ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbədilik at belində olacaq Sənətkar

5184    |   2018-06-21 09:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Əbədilik at belində olacaq Sənətkar

FUAD POLADOV-70
(Elegiya)

"Sağlığında qiymət verdik bu insana-saxta-nadan dostlarından sağlığında üz çevirən sənətkara!"
Bu il Sizin yubiley ilinizdir, əvəzolunmazlar silsiləsindən olan sənətkar!
Ruhunuz narahat olmasın; son mənzilinizin "qapısında" sağlığınızda sifariş verdiyiniz "F.P." yazılı lövhəcik "yamaq götürmür": hamı bilir ki, əlifbamızın digər 2 hərfi buraya insanların gözünə kül üfürməkdən ötrü, çağırılmamış qonaq qismində Sizdən qabaq "özünü yetirib".
Qəlbindəki səhnə ehtirası Füzuli sevgisi idi; "Aşiqlik istedadı"na malik idi - SƏHNƏ AŞİQİ!
Məhz Füzuli poetikası sevginin iki fərd arasındakı münasibətlərin dar çərçivəsinə sığmadığını əks etdirmiş, o xəzinə bəşəri sevginin hüdudsuz ənginliklərini insanlığa əyan etmişdi.
Haqq dünyasının qapalı pəncərələrindən görünürüksə, ləyaqətli insan və sənətkar ömrü yaşamış Fuad Poladov şəxsiyyəti bu saxtakarlığa acı gülüşlə susardı - eynən indiki kimi. Necə ki, həyatı ilə bağlı olduğu Azərbaycan Akademik Milli Dram Teatrının qapılarını NADANLIĞIN üzünə çırpıb getdi və səbəbini deməklə ucuzlaşmaq istəmədi: bir də ki, görünən dağa nə bələdçi? Amma elə insanlar var ki, dağı görmür-göstərmək lazımdır onlara (nə eybi, göstərərik), elələri var görmək istəmir, eləsi də var ki, gözün görə-görə bu "dağ"ın üstünə bir saxta daş "sırıyıb" süni "dostluq qalası" ucaltmaq istəyir. Görəsən belələri gözü tərəzi olan xalqı nə yerinə qoyur? Deyək ki, xalqı rəiyyət yerinə qoyur, bəs bu xalqın ziyalıları var axı. "Dostluq qalası"nın "memarı" yaxşı bilir ki, özünə görə heç zaman xahiş etməyən Fuad Poladov öz gəncliyi və gələcəyi hesab etdiyi istedadlı aktyor Hikmət Rəhimovun bəhanə ilə işdən azad edilməsi ilə bağlı prinsiplərinə rəğmən XAHİŞ ETDİ və sözünün yerə düşməsindən çox HAQQIN və ƏDALƏTİN tapdanmasına-ondan da çox TEATR adlı MƏBƏDdən istedadlı bir gəncin "Belə istəyirəm"siyasəti ilə SADƏCƏ - asanlıqla uzaqlaşdırılmasına ÜSYAN etdi. Amma Fuad Poladovun fikrincə gənc aktyorun layiq olduğu səhnədən uzaqlaşdırılmasına səbəb təkcə "Belə istəyirəm" deyildi. Kimlərəsə xoş gəlməkçün aparılan "yadlardan təmizləmə" siyasəti, ədalətsizlik və sənətə hörmətsizlik qarşısında susmayan Poladovu dəhşətə gətirdi və gücü... ÖZÜNƏ çatdı. Amma o, özünə qarşı ədalətsiz və amansız oldu...
Onun ölümündən sonra daha nələr baş verdi? Fuad Poladov üçün açılmayan şənbə səhərinin-5 may gününün axşamı Azdramanın səhnəsində "Ağa Məhəmməd Şah Qacar" tamaşasının nümayişi günü bu rolun ifaçısının-artıq böyük bir izdihamın müşayiəti ilə (izdiham daha böyük ola bilərdi, insanların məlumatsızlığı və şənbə günü olmasaydı) son mənzilə yola salınmış Fuad Poladovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin təşəbbüskarının "başağrıları" barədə mətbuata sızan məlumatın mürəkkəbi qurumamış cidd-cəhdlə verilən təkzib və Poladovun sağlığında "kirələdiyi" son mənzilində, "F.P." adlı daş parçasının yanında "göyərən" "dostluq qalası"ı barədə "rəvayət" mətbuata da yol tapdı; xalqın çiyinlərində oraya gətirilən mogikanın "yoxluğunu bilə-bilə"...
Onun həyat yoldaşının müsahibəsi, o cümlədən ictimaiyyətə bəlli olan bir həqiqət var: Fuad Poladov Azdramadan getməyə vadar edildi və bundan sonra sağlamlığında ciddi problemə "start verildi"...
Qismət adlı - fəlsəfi-sovet ideologiyasının "dil"i ilə desək mücərrəd və fəzavi - bir az da kəskin desək absurd anlayış. Amma və Lakin..." (V.İbrahimoğlu) suallarına "yer qoymur".
Əzizimiz Fuad Poladov! Cismən yoxluğunuzu reallıqla qəbul edərkən düşündüklərimiz və gördüklərimiz sənətsevər insanları - ümumiyyətlə xalqı kədər burulğanına salsa da "Bu həyatdır" deyib bir müddət özünüzdən, sənətinizdən, Sizinlə bağlı xatirələrdən danışacağıq: ona görə yox ki, müddət deyilən zaman kəsiyi də mücərrəd anlayışlar silsiləsinə daxildir, ona görə ki, intensiv olaraq emosionallıqla -bəzən göz yaşları ilə müşayiət olunan "qaynar yanaşmalar" zaman-zaman yerini nisbətən soyuqqanlı, nisbətən "stabil" və qeyri-emosional xatirələrə verəcək. Çünki bu Həyatdır.
Unudulmaz Poladov! "Həyat və yaradıcılıq" kimi standart, lakin qaçılmaz ifadəni işlədərək deyim ki, hər iki mərhələ xalqın gözü qarşısında cərəyan etdi: bədii film kimi yox-sənədli film kimi; çünki saxtakarlıq və qeyri-səmimilik Sizdən o qədər uzaqlarda idi ki... "birinci"ni (H) daxili dünyanızda saxlasanız da səhnədə oynayarkən belə tamaşaçı zalından eşitdikləriniz bir həqiqəti anlatdı: xalq pərəstiş etdiyi sənətkarına biganə ola bilmir və sevimli Aktyorun "H" və "Y" hərfləri ilə başlanan, yaradıcı insan ömrü adlı sonsuz olmayan yolunu müşayiət edən, bu iki yolun uğur və uğursuzluqla müşayiət olunan pillələri paralel formada qəbul etmək istəmir, bu "h" və "y"-nı hey birləşdirir, dolaşdırır və pərəstişkar müdaxiləsindən belə çəkinmir.
Və Aktyor çoxlarından seçiləndə bu "qeyri-sağlam" adlandıra bilmədiyimiz maraq qaçılmaz olur: yaraşıqlı xarici görünüşü , (hətta yaşlı dövründə belə o, "forma"da idi), səsi, yerişi, xasiyyəti, maneraları və ....əxlaqı ilə... Fuad Poladovun rejimini bilənə qədər düşünürdüm ki, aktyor əlçatmaz olmalıdır: yəni meyvə alan, növbə gözləyən aktyorun Hamletinə,Yaqosuna "inanmaq" çətindir. Amma O, böyük yanlışlığa yol verdiyimi sübut etdi: metroda, yolda, ümumiyyətlə, ictimai nəqliyyatda gedən və "əl çatan" olan Poladovun yaradıcılığı bundan zərrə qədər də ziyan çəkmədi. Nəinki çəkmədi, əksinə...
Məni eşidirsiniz? (Eşidirsiniz!) Seyrək ünsiyyətimiz-xəstəlik dövründəki telefon danışıqlarımız zamanı bir türk şarkısından xatırlatdığım misraları (Heç kəs sənin kadar sevilmədi...) təvazökarlıqla qəbul etməklə bunun sadəcə xoş sözlər olmadığını bilərək məmnunluqla təşəkkür etdiniz. Bir həqiqət aydın idi: məni uzun illər ərzində tanıdığınız köhnə tanışlarınız (nadanları çıxmaq şərtilə) qədər tanıdınız: haqqınızda yazdığım bir yazıdan Sizi yaxından tanımağıma əmin oldunuz.
Xatırlayırsınızmı? Dedim ki, "dirilib" öz yas mərasiminə gələn adam kimi rolları oynamayın, ruh xarakterli obrazları oynayanlar çox yaşamır yəni o dünyaya "müdaxilə" Tanrıya xoş getmir, hətta ruhun qayıtdığı təsvir olunan bir klipin tezliklə vəfat etmiş iştirakçısını da misal çəkdim. Gülüb dediniz ki, "aktrisa Mehriban Zəki ilə çəkildiyim bir filmdə qəbrə də girmişəm"...
Haqqınızda yazdığım məqaləyə etdiyiniz düzəlişlər səhvlərin düzəlişi olmasa da vəsiyyətinizə uyğun riayət edəcəyəm: bu vəsiyyəti edəndə hələ xəstəlikdən əsər-əlamət yox idi və hələ sevdiyiniz Azdramanın səhnəsində-Ana Məbəddə böyük bir ehtirasla-eyni zamanda "çığır-bağırsız" Qacar yaradırdınız."Bunu sonra (!) verərsiniz" deyən Fuad Poladovun narazılığı məqalənin məzmunundan yox, möhtəşəmliyindən, özü dediyi kimi "diplom işinə bənzəməsindən"irəli gəlirdi. O, qeyri-təvazökar görünməkdən qorxurdu, çünki o, Fuad Poladov idi. Xəstəliyinin "səs tellərinin iflici" deyil, ciddi olması barədə vaxtında xəbərdar edilməyən Aktyor sağalandan sonra Rus Dram Teatrının qrim otağında saxladığı məqaləni mənə qaytaracağını demişdi. (Bu yeganə kağız nüsxəsi idi, çünki kompüterin "formatinq"indən sonra elektron variant silinmişdi.)
Səliqə ilə düzəlişlər edilmiş, üzərində "Sevda xanıma çatacaq" sözləri yazılmış məqalə onun ölümündən sonra ailəsinin iştirakı ilə qapısı açılan qrim otağından mənə çatdırıldı...
Bu ona ilk məktubum idi: amma yeganə deyildi. Sağlığında onun şəxsi arxivinin yaradılması məqsədilə elektron poçtuna onun barəsində müxtəlif mənbələrdən rast gəldikcə topladığım hissələri yollayır, mənbəyini göstərirdim. Amma bununla yanaşı "Səndən sənə şikayət" (Süleyman Rüstəm)... xarakterli məktub da yazmışdım . Sona qədər açılıb-ağardılmayan- üstü örtülü qalan və sonralar hər ad günündə heç nə olmayıbmış kimi ona ünvanladığım təbriklərə "mane olmayan" şikayət məktubu...
Sizə yenə yazacam! Ruhunuza əyan olacağına zəif bir ümidlə-oxuyacağınıza şübhə ilə. Sağlığınızda oxunmanı bildirən işarəsi olmayan elektron poçtuna yazdığım məktubun oxunmasına inandığım kimi inanıb yenə yazacam...
Yenə teatra gedəcəm, səhnəyə baxacam-bir mahnıda deyildiyi kimi "Yoxluğunu bilə-bilə..."
Telefon söhbətimiz hər dəfə "Sizi çox sevirik..." sözlərimlə bitirdi. Xəttin o başındakı sükutdan bu sünilikdən uzaq-həqiqət dolu etirafdan məmnunluğunuzu hiss etmək çətin deyildi.
Sizi sevirik: nə dəyişdi ki? Kadrlarda ki, sağsınız. Axı biz Sizi kadrlardan, səhnədən sevmişdik. Ölüm adlı labüdlüyə addım-addım yaxınlaşanda da sakit danışırdınız: "Nə var-nə yox?" (uşaqlıqdan "Necəsən?" sualını sevmirəm-S.R.) sualıma bir dəfə "Günlərimi sayıram" cavabını verdiniz... Səsimdə mərhəmətdən əsər-əlamət olmadığını sübut etməkçün yaşda Sizdən böyük kimi ərklə cavab verdim: "Gəlin birlikdə sayaq!"... Daha sonra optimist proqnozlar, Ulu Tanrının qismətindən və xərçəngin zərərsizləşdirilməsinin bizim əsrdə asan olmasından danışdım. Sizi -elə özümü də aldatmaq istəyirdim. Hər sözümdən sonra "Allah qoysa, Siz deyən olsun" deyən Aktyor dediyinə özü də inanmırdı, amma cəsarətlə deyim ki, mənimlə danışmaq ona ruh yüksəkliyi gətirirdi. "Axşamlar evin həndəvərində gəzişirəm"-deyirdi..."Axşamlar təmiz hava olmur axı" sualıma "Qaranlıq düşəndən sonra çıxıram" cavabını verdi... Mənsə "öz repertuarımda" idim: "Hə, anlaldım. Hələlik insanlardan qaçırsınız?" "Hə" dedi. (Amma "Daha hələlik niyə?" deyə soruşmasa da bu verilməyən sualı "eşitdim"...)
Son olaraq: nə qədər ki, telefonla danışırdı-danışa bilirdi, nə qədər ki, sağalacağına şam işartısı qədər ümidi vardı ona zəng vuranlar sırasında idik. Sonra...danışa bilmirdi-amma danışmaq istəmirdi deyə bilmərəm. Özünə qapanmadı, amma sağlamlığı ilə bağlı daha çox xatirələrə üstünlük verib susurdu, barmaqları isə onu unutmayanların mesajlarına cavab verirdi. Bəlkə də öz məktubu ilə dəstək verdiyi istedadlı gənclə-Azdramadan uzaqlaşdırılan Murad İsmayılla birgə çıxış etdiyi son tamaşasını-"Müsyö İbrahim və Quran çiçəyi"ni təkrar-təkrar göz önünə gətirirdi ki, qədəmlərinə həsrət qoyduğu bu səhnəni yaddaşına və ürəyinin aynası olan gözlərinə əbədi həkk etsin və gözlərini bu həyata qapayanda Ana Məbədi gözlərində və yaddaşında bu NAHAQ dünyadan HAQQ dünyasına apara bilsin.
Əziz, Sevimli Sənətkar! Nömrənizi və Novruz bayramnda Sizə göndərdiyim mesaja yazdığınız cavabı telefonumdan silməyəcəyəm. Həsrəti ilə yaşadığınız Ana Məbəddən-Akademik Milli Dram Teatrının səhnəsindən uzaqlaşdırılan, sənətinə və insanlığına dəyər verdiyiniz Əməkdar artist İlham Hüseynovun da telefonuna göndərdiyiniz son yazı oradan heç zaman itməyəcək: necə ki, canlı xatirəniz qəlbimizdə qaldı. (Əziz oxucu, mərhumlar üçün işlədilən ifadəni işlətməyəcəyəm...)
P. S. "Atın üstündə" müvəqqəti qərar tutanları müdafiəyə qalxmağa uğursuz cəhd edənlərə (şükürlər olsun ki, belələri yoxdur) məsləhətim var: "qeyri-peşəkar" sözünü işlətməyə tələsməyin: insan sevgisini, duyğularını və həsrətini bildirmək, bu xalqın sevdiyi sənətkarlara qarşı olan ədalətsizliyə üsyan edib HƏQİQƏTi söyləmək haqqı yalnız teatrşünaslara, teatr mütəxəssislərinə verilməyib.
Sevda RƏSULOVA



İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK