqların bir-birinə yaxınlaşması bir çox milli, mənəvi və əxlaqi dəyərlərin itirilməsinə yol açmaq deyil. Avropalaşma bizə elm, təhsil, iqtisadi inkişaf sahəsində uğurlar qazandırsa da, biz göründüyü kimi milli-mənəvi əxlaq məsələsində assimilyasiyaya uğramalı deyilik. Təsadüfi deyildir ki, son zamanlarda ailə münasibətlərinə belə yanaşmalar yeni ailələrdə ciddi problemlər yaranmasına gətirib çıxarır. Bu neqotiv təsirlər nətiycəsində boşanmaların sayı ildən-ilə çoxalır. Bu problem artıq ciddi narahatlıq yaradır, gənc ailələr qısa zamanda ayrılırlar. Bunun qarşısı tezliklə alınmalıdır, dövlət səviyyəsində konkret tədbirlər görülməlidir. Milli Məclisdə bu məsələ müzakirə edilməli, yeni qurulan ailələrdə ailənin qorunmasının və daimiliyinin təminatı üçün hər iki tərəf Azərbaycan Respublikasının Ailə Məcəlləsi əsasında öz üzərinə öhdəliklər götürməli və bunlar qanuniləşdirilməlidir. Ailənin dağılmasında günahkar olan tərəf ailəyə məxsus mülklərdən, sərvətdən, daşınar, daşınmaz əmlakdan və çox ciddi, dəfələrlə təkrarlanan xəyanətdirsə yetginlik yaşına çatmış övladların rəyi nəzərə alınmaqla hətta valideynlik hüquqlarından tamamilə məhrum edilməlidir. Unutmaq olmaz ki, dövlət ailələrin toplusundan yaranır və ailələrin kütləvi formada dağılması son nəticədə dövlətin məhvinə gətirib çıxara bilər. Ümumiyyətlə belə ciddi mövzular televiziya kanallarında müzakirə edilərkən millilik ön planda olmalı, ictimai qınaqdan yerində və bacarıqla, milli mentalitetimizə uyğun istifadə edilməlidir. Belə verilişlərin aparıcılığı həyat təcrübəsi olan, dünya görüşlü, milli dəyərlərimizə hörmət və ehtiramla yanaşan, abırlı, şəxsiyyətli jurnalistlərə tapşırılmalıdır. Ailəsini, iki uşağını atıb qaçan "ana"ya necə haqq qazandırmaq olar və onun ərinə necə təkid etmək olar ki, sən bu qadını bağışla və bundan sonra həmin mövzuda söhbəti birdəfəlik qapat. Belə vəziyyətdə həmin aprıcı necə deyə bilər ki, mən azərbaycanlıyam? Belə aparıcılar və onların televiziyasının rəhbərliyi haqqında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası ciddi tədbir görməlidir ki, buna bənzər hallar bir də təkrar olunmasın. Ölkəmizdə fəaliyyət göstərən bütün televiziyaların verilişlərinə baxan hər kəs hiss etməlidir ki, o, Azərbaycandadır və hər bir verilişlərdə Azərbaycan milli əxlaqı, milli ideologiyası təbliğ olunmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" Bu sözlər gündəlik həyatımızda, işimizdə, öz əksini tapmalıdır və biz bu müdrik kəlama hər əməlimizlə layiq olmalıyıq. Avropalıların çoxunun bəyənmədiyi "əxlaqi dəyərləri" öyrənmək və təbliğ etməkdənsə öz milli mentalitetimizi təbliğ etmək daha məqsədə uyğundur və daha çox vətənpərvərliyin rəhnidir. Hər kəs üzərində gəzdiyi, suyundan, havasından, min cür neymətlərindən istifadə etdiyi vətəninin Azərbaycan olması ilə fəxr etməlidir. Azərbaycanlı olub milli-mənəvi dəyərlərimizi bəyənməmək, bizə yad əxlaq normaları təbliğ etmək ən azı nankorluqdur, nə xalqımız nə dövlət qanunlarımız buna yol verməz.
Dostlarımızla həmin mövzunun müzakirəsini bitirdik və hamılıqla belə əxlaqsız qadının etdiyi bu hərəkəti qətiyyətlə pislədik. Söhbətimizin sonunda həmişə məntiqli danışığı, həyati faktlarla dediklərini təsdiqləyən Aslanov Ələsgər Əşrəf oğli bu mövzuya aid şahidi olduğu maraqlı bir hadisə haqqında danışdı. Həmin mövzu məni elə təsirləndirdi ki, Ələsgər qardaşımızın şahidi olduğu və bizə danışdığı o hadisəni mən olduğu kimi yazmaq qərarına gəldim. Bu, hamının vəhşi heyvan kimi tanıdığı canavarların sevgisi haqqındadır.

***
Ələsgər danışdı ki:
- Dostlarımın hamısı bilirlər, mənim atam da, babam da, ulu babam da çoban olublar. Mənim də uşaqlıq, gənclik illərim onlarla birlikdə qış fəslində qışlaqda, yayda yaylaqlarda keçib. Babam Qarabəy kişi dünya görüşlü, insanlarla səmimi ünsiyyət etməyi bacaran qeyrətli adam idi. Onun dostları tez-tez yaylağa qışlağa qonaq gəlib, onunla həmsöhbət olardılar. Bir dəfə dostlarından biri babama çoban üçün ən dəyərli olan bir it balası hədiyyə etmişdi. Bu adi çoban itlərindən deyildi, 2-3 aylıq erkək avçarka balası idi. Babam deyirdi ki, avçarka əslində türk sözüdür və "ovçuər, özü ovlayan, ov edən" anlamındadır. Avropa ölkələrinin çoxunda heyvan sürülərini, əsasən qoyun və çekiniləri çobanlar xüsusi təlimlərdə hazırlanmış bu itlərin köməyi ilə otlaqlara aparırlar. Onlar çox qiymətli itlərdir. Avçarkaya xüsusi qulluq etmək işini də babam mənə tapşırmışdı. Mən hər gün ona fərdi qulluq edirdim. Babam avçarkaya necə qulluq edilməsi haqda bildiklərini mənə öyrədirdi mən də həmin qayda ilə ona hər gün bişmiş ət, bir az çörək və südlü yeməklər verirdim. Hər həftə onu ilıq suda çimdirirdim. Yatdığı yerə aşılanmış qoyun dərisi salmışdım. Nənəm də zarafatla deyirdi ki, onun bu cahı-cəlalını görüb çoban itlərimiz bizdən küsəcəklər. Növbəti ildə biz yaylağa qalxanda avçarka bir yaşını ötmuş yekə it olmuşdu. Qara qarışıqlı boz rənglü tükləri par-par parıldayırdı. Uzun bədəni, geniş qabarıq sinəsi, hündür boyu, iri pəncəli ayaqları, şəlli quyruğu ilə bizim çoban itlərindən çox fərqlənirdi. Balacalıqdan onu tanıyan ağıllı çoban itləri ona dəymirdilər. Avçarka da nə çoban itlərinə qoşulur, nə də onlarla davalaşırdı. Avçarka mənə elə öyrənmişdi ki, hara getsəm mənim yanımda gəzirdi və kefi istəyəndə mənimlə oynayırdı. Biz yaylağa qalxandan bir neçə gün sonra hiss elədim ki, avçarka arada 1-2 saat harayasa gedir. Yaylaqda yerləşməyimizdən bir neçə gün ötmüşdü. Atam hər tərəfi gəzib, öz müşahidələrini aparıb bəzi şeyləri dəqiqləşdirdikdən sonra axşam çadırda söhbət edəndə çobanlara tapşırdı ki, yaxınlıqdakı qayanın arxasında canavar yuvası var. Canavarlar adətlərinə görə öz ərazilərində yaşayan, qonşuları olan heyvan sürülərinə heç vaxt ziyanlıq vermirlər. Amma dünya dəyişir, bəzi insanlar kimi heyvanlar da müasirləşib öz əcdadlarının adət-ənənəsini poza bilərlər. Ona görə də ayıq olun, sürünü qoruyun. Mən yaylağa gələndə idman yarışlarında hakimlərin istifadə etdiyi fitçalan almışdım. Səhər çobanlara dedim ki, mən gedib qayanın yaxınlığındakı palıd ağacına çıxıb orada oturacağam. Canavarlar yatağımıza tərəf gəlsə fit çalacağam, onda hazır olun, qabaqlayıcı tədbirinizi görün. Nənəmin verdiyi yuxanun arasına doldurduğum axtarmanı da yaylığa büküb qoltuğuma qoydum və gedib qayanın yanındakı palıd ağacına çıxdım. Ağacın yana uzanan düz budağında oturub kürəyimi palıdın yuxarı qalxan budağına söykədim, elə bil at belində oturmuşdum. Yerim həm rahat idi, həm də oradan bizim yatağa gedən yollar, cığırlar aydın görünürdü. Ətrafda hər tərəf yaşıllıq, çəmənlik idi. Dağ çiçəklərinin ətri adamı heyran edirdi. Aşağıda, lap uzaqlarda Şəki şəhəri, şəhərin ortasında Kiş çayının geniş və uzun yatağı görünürdü. Şəhərdən haylı- küylü, anlaşılmayan səslər gəlirdi. Birdən hənirti eşidib qayalığa tərəf baxanda yuxarıda iki canavar gördüm. Mən bütün diqqətimi toplayıb onların hərəkətlərini izləməyə başladım. Canavarlar oynaşırdılar, mən hiss etdim ki, onlar toxdur və sürüyə hücum etmək fikrində deyillər. Ona görə də sakit oturub onları müşahidə etməyə başladım. Onlar atılıb-düşür, bir-birinin ağzını yalayırdılar. Bir azdan onların arxasınca balalarının gəldiyini də gördüm. Dörd bala idi, 4-5 aylıq olardılar. Onlar da gəlib ana canavarla oynamağa başladılar. Erkək canavar cığırın ortasında dayanıb balaların aşağı getməsinə mane olurdu. Erkək canavar yavaşca müxtəlif səslər çıxarır, balalarını qayalığa doğru aparırdı. Onlar xeyli uzaqlaşdılar və qayaların arasında gözdən itdilər. Təxminən yarım saat sonra dişi canavar cığırla yenə aşağıya gəldi. O dayanıb arxaya baxdı və başını yuxarı qaldırıb asta səslə bir ağız uladı. Yataqdakı itlər bir-iki ağız hürdülər. Avçarka yatdığı yerdən durub cığırla yuxarıya tərəf gəlməyə başladı. O gələ-gələ sürətini artırırdı. Bir neçə dəqiqədən onlar qabaqlaşdılar. Mən elə bildim avçarka dişi canavara hücum etmək məqsədilə qaça-qaça gəlir. Amma onlar qabaqlaşanda bir- birinə quyruqlarını bulayıb sakit dayandılar. Sonra bir qədər də yaxınlaşıb başladılar atılıb-düşüb oynaşmağa. Dişi canavar qabaq ayaqlarını qaldırıb avçarkanın boynuna saldı elə bil onu qucaqlayıb ağzını, üzünü yalamağa başladı. Avçarka da onun etdiklərini təkrarlayırdı. Onlar xeyli oynaşdılar. Birdən yuxarıdan qayanın üstündən canavar ulamasının zəhmli səsi eşidildi. Mən yuxarıya baxanda erkək canavarın ağzını səmaya tutub gur səslə uladığını gördüm. O sanki dişi canavarı çağırır, ətrafa göz gəzdirib harada olduğunu öyrənmək istəyirdi. Erkək canavarın səsini eşidən yataqdaki çoban itləri yenə hürdülər. Avçarka da, dişi canavar da bir anlıq sakit dayandılar. Onlar nə baş verdiyini anlamaq üçün ətrafa diqqət etdilər. Dişi canavar qayanın üstündə erkək canavarı görən kimi qabaq ayaqları ilə avçarkanı özündən kənara itələyib kolların arası ilə yuxarıya qaçdı. Avçarka da onun arxasınca kolların dalına tullandı və bir neçə addım yuxarı gedib dayandı. O hələ də nə baş verdiyini tam anlaya bilməmişdi. Dişi canavar ağacların, kolların arası ilə yuxarı qaçıb gözdən itdi və bir qədər sonra qayanın üstündə erkək canavarın yanında göründü. Bizim çoban itləri hürə-hürə xeyli yaxına gəlmişdilər. Mən ağacdan düşdüm, avçarka məni görüb yanıma gəldi, əlimi uzadıb onun başını, boynunu sığalladım. Əlim islandı və başa düşdüm ki, bu dişi canavarın ağzının suyudur. Çoban itləri də məni görüb geri qayıtdılar. Mən yanımda avçarka ilə yatağa gəldim. Avçarka elə bil görüşündən yarımçıq ayrıldığı üçün məmnun deyildi.
Axşam sürünü rahlayandan sonra alaçığa yığışan çobanlar birlikdə yeməklərini yeyib, nənəmin dəmlədiyi pürrəng çaydan içib bir xeyli söhbətləşdilər. Babam sabah görüləcək işlər haqqında tapşırıqlarını verdi və bir azdan hərə öz çadırına getdi. Gecə nəzarətçisi də hündür tarvala qalxıb öz yerini tutdu. Mən babamla tək qaldım və bizim avçarka ilə dişi canavarın sevgi macərası haqqında gördüklərimi babama danışdım. Babam diqqətlə məni dinləyib dedi:
- Canavarlar çox insanlardan etibarlıdır. Onlar öz sevgilərində sadiq olurlar. Onların cütlüyü ömürləri boyu davam edir. Erkək canavarlar dişi canavara heç vaxt xəyanət etmir və dişinin xəyanətini də bağışlamırlar. Dişi canavar da nadir hallarda xəyanət edir. Belə olanda erkək canavar dişi canavarı özü parçalayıb öldürür və sonra yalquzaq həyatı yaşayır.
(ardı var)